Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6470/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 nömrəli, 01 mart 2022ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rahil Alıyev tərəfindən qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizə ilə polisə müraciət edərək 2019-cu il tarixdə Aydın adlı şəxsin onu işə düzəltmək adı ilə aldadaraq 75000 manat pulunu ələ keçirməsini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tanışı Cavabdeh1 ilk dəfə 11 dekabr 2018-ci il tarixdə, saat təxminən 19 radələrində Xırdalan şəhərində yerləşən çörək zavodunun yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısında avtomobilində yaxın tanışı Cavabdeh2 iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri vəzifəsinə təyin olunmasında köməklik edilməsi məqsədi ilə 50000 manat, ikinci dəfə 16 dekabr 2018-ci il tarixdə saat təxminən 16 radələrində Xırdalan şəhərində “Vazın dairəsi” adlanan yerin yaxınlığında yerləşən “Neapol” restoranının yanında Aydına Elşənin yanında 25000 manat pulu həmin işi görməsi üçün vermişdir. Hikmət ümumiyyətlə Cavabdeh1 Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsi üçün 75000 manat pul vermişdir. Cavabdeh2 və Cavabdeh1 izahatlarında həmin məbləğdə pulu Aydının aldığını, lakin Aydının həmin pulu X2 verdiyini, hətta pulu verdikdən sonra Ziyafətdinlə Hikmətin telefon əlaqəsi saxlayaraq pulu Ziyafətdinin təhvil aldığını təsdiq etmişlər. İddiaçı Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri vəzifəsinə təyin olunmasında köməklik etməsi məqsədi ilə verdiyi 75000 manat pulu Ziyafətdin Cəlilov götürdüyündən, əməli törətmiş şəxs, yəni Ziyafətdin Cəlilov sonradan vəfat etdiyi üçün cinayət işi başlanması rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 75000 manat məbləğində pulun, habelə, mənəvi zərərin əvəzi kimi 2000 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş pul vəsaitinin əvəzi kimi isə 321 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehlərdən əsas borcun əvəzi kimi 50000 manat pulun tutulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ididaçı 1995-ci ildən Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Son işi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci tağı komandiri vəzifəsi olmuş, 2021-ci ilin fevral ayında son yaş həddi ilə təqaüdə çıxmışdır. 2018-ci ilin yay aylarında cavabdehlər Cəlilabad rayonunun Göytəpə qəsəbəsi ərazisində yerləşən 726 saylı posta gəlib iddiaçı ilə görüşmüşlər. Həmin vaxt Cavabdeh2 Cavabdeh1 bibisioğlu kimi təqdim etmişdir. Bir neçə ay keçdikdən sonra Elşən iddiaçıya zəng vuraraq onunla görüşmək istəsiyini, ona şad xəbərinin olduğunu demişdir. Səhəri gün Xırdalan şəhərində yerləşən “Amazonka” adlı kafedə iddiaçı ilə cavabdehlər görüşmüş, Cavabdeh1 yüksək vəzifəli tanışının olmasını, Bakı şəhərində “Port Baku” adlanan yerdə işləyən bir xanımın vasitəsi ilə iddiaçını alay komandiri vəzifəsinə düzəldə biləcəklərini bildirmişdir. Təxminən 2 gün sonra iddiaçı cavabdehlərlə Xırdalan şəhərində görüşüb şəxsi məlumatlarından ibarət CV-ni onlara təqdim etmişdir. 2 gün sonra cavabdehlər iddiaçıya zəng vuraraq sözügedən vəzifəli şəxsin onun CV-sini bəyəndiyini bildirib görüşmək təklif etmişlər. Səhəri gün iddiaçı cavabdehlərlə Xırdalan şəhərində görüşmüş, cavabdehlər iddiaçıya yeni işə keçməsi ilə əlaqədar 200000 manat pul lazım olduğunu bildirmişlər. Aralarında razılığa əsasən, iddiaçı ilkin olaraq 50000 manat, bir neçə gündən sonra 25000 manat, yeni işlə bağlı əmri verildikdən sonra isə qalan 125000 manat pulu verməyi öhdəsinə götürmüşdür. 11 dekabr 2018-ci il tarixdə saat 19 radələrində Xırdalan şəhərində çörək zavodunun yaxınlığından olan avtoyuma məntəqəsinin qarşısında iddiaçı cavabdehlərlə görüşmüş, öz avtomobilində 50000 manat pulu sayaraq cavabdehlərə təqdim etmişdir. Bir neçə gün sonra iddiaçı “Toyota Lanc-Cruiser 200” markalı avtomobilini satmış, 16 dekabr 2018-ci il tarixdə saat 16 radələrində Xırdalan şəhərində “Neapol” restoranının yanında cavabdehlərlə görüşərək 25000 manat pulu onlara vermişdir. Həmin vaxt cavabdehlər həmin ilin dekabr ayının sonunadək iddiaçıya yeni işi ilə bağlı əmrin veriləcəyini demişlər. Deyilən vaxtda əmrin verilmədiyini görən iddiaçı cavabdehlərlə əlaqə saxlamış, cavabdehlər ona narahat olmamasını, əmrin 2019-cu ilin yanvar ayının 15-nə kimi veriləcəyini demişlər. Sonradan bu vaxt cavabdehlərin deməsinə görə yanvar ayının sonunadək uzanmışdır. Lakin, müvafiq əmr verilmədiyindən iddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlamış, cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə tezliklə əmrin veriləcəyini demişlər. İddiaçı işin həll olunmadığını müəyyən etdikdə cavabdehlərdən pulunu tələb etmiş, cavabdehlər ona narahat olmamasını, pulun onlarda olduğunu, bir-iki günə qaytaracaqlarını bildirsələr də, pulu qaytarmamışdırlar. İddiaçı 21 avqust 2021-ci il tarixdə bununla bağlı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, 10 sentyabr 2021-ci il tarixdə istintaq şöbəsi tərəfindən “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, tərəflər arasındakı mübahisənin mülki qaydada həll edilməli olduğu göstərilmişdir. İddiaçı tərəfindən cavabdehlərə 75000 manat pulun verilməsi ilə bağlı SMS və “Whatsapp” tətbiqi vasitəsi ilə yazışmalar mövcuddur. Həmçinin, 50000 manatın verilməsi ilə bağlı videogörüntü də mövcuddur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda da cavabdehlər iddiaçıdan 75000 manat pulu aldıqlarını etiraf etmişlər. Eyni zamanda, cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirab, sarsıntı keçirmişdir. Dəfələrlə cavabdehlərin ünvanına gedib-gəlmiş, əsəb, stress keçirmişdir. Buna görə də, iddiaçı cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat pul tələb edir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 200 manat tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən dəlillərini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına şikayət edilmiş, bununla əlaqədar olaraq Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarda şəxslərin işlə bağlı izahatları alınmış, izahatları alınarkən, cavabdeh, hazırki iş üzrə hüquqlarını müdafiə etdiyim Cavabdeh1 yazdığı izahatda pulun alınmasını qəbul etmiş, bununla bağlı etiraf edici sözlər yazmışdır. Halbuki, məhkəmə həmin qərarda yazılanları təhrif etmiş, həqiqi yazılan məlumatları qeyd etməmiş, olmayan sözləri, yazılan kimi göstərmiş, deyilməyən yazılmayan sözləri dəyişdirərək, iddiaçının xeyrinə təfsir edərək qeyd etmişdir. Həmçinin məhkəmə 10 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda göstərilənləri, diqqətlə nəzərdən keçirməmiş, qərarda iş üzrə adları keçən şəxslərin izahatları aydın şəkildə olsa da, bu hallara düzgün qiymət verməyərək, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, İddiaçı polis idarəsində yazdığı izahatında (qərarın 2-ci səhifəsində) göstərmişdir ki, pulu verdiyi Ziyafətdin adlı şəxslə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kafedə görüşmüşdür. Həmin kafedə görüş zamanı, Ziyafətdin əldə etdiyi pulun əksik olduğunu, yəni ilkin olaraq ödənilməli olan 100000 (yüz min) manatın, 75 min manatının verildiyini, 25000 (iyirmi beş) min manatının verilmədiyini bildirmiş, buna görə bu pulun 20000 (iyirmi min) manatını özü düzəldəcəyini, 5000 (beş) min manatını isə Aydının verəcəyini deməsini İddiaçı izahatında etiraf edərək göstərmişdir. Məhkəmə İddiaçı tərəfindən pulun Ziyafətdinə verildiyi və bu barədə Keşlə qəsəbəsində olan kafedə onlar arasında danışıqlar aparıldığını qətnamədə qeyd etməmişdir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 01 mart 2022-ci il tarixli qətnaməsi ilə, hazırki mübahisəyə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma müddəası tətbiq edərək, cavabdehin hüquqi əsas olmadan, iddiaçının əmlakını mənimsədiyi qeyd edərək, əsas kimi şəxsin izahatındakı ifadələri əsas götürmüşdür. Ancaq hal-hazırda qeyd etdiyimiz hallarla birbaşa olaraq, cavabdehin izahatında məhkəmənin qeyd etdiyi hal yer almamış, iddiaçının özü digər şəxsə pulu verdiyini öz izahatı ilə təsdiq etsədə, məhkəmə bu halları qətnamədə qeyd etməmişdir. Həmçinin iddiaçı Abşeron Rayon Polis İdarəsində, eyni zamanda Binəqədi Rayon Məhkəməsinə irəli sürdüyü iddia ərizəsində pul məsələsi ilə bağlı qeyd edir ki, 2018-ci il tarixinin 11 və 16 dekabr aylarında Ziyafətdin adlı şəxslə pul məsələsi olmuş, sonradan o öldüyü üçün, iddia ilə məhkəməyə müraçiət etmişdir. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin müddəalarına əsasən, polis orqanına və məhkəməyə göndərdiyi iddia ərizəsində qeyd etdiyi kimi, 2019-cu ilin mart ayında artıq pul verdiyi Ziyafətdin adlı şəxsin öldüyünü bilib, artıq işinin alınmadığını anladıqdan sonra, bununla bağlı 2021-ci il tarixinin mart ayına kimi məhkəmədə əssasız varlanma ilə bağlı iddia qaldırmağa borclu olsa da, bunu etməmiş, iddia müddətini ötürdükdən, yəni iki il müddətini keçirdikdən sonra 21 avqust 2021-ci il tarixdə polis orqanına, 06 dekabr 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da, qanunveriçiliklə müəyyən olunmuş qaydada iddia müddətini ötürmüşdür. Ancaq məhkəmə, cavabdehə münasibətdə izahatı təhrif etmiş, iddiaçının cavabdehə pul verdiyini, iddiaçının sözünə əsasən müəyyən etmiş, həmçinin iddia müddəti tətbiq etməli olaraq, iddianı rədd etməli olduğu halda iddianı rədd etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehin vəkili Vəkil3 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq apellyasiya baxışını onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə Kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
13. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən müahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materiallarında olan Cavabdeh2 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, iddiaçı 75000 manat məbləğində pul vəsaitini onun iştirakı ilə Cavabdeh1 vermiş, cavabdeh bu məbləği qaytaracağına söz vermişdir.
26. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rahil Alıyev tərəfindən qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizə ilə polisə müraciət edərək 2019-cu il tarixdə Aydın axlı şəxsin onu işə düzəltmək adı ilə aldadaraq 75000 manat pulunu ələ keçirməsini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tanışı Cavabdeh1 ilk dəfə 11 dekabr 2018-ci il tarixdə, saat təxminən 19 radələrində Xırdalan şəhərində yerləşən çörək zavodunun yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısında avtomobilində yaxın tanışı Cavabdeh2 iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri vəzifəsinə təyin olunmasında köməklik edilməsi məqsədi ilə 50000 manat, ikinci dəfə 16 dekabr 2018-ci il tarixdə saat təxminən 16 radələrində Xırdalan şəhərində “Vazın dairəsi” adlanan yerin yaxınlığında yerləşən “Neapol” restoranının yanında Aydına Elşənin yanında 25000 manat pulu həmin işi görməsi üçün vermişdir. Hikmət ümumiyyətlə Cavabdeh1 Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsi üçün 75000 manat pul vermişdir. Cavabdeh2 və Cavabdeh1 izahatlarında həmin məbləğdə pulu Aydının aldığını, lakin Aydının həmin pulu X2 verdiyini, hətta pulu verdikdən sonra Ziyafətdinlə Hikmərin telefon əlaqəsi saxlayaraq pulu Ziyafətdinin təhvil aldığını təsdiq etmişlər. İddiaçı Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri vəzifəsinə təyin olunmasında köməklik etməsi məqsədi ilə verdiyi 75000 manat pulu Ziyafətdin Cəlilov götürdüyündən, əməli törətmiş şəxs, yəni Ziyafətdin Cəlilov sonradan vəfat etdiyi üçün cinayət işi başlanması rədd edilmişdir.
27. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 qeyd olunan məzmunda izahat vermişdir: “ O, İddiaçı 10 ildir ki tanıyır. 2018-ci ilin yay aylarında bibisioğlu Cavabdeh1 ilə Cəlilabad rayonunun Göytəpə qəsəbəsi ərazisində olan 726 saylı DYP postundan keçərkən həmin postun komandiri olan Hikmətlə görüşmüşlər, bu əsnada Hikmətin Aydını tanımışdır. Həmin ilin noyabr ayında Aydın ona zəng vuraraq Ziyafətdin adlı geniş əlaqələri olan tanışının olduğunu, həmin şəxsin bu yaxınlarda təqaüdə göndəriləcək Baş Dövlət Yol Polisi İdarəsinin alay komandirinin yerinə yeni birinin düzəldilməsində kömək edə biləcəyini demiş və bu barədə Hikmətə təklif etməyi bildirmişdir. O, Hikmətə bu təklifi etdikdə Hikmət onunla görüşmək istəmiş, beləliklə bir neçə saat sonra o, Aydınla birlikdə Xırdalan şəhərində Hikmətlə görüşmüşlər. Məsələ barəsində Aydın Hikmətə məlumat vermiş, sonradan eşitdiyinə görə Aydın Hikmətlə birlikdə Ziyafətdin adlı şəxslə kafedə görüşüb iş barəsində söhbət etmişlər. 11 dekabr 2018-ci il tarixdə saat 19 radələrində o, Hikmətlə Xırdalan şəhərində çörək zavodunun yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısında görüşmüş, Hikmətin avtomobilinin sağ-arxa oturacağında əyləşmişdir. Bir qədər keçdikdən sonra Aydın da ora gəlmiş, avtomobilin qabaq-sağ oturacağında əyləşmişdir. Bir qədər söhbət etdikdən sonra Hikmət ilkin olaraq 50000 manat pulu sayaraq Aydına vermiş, qalan 25000 manat pulu isə bir neçə günə düzəldib verəcəyini demişdir. 16 dekabr 2018-ci il tarixdə saat 16 radələrində o, Hikmət və Aydınla Xırdalan şəhərində “Neapol” restoranının yanında görüşmüşlər. Həmin yerdə yolun kənarında Hikmət 25000 manat pulu sayaraq Aydına onun yanında vermişdir. Sonradan Ziyafətdin vəfat etdiyindən Hikmət Aydına verdiyi pulu tələb etməyə başlamışdır. Hikmət Aydına pulu alay komandiri vəzifəsinə təyin olunmasınd aköməklik edilməsi üçün vermişdir. Həmin pulu Aydın Ziyafətdinə çatdırmışdır. X6 gördüyü işdən çox da məlumatı olmamışdır, Ziyafətdin adlı şəxsi tanımır.”
28. Araşdırma zamanı Cavabdeh1 qeyd olunan məzmunda izahat vermişdir: “ O, Hikməti təxminən 3 ildir ki tanıyır. 2018-ci ilin yay aylarında dayısıoğlu Cavabdeh2lə birlikdə Lənkəran şəhərinə gedərkən Hikmətlə görüşmüşlər, beləliklə tanışlıqları yaranmışdır. 2018-ci ilin noyabr ayında tanışı Ziyafətdin onunla görüşərək yaxın vaxtlarda Baş Dövlət Yol Polisi İdarəsinin rəhbər heyətinin təqaüdə göndəriləcəyini, hər hansı yaxın tanışının olub-olmamasını, həmin şəxsin alay komandiri vəzifəsinə təyin etdirilməsinə köməklik edə biləcəyini demişdir. O da Elşənə zəng vuraraq məsələ barəsində Hikmətə bildirməsini demişdir. Sonradan onlar Hikmətlə görüşmüşlər, o, Hikmətə Ziyafətdinlə görüşmək lazım olduğunu bildirmişdir. Bir neçə gün sonra o, Hikmətlə birlikdə Ziyafətdinlə görüşmüşlər. Söhbət əsnasında Ziyafətdin eyni təklifi Hikmətə etmiş, bu iş üçün ilkin olaraq 200000 manat verməli olduğunu demişdir. 11 dekabr 2018-ci il tarixdə o, Elşənlə birlikdə Hikmətlə görüşmüş, o, Hikmətin avtomobilinin sağ-qabaq oturacağında, Elşən isə sağ-arxa oturacağında əyləşmişdir. Bir qədər söhbət etdikdən sonra Hikmət 50000 manat pulu sayaraq Elşənin yanında ona vermiş, o da həmin pulu Ziyafətdinə çatdırmışdır. 16 dekabr 2018-ci il tarixdə o, Elşənlə birlikdə Hikmətlə görüşmüş, Hikmət daha 25000 manat pulu sayaraq Elşənin yanında ona vermiş, o da həmin pulu Ziyafətdinə çatdırmışdır.
29. Kollegiya qeyd edir ki, iş materialları ilə İddiaçı ümumilikdə 75000 manat pulu Cavabdeh1 verdiyi, həmin pulun verilməsində Cavabdeh2 da Cavabdeh1lə birlikdə iştirakı sübut olunur. Baxmayaraq ki, cavabdehin nümayəndəsi məhkəmə iclasındakı izahatında pulun alınıb-verilməsində Cavabdeh1 iştirak etmədiyini göstərmişdir. Pulun Cavabdeh1 tərəfindən Ziyafətdin adlı şəxsə verilməsinə dair isə heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
30. Digər tərəfdən, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı 2018-ci ilin yay aylarından Cavabdeh2 vasitəsi ilə tanımışdır. Cavabdeh2 istintaqa verdiyi izahatında Hikmətlə Aydının gördükləri işdən çox da məlumatının olmamasını qeyd etsə də, həm 50000 manatın, həm də bundan bir müddət sonra 25000 manatın İddiaçı alınmasında şəxsən iştirak etmişdir.
31. Bu fakta görə məhkəmə kollegiyası Əliyevin İddiaçı şəxsən pul almasına dair sübut mövcud olmasa da, pulun alınmasında özünün istintaq şöbəsindəki izahatına görə hadisələrdən çox xəbərdar olmadığı halda iki dəfə iştirakı onun da həmin pul məbləğində maraqlı olduğu ifadə edir.
32. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, 2018-ci ilin yay aylarında Cavabdeh2 Cavabdeh1lə İddiaçı tanış etmiş, sonradan Aydının yeni işlə bağlı təklifini Hikmətə çatdırmış və güyə hadisələrdən ətraflı xəbərdar olmadığı halda 2 dəfə ayrı-ayrı vaxtlarda Hikmətin Aydına məhz bu işlə bağlı pulun verilməsi prosesində iştirak etmişdir. Ziyafət adlı şəxsin ölümü ilə əlaqədar kifayət qədər istintaq araşdırması aparıla bilmədiyindən cinayət işinə xitam verildiyindən Cavabdeh2 pulun alınması prosesində hansı əsasla Cavabdeh1lə birlikdə olması araşdırılmamışdır, hazırki məhkəmə iclasında da Cavabdeh2 bu proseslərdə heç bir marağı olmadan iştirak etməsi ilə bağlı sübut təqdim edilməmişdir.
33. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, iddiaçı tərəfindən ümumilikdə 75000 manat məbləğində pul vəsaiti bilavasitə məhz hər iki cavabdehə təqdim edilmişdir.
34. Daha öncə də qeyd edildiyi kimi, Ziyafət adlı şəxsin ölməsi nəticəsində istintaq orqanı tərəfindən əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, həmin şəxsin izahatı alına bilmədiyindən, beləliklə, pulun cavabdehlər tərəfindən Ziyafət adlı şəxsə təqdim edilməsinə dair heç bir sübut mövcud olmadığından məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia 50000 manat pulun tutulması hissəsində təmin edilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 nömrəli, 01 mart 2022ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.