Məhkəmə qərarları › İş №2(103)-6428/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6428/2025

03.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6428/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi haqqında” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2025-ci il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, apellyatorların birgə vəkili (nümayəndə) Nümayəndə və cavabdehlərdən birinin – Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçılar iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə məxsus olmuş, lakin onlar tərəfindən icarəyə götürülmüş və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində onlar tərəfindən həyata keçirilmiş təmir-quruculuq, tərtibat işlərinə çəkilmiş xərclərin əvəzi olaraq 154.490,73 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün vəkildən aldıqları hüquqi yardıma görə çəkdikləri xərcin əvəzi olaraq 900 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədikləri dövlət rüsumunun əvəzi olaraq 446 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıların hər birinə 51.945,57 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdehlərin xüsusi mülkiyyətində olmuşdur. Həmin qeyriyaşayış sahəsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçılar tərəfindən hissə-hissə icarəyə götürülmüş və iddiaçılar tərəfindən həmin sahədə ümumilikdə 187.000 manat dəyərində tikinti-təmir işləri görülmüşdür. 2024-cü ilin may ayında cavabdehlər tərəfindən iddiaçılara məlumat verilmişdir ki, qeyri-yaşayış sahəsi söküntü ərazisinə düşüb və bu səbəbdən də, sahənin sökülməsi gözlənilir. İddiaçılar isə cavabdehlərə bildirmişlər ki, onlar, həmin sahəyə külü məbləğdə xərc çəkmişlər, buna görə də, sahənin sökülməsi zamanı ödəniləcək kompensasiya məbləğindən onların çəkdikləri xərcin əvəzi onlara ödənilməlidir. Lakin cavabdehlər bundan imtina etmişlər. Bununla əlaqədar olaraq iddiaçılardan biri – İddiaçı2 “müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahələrində söküntü, tikinti, təmir və sair işlərin aparılmasının, həmçinin həmin qeyri-yaşayış sahələrinin hər hansı bir formada özgənkiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi mülkiyyətçilərə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. “Müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizəyə baxmış Xətai Rayon Məhkəməsi 16(011)-684/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizənin təmin edilməsini qərara almışdır. Həmin qərardaddan maraqlı şəxs qismində Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin verdiyi şikayətə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadla həmin qərardadın ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizənin təmin edilməməsini qərara almışdır. b) cavabdehlərin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdehlərdən biri olan Cavabdeh1 vəkili (nümayəndəsi) iddia tələbinə qarşı etiraz verərək, iddianın əsassız olması əsası ilə rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda “iddia tələbinə iddia müddətinin tədqiqi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin həmçinin iddia müddətinin üzrsüz səbəbdən buraxılması əsası ilə də iddianın rədd edilməsini xahiş etmişdir.

4. Digər Cavabdeh2 iddia tələbinə qarşı yazılı etiraz və ya iddiaya dair yazılı mülahizəsini Rayon Məhkəməsinə verməmişdir. c) iş üzrə tərəflərin məhkəmə baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

5. İddiaçıların birgə vəkili (nümayəndə) Nümayəndə iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O əlavə olaraq bildirmişdir ki, iddiaçılar həmin qeyri-yaşayış sahəsini hissə-hissə icarəyə götürən zaman sahə təmirsiz olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıların həmin sahəni icarəyə götürməkdə məqsədləri orada kompüter oyun sahəsi yaratmaq olmuşdur. Buna görə də, iddiaçılar həmin sahənin abadlaşdırılmasına, təmirinə xeyli miqdarda xərc çəkmişlər. “Müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizəyə baxmış Xətai Rayon Məhkəməsi 16(011)-684/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizənin təmin edilməsini qərara alsa da, sonradan maraqlı şəxsin – Xətai Rayon İcra Hakimiyyətinin verdiyi şikayətə əsasən həmin qərardadı ləğv etmiş, bundan sonra isə həmin sahə sökülmüşdür. Sahənin sökülməsi ilə əlaqədar iddiaçılara kompensasiya ödənilsə də, iddiaçılar cavabdehlərin çəkdikləri xərcin əvəzini ödəməmişlər. Bununla da iddiaçılara maddi zərər dəymişdir. “Məhkəmə Ekspertizası Xidmətləri’ MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış sahəsinin təmir-quruculuq, tərtibat işlərinə çəkilmiş xərclərin məbləği (işçilik və material daxil olmaqla) 154.490,73 manat təşkil edir. Buna görə də, iddiaçılar hesab edirlər ki, cavabdehlər tərəfindən onlara ən azından həmin məbləğ ödənilməlidir.

6. Cavabdeh Adil Kazimovun vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə qarşı verilmiş etirazı və “iddia tələbinə iddia müddətinin tədqiqi haqqında” ərizəni müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir iddiaçılar hüquqlarının pozulmasını ən geci 2024-cü ilin iyun ayında artıq bilmişlər. Bu onunla təsdiq edilir ki, iddiaçı tərəf “müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizəyə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişlər. Hazırkı işin icraatının başlanmasına səbəb olmuş iddia ərizəsi isə məhkəməyə 2025-ci ilin yanvar ayında daxıl olmuşdur. İddia ərizəsində qeyd edilən tələblə iddiaçılar hüquqlarının pozulduğunu bildikləri gündən etibarən 6 ay ərzində iddia irəli sürə bilərdilər. Göstərilənlərə əsasən o, iddianın rədd edilməsini xahiş edir.

7. İş üzrə digər Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da, iclaslarda iştirak etməmiş və bunun səbəbləri haqqında Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də, Rayon Məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən olunduğu kimi, iş üzrə iddiaçılar hüquqlarının cavabdehlər tərəfindən pozulmasını 2024-cü ilin iyun ayında artıq bilmişlər. Bu onunla təsdiq edilir ki, iddiaçı tərəf 2024-cü ilin may ayında “müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizəyə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi isə məhkəməyə xx.xx.2025ci il tarixdə verilmişdir. Halbuki, bu kimi iddia ərizəsi, 6 ay ərzində, yəni ən geci 2024-cü ilin noyabr ayında verilə bilərdi. Buna görə də, iddia rədd edilməlidir. (Qeyd: Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında təsbit edilmiş hüquqi mövqe, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir sıra, o cümlədən 697.4-cü maddəsinin tələbləri baxımından əsaslandırsa da, qətnamədə həmin maddəni səhvən “699.1-ci maddə” kimi qeyd etmişdir). e) apellyasiya şikayəti barədə məlumat

10. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1921/2024 saylı iş üzrə qəbul etdiyi və ümumi məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli (ulduzlu) qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Kəsici və iddia müddətləri bir-birindən fərqli anlayışlardır. Lakin işə baxmış Rayon Məhkəməsi Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş müddətə kəsici müddət kimi deyil, iddia müddəti kimi yanaşmışdır. Bundan başqa, Rayon Məhkəməsi iş üzrə tərəflər arasındaki münasibətlərin xronoloji ardıcıllığı araşdırılmamış, kompensiyanın hansı tarixdə ödənilməsini, qeyriyaşayış sahəsinin hansı tarixdə sökülməsini, iddiaçıların hansı tarixdə hansı şəraitdə icarə obyektindən çıxarılmalarını araşdırılmamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin izahatları barədə məlumat

12. İddiaçıların birgə vəkili (nümayəndə) Nümayəndə apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

13. Cavabdeh1 vəkili (nümayəndə) Vəkil2 apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.

14. İş üzrə digər Cavabdeh2 apellyasiya baxışı iclaslarının yeri və vaxtı haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsi iş üzrə iddiaçıların mülkiyyətində olmuşdur.

17. “İcarəyə verən” olaraq Cavabdeh1 ilə “İcarəçi” olaraq İddiaçı2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “İcarə müqaviləsindən” görünür ki, Cavabdeh1 mülkiyyətində olan və ümumi sahəsi 680,1 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin 403 kv.metr hissəsini iddiaçı Tariyel Hacıyevə 5 il müddətinə aylıq 1.200 manat icarə haqqı ödənilməsi şərti ilə icarəyə vermişdir.

18. Həmin müqavilədə qeyd edilmişdir ki, icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilir və müddətin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.

19. Həmin müqavilənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, “İcarəçi” icarəyə götürdüyü sahədə “İcarə verənin” razılığı olmadan təmir-tikinti işləri apara bilməz.

20. “İcarəyə verən” olaraq Cavabdeh2 ilə “İcarəçi” olaraq İddiaçı1 MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “İcarə müqaviləsindən” görünür ki, Cavabdeh2 mülkiyyətində olan və ümumi sahəsi 38 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini iddiaçı MMC-yə 150 manat icarə haqqı ödənilməsi şərti ilə icarəyə vermişdir.

21. Həmin müqavilədə qeyd edilmişdir ki, icarə müddəti 1 il müəyyən edilir və müqavilə tərəfləri arasında icarə müddətinin uzadılmasına dair razılaşma olmazsa icarə müddəti xx.xx.2024-cü il tarixdə başa çatır.

22. Həmin müqavilənin 3.3.2.-ci bəndində nəzərdə tutulmuşdur ki, “İcarəçi” icarəyə götürdüyü sahədə “İcarə verənin” razılığı olmadan təmir-tikinti, yenidən qurma işlərini apara bilər.

23. Müqavilənin “İcarə obyekti olan daşınmaz əmlakın təmir xərcləri” adlı 4-cü bəndində qeyd edilmişdir ki, icarə obyekti olan sahədə təmir işləri “İcarəçi” tərəfindən həyata keçirilir.

24. “İcarəyə verən” olaraq Cavabdeh2 ilə “İcarəçi” olaraq İddiaçı3 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “İcarə müqaviləsindən” görünür ki, Cavabdeh2 mülkiyyətində olan və ümumi sahəsi 255 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini İddiaçı3 300 manat icarə haqqı ödənilməsi şərti ilə icarəyə vermişdir.

25. Həmin müqavilədə qeyd edilmişdir ki, icarə müddəti 1 il müəyyən edilir və müqavilə tərəfləri arasında icarə müddətinin uzadılmasına dair razılaşma olmazsa icarə müddəti xx.xx.2024-cü il tarixdə başa çatır.

26. Müqavilənin 3.3.2.-ci bəndində nəzərdə tutulmuşdur ki, “İcarəçi” icarəyə götürdüyü sahədə “İcarə verənin” razılığı olmadan təmir-tikinti, yenidən qurma işlərini apara bilər.

27. Müqavilənin “İcarə obyekti olan daşınmaz əmlakın təmir xərcləri” adlı 4-cü bəndində qeyd edilmişdir ki, icarə obyekti olan sahədə təmir işləri “İcarəçi” tərəfindən həyata keçirilir.

28. İddiaçıların məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, onlar iddiaçılardan icarəyə götürdükləri sahədə kompüter oyunları zalını yaratmış və orada “Portal Games” Əmtəə nişanın altında həmin istiqamətdə fəaliyyət göstərmişlər.

29. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 79 saylı sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Xətai rayonunun Y.Səfərov və S.Senyuşkin küçələrinin əhatəsində yerləşən ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi məqsədilə Xətai RİH başçısının xx.xx.2024-cü il tarixli, 154 saylı sərəncamı əsasında komissiya yaradılmışdır. Komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Komissiyaya iş üzrə cavabdehlərə məxsus və sökülməsi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyərini hesablayaraq kompensasiya məbləğini cavabdehlərin bank hesabına köçürülmüşdür.

30. Hazırkı qətnamənin 16-29-cü bəndlərində qeyd edilənlər iş üzrə tərəflər arasında mübahisə doğurmur və işin mübahisəsiz halını təşkil edir.

31. Bundan başqa iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən işin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, 2024-cü ilin may ayında cavabdehlər tərəfindən iddiaçılara məlumat verilmişdir ki, qeyri-yaşayış sahəsi söküntü ərazisinə düşüb və bu səbəbdən də, sahənin sökülməsi gözlənilir. İddiaçılar isə cavabdehlərə bildirmişlər ki, onlar, həmin sahəyə külü məbləğdə xərc çəkmişlər, buna görə də, sahənin sökülməsi zamanı ödəniləcək kompensasiya məbləğindən onların çəkdikləri xərcin əvəzi onlara ödənilməlidir. Lakin cavabdehlər bundan imtina etmişlər. Bununla əlaqədar olaraq iddiaçı tərəf “müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahələrində söküntü, tikinti, təmir və sair işlərin aparılmasının, həmçinin həmin qeyri-yaşayış sahələrinin hər hansı bir formada özgənkiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi mülkiyyətçilərə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. “Müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizəyə baxmış Xətai Rayon Məhkəməsi 16(011)-684/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizənin təmin edilməsini qərara almışdır. Həmin qərardaddan maraqlı şəxs qismində Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixdə verdiyi şikayətə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadla həmin qərardadın ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizənin təmin edilməməsini qərara almışdır. Bundan sonra qeyri-yaşayış sahəsi sökülmüşdür.

32. İşin mübahisəli halı isə ondan ibarətdir ki, yuxarıda qeyd edilən və Xətai RİH tərəfindən sökülmüş qeyri-yaşayış sahəsində iddiaçılar tərəfindən həyata keçirilmiş təmirtikinti və yenidən qurma işlərinə çəkilmiş xərclərin əvəzi cavabdehlər tərəfindən iddiaçılara ödənilməlidir, ya yox.

33. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə ilk növbədə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər (maddə 697.1.). Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir (maddə 697.2.). Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır (maddə 697.3.). Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür (maddə 697.4.).

34. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, qanunverici icarə münasibətlərinə əmlak kirayəsi haqqında müddəaların tətbiqinə imkan verdiyindən hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir – hansı ki, həmin maddədə müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və onun tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir.

35. İddiaçıların müddətin axımı ilə bağlı dəlilləri ondan ibarətdir ki, onlar 6 aylıq kəsici müddəti ötürmədən iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişlər. Cavabdehlərin mövqeyi isə ondan ibarətdir ki, iddiaçılar 6 aylıq müddəti ötürmüşlər.

36. Bu mübahisəli məsələyə qiymət verən Məhkəmə bildirir ki, MPM-in 77.1 və 14.2ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. İddia ərizəsindən görünür ki, icarə obyekti olan qeyri-yaşayış sahəsinin söküləcəyi barədə məlumat cavabdehlər tərəfindən iddiaçılara 2024-cü ilin may ayında artıq verilmiş və cavabdehlər iddiaçı tərəfin icarə obyektinin təmirinə və rekonstruksiyasına çəkdikləri xərcin əvəzinin ödənilməsindən imtina etmişlər. Bununla bağlı iddiaçı tərəf elə həmin vaxt “müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi haqqında” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, həmin qeyri-yaşayış sahələrində söküntü, tikinti, təmir və sair işlərin aparılmasının, həmçinin həmin qeyri-yaşayış sahələrinin hər hansı bir formada özgənkiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi mülkiyyətçilərə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

38. İş materiallarından isə görünür ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişlər.

39. Bununla da müəyyən edilir ki, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə 6 aylıq kəsici müddəti ötürməklə müraciət etmişlər.

40. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, kəsici müddətin keçməsi səbəbi ilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Başqa sözlə hesab edilməlidir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur.

41. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən isə görünür ki, Rayon Məhkəməsi qeyd edilən həmin müddətə kəsici müddət kimi deyil, iddia müddəti kimi yanaşmışdır.

42. Apellyasiya şikayətindən isə görünür ki, iddiaçılar, hesab edirlər ki, bu halın mövcud olması Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

43. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə isə bağlı qeyd edir ki, həmin hal mövcud olsa da, bu, qətnamənin ləğv edilməsi üçün əsas hesab edilməməlidir. Çünki Rayon Məhkəməsi iddianı “müddətin” keçməsi əsası ilə rədd etmişdir. Başqa sözlə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgündür. MPM-in 385.2-ci maddəsinin tələbinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. h) apelyasiya baxışının nəticəsi

44. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayəti əsasızdır. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

45. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir.

46. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hazırki qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar