Məhkəmə qərarları › İş №2(103)-6469/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6469/2021

12.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6469/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 və X8 cəlb etməklə Cavabdehnə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1727/21 saylı, 29.03.2021ci il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi vəkil X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-dən iddiaçıya məxsus «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilinə vurulmuş 4050 (dörd min əlli) manat məbləğində maddi zərər, bu xərclərdən əlavə çəkdiyi xərc 600 (altı yüz) manat mənəvi zərər, cəmi 4650 (dörd min altı yüz əlli) manat, həmçinin məhkəməyə müraciət etməsi üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, 11.03.2020-ci il tarixli MAS- 1330 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsinə əsasən X15 MAS-1330 saylı «Daxili lizinq» müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil X15 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq obyektindən istifadə olunması üçün verilmiş etibarnamədə «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız Yaqubov Azər tərəfindən idarə olunmasına səlahiyyət verilmişdir. Bu səlahiyyətin başqa şəxslərə verilməsi isə qadağan edilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman X6 lizinq şirkətinin razılığı olmadan, qanunsuz olaraq avtomobili X9 istifadəsinə vermişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır (səh.8); AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Khazar LX» minik markalı ** PC *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh MMC-nin adına qeydiyyata alınmışdır (səh.8); "xxxx" MMC ilə X3 arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli, MAS-1330 saylı X12nin surətinə əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyə öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləğini 10800 manat təşkil etmişdir (səh.44); «Şirkət» qismində Cavabdeh MMC ilə «Öhdəlikləri ötürən» qismində X3 və «Öhdəlikləri qəbul edən» qismində X15 arasında bağlanmış 11.03.2020-ci il tarixli, MAS-1330 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətinə əsasən, X15 MAS-1330 saylı X12 üzrə öhdəlikləri qəbul etmişdir (səh.50); 11.03.2020-ci il tarixli təhvil-təslim aktının surətinə əsasən, «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil X15 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir (səh.52); "xxxx" MMC tərəfindən verilmiş 31.10.2020-ci il tarixli etibarnamənin surətinə əsasən, "xxxx" MMC X15 ilə aralarında bağlanmış 16.10.2019-cu il tarixli, MAS-1330 saylı "X12” əsasında lizinqə verilmiş 1 ədəd "Khazar LX” markalı, ** PC *** qeydiyyat nişanlı avtomobili 16.11.2020-ci il tarixədək X6 istifadəsinə vermişdir (səh.9); Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 31.10.2020-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, X17 31.10.2020-ci il tarixdə saat 09.00 radələrində "Khazar LX” minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə əks istiqmətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində X17 AR İXM-nın 332.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir (səh.5); Avtoservis 199 tərəfindən verilmiş servisə daxil olmuş avtomobilin təmir xərci barədə 06.11.2020-ci il tarixli arayışa əsasən, «BMW» markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın bərpa dəyəri 880 manat təşkil edir (səh.13). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1727/21 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 48, 50, 77, 88, 119, 217-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, «Khazar LX» markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil X12nə əsasən X10 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh MMC tərəfindən lizinq obyektindən istifadə olunması üçün verilmiş etibarnamədə «Khazar LX» markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız X15 tərəfindən idarə olunmasına səlahiyyət verilmişdir. Bu səlahiyyətin başqa şəxslərə verilməsi isə qadağan edilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman Yaqubov Azər Cavabdeh MMC-nin razılığı olmadan qanunsuz olaraq avtomobili X9 istifadəsinə verilmişdir. İddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni Cavabdeh MMC-yə qarşı yönəldiyindən, həmin hüquqi şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh MMC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. İddiaçı və onun nümayəndəsi vəkil X5 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(006)-1727/2021 saylı qətnaməsini ləğv edib, ünvan 1 ünvanınada yerləşən Cavabdeh MMC-dən ona məxsus «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilimə vurulmuş 4050 (dörd min əlli) manat məbləğində maddi zərər, bu xərclərdən əlavə çəkdiyim xərc 600 (altı yüz) manat mənəvi zərər, cəmi 4650 (dörd min altı yüz əlli) manat, həmçinin məhkəməyə müraciət etməsi üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-cü maddəsinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında’' Avropa Konvensiyasının 6-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı qərarının 2, 4-cü bəndinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə; Azərbaycan Respublikası Mülki Məcəllənin 8, 217, 384, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 31 oktyabr 2020-ci il tarixdə təqribən saat 09.00 radələrində o, özünə məxsus «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobil ilə Ak.H.Əliyev küçəsi istiqamətindən C.Səlimov küçəsi ilə 3 mikrorayon dairəsi istiqamətində hərəkət zaman Cavabdeh MMC-yə məxsus olan X17 tərəfindən idarə olunan «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil S.Səlimov küçəsi ilə C.Məmmədquluzadə küçəsi istiqamətində gedərkən Salamzadə küçəsinin kəsişməsində yolun əks istiqamətinə çıxmaqla manevr etmə qaydalarının pozmaqla avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində mənim idarə etdiyim «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilinin qabaq buferi, sol farası, faranın kranşteyni, sol tərəf qanadaltısı, motoıiu jalüz, qabaq şvcllcr. qoşa obilsofqa, radar, radiator, motorun aliminum qoruyucusu zərbədən sıradan çıxmışdırp. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Ümumilikdə «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı onun avtomobilinə 4050 (dörd min əlli) manat məbləğində maddi zərər dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh MMC-yə məxsusdur və cavabdeh həmin avtomobili sığorta etdirmədən X17 adlı şəxsə idarə etmək üçün vermişdir. Həmin şəxs də 31 oktyabr 2020-ci il tarixində səhər saat 09.00 radələrində cavabdehə məxsus avtomaşınla onun avtomobilini inzibati qayda pozuntusu etməklə toqquşub, əzmişdir. Həmin sürücü X17 barəsində İXM-nin 332.1, 327.1 -ci maddələri ilə Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-si tərfindən inzibati protokol tərtib olunmuşdur və sürücü inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin hadisədən sonra Cavabdeh MMC onun avtomaşınına vurulmuş zərəri ödəməkdən yayınaraq zərəri avtomaşını idarə etmiş sürücüdən tələb etməyi tövsiyyə etmişdir. Həmçinin hadisədən sonra o, bir neçə gün maşınsız qalmışdır və taksi ilə hərəkət etmişdir. Bu bir neçə gün ərzində maşınına aid detalların alınması və detalları taksi ilə alıb gətirməsi, öz işləri üçün taksi vasitəsilə hərəkət etməsinə görə də 600 (altı yüz) manat da əlavə xərci çıxıbdır. Həmin xərci də cavabdehdən ona vurulmuş mənəvi zərər kimi tələb edir. Cavabdeh MMC sahibliyində olan «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobili yol-nəqliyyat hadisəsi baş verdikdən sonra günahını dərk edərək tələmtələsik 31 oktyabr 2020-ci il axşam saatlarında qəza törətmiş avtomobili sığortalamışdır. Cavabdeh baş vermiş hadisə ilə bağlı ümumiyyətlə maraqlanmadığından və ona vurulmuş maddi və mənəvi zərəri ödəməməsi səbəbindən məcburiyyət qarşısında mübahisəni məhkəmə müstəvisinə çıxartmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X14 apellyasiya şikayətini qəbul etməyərək, hadisə baş verən zaman Yaqubov Azərin şirkətin razılığı olmadan avtomobili Vəliyev Elvinin istifadəsinə verdiyini, müqavilənin 5.2-ci maddəsinə əsasən dəymiş zərərə görə məsuliyyətin lizinq alanın daşıdığını, hadisə vaxtı Vəliyev Elvinin etibarnaməsinin olmadığını bildirmiş, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X17 avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə işlətdiyini, Yaqubov Azərin ona etibarnamə verdiyini, cavabdehin baş verən hadisədə məsuliyyətinin olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-391,560, 1096-1097; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı sübut etmə vəzifəsinə müvafiq ona aid hissədə tələblərinin əsasını təşkil edən hallara dair mümkün ola bilən təkzibedilməz sübutlar təqdim etməmiş, tələbin prosessual formasına riayət etməyərək hər bir cavabdehə qarşı yönələn tələbin mahiyyətini açıqlamamış, tələbdə göstərilmiş ziddiyyətlərə aydınlıq gətirməmiş və cavabdehin cavabdehlik daşımalı olan şəxs olması sübuta yetirilməmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Hazırki halda nəqliyyat vasitəsinin mülkiyyətçisi sahibliyi belə onun tərəfindən həyata keçirilmədiyini sübut etdiyindən onun mülki məsuliyyəti istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392- 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı və onun nümayəndəsi vəkil X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1727/21 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar