Məhkəmə qərarları › İş №2(103)-6452/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6452/2023

25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6452/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6452/2023 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4064/2023 saylı 07 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı yaşadığı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi P.Məmməd küçəsi döngə 4, ev 24 ünvanında yerləşən mənzilə xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2667 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №li akt əsasında 396 manat, ümumilkdə 3856,06 manat borc yazılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3856,06 manat məbləğində borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 1 ünvanda quraşdırılan sayğac X6un adınadır. Abonent kodu **********10000-dır. Ünvana quraşdırılan sayğac mexaniki sayğacdır və hər ay çek verilməklə ödəniş edilir. X6 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Aprel ayında iddiaçıya təqdim edilən qəbzdə 3856,06 manat borcunun olduğu məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, müraciətin əsasında məlum olmuşdur ki, mərhum atası barəsində 2020- 2021-ci illər ərzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında çoxsaylı aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2667 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat borc yazılmışdır. Cavabdeh təşkilat əgər 2020-2021-ci illər ərzində təbii qaz xəttinin talanmağını aşkar etmişdirsə, bəs nəyə görə bu qanunsuzluğun qarşısını almaq üçün ünvanına təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında çıxarılmış aktlarda 1991-ci ildə vəfat etmiş atasının imtina etməsi göstərilmişdir. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi həmin aktlar formal olmaqla bərabər ölmüş şəxsin adına çıxarıldığı üçün həmdə qanunsuz və etibarsızdır. Sözügedən bu aktlar sayğaca müdaxilə edilməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabdeh təşkilatın maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 Ns-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasıhallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Bundan başqa, sözgedən aktlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada tərtib olunmuşdur. Halbuki, qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tərtib edilmiş əsassız aktlar ucbatından 3856,06 manat borc yazılmışdır. 2023-cü ilin aprel ayına kimi iddiçıya təqdim edilmiş qəbzlərdə borcunun olmadığın öz əksini tapır, lakin aprel ayında verilmiş qəbzdə birdən birə 3856,05 manat borc yaranır, üstəlik bu borc, 2020-2021-ci illərdə yazılıb.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli e-2(008)- 4064/2023 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3844,8 manat məbləğində borc **********10000 №-li abonent kodundan silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 324.1, 324.2, 325.1, 325.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 3.1, 3.1.1, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, onun qismən, yəni iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən ünvan 2 ünvanında (abonent kodu **********10000) qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talaması faktı aşkar olunmuş, fakt yerindacə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla resmiləşdirilmiş. şəkillər çəkilmiş və qeyri-qanuni xətt ləğv edilmişdir. Lakin sonradan istehlakçı yenidən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifade etməyə davam etmişdir. Bu hal bir neçə dəfə də əməkdaşlar tərəfindən aşkar edilərək “Təbii qazdan istifadə qaydalarının haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca şəkillər çəkilmiş və hər dəfə də qeyri-qanuni xətt ləğv edilmişdir. Daha sonra tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən tirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yeni təbii qazdan sayğacdan pozulması kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməmsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

10. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir

11. Bənd 3.1.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməlidir.

12. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Cavabdeh tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qanunilik və əsaslılıq həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

22. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.1991-ci il tarixdə ölmüş Salahov SahibTalıb oğlu barəsində aşakıdakı aktlar tərtib edilmişdir: xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2656,80 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat borc. Dörd akt üzrə ölmüş abonentə 3844,8 manat itirlmiş sərfiyyata görə ödəniş hesablanmışdır.

23. X3 xx.xx.1991-ci il tarixdə ölmüşdür (İV-JQ seriyalı 341609 №-li ölüm haqqında şəhadətnamə).

24. xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı həmin abonent Salahov SahibTalıb oğlunun oğludur (AZ seriyalı 614327 №-li doğum haqqında şəhadətnamə) və həmin ünvanda yaşayır.

25. ünvan 3 ünvanında abonent kimi **********10000 abonent kodu ilə Cavabdeh İB tərəfindən qeydiyyata Salahov Sahib alınmışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabheh tərəfindən 2020-2021-ci illərdə yazılmış aktlar üzrə hesablanmış borc 2023-cü ilin aprel ayına iddiaçıdan istənilməmiş, iddiaçı təqdim edilmiş qəbzlər üzrə mütəmadi olaraq borcunu ödəmiş və ancaq 2023-cü ilin aprel ayında ölmüş insan tərfindən yol verilmiş səhvə görə birdən-birə həmin məbləğ istənilmiş, halbuki Qaydalara görə bunu tələb edə bilməz.

27. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə tərtib edilmiş, aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, aktlar birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmişdir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

29. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

30. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

31. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4064/2023 saylı iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar