Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6432/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 13-cü Polis Bölməsi və Cavabdeh1nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-4337/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin hallar 1.Sabunçu RPİ-nin 13-cü PB tərəfindən iddiaçının barəsində inzibati xəta haqqında 8 protokol tərtib olunub, habelə həmin protokollara əsasən cərimə və xəbərdarlıq növündə inzibati tənbehlərin tətbiq edilməsi haqqında 8 qərar qəbul olunub. Həmin qərarlar AR İnzibati Xətalar Məcəlləsinin “Yaşayış sahələrindən istifadə qaydalarının pozulması” adlı 393-cü maddəsi, “Avaralıqla məşğul olma” adlı 523-cü maddəsi, “Yaşayış yeri və olduğu yer üzrə qediyyat haqqında qanunvericiliyin pozulması” adlı 563-cü maddəsi, “Mülki silahın qeydiyyatı qaydalarının pozulması” adlı 588-ci maddəsi və “Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması” adlı 455-ci maddələrinə əsasən qəbul edilib. 2.İnzibati tənbeh vermə haqqında qərarların hamısı iddiaçının şikayəti əsasında Sabunçu Rayon Məhkəməsi tərəfindən ləğv edilib və inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında işlər üzrə icraata xitam verilib. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 8.*** manat, maddi zərərin əvəzi kimi 1.*** manat, habelə dövlət rüsumunun əvəzi kimi 110 manat cavabdehlərdən tutularaq iddiaçıya verilsin. 4.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdeh Sabunçu RPİnin 13-cü PB-dən mənəvi zərərin əvəzi kimi 500 manat, dövlət rüsumunun əvəzi kimi 6,20 manat, cəmi 506,20 manat tutularaq iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilərək iddia tam təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 7.Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Zərərin əvəzi Sabunçu RPİ və 13-cü PB-dən tutula bilməz. 9.Belə ki, hazırkı iddiaya “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə görə, şəxsin barəsində inzibati həbs və ya cərimə növündə inzibati tənbehin tətbiqi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. 10.Zərərin əvəzi dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Çünki inzibati xəta haqqında iş üzrə icraat dövlətin adından həyata keçirilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun preambulasından görünür ki, bu Qanun ziyanın məhz dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəlmişdir. O cümlədən həmin Qanunun 6-cı maddəsindən görünür ki, ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 11.Dövlət büdcəsindən pul tutulması barədə iddialar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı verilməlidir. İddia təmin olunduğu halda həmin pul Maliyyə Nazirliyinin vasitəsilə dövlət bücəsindən tutulur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında” Əsasnaməyə görə, dövlət maliyyəsinin idarə olunmasının təşkili səlahiyyəti həmin Nazirliyə aiddir. Mülki Məcəllənin 43.3-cü maddəsində qeyd olunub: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Əgər iddiaçının hər hansı hüququnun pozulmasına görə dövlətin pul öhdəliyi yaranıbsa, həmin pul Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsindən tutula bilər. 12.Beləliklə, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 13.Qətnamə iddianın təmin edilməsinə aid hissədə cavabdeh tərəfindən mübahisələndirilmədiyinə görə, həmin hissə ləğv edilə bilməz. Əgər qanunda başqa göstəriş nəzərdə tutulmayıbsa, məhkəmə aktının qanuniliyi yuxarı instansiya məhkəməsində yoxlanılarkən məhkəmə müdafiəsi hüququnu həyata keçirən (apellyasiya şikayəti verən və s.) şəxsin mübahisələndirmədiyi hissə onun əleyhinə ləğv edilə bilməz, çünki mülki prosesin dispozitivlik prinsipi buna imkan vermir. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 4337/2024 nömrəli qətnaməsi iddianın rədd edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6432/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6432/2024
29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver