Məhkəmə qərarları › İş №2(103)-6459/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6459/2020

25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6459/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-239/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətinə vurulmuş maddi zərərə görə 18.334,17 manat məbləğində pul vəsaitinin (mənzilinin təmiri üçün 10.854,17 manat, su basma nəticəsində yararsız vəziyyətə düşmüş yumşaq mebel (X7 Kunc 363 klassik divan, klassik puf, kreslo) dəstinin yenisi ilə əvəz edilməsi üçün 2.280 manat, soyuducu (LG GR-B439SVQK) 1.250 manat, kondisioner (LG C126RQ mirror) 1.300 manat, Mikrodalğalı soba (Panasonic NN-DS592M) 550 manat, divara qurulmuş dəhliz paltar dolabı və asılqan (Artekol) 1.720 manat, su qızdırıcısı qazla (Termet G-19-00 AQUAHEAT) 380 manat); mənzilin təmir ediləcəyi iki ay müddətində kirayə qalacağı evin kirayə haqqı 1.000 manat; ona dəymiş mənəvi zərərə görə 3.000 manat; iddia ərizəsinin tərtibinə görə tərəfindən hüquqi yardım üçün ödənilmiş 72 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumununun, ümumilikdə 22.436,17 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması; mənzilinə su axmanın qarşısının alınması üçün cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 64 saylı evin damında quraşdırılmış su çəninin damın üzərindən götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin mülkiyyətçisidir və həmin mənzildə yaşayır. Cavabdeh isə göstərilən ünvan üzrə onun qonşusudur və 11 saylı mənzilin sahibidir. Cavabdeh son üç ildə həmin mənzildə özü yaşamasa da, mənzilini kirayə verir. O, beş mərtəbəli binanın beşinci mərtəbəsində yaşayır. Cavabdeh binanın damında düz onun mənzilinin üzərində şəxsi istifadəsi üçün qanuna zidd olaraq su çəni quraşdırmışdır. Həmin su çəninin mütəmadi daşması nəticəsndə onun mənzilini dəfələrlə su basmış və əmlakına ciddi ziyan dəymişdir. Cavabdehə bu barədə dəfələrlə xəbərdarləq etməsinə baxmayaraq, o, heç bir tədbir görməmişdir. O, hər dəfə mənzilini öz vəsaiti hesabına əsaslı təmir etdirir, cavabdeh isə hər dəfə mənzili yeni kirayəçiyə icarəyə verdiyində, onun mənzilini su basaraq əmlakına ziyan vurma halı təkrarlanır. O, 2016-cı ildə dəhlizin və mətbəxin kağızlarını, həmçinin dəhlizin döşəmə örtüyünü (Polşa istehsalı olan laminatı) dəyişməli olmuşdur. Həmçinin, su çəni quraşdırıldığı zaman binanın dövlət tərəfindən quraşdırılan dam örtüyü ciddi şəkildə zədələnmiş və yağan güclü yağış nəticəsində mənzilini yenə su basmışdır. 2017-ci ilin oktyabr ayında o, həmin dam örtüyünü də öz vəsaiti hesabına bütünlükdə yeniləmişdir. Daha sonra, yenə həmin 2017-ci ildə su çəninin mütamadi daşması nəticəsində mənzilin divarları təkrar-təkrar islandığından və qış ayları olduğu üçün qurumadığından kif bağlamışdır. Mətbəxin, hamamın və dəhlizin lambirindən ibarət asma tavanında işıqlanma üçün yerləşdirilmiş elektrik naqilləri güclü islanmaya məruz qaldığı üçün yararsız və təhlükəli vəziyyətə düşmüş və bu fəsadları aradan qaldırmaq üçün o, yenə öz vəsaiti hesabına əsaslı təmir etmişdir. Son təmir işləri 2018-ci ilin mart ayında başa çatmışdır. xx xxxx 2018-ci il tarixdə isə təkrarən çənin gün boyu daşması nəticəsində onun mənzilini güclü su basmışdır. Həmin gün, o, Bakı şəhərində deyil, Ramazan bayramı tətilində idi. Saatlarla çənin daşması nəticəsində evi o qədər su basmışdır ki, su artıq evin çöl qapısından bloka və qonşulara gedirmiş. Bunu görən qonşular onunla mobil telefonla əlaqə saxlayıb vəziyyəti xəbər vermiş və o, istirahətini yarımçıq qoyaraq, ailə üzvləri ilə gecəyarı dərhal dincəldiyi rayondan Bakı şəhərinə geri dönmüşlər. Mənzilinin qapısını açdığında qarşılaşdığı mənzərə acınacaqlı olmuşdur. Hər tərəf, mənzilinin tavanı, divarları, döşəməsi, eləcədə mənzilinin əşyaları - mətbəxdəki məişət texnikası, qonaq otağındakı yumşaq dəst su içində idi. Ən təhlükəlisi isə, elektrik naqilləri yararsız vəziyyətə düşmüş, dəhlizin divarlarında quraşdırılmış avtomat elektrik qutusundan su axır, qapı zənginin islanmış naqilində qısa qapanma baş vermişdir. Əgər evə bir qədər gec gəlib çatsaydı, elektrik naqillərinin qısa qapanması nəticəsində mənzilində yanğın da törəyəcəkdir. Hadisə ilə bağlı zəng edib cavabdehi çağırmış, o isə öz laqeyidliyi və məsuliyyətsizliyi nəticəsində növbəti dəfə təkrarlanan bu mənzərəni kənardan biganəliklə seyr edir, onun iradlarına həyasızcasına: “mən nə edim ki, oldu da” - cavab vermişdir. O, cavabdehdən mənzilinin təmiri və yararsız vəziyyətə düşmüş əmlakını yeniləmək ücün əmlakına dəymiş zərəri ödəməyi tələb etdiyində isə o, imkanı olmadığını bildirmişdir. Daha sonra məsələ ilə bağlı 3 saylı xüsusi təyinatlı 154 saylı MKİS-ə yazılı şəkildə müraciət etmiş, müraciətinə baxılaraq həmin MKİS-nin əməkdaşları tərəfindən mənzilinə yerində baxış keçirilmiş və cavabdeh tərəfindən quraşdırılmış çəndən mənzilinə su axıdılması faktı aktlaşdırılmışdır. Aparılmış araşdırmalardan sonra MKİS-nin əməkdaşları tərəfindən dəfələrlə cavabdehə həmin su çəninin evinin damından götürülməsi ücün yazılı xəbərdarlıq göndərilsədə, o, hələ də heç bir tədbir görmür. xx xxxx 2018-ci il tarixindən hal hazırkı günə qədər onun mənzili yaşayış üçün yararsız vəziyyətdədir. Cavabdeh və onun kirayəçiləri öz yatağında rahat yatdığı zaman, onun mənzilində onların günahı ucbatından su basma nəticəsində yumuşaq dəst və yataq mebeli islandığı üçün, oturmağa və yatmağa yeri olmayıb. Elektrik avtomat qutusu və elektrik naqilləri çox islandığı üçün, oksidləşməyə məruz qalmış və yanğın təhlükəlisi yaranmışdır. Bu səbəbdən mənzili nəzarətsiz qoyub çıxmaq da mümkün olmamışdır. Evdə kondisioneri belə qoşmaq olmur. Cavabdeh öz həyasız davranışı ilə onu və ailəsini qıcıqlandırır. Dəhlizin və otaqların döşəmə örtüyü çox islandığı üçün qabarmış, eləcə də dəhlizin və otaqların, həmçinin, qismən mətbəxin divar kağızı qopmuşdur. Evdən və hamamdan çox pis nəmişlik qoxusu gəlir və nəmişlikdən evi həşarat basmışdır. Tavan örtüyü məruz qaldığı axıntı nəticəsində yararsız hala düşmüşdür: dəhlizdə və mətbəxdə asma tavanın içindəki işıqlanma naqilləri yararsız vəziyyətdədir, otaqda tavan qabarıb tökülür, həmçinin ləkələr var. Dəhlizdəki paltar dolabı və qonaq otağındakı divan və kreslo da axıdılan su və nəm nəticəsində ziyan görmüşdür. Belə bir vəziyyətdə mənzilinin otaqlarından və nəmə məruz qalmış ev əşyalarından istifadə mümkünsüz vəziyyətdədir. Mənzilinin ziyan görmüş otaqları və əşyalarını təmir etdirmək üçün “xx Group” təmir-tikinti şirkətinə müraciət etmiş, şirkətin mütəxəsissləri tərəfindən mənzilinin ziyan görmüş otaqlarına baxış keçirilmişdir. Hesablamalara əsasən mənzilinin təmir xərci ümumilikdə 10.854,17 manat təşkil edir. Cavabdeh ona dəymiş ziyanı könüllü olaraq ödəmədiyinə görə o pozulmuş hüquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, cavabdehin qanuna zidd hərəkətləri və məsuliyyətsizliyi nəticəsində mənzilinə təkrar-təkrar suyun axıdılması nəticəsində mənzilinin neçənci dəfədir ki, bərbad hala düşməsi onda əsəb gərginliyi yaradır. Cavabdehin məsuliyətsizliyi nəticəsində təkrarlanan bu hal ona və ailəsinə mənzilərində rahat yaşamağa imkan vermir. Belə ki, elektrik naqillərinə suyun dəyməsi qısa qapanmaya səbəb ola bilər. Bu da onu və ailəsini davamlı olaraq təhlükə içində saxlayır. O özü işi ilə əlaqədar tez-tez xarici ölkələrə ezamiyyətə gedir. Lakin mənzilinin belə halda olması ailəsinin belə təhlükəli mənzildə yaşamağı onu narahat etdiyindən, fikri orada qalır. Bu hal ona maddi ziyan vurmaqla yanaşı mənəvi ziyan da vurur. Ona dəymiş mənəvi zərəri 3.000 manat məbləğində qiymətləndirir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-239/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh dəymiş maddi zərərə görə 9.282 (doqquz min iki yüz səksən iki) manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat və hüquqi yardıma görə çəkilən xərcin əvəzi olaraq 30 (otuz) manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manatın 62 (altmış iki) manatının Cavabdeh, 88 (səksən səkkiz) manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-239/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin mənzili binanın 4-cü mərtəbəsində, iddiaçının mənzili isə 5-ci mərtəbəsində yerləşir. Daimi su təchizatında problem olduğu üçün iddiaçı və cavabdeh binanın damına su çəni yerləşdirmişdir. xx xxxx 2018-ci ildə iddiaçı və cavabdehə məxsus su çənlərinin nasosları oğurlanmış və su borularının başları açıq qalmışdır. Suyu açan zaman 15 dəqiqə ərzində qonşunun mənzilinə su axmışdır. Nəticədə qonşunun mənzilinə ziyan dəymişdir. Bu barədə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 154 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən xx xxxx 2018ci il tarixində akt tərtib edilmişdir. Həmin aktla müəyyən edilir ki, su axması nəticəsində 14 saylı mənzilin 1-ci otağının tavanında, pol döşəməsində, dəhlizin divarında oboy kağızının qopması və dəhlizdə pol döşəməsinin baş vermiş axıntının nəticəsində yararsız hala düşmüşdür. Cavabdeh iddiaçıya dəymiş ziyanın ödənilməsini və onun mənzilinin təmir edilməsini təklif etmişdir. Lakin, iddiaçı cavabdehi və ustanı evdən qovmuşdur. Təqribən 10 gün sonra iddiaçının mənzilinə digər qonşunun su çənindən su axmışdır. Bununla əlaqədar, o cavabdehin qapısını döyüb ondan tələb edərkən məlum olmuşdur ki, su cavabdehin çənindən axmır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ekspert rəyinə əsaslanmışdır. Cavabdeh həmin ekspert rəyi ilə qismən razıdır. İddiaçı xx xxxx 2018-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mülkiyyətinə vurulmuş maddi zərərə görə 13.134.17 manat (mənzilin təmiri üçün 10.854.17 manat, su basma nəticəsində yararsız hala düşmüş yumşaq mebel dəstinin yenisi ilə əvəz edilməsi üçün 2280 manat) məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Kəpəz rayon Məhkəməsində baxılan zaman ekspertiza keçirilmişdir. İddiaçı yazdığı iddia ərizəsində, nə də keçirilmiş ekspertizada məişət texnikasının xarab olması barədə məlumat yoxdur. Lakin, iddiaçı 1 il sonra Binəqədi rayon Məhkəməsinə müraciət edərkən bildirmişdir ki, su basma nəticəsində soyuducu, kondisioner, mikri dalğalı soba, su qızdırıcısı, dəhliz paltar dolabı və asılqan xarab olmuş, tamamilə yararsız vəziyyətə düşmüşdür. 154 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş aktda da məişət texnikasının xarab olması barədə heç bir məlumat yoxudur. İkinci dəfə ekspertiza keçirilərkən cavabdeh də iştirak etmişdir. Bu zaman mənzildə olan məişət əşyaları işlək vəziyyətdə olmuşdur. İddiaçı söyləmişdir ki, həmin əşyaları təzə alıb. Lakin, əşyaların görünüşündən məlum olurdu ki, onlar yeni deyil. İddiaçı tələb etsə də, cavabdeh həmin əşyaların haradan və nə vaxt alması barədə sənəd təqdim etməmişdir. Məhkəməyə də həmin əşyaların alınması ilə bağlı sənəd təqdim etməmişdir. Ekspert rəyində hansı səbəblərə görə adları sadalanan əşyaların təmirbərpasının mümkün olmamasına aydınlıq gətirilməmişdir. Əgər qeyd edilən əşyalar su basma nəticəsində xarab olmuşdursa, iddiaçı birinci dəfə iddia qaldırarkən onları tələb edə bilərdi. Ekspert rəyində göstərilir ki, 14 saylı mənzilin 2 saylı yaşayış otağına 1182 manat ziyan dəymişdir. Lakin su axıdılması nəticəsində mənzilin 2 saylı otağına heç bir ziyan dəyməmişdir. Hətta 154 saylı Mənzil- Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş aktda da 2 saylı yaşayış otağına ziyan dəyməsi haqqında heç nə qeyd edilməmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişidir. Kollegiya iclasında iştirak edən cavabdeh X. Mustafayev və onun nümayəndəsi və vəkili G.Zamanov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsi, 64 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxx 2013-cü il tarixdə, ********** nömrəli qeydiyyat aparılmışdır; 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 154 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi, mühəndisi, sahə nəzarətçisi və çilingərinin iştirakları ilə tərtib olunmuş xx xxxx 2018-ci il tarixli aktdan görünür ki, 154 saylı MKİS-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalara əsasən 14 saylı mənzilin 1-ci otağının tavanında pol döşəməsində, eləcədə dəhlizin divarında oboy kağızının qopması və dəhlizdə pol döşəməsinə baş vermiş axıntının təsirindən yararsız hala düşmüşdür. 14 saylı mənzilin sahibinin dediyinə görə bu kimi xoşagəlməz axıntılar 2017-ci ildə də baş vermişdir, axıntılar mənzildə yaşayan kirayəşinlər tərəfindən törədilmişdir. Baş vermiş axıntıların nəticəsi olaraq 14 saylı mənzilə müəyyən qədər ziyan dəymişdir; “xx” GROUP MMC-nin mütəxəssisləri tərəfindən tərtib olunan cədvəldən görünür ki, iddiaçıya məxsus mənzilin təmir xərcləri ümumilikdə 10.854,17 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29044 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 64 saylı yaşayış evinin 14 saylı mənzilin otaqlarının divarlarına suyun axtığı və suaxma nəticəsində otaqlara ziyanın dəyidiyi müəyyən olunur. Cavabdeh məxsus yaşayış evinə aid su çəninə gedən su xətləri kəsildiyindən, iddiaçının mənzilinin üstündə quraşdırılmış su çəninin nasazlığı nəticəsində suyun sızıb-sızmadığını müəyyən etmək mümkün olmamış, lakin Bakı şəhəri, Binəqədi rayonu 154 MKİS-in əməkdaşları tərəfindən 14 saylı mənzilə baxış keçirilmiş və bu barədə xx xxxx 2018-ci il tarixli akt tərtib olunmuşdur. Aktın məlumatlarına əsasən həqiqətəndə yaşayış evinin damında 11 saylı mənzilə aid su çəninin nasazlığı nəticəsində 14 saylı mənzilə su axıdıldığı və nəticədə 14 saylı mənzilin tikililərinə ziyan dəydiyi göstərilmişdir. Mətbəx tikilisinin sahəsi 4,7 m2, hündürlüyü 2,30m olub. Bu tikilinin tavanının və divarları üzərinə sarımtıl su sızma ləkələri müşahidə olundu. Dəhliz tikilisinin sahəsi 4,7 m2, hündürlüyü 2,30m olub. Bu tikilinin tavanının və divarları üzərinə sarımtıl su sızma ləkələri müşahidə olundu. Hamam-tualet tikilisinin sahəsi 2,8m2, hündürlüyü 2,30m olub. Bu tikilinin tavanı üzərində su sızma ləkələrinin və boyanın qabarması kimi hallar və divarın üzərinə vurulmuş kafelin 2-3 kv metrinin qoptuğu müşahidə olundu. Yaşayış otağının sahəsi 16,0 m2, hündürlüyü 2,60m olub. Bu tikilinin tavanının və divarları üzərinə sarımtıl su sızma ləkələri və döşəməyə vurulan laminat materialının bir hissəsinin deformasiyaya uğrayaraq bir-birindən aralandığı və giriş-çıxış qapısının su sızma nəticəsində şişərək yararsız vəziyyətə düşdüyü müşahidə olundu. Yaşayış otağının sahəsi 13,0 m2, hündürlüyü 2,60m olub. Bu tikilinin tavanının və divarları üzərinə sarımtıl su sızma ləkələri və döşəməyə vurulan laminat materialının bir hissəsinin deformasiyaya uğrayaraq bir-birindən aralandığı müşahidə olundu. Tədqiq olunan mənzilin elektrik xətləri sıradan çıxdığı müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 64 saylı yaşayış evinin 14 saylı mənzildə yerləşən mətbəx tikilisinə 515 manat, dəhliz tikilisinə 573 manat, hamam-ayaqyolu tikilisinə 257 manat, bir saylı yaşayış otağına 1.103 manat, iki saylı yaşayış otağına 1.182 manat təşkil etdiyi və ümumilikdə 14 saylı mənzilin tikililərinə dəymiş ziyanın məbləği aparılan hesablamalar nəticəsində mübahisəli mənzil üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3.630 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 25377/28376 saylı ekspert rəyindən görünür ki, tərəflərin iştirakı ilə tədqiqat obyekti olan əşyalara baxış keçirilmişdir. Baxış zamanı adları sadalanan əşyaların hal-hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olması və təmir-bərpasının mümkün olmaması müəyyən edilmişdir. Həmin əşyaların yararsız vəziyyətə düşməsinin səbəbinin susızmaya aid olması qərardadın birinci sualının cavabına əsasən müəyyən edilmişdir. Mülki iş materiallarında göstərilən malların (“LG” markalı, “GR-B439SVQK” modelli soyuducu; “LG” markalı, “C126RQ mirror” modelli kondisioner”; “Panasonic” markalı, “NN-DS592M” modelli mikrodalğalı soba, “Saloğlu” markalı ikili kitab künc klassik divan, klassik puf, kreslo dəsti; “Artekol” markalı divara qurulmuş dəhliz paltar dolabı və asılqan; “Termet” markalı, “G-19-00 AQUAHEAT” modelli qaz su qızdırıcısı) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5.380 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. xx xxxx 2018-ci il tarixli mədaxil qəbzindən görününr ki, iddiaçı tərəfindən “xxx” MMC-yə hüquqi yardıma görə 72 manat məbləğində pul ödənilmişdir; xx xxxx 2018-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Kollegiya hazırki işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Kollegiya işin hallarına, apellyasiya şikayətinin məzmununa əsasən, qeyd olunan normaların tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya hesab edir ki, xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən xx xxxx 2018-ci il tarixli aktda (səh.17) göstərilmiş obyektlərə vurulmuş ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində (i.v. 111-116) göstərdiyi əşyalar xx xxxx 2018-ci il tarixli aktda ziyan dəymiş əşya kimi göstərilmədiyindən həmin əşyaların ekspertiza tərəfindən müəyyən edilmiş dəyərini (5380 manat) o ödəməli deyil. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, məişət əşyalarına ziyan vurulmasına görə ekspert tərəfindən hesablanmış 5380 manat vəsaitin 2830 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Çünki, kollegiya iclasında iştirak edən iddiaçı məişət əşyalarının su axıtma nəticəsində sonradan xarab olduğunu bildirsə də, kollegiya hesab edir ki, həmin əşyalar tərtib edilmiş aktda göstərilməməklə yanaşı, elektrik cihazları olduğundan (soyuducu – 1100 manat, kondisioner – 1050 manat, mikrodalğalı soba – 300 manat, qaz su qızdırıcısı – 380 manat) su ilə təması zamanı xarab olması tədricən deyil, dərhal özünü göstərərdi. Belə olan halda, iddiaçıya vurulan maddi ziyanın məbləği məişət texnikasına vurulmuş ziyana görə müəyyən edilmiş məbləği çıxdıqdan sonra qalan məbləğ (9282- 2830=6452) altı min dörd yüz əlli iki manat təşkil edir. Aktda mənzilin 1 saylı otağına ziyan vurulması göstərilsə də, ekspert rəyində həm də 2 saylı otağa ziyan vurma nəticəsində 1182 manat ziyan hesablanmasının əsassız olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, subasma nəticəsində bir otaqdan digərinə tədricən su sızması nəticəsində həmin otağa ziyan dəyməsinin ekspertin mənzilə baxış keçirməsi nəticəsində aşkar edilməsi inandırıcıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Kollegiya iddia tələbinin mənzilin təmir ediləcəyi iki ay müddətində kirayə qalacağı evin kirayə haqqı olaraq 1.000 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Belə ki, iddiaçı tərəfindən həmin müddət ərzində kirayə qalacağı, habelə ödəniləcək kirayə haqqı barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin dəymiş mənəvi zərərə görə 3.000 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalması barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən mənəvi zərərlə bağlı iddia tələbinin rədd edilməsi hissəsində birinci intansiya məhkəməsinin mövqeyi əsaslıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Kollegiya cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 64 saylı evin damında quraşdırılmış su çəninin damın üzərindən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini məhkəmə iclasında hər iki tərəfin izahatında həmin su çəninin artıq damın üzərindən cavabdeh tərəfindən götürülməsini bildirməsi səbəbindən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-239/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 6452 (altı min dörd yüz əlli iki) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar