Məhkəmə qərarları › İş №2(103)-6464/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6464/2022

28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6464/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdeh2 və Bakı Şəhəri Cavabdeh3na qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1409/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-653/2022 saylı qərarından görünür ki, İstintaq orqanı tərəfindən İddiaçı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, İddiaçı və Nigar İbrahimli 16 iyul 2020-ci il tarixdə səhər saat 05:20 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, “Cəbrayıllılar” məhəlləsi adlanan yaşayış sahəsi hesab edilən nömrəsiz evin qapısının açıq vəziyyətindən istifadə edib içəri qanunsuz daxil olaraq qonaq otağındakı masanın üzərində olan, hər birinin içərisində 2 manatlıq danışıq balansı olan 6 manat dəyərində ***-***-**-** “Azercell” nömrəsi və 10 manat dəyərində ***- ***-**-** “Bakcell” nömrəsi ilə istifadə olunan 450 manat dəyərində “Nokia” 5.1 Plus Black” markalı mobil telefonu gizli yolla talamaqla oğurluq etmişlər. Birinci insiansiya məhkəməsi tərəfindən İddiaçı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- cü maddələri ilə verilmiş ittiham üzrə əməllərində cinayət tərkibi olmadığından bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 apellyasiya protesti vermiş və apellyasiya protestini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-64/2021 saylı, 19 may 2021-ci il tarixli hökmü ilə İddiaçı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirlilikləri sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 apellyasiya protesti təmin edilməsin. İddiaçı və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- cü maddələri ilə bəraət verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 64/2021 saylı, 19 may 2021-ci il tarixli hökmü dövlət ittihamçısı Tural Qəhrəmanovun apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilərək qərarın ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində yenidən baxışa təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-653/2022 saylı qərarı ilə,kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdeh2 və Bakı Şəhəri Cavabdeh3na qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona 30.000 (otuz min) manat məbləğində maddi ziyana görə və 20.000 (iyirmi min) manat mənəvi ziyana görə cəmi 50.000 (əlli min) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 iyul 2020-ci i tarixində Cavabdeh2 müstəntiqi İlkin İmanov tərəfindən onun və X3 izahatları alınmışdır. Bundan sonra 25 iyul 2020-ci il tarixində o, şahid qismində dindirilmiş və həmin tarixdən şübhəli şəxs kimi tutulmuşdur. 27 iyul 2020-ci il tarixində ona AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçilmişdir. O və Nigar İbrahimli məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, istintaq zamanı polis əməkdaşları tərəfindən ona təzyiq olunub və onların əsassız olaraq həbsdə saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə onun və X3 barəsində bəraət hökmü çıxarılmışdır və onlar cinayət məsuliyyətindən azad edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə prokurorluğun protesti təmin edilməmişdir. Hesab edir ki, o əsassız və qanunsuz 10 ay həbsdə saxlanılmış, həmçinin həm maddi, həm mənəvi itkilərə məruz qalmışdır. Onun aylıq qazancı 2000 manat təşkil edir. Cavabdehlər orqanların səhvi nəticəsində o, ümumilikdə 20.000 manat məbləğində qazancından məhrum olunmuşdur. Bundan başqa onun səhhhətində bir çox problemlər yaranmışdır. O, hal-hazırda daimi olaraq müalicə alır və əməliyyat olunmuşdur. Onun xəstəliyi ilə bağlı 10.000 manat məbləğində vəsait xərclənmişdir. Onun həbsdə saxlanılmağım mənə mənəvi sarsıntı, iztirab və şüuruma təsir göstərməklə mənfi psixoloji reaksiyaya vermişdir. Hesab edir ki, onun pozulmuş hüquqlarının bərpa edilməsi üçün cavabdehlər tərəfindən ona 30.000 (otuz min) manat məbləğində maddi ziyana görə və 20.000 (iyirmi min) manat mənəvi ziyana görə cəmi 50.000 (əlli min) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi qanuna müvafiqdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1409/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 8000 (səkkiz min) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 57.1, 58.1, 60.1, 61.2 və 63-cü maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4, 5 və 7 maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1101-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qebul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən dövlət büdcəsindən vasaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozmaqla qərar qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

9. Maddə 68 hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

10. Maddə 56.0.2 bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

11. Maddə 57.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir.

12. Maddə 58.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

13. Maddə 60.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.

14. Maddə 61.2 bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

15. Maddə 63 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonar ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

16. Maddə 4 vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda yaranır.

17. Maddə 5 bu Qanununun 1 -ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər,vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

18. Maddə 7.2 şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərəin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2 zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

21. Maddə 23.1 fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

22. Maddə 1101 qanunsuz məhkum etmək, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin.

23. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafıq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.

25. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır.»

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 5 saylı qərarında göstərilir ki, «məhkəmələr mənəvi, fiziki yə əmlak zərərinə dair məsələləri həll edərkən aşağıdakıları nəzərə almalıdırlar: Mənəvi zərər dedikdə, şəxsin şərəf və ləyaqətinin alçaldılması, ona mənəvi sarsıntı yetirilməsi başa düşülməlidir. Fiziki zərər dedikdə, şəxsin həyatına, səhhətinə, digər bədən toxunulmazlığına vurulmuş zərər başa düşülməlidir. Əmlak zəzəri dedikdə, pul vahidi ilə ifadə olunan maddi ziyanın vurulması başa düşülməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfı təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspetlərə malikdir.

28. Avropa İnsan hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 2002-ci il tarixli qərarda Konvensiyanın 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1 - ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı Konvensiyanm 41-ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan vəməhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cti maddələrinin şərh edilməsinə dair" 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissəsində qətnaməni mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1409/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, kollegiya qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilibedilmədiyi yoxlanılmalıdır.

40. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar qanunsuz və əsassız olaraq 09 ay 19 gün ərizndə həbsdə olması ilə əlaqədar ona mənəvi ziyan dəymişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 09 ay 19 gün müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alınmaqla məhkəmə haqlı olaraq hesab edir ki, həmin məbləğ hər ay üçun təqribi 800 manat olmaqla 09 ay 19 gün üçün 8000 manat məbləğində müəyyən olunmalıdır.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının 09 ay 19 gün azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirib, bu baxımdan cavabdehdən iddiaçının xeyrinə 8000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir.

43. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1409/2022 saylı 30 iyun 2022ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar