Məhkəmə qərarları › İş №2(103)-6463/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6463/2025

09.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6463/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və Bakı şəhəri Xətai rayon İcra Şöbəsi cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Lalə Elxan qızının katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-2065/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 sayılı notariat ofisinin xüsusi notarisi X5 tərəfindən tərtib və təsdiq edilmiş 16 yanvar 2025-ci il tarixli, 8İ-418 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 15 mart 2024-cü il tarixində X4 ilə onun arasında formal borc müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında 16 yanvar 2025-ci il tarixində Bakı şəhəri 50 sayılı notariat ofisi tərəfindən icra qeydi çıxarılmışdır. Həmin icra qeydinə əsasən, 24 dekabr 2024-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 27.000 manatın ondan tutulmasına dair qərar qəbul edilmişdir. Lakin ilkin müqavilə formal olsa belə, o, Bayram Məmmədova əlavə olaraq 6140 manat ödəniş etmişdir. Ancaq o, bunu notariat ofisinə müraciətində bildirməmişdir. Həmin ödənişin 1240 azn hissəsi nağd qaydada geri qalan hissəsi isə, 12 dekabr 2023cü il və 14 dekabr 2023-cü il tarixlərində kart vasitəsilə ödənilmişdir. Faktiki olaraq notariat ofisinə müraciət zamanı 27.000 manat deyil, 20.860 manat tələb edilməli idi. Bundan başqa ümumiyyətlə ilkin əqd etibarsızdır, çünki aralarında borc münasibəti mövcud deyildir. Novruz Bayramov tərəfindən bu günə qədər ona heç bir bildiriş göndərilməmişdir. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.

3. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, X4 və İddiaçı arasında xx.xx.2024-cü il tarixində “Borc müqaviləsi” bağlanmışdır. Həmin borc müqaviləsinin 1-ci maddəsinə əsasən “Borcverən” X4 “Borcalan” İddiaçı 55.000 (əlli beş min) ABŞ dollarının manatla məzənnəsini təşkil edən 93500 (doxsan üç min beş yüz manat) və 94605 manat (doxsan dörd min altı yüz beş manat), ümumilikdə 188105 (yüz səksən səkkiz min yüz beş manat) məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə uyğun olaraq iddiaçı X4 188105 manat (yüz səksən səkkiz min yüz beş manat) məbləğində pulu Notariusun depozit hesabına köçürmüşdür və cavabdeh həmin məbləğdə pulu müqavilənin şərtinə uyğun olaraq Notariusun depozit hesabında mədaxil etmişdir. Müqavilənin 2-ci maddəsinə əsasən İddiaçı borcu xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər gün 150 (bir yüz əlli) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixinədək hər gün 200 (iki yüz) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq 7 (yeddi) ay müddətində hər ay 8000 (səkkiz min) manat, səkkizinci ay 7105 ( yeddi min bir yüz beş) manat və xx.xx.2024-cü il tarixdən başlayaraq 11 (on bir) ay ərzində hər ay 5 000 (beş min) ABŞ dollarının manatla məzənnəsini ödəmək şərti ilə X2 qaytarmalı idi. İddiaçı tərəfindən 2024-cü ilin noyabr ayından etibarən Borc Müqaviləsinin şərtləri pozulmuş, ödənişlər vaxtı-vaxtında həyata keçirilməmişdir. Bu səbəbdən 16 yanvar 2025- ci il tarixində Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən hissəvi icra qeydi verilmiş və müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixinədək olan müddət üçün ödənilməmiş 27000 manat 00 qəpik (iyirmi yeddi min manat sıfır qəpik) tutulsun. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 6140 manat məbləğində pul əvvəlcədən ödənilmişdir və sanki elə təəssürat yaratmışdır ki, guya onun ümumilikdə 27000 manat borcu olmuş, həmin borcun da 6140 manatını icra qeydindən əvvəl ödəmişdir. Lakin notarial qaydada təsdiq edilmiş Borc müqaviləsindən də göründüyü kimi ümumi borcun məbləği 188105 AZN (yüz səksən səkkiz min yüz beş manat) olmuşdur. 16 yanvar 2025-ci il tarixində Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilən icra qeydi isə hissəvi xarakter daşıyır. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İddia ərizəsində qeyd edilir ki,"... həmin borcdan 6140 manat ödənilmişdir. Bu ödənişin 1240 manatı nağd qaydada, qalan məbləğ isə tələbkarın kart hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ödənişlərin qəbzləri də şikayətə əlavə olunur...”. İddiaçı tərəfindən göstərilən bu arqument də tamamilə əsassızdır. Belə ki, İddiaçı tərəfindən Bayram Məmmədova ümumiyyətlə nağd pul verilməmişdir, 188105 manat borcun ödənilməsi istiqamətində edilmiş bütün ödənişlərlə bağlı qəbzlər “WhatsApp” yazışma tətbiqi üzərindən X2 göndərilmişdir. İlk ödəniş xx.xx.2024-cü il tarixində həyata keçirilmişdir, həmin qəbz də onlarda mövcuddur. Həmçinin iddia ərizəsində hansı məqsədlə xx.xx.2023, xx.xx.2023-cü il tarixli qəbzlərin olduğunu və onlara istinad edilməsi aydın deyildir. Çünki borc müqaviləsinin tarixi xx.xx.2024-cü ildir. X4 tərəfindən məhz həmin tarixdə İddiaçı notariusun depozit hesabına köçürülməsi yolu ilə borc pul vermişdir. Bu halda xx.xx.2023, xx.xx.2023-cü il tarixli qəbzlərin ümumiyyətlə hal-hazırkı iş üzrə hər hansı sübut əhəmiyyəti mövcud deyildir. Bu baxımdan hesab edir ki, həmin qəbzlər sübutlar siyahısından çıxarılmalı və mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsində qeyd olunur ki, "... bundan başqa şəxslə mənim aralarında ümumiyyətlə borc münasibəti olmamışdır. Həmin əqd etibarsızdır...”. Notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Borc müqaviləsi İddiaçı və X4 arasında borc münasibətlərinin olmasını təsdiq edir. Belə ki, X4 və İddiaçı arasında xx.xx.2024-cü il tarixində “Borc müqaviləsi” bağlanmışdır. Həmin borc müqaviləsinin 1-ci maddəsinə əsasən “Borcverən” X4 “Borcalan” İddiaçı 55.000 (əlli beş min) ABŞ dollarının manatla məzənnəsini təşkil edən 93500 (doxsan üç min beş yüz manat) və 94605 manat (doxsan dörd min altı yüz beş manat), ümumilikdə 188 105 (yüz səksən səkkiz min yüz beş manat) məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə uyğun olaraq iddiaçı X4 188105 manat (yüz səksən səkkiz min yüz beş manat) məbləğində pulu Notariusun depozit hesabına köçürmüşdür və cavabdeh həmin məbləğdə pulu müqavilənin şərtinə uyğun olaraq Notariusun depozit hesabında mədaxil etmişdir. Müqavilənin 2-ci maddəsinə əsasən İddiaçı borcu xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər gün 150 (bir yüz əlli) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq 31,08.2024-cü il tarixinədək hər gün 200 (iki yüz) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq 7 (yeddi) ay müddətində hər ay 8000 (səkkiz min) manat, səkkizinci ay 7105 ( yeddi min bir yüz beş) manat və xx.xx.2024-cü il tarixdən başlayaraq 11 ( on bir) ay ərzində hər ay 5 000 ( beş min) ABŞ dollarının manatla məzənnəsini ödəmək şərti ilə X2 qaytarmalıdır. Bu baxımdan borclu tərəfindən bu faktın əsassız olaraq təkzib edilməsi həmin münasibətlərin mövcud olmaması anlamına gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə uyğun olaraq müqavilə yazılı formada bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı X2 hissəhissə ödənişlər icra etmiş, 2024-cü ilin noyabr ayından sonra ödənişlərin məbləği müqavilənin şərtinə uyğun olaraq artdıqdan sonra ödənişlərdən yayınmışdır. Belə olan halda borc münasibətinin olmadığını və müqavilənin etibarsız olmasını irəli sürən qeyd edən şəxs nə üçün xx.xx.2024-cü il tarixdən 2024-cü ilin noyabr ayına qədər müqavilə üzrə ödənişlər etmişdir? Qeyd olunanları nəzərə alaraq İddiaçı tərəfindən irəli sürülmüş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Nizami Rayon Məhkəməsinin 2(007)-2065/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə Bayram Məmmədov arasında başqa əqdə uyğun hüquqi nəticələr yaratmaq məqsədilə bağlanıldığından 15 mart 2024-cü il tarixli əqd əhəmiyyətsizdir. Novruz Bayramov tərəfindən bu günə qədər ona heç bir bildiriş göndərilməmişdir. Tərəflər arasındakı faktiki münasibət borc münasibəti olmamışdır. Məhkəmə tərəflər arasında olan hüquq münasibətinin borc deyil, faktiki alqı-satqı olması hissəsini araşdırmamışdır. Məhkəmə formal olaraq borc müqaviləsinin mövcudluğunu əsas götürməklə sübut edilməli halları araşdırmamışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız üçüncü şəxs B.Məmmədov məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki: İddiaçı ilə X4 arasında bağlanmış 15 mart 2024-cü il tarixli borc müqaviləsinə əsasən borcverən X4 borclu İddiaçı 55000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən (dolların manatla məzənnəsi 1 dollar= 1.70 manat) 93500 manat və 94605 manat, ümumilikdə 188105 manat məbləğində pul borc vermiş, borc alan İddiaçı isə borcu xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər gün 150 manat, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər gün 200 manat, xx.xx.2024-cü il tarixdən başlayaraq 7 ay müddətinə hər ay 8000 manat, səkkizinci ay 7105 manat və xx.xx.2024-cü il tarixdən başlayaraq 11 ay ərzində hər ay 5000 ABŞ dollarının manatla məzənnəsini ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə İddiaçı icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən məlumat ilə 2024-cü ilin noyabr, dekabr ayları üçün ödənilməmiş 27000 manat məbləğində borc 20 gün müddətinə ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağını bildirmiş və iş materiallarına əlavə edilmiş qaimədən görünür ki, həmin bildiriş iddiaçıya rəsmi qaydada xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bundan sonra X4 xx.xx.2025-ci il tarixdə notarial qaydada ərizə verərək bildirmişdir ki, 15 mart 2024-cü il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində rəsmiləşdirilmiş kredit müqaviləsi əsasında İddiaçı 188105 manat məbləğində borc pul vermiş, həmin müqavilə üzrə İddiaçı müqavilə üzrə öhdəliklərinin icra vaxtının xx.xx.2024-cü il tarixdə başa çatdığına baxmayaraq həmin pul məbləğinin bir hissəsi borclu tərəfindən ona qaytarılmamışdır. Ona görə də icra qeydinin verilməsini xahiş etmiş və Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli, 8İ-418 nömrəli icra qeydinə əsasən X1 xeyrinə İddiaçı xx.xx.2024-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 27000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 28525 manat pulun tutulması müəyyən edilmişdir. X4 xx.xx.2025-ci il tarixdə ərizə verərək İddiaçı ona 27025 manat pul ödəməli olmasını, borcun hissə-hissə ödənilməsini istəmədiyini bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə X2 hər ay borcundan 3000 manat ödəyə biləcəyini, X1 bu məbləğlə razı olmadığını, belə olan təqdirdə icra qeydindən məhkəməyə şikayət verəcəyini, onun bu qaydada ödəməyinə şərait yaradılmasını bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

8. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

9. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

10. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

13. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” Bənd 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Tətbiq edilən prosessual hüquq normaları:

14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

15. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. İddiaçının apellyasiya şikayətinin iki dəlili var, birincisi, icra qeydinin aparılması barədə bildirişin ona çatdırılmaması, ikincisi isə, tərəflər arasında borc münasibətlərinin olmaması ilə bağlıdır.

18. Kollegiya apellyasiya şikayətinin icra qeydinin aparılması barədə bildirişin iddiaçıya çatdırılmaması barədə dəlili üzrə qeyd edir ki, B.Məmmədovun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə İddiaçı icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən məlumat ilə 2024-cü ilin noyabr, dekabr ayları üçün ödənilməmiş 27000 manat məbləğində borc 20 gün müddətinə ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağını bildirmiş və iş materiallarına əlavə edilmiş qaimədən görünür ki, həmin bildiriş iddiaçıya rəsmi qaydada xx.xx.2024-cü il tarixdə göndərilmişdir.

19. Göründüyü kimi, bildirişin çatdırılmaması barədə iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır.

20. Şikayətin digər dəlili tərəflər arasında borc münasibətlərinin olmaması və müqavilənin etibarsız olması barədədir.

21. Bununla bağlı isə qeyd edilir ki, Məmmədov Bayram və İddiaçı arasında 15 mart 2024-cü il tarixdə borc müqaviləsi bağlanılmış və həmin müqavilə də hazırda qüvvədədir, iddiaçı həmin müqaviləni mübahisələndirməmişdir. Hazırkı tələb icra qeydinin ləğvi barədədir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, apellyasiya şikayətinin borc müqaviləsinin etibarsız olması və tərəflər arasında borc münasibətlərinin olmaması barədə dəlili də əsassız hesab edilir.

22. Beləliklə, apellyasiya şikayətinin dəlillərini araşdıran Kollegiya belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

23. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-2065/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar