Məhkəmə qərarları › İş №2(103)-6425/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6425/2024

24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6425/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (atası) X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində 2014-2018-ci illərdə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili almış, hər il təhsil haqqı olaraq 1400 manat məbləğində pulu cavabdehə ödəmiş, təhsilini bitirməsinə baxmayaraq, diplom ala bilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-2019-cu illərdə cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür’’ Universitetin öz hesabına və bank hesabına hər il üzrə iddiaçı tərəfindən ödənilmiş 2800 manat olmaqla, 4 il ərzində ödənilmiş ümumilikdə 11200 manat, maddi və mənəvi ziyana görə 10000 manat, həmçinin dövlət rüsumu qaydasında ödədiyi 153.60 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2014-2019-cu tədris illərində Universitetin Filologiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini bitirmişdir. Aldığı təhsil qiyabi və ödənişli olmuşdur. Universitetdə oxuduğu illər ərzində hər il ödəniş etmiş və semestrlərdə iştirak edib müvəffəqiyyət qazanaraq kursdan-kursa keçmişdir. Baxmayaraq ki, Universiteti 2019-cu il tarixdə bitirmişdir, lakin bu günədək bakalavr diplomunu əldə edə bilməmişdir. Keçən 4 il ərzində dəfələrlə Universitetin rəhbərliyinə diplom üçün müraciət etsə də, hər dəfə yeniyeni əngəllərlə rastlaşmışdır. Universitetin rəhbərliyi bildirir ki, ona bakalavr diplomunun verilməsinə Təhsil Nazirliyi mane olur və buna görə də gözləmək lazımdır. İddiaçı bildirir ki, artıq 4 ildir ki, gözləyir. Buna görə də, cavabdehə xx.xx.2021-ci il tarixdə rəsmi ərizə və ona edilmiş əlavələrlə müraciət etmişdir ki, 2019-cu il tarixdə Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetin Filologiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini bitirdiyinə görə ona Dövlət nümunəli Bakalavr Diplomu verilsin. Lakin cavabdeh orqan bu günədək müraciətinə cavab verməmişdir. Həmçinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət etmiş, lakin nazirlik Universitetə köçürülməyinin və Universitetdə oxumağının qanunsuz olduğunu bildirmişdir. Halbuki, Universitetdə oxuyarkən qiyabi və ödənişli oxumuşdur. 4 il ərzində hər il üzrə Universitetin özünə və bank hesabına illik 2800 manat vəsait ödəmişdir. Əgər həmin illər ərzində oxumağı qanunsuz idisə, deməli iddiaçıdan alınan vəsait də qanunsuz olmuşdur. Ona görə də, həmin vəsait geri qaytarılmalıdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-4309/2024) iddia qismən təmin edilərək, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən 11200 manat pul, mənəvi ziyana görə 200 (iki yüz) manat və 153.60 (yüz əlli üç manat, altmış qəpik) manat dövlət rüsumunun iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının TQDK-nın təşkil etdiyi Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş olduğu müəyyən edilmir. İşin qeyd edilən halı Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı məktubla da öz təsbitini tapır. Belə ki, həmin məktubda X4 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunmuş tələbələrin siyahısında iddiaçının adının olmadığı göstərilmişdir. Məktubda həmçinin mövcud elektron məlumat sistemlərində də iddiaçının adının aşkar edilmədiyi göstərilmişdir. İddiaçının universitet rektorunun əmri (başqa sözlə razılığı) ilə cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının qiyabi şöbəsinə köçürüldüyü mübahisə mövzusu deyildir. Lakin həmin köçürülmə həyata keçirilən zaman buna dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığının alındığı müəyyən edilmir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada cavabdeh ali təhsil müəssisəsinə qəbul olunmamış və ya köçürülməmişdir. Başqa sözlə, iddiaçı ilə cavabdeh ali təhsil müəssisəsi arasında qanuna uyğun qaydada təhsilalan-təhsilverən münasibətləri yaranmamışdır. Bütün bunlar isə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşdığını göstərir. Beləliklə, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə edərək, əsassız olaraq varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanmaya dair münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, cavabdeh iddiaçını qanunvericiliyə zidd qaydada təhsil müəssisəsinə keçirmiş və onunla bağlanmış təhsil müqaviləsinin yekun nəticəsini, yəni diplom almasını öz təqsiri səbəbindən təmin edə bilməmişdir. Təhsil müqaviləsi qanunvericiliyin tələblərinə zidd qaydada bağlandığından, yəni cavabdehin tələbəni Nazirliyin razılığı alınmadan köçürmək hüququ olmadığından tərəflər arasında bağlanmış müqavilə qanuna uyğun qaydada bağlanmış müqavilə kimi nəzərdən keçirilə bilməz. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul vəsaitinin məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, iddiaçı İİ kursdan etibarən cavabdeh ali təhsil müəssisəsinə köçürülməklə orada 4 il təhsil almış, hər il təhsil haqqı olaraq 2800 manat məbləğində pulu universitetə ödəmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi xx.xx.2017-ci il tarixli (1400 manat), xx.xx.2018-ci il tarixli (1400 manat), xx.xx.2019-cu il tarixli (1400 manat), xx.xx.2019 - xx.xx.2019 tarix aralığında (1400 manat), xx.xx.2019-cu il tarixli (1400 manat) ödəniş qəbzlərindən görünür ki, cavabdehə müxtəlif vaxtlarda cəmi 11200 manat ödəniş həyata keçirilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1, xx.xx.2009-cu il tarixdən qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1, 26.2, 40.4-cı maddələri, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə onun nümayəndəsinin iştirakı olmadan, heç bir sübut təqdim edilmədən birtərəfli qaydada qərəzli olaraq baxmışdır. Cavabdehə məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə heç bir məlumat verilməmiş, məhkəmə bildirişi göndərilməmiş, çəkişmə prinsipi, məhkəməyə çatımlılıq hüququ pozulmuşdur. Sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. Həmin müddətdən sonra heç bir ödəniş olunmamışdır. Bununla da, iddiaçı öz hüququnun pozulduğunu həmin vaxtdan, xx.xx.2019-cu il tarixdən bilirdi və ya bilməli idi. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız 2023-cü il tarixdə, yəni 2 illik əsassız varlanma obyektini qaytarmaq öhdəliyi üzrə iddia müddətini ötürməklə müraciət etmişdir. İddiaçı 2023-cü il tarixdə iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən hazırkı sözügedən tələb üzrə mübahisəyə məhkəmə qaydasında baxıla bilməz. AR Konstitusiya Məhkəməsinin sözügedən Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Bununla da, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş, yaranmış mübahisənin həll edilməsini cavabdehdən vaxtında tələb etməmiş, bununla da iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilə bilər. Hesab edir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcuddur. Tərəflər arasında bağlanmış “Ödənişli əsaslarla tələbələrin Elm və Təhsil Mərkəz “Təfəkkür” Universitetində təhsil alması haqqında” xx.xx.2015-ci il tarixli müqavilənin 8-ci bəndinə görə: - Tələbə hər hansı üzrlü və üzrsüz səbəbə görə təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, yaxud universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı geri qaytarılmır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən AR Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri düzgün olaraq tətbiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edərək izahat vermiş və izahatında apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Sonuncu məhkəmə iclasında isə cavabdehin nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni əsassız sayaraq təmin etməmiş və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün saymışdır.

12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Maddə 26.2 (əvvəlki redaksiyada). Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - TQDK) müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

15. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı

mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, müvafiq poçt reyestrləri işə əlavə edilmiş, (i.v 29, 42, 53) cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir.

20. Apellyasiya şikayətinin digər dəlili iddia müddətinin ötürülməsi ilə bağlıdır.

21. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və hesab edir ki, iddia müddətinin axımının əvvəli iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 22 may 2023-cü il tarixli məktubundan görünür ki, X4 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunmuş tələbələrin siyahısında adı aşkar edilməmişdir (i.v.22).

22. Göründüyü kimi iddiaçı “Təfəkkür” Universitetinə qəbul olunmuş tələbələrin siyahısında adı aşkar edilmədiyi barədə 22 may 2023-cü il tarixli məktub əsasında məlumatlı olmuş və bundan sonra xx.xx.2023-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

23. Beləliklə, iddiaçı əsassız varlanma obyektini qaytarmaq öhdəliyi üzrə 2 illik iddia müddətini ötürməmişdir.

24. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

25. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar