Məhkəmə qərarları › İş №2(103)-6462/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6462/2022

26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6462/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-6462/2022 Açar sözlər: (pul, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(005)-2113/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə İddiaçı cavabdehin öhdəlikləri üçün bank qarşısında zamin kimi öz üzərinə öhdəlik götürmüşdür. 2.Qeyd edilən müqavilə üzrə borclu, hazırkı iş üzrə Cavabdeh öhdəliklərini lazımınca vaxtıvaxtında icra etmədiyi üçün banka olan müqavilə üzrə kredit borcunu zamin qismində iddiaçı ödəmişdir. 3.Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə Cavabdeh əvəzinə ödədiyi 8025 manat əsas borcun, ona vurduğu maddi və mənəvi ziyana görə 8000 manat, cəmi 16025 (on altı min iyirmi beş) manat pul məbləğinin tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılır ki, 24 dekabr 2019-cu il tarixli CTKR1723514A149 №-li “kredit” müqaviləsinə əsasən əvvəllər tanıdığı Cavabdeh "xxxx" ASC-nin Qəbələ filialından 36 ay müddətinə, illik faiz dərəcəsi 26,9% olmaqla, 9700 (doqquz min yeddi yüz) manat məbləğinə kredit götürmüşdür. Cavabdehin xahişinə əsasən və ona inandığına görə qeyd etdiyi kredit götürülərkən prosesə o zamin qismində cəlb olunmuşdur. Bankdan Cavabdeh kredit götürdükdən az müddət keçdikdən sonra əsassız olacaq banka kredit ödəməkdən yayınmış, bu səbəbdən bank əməkdaşları onu da narahat etməyə başlamışlar. Halbuki kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, bu Müqaviləyə görə Bank aşağıdakı şərtlərlə Müştəriyə istehlak məqsədilə kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır. Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Ancaq o, müqavilə şərtlərini kobud surətdə pozaraq, götürdüyü kreditin ödənişindən imtina etmişdir. Bank əməkdaşlarının telefon zənglərinə cavab verməmiş və onlarla görüşməkdən yayınmışdır. Dəfələrlə o və atası ondan xahiş etməyinə baxmayaraq, cavabdeh Telman Musafayev kredit öhdəliyinin yerinə yetirməmişdir. Müxtəlif bəhanələrlə onu sakitləşdirməyə çalışmışdır, pulu olmadığını bildirmişdir. Ancaq ona və atasına məlum olmuşdur ki, Telman özünə məxsus avtomaşını 4500 manata satışa qoyub. Həmin vaxt onun 8025 manat borcu var idi. Cavabdeh, onun telefon zənglərinə cavab vermədiyinə görə atası onunla əlaqə saxlamış və ona bildirmişdir ki, avtomaşını 4000 manata onlara versin, 4025 manat borcu isə sonra ödəsin. Bu zaman Telman atasına bildirmişdir ki, ona pul lazımdır, avtomaşını onlara verə bilməz. Atası cavabında Telmana “Pərvin 4 baş ailədir, uşağı xəstə olduğu üçün daim müalicədədir. Ona da pul lazımdır, axı Pərvin sənə yaxşılıq edib” demişdir. Cavabdeh onun sözünü kəsərək bildirmişdir ki, “Pərvinin ağlı olaydı, ona zamin dayanmamaydı”. Qeyd etdiyi kimi o, çox çətinliklə pul əldə etməklə Telmanın əvəzinə 8025 manat məbləğində banka onun kredit borcunu ödəmişdir. Bundan əlavə göstərdiyi kimi Telman ona külli miqdarda ziyan da vurmuşdur. Cavabdehin əvəzinə zamin kimi kredit ödənişləri etməyi "xxxx" ASC tərəfindən verilmiş bank çıxarışı ilə də təsdiq olunur. Cavabdeh onun əvəzinə banka ödədiyi 8025 manat əsas pul məbləğindən başqa, həm də bilərəkdən etdiyi qeyri-qanuni hərəkəti ilə ona 8000 (səkkiz min) manat zərər vurmuşdur. Ona görə də belə hesab edir ki, cavabdehdən 8025 manat ödədiyi əsas pul məbləğinin, ona vurduğu zərərin əvəzi 8000 (səkkiz min) manat, cəmi 16025 (on altı min iyirmi beş) manat pul məbləğinin tutulması və ona ödənilməsi barədə məhkəmə qətnamə çıxarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 iyun 2022-ci il tarixli, 2(005)-2113/2022 saylı qətnaməsi (sədrlik edən-Novruzova Aytən) ilə iddia təmin edilməmişdir. 7."xxxx" ASC, “Müştəri”- Cavabdeh Vəlvəd oğlu və “Zamin”- İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR1723514A149 №-li kredit müqaviləsindən görünür ki, bank müştəriyə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26,9 % dərəcəsi ilə 9700 manat məbləğində kredit verməyi, müştəri isə həmin krediti razılaşdırılmış müddət ərzində geri ödəməyi öz üzərinə götürmüşdür. Zamin, bu müqavilə üzrə Müştərinin Bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür (3.1-ci bənd). 8.Məhkəmə hesab etmişdir ki, iddia tələbi kredit borcuna görə ödənilmiş pulun tutulması hissəsində rədd edilməli, İddiaçı Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün Cavabdeh ilə hər bir təqsirli pozuntuya görə birgə məsuliyyət daşıyır. Belə ki, bu hal tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də müəyyən olunur. 9.Həmin kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin, bu Müqavilə üzrə Müştərinin Bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. 3.2-ci bəndinə əsasən zamin bu Müqaviləni imzalamaqla razılığını bildirir ki, bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində, habelə Müqavilə üzrə öhdəliklər tam icra olunanadək zaminlik qüvvədə olacaqdır, yəni əsas və faiz borclan, Dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və Zaminin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla. Zamin Müştəri ilə birgə qaydada məsuliyyət daşıyacaqdır. 10.Məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən ona hər hansı maddi zərərin yetirilməsi sübuta yetirilməmişdir. 11.Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. 12.Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 13.Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 14.Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. 15.Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. 16.Həmçinin iddia ərizəsinin “maddi və mənəvi zərərin tutulması” tələbini əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişdir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1115ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 119.1, 14.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh əvəzinə 24 dekabr 2019-cu il tarixli, CTKR1723514A149 saylı Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ümumilikdə 8025 (səkkiz min iyirmi beş) manat (4780,63 manat birdəfəlik və 2 il ərzində əmək haqqı kartından müxtəlif aylarda silinmələrlə) pul ödənilərək kredit borcu bağlanmışdır. (qəbzlərin və bank çıxarışının əsli işdə mövcuddur). Eyni zamanda, qeyd olunan məsələ ilə bağlı 2 ildən artıq müddət ərzində iddiaçı hərbçi kimi çalışdığı Gəncə şəhərindən Bank filialının yerləşdiyi Qəbələ rayonuna və birinci instansiya məhkəməsinin yerləşdiyi Bakı şəhərinə dəfələrlə səyahət etmiş, əsəb sarsıntıları keçirtmiş kifayət qədər maddi və mənəvi zərərlə üzləşmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab etmiş və iddiaçı tərəfindən ona hər hansı maddi zərərin yetirilməsinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Halbuki, Cavabdeh ilə bağlanmış 24 dekabr 2019-cu il tarixli CTKR1723514A149 nömrəli Kredit müqaviləsi üzrə kredit borcunun bağlanması məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitini (qəbz məhkəməyə təqdim edilib) və həmin kredit borcu üzrə iddiaçının əmək haqqı kartından silinmələri (bank arayışı məhkəməyə təqdim edilib) diqqətə almamış və heç bir münasibət bildirməmişdir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçının zamin kimi banka ödədiyi pulun qaytarılması üçün borcluya (cavabdeh) qarşı reqres tələbini irəli sürməsi tamamilə qanuni və əsaslıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. 22.İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının MülkiMəcəlləsi: 23.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 26.Maddə 472.1.Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 27.Maddə 475.1.Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 28.Maddə 475.3.Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 29.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 31.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 32.Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 218.3.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 35.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 36.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 37.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(005)-2113/2022 saylı qətnaməsi iddianın 8025 manat məbləğində pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qeyd olunan hissədə təmin edilməlidir. 41.Belə ki, "xxxx" ASC, “Müştəri”- Cavabdeh və “Zamin”- İddiaçı arasında bağlanmış xx.xx.2019cu il tarixli, GTKR1723514A149 №-li kredit müqaviləsinin 4.3.1-ci bəndinə əsasən zamin müştərilərin bank qarşısında öhdəliklərini icra etdikdə, müştəriyə qarşı reqres qaydasında tələb irəli sürülə bilər. 42.Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın 8025 manat məbləğində pulun tutulmasının təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. 43.Belə ki, iş materialları ilə müəyyən olunur ki, ödəniş kartı üzrə çıxarışa əsasən zamin İddiaçı tərəfindən 3245,31 manat, xx.xx.2021-ci il tarixli 063 saylı ödəniş qəbzinə əsasən 4780,63 manat, cəmi 8025,94 manat məbləğində ödəniş olunmuşdur. 44.Kollegiya hesab edir ki, müqavilənin 4.3.1-ci bəndi və Mülki Məcəllənin 475.1-ci maddəsinin tələbinə əsasən zamin İddiaçı tərəfindən borclunun əvəzinə ödəniş olduğundan, kreditorun həmin öhdəlik üzrə hüquqları ödəniş həcmində zaminə keçdiyindən, iddia tələbi 8025 manat pulun Cavabdeh iddiaçı olan zaminin xeyrinə tutulması hissəsində təmin edilməlidir. 45.Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən 8025,94 manat ödəniş olması təsdiq olunduğundan, iddiaçının tələbi isə 8025 manatın tutulması olduğundan, MPM-nin 218.3-cü maddəsinə əsasən işə irəli sürülmüş tələb daxilində baxılmalıdır. 46.Kollegiya qeyd edir ki, iddiaçı maddi və mənəvi ziyana görə 8000 manatın tutulması ilə bağlı hissədə sübutlar təqdim etməmişdir. Bu hissədə kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. 47.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 48.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 49.Məhkəmə kollegiyası qətnamənin iddianın maddi və mənəvi ziyana görə 8000 manatın tutulmasının təmin edilməyən hissəsində məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qeyd olunan hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 50.Kollegiya qeyd edir ki, iddia qismən təmin olunduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 70 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(005)-2113/2022 saylı qətnaməsi iddianın 8025 (səkkiz min iyirmi beş) manat məbləğində pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 8025 (səkkiz min iyirmi beş) manat məbləğində pul, 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu, cəmi 8095 (səkkiz min doxsan beş) manat tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar