Məhkəmə qərarları › İş №2(103)-6451/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6451/2024

18.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6451/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4073/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə, 4 saylı evə qeydiyyatına xitam verilməsi (qeydiyyatdan çıxarılması) və bu dəyişikliklərin elektron məlumat bazasında edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4073/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, evdə qeydiyyatda olan kənar şəxsin evdən qeydiyyatdan çıxarılması üçün əvvəlcə müvafiq polis orqanına müraciət edilməli, imtina cavabı aldıqda isə həmin cavabla birlikdə müvafiq inzibati məhkəməyə müraciət edilməlidir. Tərəflər arasında yaranmış münasibətlərin inzibati xarakterli münasibətlərə aid olması, habelə tələbin məhz inzibati orqana qarşı irəli sürülməsi hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı Mülki Prossesual Məcəllənin 153-cü maddəsinə istinadən şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12 - ci döngədə 4 saylı ev onun mülkiyyətindədir. Cavabdeh qızının keçmiş əridir (nikaha xitam verilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əlavə edilmişdir iddia ərizəsinə). Cavabdehə mülkiyyətindəki evdə müvəqqəti yaşamağa razılıq vermişdi. Hazırda isə, onun iradəsinə zidd olaraq evdən çıxmır. Bununla da, onun mülkiyyət hüququnu məhdudlaşdırır, pozur. Məhkəmə səhvə yol verərək bu nəticəyə gəlmişdir ki, evdə qeydiyyatda olan kənar şəxsin evdən qeydiyyatdan çıxarılması üçün əvvəlcə müvafiq polis orqanına müraciət edilməli, imtina cavabı aldıqda isə həmin cavabla birlikdə müvafiq inzibati məhkəməyə müraciət edilməlidir. Məhkəmənin gəldiyi nəticə ona görə səhvdir ki, iddia qeydiyyatdan çıxarma ilə bağlı deyildir, evə heç bir hüququ olmayan cavabdehin faktiki evdən çıxarılması ilə bağlıdır. Bu mübahisə inzibati deyildir, mülki - hüquqi xarakterlidir, cavabdehə münasibətdə mülkiyyət hüququnun müdafiəsi tələbidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4073/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə istinadən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası ilk olaraq münasibətlərin səciyyəsini nəzərə alaraq, işin mülki icraat qaydasında baxılaraq məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1 və 24.2-ci maddələrinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.4 Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən: 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti. Qanunun 71-ci maddəsinə əsasən: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İnzibati mübahisələrin məhkəmə aidiyyəti adlı 2-ci maddəsinə əsasən: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 387, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. İzah edilməlidir ki, hüquqlarının pozulması ehtimal edilən şəxs inzibati icraat qaydasında, habelə nəticəsindən asılı olaraq inzibati prosessual qanunvericiliyə əsasən müvafiq araşdırmanın həyata keçirilməsi üçün inzibati səlahiyyəti həyata keçirən təşkilata və məhkəməyə müraciət etmək hüququna malikdir. Apellyasiya şikayətinin dəlillərinə məxsusi olaraq qeyd edilməlidir ki, iddiaçı inzibati orqanı cavabdeh kimi təsbit etmiş və üçüncü şəxsin mənzilə olan qeydiyyatına xitam verilməsi öhdəliyi kimi tələb irəli sürmüşdür. Əgər şəxsin mənzildən çıxarılmasını istəyirsə, tələbi və onun yönəldiyi şəxsi aydın əks etdirərək yenidən müraciət etməlidir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4073/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar