Məhkəmə qərarları › İş №2(103)-6435/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6435/2024

14.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6435/2024 14.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(008)-6586/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayətin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(008)- 6586/2024 nömrəli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır.

3. Qərardad 27 sentyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmiş, yəni, rəsmi qaydada verilmişdir.

4. Həmin qərardaddan 09 oktyabr 2024-cü il tarixdə şikayət verilmişdir.

5. Həm iddia ərizəsi, həm də qərardaddan verilən şikayət iddiaçının nümayəndəsi Vəkil tərəfindən imzalanmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(008)- 6586/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. İşdən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(008)-6586/2024 nömrəli qərardadı 27 sentyabr 2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada çatdırılmış, hazırkı şikayət isə elektron kabinet vasitəsilə 09 oktyabr 2024-cü il tarixdə göndərilmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ötürülmüşdür.

9. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.

10. Birinci instansiya məhkəməsi qanunun imperativ göstərişlərini diqqətə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

11. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(008)- 6586/2024 nömrəli qərardadından İddiaçı tərəftindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Günay Axundova Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar