Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6449/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2265/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1467 manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 44,67 manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən buraxılmış MS seriyalı, 000084 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 193 №-li mənzil xx.xx.2015-ci il tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir və Kooperativin üzvlüyünə qəbul edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh həmin mənzilə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mövcud olan kommunal borcunu ödəməmişdir. Belə ki, Cavabdeh kommunal xidmət haqqı borcu 798 (yeddi yüz doxsan səkkiz) manat təşkil edir. Bundan əlavə, avtomobil dayanacağına 669 (altı yüz altmış doqquz) manat, ümumilikdə 1467 (bir min dörd yüz altmış yeddi) manat borc formalaşmışdır. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan kommunal borcunu ödəməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2265/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 1467 (bir min dörd yüz altmış yeddi) manat əsas borc və 44,67 (qırx dörd manat, altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1511,67 (bir min beş yüz on bir manat, altmış yeddi qəpik) manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılaraq apelyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sakinlər arasında, eləcə də onunla kommunal ödənişlərə və avtomobil dayanacağı üçün ödənişlərə dair heç bir müqavilə bağlanmamışdır. İddiaçı iddia ərizəsində liftlərə xidmət göstərilməsinə dair qeydlər vermişdir. Onun yaşadığı binada sakinlərin istifadəsi üçün iki lift quraşdırılmasına baxmayaraq liftlərdən biri tamamilə şüşə izolyasiya ilə qapadılmış və sakinlərin həmin liftdən istifadəsi qadağan edilmişdir. Belə ki, qeyd edilən lift şirkət tərəfindən onun yaşadığı binada yerləşən “VTB” bankın ofisinin sərəncamına verilmiş və həmin liftdən yalnız “VTB” bankın əməkdaşları istifadə etməkdədir. Çoxmənzilli binada yüzlərlə insan yaşayır və sakinlərin istifadəsi üçün iki lift nəzərdə tutulduğu halda liftlərdən sakin olaraq normal istifadə etmək mümkün deyildir. Əvəzində isə ondan həmin liftlərin saxlanılması üçün qanunsuz olaraq rüsum alınır, həmçinin liftlərin vəziyyəti ilə bağlı fotoşəkillər şikayətə əlavə edilmişdir. İddiaçı iddia ərizəsində guya onun binanın ərazisində yerləşən avtomobil dayanacağından istifadə etdiyini və bu səbəbdən İddiaçı MMC-yə dayanacağa görə 669 manat məbləğində borcun yarandığını qeyd etmişdir. Qeyd edilən “dayanacaq” faktiki olaraq dayanacaq kimi təyinata malik deyil və binada yaşayan avtomobili olan sakinlər bina həyətində harada istəsələr avtomobillərini saxlayırlar. Dayanacaq təyinatı olan hər-hansı tikili bina həyətində var. Lakin həmin tikili tam olaraq istifadəyə verilməyib. Dayanacağın tikintisi yarımçıq və qəzalı vəziyyətdədir. Ödənişlərlə bağlı təqdim olunmuş qəbzlərdə “Dayanacaq” qrafasının qarşısında borc məbləği “0” (sıfır) yazılır. Buna baxmayaraq, İddiaçı MMC ondan fəaliyyət göstərməyən dayanacağa görə 669 manat məbləğində pulu istəyir. Birinci instansiya məhkəməsi baxışı zamanı bu halları qeyd etsə də və qəbzləri məhkəməyə təqdim etsə də, məhkəmə bütün bu pozuntulara qiymət vermədən iddianı tam şəkildə təmin etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının MPM-də nəzərdə tutulmuş aidiyyət məsələsini kobud surətdə pozmuşdur. Belə ki, onun rəsmi olaraq qeydiyyat ünvanı ünvan 1 xərci mübahisə olunan daşınmaz əmlakın yerləşdiyi Nəsimi rayonu üzrə işin Nəsimi Rayon Məhkəməsində baxılmasına dair qərar qəbul etmişdir. Bütün bu halları nəzərə alaraq, hesab edir ki, tək bu halın özü qətnamənin ləğvi üçün əsasdır. İddiaçı MMC tərəfindən kommunal xərclərə dair verilmiş qəbzlərdə göstərilən məbləğlərlə iddia edilən məbləğlər üst-üstə düşmür. Eyni zamanda, həmin qəbzlərdə dayanacağa dair hissədə onun borcu 0 (sıfır) göstərildiyi təqdirdə, məhkəmə tərəfindən əsassız olaraq dayanacağa görə 669 manat borcunun olduğu qət edilmişdir. Həmçinin İddiaçı MMC tərəfindən təqdim olunmuş qəbzləri birinci instansiya məhkəməsi qəbul etməmişdir. Halbuki həmin qəbzlər işin faktiki halları üçün vacib sayılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehin qeydiyyatı Füzuli şəhəri olsa da, Nəsimi rayon Məhkəməsi mülki işə mahiyyəti üzrə baxmaqla aidiyyat qaydalarının tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh Füzuli şəhərində qeydiyyatda olsa da, uzun müddətdir ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 193 nömrəli mənzildə yaşayır və həmin ünvanda olan binaya kommunal xidmətləri İddiaçı MMC həyata keçirir, lakin cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş edildiyindən hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2265/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə Füzuli rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “İddianın cavabdehin olduğu yerə görə verilməsi” adlı 35-ci maddəsinin mənasına görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). İş materiallarında olan MAPS şöbəsi arayışından görünür ki, (i.v 6) cavabdeh Həsən X1 şəhəri, Azadlıq küçəsində qeydiyyatdadır. Bundan başqa cavabdehin müvəqqəti olaraq Nəsimi rayonu ərazisində qeydiyyatda olması iş materialları ilə müəyyən edilməmişdir. Eləcə də apellyasiya baxışı zamanı hər iki tərəf izahatları ilə cavabdehin Füzuli şəhəri, Azadlıq küçəsində qeydiyyatda olmasını bildirmişlər. Həmçinin hazırki iş üzrə mübahisə pul tələbi olmaqla bu qəbildən olan işlərə dair ərazi aidiyyatı ilə bağlı qanunla başqa hal nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdehin rəsmi qeydə alındığı ünvan Nəsimi Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Nəsimi Rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmalı və ya iddia ərizəsi əsasında başlanmış mülki işi ərazi aidiyyətinə görə cavabdehin rəsmi ünvanı üzrə müvafiq məhkəməyə göndərməli idi. Çünki MPM-nin 44.2.2-ci maddəsinin mənasına görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyat qaydalarının pozulmasına yol verilmir. Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Lakin məhkəmə, ərazi aidiyyət qaydalarını pozaraq səlahiyyətinə aid olmayan iddianı icraata götürmüş, onun əsasında mülki iş başlamış və səlahiyyətinə aid olmayan işə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bundan başqa, hazırki işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdır. Bu isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinin tələbinə əsasən prosessual hüquq normasının pozulmasıdır ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş ərazi aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməklə, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və işə aidiyyəti üzrə baxılması üçün iş ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387, 397-398 və 402.2.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2265/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh “Cavabdeh 1467 manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 44,67 manat pulun İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6449/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6449/2022
12.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver