Məhkəmə qərarları › İş №2(103)-6436/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6436/2020

29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6436/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-1777/2020 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmasına və həbsdə saxlanılmasına görə ona dəymiş maddi və mənəvi ziyana görə 22.800 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-1777/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması xahiş edilərək, göstərilmişdir ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli vəiddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 35, 36.7-ci maddələrinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsaslanaraq gəldiyi nəticəni belə əsaslandırmışdır ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş fiziki və mənəvi ziyanın ödənilməsi tələbi prosesual qanunvericikdə göstərilən tələblər sırasına aid olmamaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir, odur ki, hazırki iddia prosessual qanunvericiliyin tələblərinə riayət edilməməklə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə verilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Hazırki tələbində iddiaçı istintaq və məhkəmə orqanlarının qanunsuz və əsassız qərarları nəticəsində barəsində bəraət hökmü çıxarılan vaxta qədər ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə isə belə tələbin yuxarıda qeyd olunan normanın təsiri altına düşməməsi qənaətinə gəlmişdir. Halbuki qanunsuz olaraq məhkum edilmə, cinayət məsuliyyətinə cəlb edilmə və sadalanan digər hallar nəticəsində vurulmuş zərərin ödənilməsi ilə əlaqədar iddialar iddiaçının seçiminə görə onun yaşayış yerinə görə də verilə bilər. İddiaçı da qanunvericiliyin bu tələbinə əsasən öz yaşayış yerinə görə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, Kollegiya hesab edir ki, məhkəmə hazırki iddia tələbinin cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi şəxsin ünvanının olduğu yerə görə verilə bilməsi barədə yalnış nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli 2(003)-1777/2020 saylı qərardad ləğv edilsin və İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar