Məhkəmə qərarları › İş №2(103)-6466/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6466/2020

13.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6466/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-3610/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən və Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən istintaq zamanı ondan qanunsuz alınmış 5.000 manat məbləğin maddi ziyan kimi ödənilməsi, cinayət məsuliyyətinə qanunsuz cəlb edilməsi və qanunsuz həbs edilməsi nəticəsində vurulmuş mənəvi ziyana görə ona 20.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 3610/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmış, İddiaçı hazırki iddia ilə cavabdehlərdən birinin hüquqi ünvanı üzrə aidiyyəti rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 3610/2020 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq, şikayətlə razılaşmayaraq rədd olunasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair dair ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını onunla əsaslandırmışdır k,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin alternativ aidiyyət qaydalarını müəyyən edən 36-cı maddəsində qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilməsi təsbit edilmişdir. Lakin iddia ərizəsindən göründüyü kimi, iddiaçı istintaq orqanının hərəkətləri nəticəsində əmək, pensiya və mənzil hüquqlarının pozulduğunu və ya hər hansı formada məhdudlaşdırıldığını, habelə əmlakdan məhrum olunduğunu iddia etmir və tələb etdiyi 5.000 manat məbləğində pul vəsaiti də bu hüquqların bərpasi ilə bağlı deyil, habelə məhrum olunduğu əmlakın dəyərini təşkil etmir. İddiaçı iddia üzrə maddi ziyan qismində tələb etdiyi 5.000 manat pul vəsaitinin ondan qanunsuz olaraq alındığını (həyat yoldaşının həmin məbləğdə pulu borc aldığını bildirir) və barəsində tətbiq edilmiş hərəkətlər nəticəsində ona mənəvi ziyanın vurulduğunu bildirir ki, bu qəbildən olan iddialara cavabdehin hüquqi ünvanı üzrə baxılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instasiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə istinad etsə də, həmin norma hazırkı iş üzrə düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 36.7-ci maddəsinə əsasən Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Göründüyü kimi iddiaçının cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi başqa yerə getməmək haqqında iltizam almaqla, fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar iddianı onun yaşayış yerinə görə də verilə bilməsi hüququ olduğundan, iddia ərizəsi ərazi aidiyyəti qaydalarının tələblərinə uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3610/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar