Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6463/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “müqavilənin ləğvi və pul tələbi”nə dair, həmçinin birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “icarə müqaviləsinin bir hissəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: “müqavilənin ləğvi və pul tələbi, icarə müqaviləsinin bir hissəsinin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-534/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı1 İddiaçı2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair, habelə İddiaçı2 İddiaçı1 qarşı “icarə müqaviləsinin bir hissəsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizələri üzrə məhkəməyə müraciət etmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-534/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsi (hakim Etibar Mustafayev) ilə İddiaçı1 İddiaçı2 qarşı “03 mart 2022-ci il tarixdə bağladığı icarə müqaviləsinin ləğv olunması, həmin müqaviləyə əsasən ona aylıq ödəmənin 40 misli olaraq 40000 manat pulun, obyektin işləmədiyi aylar üçün 2000 manat pulun cavabdehən tutularaq ona ödənilməsi, bundan başqa, obyektdən götürülmüş 150 manat dəyərində unitazın, 175 manat dəyərində olan plastik qapının, 200 manat dəyərində aristonun, 30 manat dəyərində kranın, 25 manat dəyərində moydadırın kranının, 55 manat dəyərində moydadırın, hər birinin qiyməti 295 manat olmaqla 2 ədəd qapının, həmin əşyalar özləri yoxdursa onların dəyərinin, qapıların yerləşdirilməsi üçün xidmət haqqı kimi ödənilmiş 25 manatın, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 219 manatın cavabdehdən onun xeyrinə tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 03 mart 2022-ci il tarixli “İcarə müqaviləsi” ləğv edilmiş, İddiaçı2 2000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 manat məbləğində pul vəsaitinin İddiaçı2 tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 İddiaçı1 qarşı “cavabdehlə aralarında bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndində qeyd edilən şərtin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı üçün həmin şərtin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının isə rədd edilməsi, bu iddia üzrə məhkəmə xərclərinin İddiaçı2 aid edilməsi qərara alınmışdır.
3. Həmin qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
4. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 hər iki tərəfin VÖEN-ni olması, tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, aralarında bağlanmış icarə müqaviləsindən irəli gələn ziyanın tələb edilməsi və bu baxımdan hazırkı işin aidiyyət məsələsi müzakirə olunarkən, kollegiyanın mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayətlərinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
8. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
9. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
10. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.
11. Azərbaycan Respublikasının “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan da məlum olur ki, İddiaçı1n VÖEN-i (**********) olmaqla, həmçinin cavabdeh İddiaçı2 da VÖEN-i (**********) olmaqla fərdi sahibkardır.
12. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
13. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
14. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iş üzrə İddiaçı1 VÖEN-i (**********) olmaqla və cavabdeh İddiaçı2 VÖEN-i (**********) olmaqla fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşul olan fiziki şəxslər olduğu üçün, hazırkı mübahisə də onların aralarında bağlanmış icarə müqaviləsindən irəli gələn ziyanın tələb edilməsi ilə bağlı olduğu üçün işə də mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır.
15. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
16. Yuxarıda qeyd edilənlərə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarındakı göstərişlərinə əsasən, kollegiya hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş materialları məhkəmə aidiyyətinə əsasən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı1 və cavabdeh İddiaçı2 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-534/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov