Məhkəmə qərarları › İş №2(103)-6436/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6436/2024

10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6436/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı və Cavabdeh1 cavabdehlər İddiaçı oğlu və Cavabdeh2 qarşı iddiası üzrə (Açar sözlər:paylı mülkiyyətdə olan evin naturada bölünməsi; paylı mülkiyyətdə olan fərdi yaşayış evindən mövcud istifadə qaydalarına uyğun real bölgünün aparılmsı və həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən olunması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili (eyni zamanda Cavabdeh2 nümayəndəsi-vəkili) Nümayəndə1, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi tələbinə dair”, Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evindən mövcud istifadə qaydalarına uyğun real bölgünün aparılması və həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən olunması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-81/2024 nömrəli 26 sentyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 iddiaçının əmisidir. Mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atası ilə əmisinin paylı mülkiyyətində olmuş, iddiaçının atası Ziyatxan Şahmərdanov xx.xx.2024-cü il tarixdə ölmüşdür.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissədə X2 adına xx.xx.2015-ci ildə, 1/2 hissədə Cavabdeh1 adına xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi ünvanında yerləşən 19 saylı evin paylara uyğun olaraq (yəni ½ hissəsi - onun; ½ hissəsi cavabdehin) natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, 19 saylı ev tərəflərin paylı mülkiyyətindədir və hər bir mülkiyyətçinin ayrıca giriş-çıxışı mövcuddur, mülkiyyətçilərin arasında natura qaydasında bölünə bilər.

5. Eyni zamanda iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi döngə 1, 19 saylı fərdi yaşayış evi üzrə mövcud istifadə qaydalarına uyğun olaraq real bölgü aparmaqla “A” tikilisində sahələri 16,43 kv.m. və 12,9 kv.m. olan 2 yaşayış otaqlarının, “B” tikilisində yaşayış sahəsi 14,8 kv.m. 1 yaşayış otağının və sahəsi 21,5 kv.m. olan qarajın və onun qarşısındakı həyətyanı torpaq sahəsinin, həmçinin arxa tərəfdə sahəsi 19,5 kv.m. olan hin və onun yerləşdiyi torpaq sahəsinin və yardımçı sahələrin onun istifadəsində, “A” tikilisində sahələri 18,5 kv.m., 24,5 kv.m. və 17,5 kv.m. olan 3 yaşayış otaqlarının və yardımçı sahələrin, o cümlədən həmin yaşayış otaqlarının və yardımçı sahələrin qarşısındakı həyətyanı torpaq sahəsinin cavabdeh İddiaçı istifadəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, yaşayış evinin tikililərindən və həyətyanı torpaq sahəsindən əvvəllər ümumi istifadə olunsa da, 2015-ci ildən tikililərdən və həyətyanı torpaq sahəsindən ayrılıqda istifadə edirlər, yəni “A” tikilisində sahələri 18,5 kv.m, 24,5 kv.m və 17,5 kv.m olan 3 yaşayış otaqları və yardımçı sahələr, o cümlədən həmin yaşayış otaqlarının qarşısındakı həyətyanı torpaq sahəsindən cavabdehlər, “A” tikilisində sahələri 16,43 kv.m və 12,9 kv.m olan 2 yaşayış otaqları, həmçinin “B” tikilisində yaşayış sahəsi 14,8 kv.m 1 yaşayış otağı və sahəsi 21,5 kv.m olan qaraj və onun qarşısındakı həyətyanı torpaq sahəsi, həmçinin arxa tərəfdə sahəsi 19,5 kv.metr olan hin və onun yerləşdiyi torpaq sahəsi onun istifadəsində qalmışdır. Hər iki tikili və həyətyanı torpaq sahələrinə giriş-çıxış qapıları ayrıdır, sahələr bir-birindən tam təcrid olunmuş vəziyyətdədir, tikili və həyətyanı torpaq sahələrindən ayrılıqda istifadə olunması bir-birinə maneçilik törətmir. 2017-ci ildə o, istifadəsində olan 1 və 3 saylı yaşayış otaqlarına bitişik qarşı tərəfə yaşayış sahəsi təxminən 22 kv.m olan bir otaq inşa etmişdir. Bütün bu illər ərzində komunal xidmətlərindən ayrıca istifadə edir, işıq, su və qazdan istifadəyə görə adına ayrıca abonent saldoları vardır. Lakin tikili və həyətyanı torpaq sahələrindən istifadəyə dair real bölgü barədə rəsimləşdirilmə aparılmadığından aralarında tikililərdən və həyətyanı torpaq sahəsindən istifadəyə görə tez-tez mübahisələr düşür və belə bir mübahisəyə son qoyulması üçün tikililərdən və həyətyanı torpaq sahələrindən istifadəyə görə real bölgünün aparılması zərurəti yaranmışdır.

7. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1578/2023 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3749 nömrəli rəyindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin naturada 1/2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin faktiki olaraq tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının 1/2 hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Qeyd: qərardadda ekspert qarşısında qoyulmuş sualda fərdi yaşayış evinin həyətyanı sahəsi və həyətyanı sahədə yerləşən köməkçi tikililər barədə sual qoyulmadığından həmin tikililər üzrə tədqiqat aparılmadı.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9467 nömrəli rəyindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin (yaşayış və yardımçı sahələr ilə birlikdə) naturada 1/2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin (yaşayış və yardımçı sahələr ilə birlikdə) faktiki olaraq tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının 1/2 hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti - X4 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur.

10. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı, mübahisəli ünvanda tərəflərin 1/2 hissədə payları üzrə real bölgü aparmaları, hər birinin evlərə giriş-çıxış üçün dəmir qapıların quraşdırmaları, onların bir-birlərinə həmin giriş qapılarından istifadə edən zamanı maneələr yaratmamaları, eyni zamanda mübahisəli ünvanda yararsız vəziyyətdə olan qarajın mövcud olması, qarajdan qarşılıqlı iddiaçı Cavabdeh1 mətbəx kimi istifadə etməsi, qarajın içərisinin istifadəyə yararsız halda olmaqla, dam örtüyünün təhlükəli vəziyyətdə olması, yer səthində isə bir ədəd çuxurun olması müəyyən edilmişdir.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 sentyabr 2024-cü il tarixli 2(003)-81/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) hər iki iddia rədd edilmişdir.

12. Məhkəmə göstərmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin hazırki iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi tərflərin istifadəsində olmaqla dövlətin mülkiyyətindədir.

13. Məhkəmə araşdırması zamanı, mübahisəli əmlaklardan payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı ekspert rəyləri ilə öz əksini tapmışdır. Ekspert rəyində yalnız tərəflərin həmin bölgü qaydasının 1/2 hissə paydan qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olmasını qeyd etmişdir. Məhkəmə iclasında, eləcə də mübahisəli əraziyə yerli baxış zamanı tərəflərə bölgü qaydasından, yəni onların 1/2 hissə pay(lar)ından qismən kənara çıxmaqla texniki cəhətdən bölgüsünün aparılması təklif olunmuşdur. Lakin ilkin iddiaçı buna qətiyyətlə etiraz etdiyini, mübahisəli əmlakın paylarına uyğun real bölgüsünün aparılmasını tələb etmişdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin real bölgüsünün aparılmasının texniki cəhətdən mümkün olmadığı ekspert rəyi ilə təsdiq olunmuş, eləcə də tərəflərin mübahisəli ərazi yerləşən qarajın texniki cəhətdən real bölgüsünün aparılmasında fərqli mövqelərdən çıxış etmələri müəyyən edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakda tərəflər payçı olduğundan onların hər ikisinin qarajdan bərabər istifadə etmək hüququ vardır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 213.2, 215.1, 220.1, 220.2, 220.3, 220.6, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddiaya dair hissədə ləğv olunması və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, ümumi mülkiyyətdə olan mübahisəli evdə yaşayış otaqlarından, yardımçı sahələrdən və həyətyanı torpaq sahəsindən qarşılıqlı iddiada qeyd olunduğu qaydada istifadə edirlər, yəni aralarında əsas mübahisə doğuran 21.5 kv.m olan qarajdan 2015-ci ildən hazırkı dövrədək onun istifadəsində olmaqla, mətbəx kimi istifadə edir. Qeyd olunan yaşayış və qeyri yaşayış sahələri üzərində paylar ½ hissədə müəyyən olunsa da, mülkiyyət payları konkret olaraq müəyyən olunmamış, yəni tərəflərin ½ hissə payının nədə ifadə olunması məlum olmadığı üçün, həmçinin qarajın kimin mülkiyyətində olması bəlli olmadığı üçün, qarajın onun istifadəsində saxlanması, qarşı tərəfin mülkiyyət hüququnu heç bir halda və formada pozmur, məhdudlaşdırmır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. İddiaçı və nümayəndəsi-vəkili (eyni zamanda Cavabdeh2 nümayəndəsi-vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

21. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

23. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

24. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

25. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir

26. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

27. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

28. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göründüyü kimi Cavabdeh1 iddiaçının əmisidir. Mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atası ilə əmisinin paylı mülkiyyətində olmuş, iddiaçının atası Ziyatxan Şahmərdanov xx.xx.2024-cü il tarixdə ölmüşdür. Hazırda iddiaçı və Cavabdeh1 paylı mülkiyyətindədir.

38. Keçirilmiş ekspertiza nəticəsində mübahisəli daşınmaz əmlaka dair payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

39. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə yerli baxış zamanı tərəflərə bölgü qaydasından, yəni onların 1/2 hissə pay(lar)ından qismən kənara çıxmaqla texniki cəhətdən bölgüsünün aparılması təklif olunmuş, lakin iddiaçı buna qətiyyətlə etiraz etmiş, eləcə də tərəflərin mübahisəli ərazidə yerləşən qarajın texniki cəhətdən real bölgüsünün aparılmasında fərqli mövqelərdən çıxış etmələri müəyyən edilmişdir.

40. Belə olan halda məhkəmə əsaslı olaraq göstərmişdir ki, mübahisəli əmlakda tərəflər payçı olduğundan onların hər ikisinin qarajdan bərabər istifadə etmək hüququ vardır.

41. Cavabdeh1 iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

42. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-81/2024 nömrəli iş üzrə 26 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar