Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6462/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh Ağamməd qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1398/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarına İddiaçı 416973******5677 nömrəli katrı üzrə xx.xx.2023xx.xx.2024-cü il tarixli dövr üzrə "xxxx" ASC-nin çıxarışı əlavə edilmişdir.
2. İş materiallarında olan məhkəmə sorğusu əsasında əldə olunmuş "xxxx" ASC-nin hesabdan çıxarışın surətlərindən görünür ki, Cavabdeh hesabına (hesab nömrəsi: 410100G*********8207) xx.xx.2023-cü il tarixində 17200,00 AZN pul mədaxil edilmişdir.
3. İş materiallarında olan məhkəmə sorğusu əsasında əldə olunmuş "xxxx" ASC-nin hesabdan çıxarışın və mədaxil sənədinin sürətlərindən görünür ki, Cavabdeh hesabına (hesab nömrəsi: 410100G*********8207) xx.xx.2023-cü il tarixində 12300,00 AZN pul mədaxil edilmişdir.
4. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 126.9 manat məbləğində dövlət rüsumu vəsaiti ödənilmişdir.
5. İş materiallarında olan 06 mart 2024-cü il tarixli, 7E-3292 nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Vəkil2 etibarnamə verilmiş və 17,25 manat haqq tutulmuşdur.
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xərcinə görə 19 saylı Vəkil Bürosuna 850 manat məbləğində pul ödənilmişdir.
7. İş materiallarına tərəflər arasında “Whatsapp” sosial şəbəkədə olan yazışmalar, həmçinin məhkəmə sorğusu əsasında əldə olunmuş xx.xx.2023–cü il tarixdə 09:40 – 09:50 radələrində "xxxx" ASC-nin kamera görüntüləri əlavə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ödənilməmiş 12300 (on iki min üç yüz manat ) AZN pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 126,9 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il 09:40 radələrində Yasamal rayonu, Landau küçəsində yerləşən X4 Filialında Fransa səfirliyinə təqdim etmək üçün 12 300 ( on iki min üç yüz manat ) AZN vəsait vermişdir. Vəsaiti kassada birlikdə hesabına mədaxil etmişlər. Nərminlə danışıqlarına əsasən vəsaiti hesabına mədaxil edib, daha sonra çıxardıb ona təqdim etməli idi. Lakin Nərmin vəsaitin geri qaytarılmasından imtina etmişdir. Bundan öncə xx.xx.2023-cü il tarixində eyni sözügedən əməliyyatı Kapital bank Bravo 2 Filialında 16:00 iradələrində 17 200 AZN civarında vəsaiti hesabına mədaxil edilib və arayış alındıqdan sonra kassadan məxaric edilmişdir. Sözü gedən əməliyyatdan sonra müştəri vəsaiti geri qaytarmaqdan imtina edir. Qəsdən vəsaiti hesabında ola–ola geri qaytarmır. Bununla bağlı X4 Filialında xx.xx.2023 – cü il tarixdə 09:40 – 09:50 iradələrində vəsaitin onun tərəfindən müştəriyə təqdim edildiyi kamera müşahidələrindən görmək mümkündür. Əlavə olaraq Nərmin xanıma bununla bağlı telefon danışıqları və whatsapp yazışmaları mövcuddur. Cavabdeh bildirir ki, Greencard Azərbaycan şirkətində olan Rüfət adlı şəxsilə pul məsələsi olmuşdur. Rüfət adlı şəxs Cavabdeh xanımı bu əməliyyat üçün yönləndirdiyindən, Rüfətdən ala bilmədiyi 11 900 AZN ( on bir min doqquz yüz manat ) vəsaiti onu aldadaraq almışdır. Nərmin xanım vəsaiti ona borc verdiyinə görə 100 AZN ödəməli olacaqdı. Lakin qeyd etdiyi kimi, Rüfət adlı şəxs Nərmin xanımdan Amerika vizası düzəltmək adıyla aldığı vəsaiti Nərminə ödəmədiyindən , həmin şəxs vəsaiti dələduzluq edərək ondan almış və geri qaytarmır. Cavabdehə etdiyi şifahi və yazılı müraciətlərdən sonra da o, öz öhdəliyini yerinə yetirmir. Ona görə də o Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən ödənilməmiş 12 300 (on iki min üç yüz) manat borcun, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 126,9 (bir yüz iyirmi altı manat, doxsan qəpik) manat, vəkilə ödədiyi 850 (səkkiz yüz əlli) manatın və etibarnamə üçün ödədiyim 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manatın Cavabdeh onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1398/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 12.300 (on iki min üç yüz) manat, iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 850 manat (səkkiz yüz manat) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,9 (bir yüz iyirmi altı manat, doxsan qəpik) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 125-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1094-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən "xxxx" MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyevin əməllərindən zərər çəkmişdir. İnternetdə araşdırma apararkən məlumolur ki, Rüfət Piriyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. Hazırki məhkəmə mübahisəsi də Rüfət Piriyevin əməlləri nəticəsində yaranmışdır. Daha doğrusu İddiaçı Rüfət Piriyevlə birgə işləmişlər, Cavabdeh ilə də R.Piriyevin vasitəsilə tanış olmuşlar. Cavabdeh verilən pul vəsaiti onun öz puludur. Hazırki halda İddiaçı Rüfət Piriyevin həbs olunmasından istifadə edərək Cavabdeh hesabına əsassız varlanmaq istəyir. Çox təsüflər olsun ki, birinci instansiya məhkəməsi iddiaçının bu istəyinə nail olmasına şərait yaratmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
25. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
26. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
27. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
28. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
29. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1398/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
42. İşin hallarından məlum olur ki, Cavabdeh visa almaq məqsədi ilə iddiaçıdan Yasamal rayonu, Landau küçəsində yerləşən X4 Filialında Fransa səfirliyinə təqdim etmək üçün 12300 manat vəsait almışdır. Aralarındaki razılığa əsasən Nərmin xanım vəsaiti hesabına mədaxil edib, daha sonra çıxardıb iddiaçıya təqdim etməli idi. Lakin sonradan iddiaçı vəsaitin geri qaytarılmasından imtina etmişdir. Buna görə də iddiaçı verdiyi pulu geri qaytarılmasını tələb edir. Cavabdeh isə həmin məbləği Rüfətə verdiyini və özünün də qurban olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş edir.
43. Kollegiya hesab edir ki, bu vəziyyətdə cavabdehin pulu üçüncü şəxsə (Rüfət adlı şəxsə) verdiyini və həmin şəxsin onu aldatdığını əsas gətirməsi, hüquqi baxımdan məsuliyyəti aradan qaldırmır. Əsassız varlanma ilə bağlı iddianın qiymətləndirilməsində aşağıdakı hüquqi məqamlar nəzərə alınmalıdır: Borcun qaytarılması öhdəliyi cavabdeh ilə iddiaçı arasında yaranmış münasibətə görə cavabdeh müvəqqəti şəkildə aldığı məbləği geri qaytarmaq öhdəliyi daşıyır. Pulun üçüncü şəxsə verilməsi, xüsusilə də həmin üçüncü şəxsin cavabdehi aldatması, cavabdehin iddiaçı qarşısında olan borcunu ortadan qaldırmaz. Mülki Məcəllənin 389-cu maddəsinə əsasən, öhdəliklər yalnız müvafiq qaydada yerinə yetirildikdə başa çatır. Cavabdehin öz razılığı ilə vəsaiti üçüncü şəxsə ötürməsi onun öz riskidir və bu, iddiaçı qarşısındakı öhdəliyi aradan qaldırmır. Burada cavabdeh və üçüncü şəxs (Rüfət) arasında yaranmış problem iddiaçının məsuliyyəti deyil, cavabdehin fərdi məsuliyyəti olaraq qalır. Cavabdehin pulu Rüfətə verməsi, onun fərdi qərarıdır və üçüncü şəxs tərəfindən aldatma faktı iddiaçının tələbini zəiflətmir.
44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
45. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının Rüfət Piriyevlə birgə işlədiyini və həmin pulun cavabdehin öz pulu olduğunu qeyd etsə də bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.
46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
47. Kollegiya bildirir ki, cavabdeh qeyd etdiyi hala dair heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi).
48. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1398/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. .