Məhkəmə qərarları › İş №2(103)-6423/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6423/2021

04.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6423/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə aidiyyət məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1209 manat məbləğində dəymiş maddi ziyanın əvəzi, 50 manat qüsur aktının alınmasına görə ödənilmiş xərcin əvəzi, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 50 manat hüquqi yardımla bağlı ödənilmiş xərcin əvəzi, cəmi 1369 manat məbləğində maddi ziyanın əvəzi və 500 manat məbləğində mənəvi ziyanın əvəzi olaraq pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(007)-378/2021 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(007)-378/2021 saylı mülki iş aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki mülki işdə Cavabdeh qeydiyyat ünvanı Xəzər rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2469/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilmiş və mülki iş aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki işə mahiyyəti üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, mülki işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə 04 avqust 2020-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərkən, ərizəyə Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olmasına dair sübut əlavə etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qərardadına əsasən isə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra məhkəmənin hazırlıq iclası ardıcıl olaraq 19 avqust 2020-ci il tarixə və 08 oktyabr 2020-ci il tarixdə təyin edilmişdir. 08 oktyabr 2020-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirildikdən sonra, işin məhkəmə baxışı ardıcıl olaraq 06 noyabr 2020-ci il tarixə və 14 aprel 2021-ci il tarixə təyin edilmişdir. Sonuncu məhkəmə iclasında isə mülki iş iddiaçının vəsatəti əsasında baxılması üçün aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilərkən aidiyyət qaydalarına uyğun olaraq qəbul edildiyindən, sonradan müxtəlif səbəblərdən iş başqa məhkəməyə aid olsa da, işin mahiyyəti üzrə baxılması həmin məhkəmədə davam etdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.1 və 44.2.2-ci maddələrinə əsasən, əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə və ya iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qanunun mənasından da aydın olduğu kimi, müxtəlif səbəblərdən məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid ola bilər (məsələn, iddiaçının və ya cavabdehin rəsmi qeydiyyat yerinin iş məhkəmənin icraatına qəbul olunduqdan sonra dəyişməsi və s.). Belə hallarda işin dərhal aidiyyəti üzrə göndərilməsinin məhkəmə baxışının uzanmasına və başqa bu kimi çətinliklərə səbəb olacağını nəzərə alan qanunverici MPM-in 44.1-ci maddəsindəki müddəanı təsbit etmişdir. İşin icraata qəbulu zamanı aidiyyətlə bağlı səhvə yol verilərsə və bu səhv işin məhkəmədə baxılmağa hazırlanması zamanı və ya məhkəmə baxışı gedişində aşkar olunarsa, məhkəmə MPM-in 44.2.2-ci maddəsinə uyğun olaraq işi aidiyyəti üzrə başqa məhkəməyə verməlidir. Göründüyü kimi, Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən işin icraata qəbulu zamanı aidiyyətlə bağlı səhvə yol verilməmiş və ya cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 36.5, 263-264 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar