Məhkəmə qərarları › İş №2(103)-6447/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6447/2020

14.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6447/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1 qarşı “çıxarışın və həmin tarixli texniki pasportun ləğv edilməsi və zəbt edilmiş qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxx” Mənzil-Tikinti Kooperativi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1 qarşı “çıxarışın və həmin tarixli texniki pasportun ləğv edilməsi və zəbt edilmiş qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə verilmiş, RX ******* seriyalı çıxarışın və həmin tarixli texniki pasportun ləğv edilməsinə və Cavabdeh1 əsassız olaraq zəbt etdiyi qeyri-yaşayış sahəsindən çıxarılaraq həmin sahənin “xxxxxxxxxx” MTKya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxx” Mənzil Tikinti Kooerativi ilə Cavabdeh1 arasında xx.xx.2002-ci ildə kooperativin ünvan 1 məhəllə ünvanında (indiki ünvan 2 C) tikilmiş yaşayış binasının 1-ci mərtəbəsindən 146 kv.metr qeyri-yaşayış sahəsinin ona verilməsinə dair müqavilə bağlanmışdır. Payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən ünvandakı bina tam hazır olduqdan sonra 146 kv.metr qeyri-yaşayış sahəsi payçı C.M.Hüseyn-zadəyə verilmiş, lakin o həmin sahənin dəyərini ödəmədiyindən, uzun müddət sahədən istifadə etməmişdir. Tərəflər aralarında razılaşdırılmış məbləği sonradan ödəməyi vəd etsə də bunu da yerinə yetirməmişdir. 2019-cu ilin may ayının sonunda məlum olmuşdur ki, (yəni həmin sahədən istifadəyə başladığından) Cavabdeh1 xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 1 saylı Bakı ərazi idarəsindən 169,4 kv.metr sahənin xüsusi mülkiyyətə verilməsinə dair ******* saylı çıxarış və həmin tarixə **********88-05301-083021 saylı Terxniki Passport almışdır. Bununla bağlı Cavabdeh1 Kooperativə dəvət olunub onunla şifahi danışıq aparılmış və ondan qeyri-yaşayış sahəsini hansı sənədlər əsasında özgəninkiləşdirilməsi və qeyriyaşayış sahəsinin dəyərinin ödəməməsinin səbəbi araşdırılmışdır. Həmçinin ona bildirilmişdir ki, əks təqdirdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin ona verilmədiyi və qeyri-yaşayış sahəsinin dəyərini ödəmədiyi üçün müvafiq məhkəməyə müraciət olunacaq. Cavabdeh qeyri-yaşayış sahəsinin dəyərini qısa müddətdə ödəyəcəyini vəd etsə də yenə ödəniş etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən yol verilmiş texniki səhvlik iddiaçı olaraq “xxxxxxxxxx” MTK-nın mülkiyyət hüquqlarını pozmaqdadır. Bu səbəbdən də hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən yol verilmiş texniki səhvlik aradan qaldırılmalı, Cavabdeh1 adma verilmiş çıxarış etibarsız hesab edilməli və cavabdeh tərəfindən əsassız olaraq zəbt edilmiş iddiaçıya məxsus qeyri yaşayış sahəsi azad edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1 qarşı “çıxarışın və həmin tarixli texniki pasportun ləğv edilməsi və zəbt edilmiş qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə mülki işin icraatına xitam verilməsi, iddiaçı “xxxxxxxxxx” Mənzil- Tikinti Kooperativinə müvafiq ərizə ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı “xxxxxxxxxx” MTK şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, C.Hüseynzadə MTK-dan aldığı 146 kv.m. qeyriyaşayış sahəsindən əlavə zəbt etdiyi 13 kv.m. sahədə hazırda təmir işləri aparır, ona dəfələrlə müraciət olunmasına baxmayaraq, təmir işlərini dayandırmır. Hazırda 182 kv.m.dən çox sahədə təmir işlərini davam etdirməkdədir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina imtina olunmalı, inzibati iş məhkəməyə səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. DƏDRX inzibati orqan hesab ediləsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyat aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ duzgün qeydə alınmamaış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək, müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Qərardadda göstərilir ki, guya çıxarışın texniki səhvlik nəticəsində verildiyi mübahisələndirilir. 115881 saylı çıxarışın verilməsinə əsəs olmuş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli protokolu yox, 23.4 kv.m. sahəyə dair kooperativ tərəfindən heç bir hüquq müəyyən edici sənədi verilmədən çıxarış və texniki pasportun həmin sahəyə aid hissəsi və zəbt olunmuş 13 kv.m. sahə mübahisələndirilmişdir. Yəni texniki səhvlik mübahisələndirilmir. İddiaçı şikayətin əsası kimi qeyd olunan hallara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Mülki Məcəllənin 14.3, 178.1, 141.1, MPM-in 269-cu maddəsinə istinad etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xxxxxxxxxx MTK (Kooperativ) ilə Cavabdeh1 (payçı) arasında xx.xx.2002-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən Kooperativ ünvan 3 məhəllə ünvanında yerləşən xxxxxxxxxx MTK tərəfindən tikilən yaşayış binasının 1-ci mərtəbə 146 kv.m qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qeyriyaşayış sahəsinin dəyərini vaxtında ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 62 ünvanında yerləşən 169,4 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 5 C ünvanında yerləşən ümumi sahəsi 146 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 adına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 B saylı, xx.xx.2004-cü il tarixli protokoluna əsasən xx.xx.2017-ci il tarixdə ilkin qeydiyyata alınmış və onun adına seriya RX, ******* nömrəli çıxarış tərtib edilmişdir. Həmçinin sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı (ümumi sahəsi 169,4 kv.m) Cavabdeh1 adına Seriya RX ******* saylı çıxarış xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir və həmin əmlak hazırda onun mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-1130/2018 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 C ünvanında yerləşən qeyriyaşayış sahəsinə texniki pasportda qeyd edilən 169,4 kv.m olan ölçülərə uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair xx xxx 2014-cü il tarixli Qərarına əsasən, əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.1-ci maddəsinə görə, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir. Kollegiya qeyd edir ki, DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Mülki Məcəllənin 141.1-ci maddəsinin mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Kollegiya hesab edir ki, iddia tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın ləğvi ilə əlaqədar olduğundan hazırki mübahisəyə məhkəmədə baxıla bilməz. Birinci instansiya məhkəməsinin sorğusuna alınmış cavabdan (i.v. 26) aydın olur ki, çıxarışın verilməsinə əsas olmuş sənəd Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 B saylı, xx.xx.2004-cü il tarixli protokolu olmuşdur. Belə ki, qeyd edilən sənəd inzibati orqan tərəfindən verildiyindən, inzibati orqanın müvafiq sənədi mübahisələndirilmədən iddiaçı hazırki tələblə ümumi məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə ünvanladığı ərizələrdən və iddia ərizəsindəki tələbindən aydın olur ki, hazırda iddiaçı mübahisəli əmlaka dair verilmiş çıxarışın texniki səhvlik nəticəsində verildiyini mübahisə edir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçı “xxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1 qarşı “çıxarışın və həmin tarixli texniki pasportun ləğv edilməsi və zəbt edilmiş qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə iddia ərizəsi üzrə icraata xitam verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddiaçının şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı “xxxxxxxxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar