Məhkəmə qərarları › İş №2(103)-6443/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6443/2022

13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6443/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qərardaddan şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(006)-3310/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində direktoru və təsisçisi olduğu "xxxx" MMC-yə vurulmuş 48580 manat məbləğində maddi ziyanın əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3310/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3310/2022 saylı qərardadı ilə qərardaddan şikayətə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Məhkəmə qərardadı geri qaytararkən ona istinad etmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçı həmin qərardaddan şikayət vermiş və qərardadın ləğv olunaraq mülki işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3310/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3310/2022 saylı qərardadı ləğv edilməli, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(006)- 3310/2022 saylı qərardadından şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia tələbi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədədir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu kateqoriyadan olan işlər üzrə tərəflər bütün hallarda, o cümlədən iş üzrə icraata xitam verilməsi haqqında qərardadlardan şikayət verərkən dövlət rüsumu ödəməkdən azad olunduqlarına görə, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti geri qaytarmaqda haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı şikayəti təmin edilsin. Qərardaddan şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(006)-3310/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(006)-3310/2022 saylı qərardadından İddiaçı şikayətinə baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar