Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6472/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Sabahattin Kandala qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Sabahattin Kandala qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-299/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı tənəffüsün çətinləşməsi, burunun estetik deformasiyası şikayətləri ilə "xxxx" MMC-yə daxil olmuş, xx.xx.2021-ci il tarixdə klinikaya qəbul edilmiş və ona burunun estetik deformasiyası klinik diaqnozu təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə ümumi anesteziyanın tətbiqi ilə “Rinoplastika” əməliyyatı icra olunmuşdur. xx.xx.2021-ci il tarixdə xəstə klinikadan ayrılmışdır.
2. "xxxx" MMC-nin qəbul bölməsinin əməkdaşı tərəfindən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə iddiaçıya göndərilən audio yazıdan müəyyən olunur ki, İddiaçı tərəfindən rinoplastika əməliyyatı üçün 3200 manat məbləğində pul ödənilmişdir.
3. İddiaçı ilə X8 arasında olan danışıqların qeydə alınmasına dair audio yazıdan görünür ki, o, İddiaçı tərəfindən əməliyyat üçün klinikaya ödənilmiş 3.200 manat məbləğində pulun 1.240 manatının ona çatdığını, qalan hissəsinin isə xəstəxana xərcləri üçün istifadə olunduğunu və özünə çatan 1.240 manat məbləği İddiaçı qaytara biləcəyini bildirir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" MMC qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən indiyədək ona təqdim olunmamış əməliyyatın icrası üçün ödəməni təsdiq edən qəbzin və epikrizin məhkəməyə təqdim olunması, xəstəxanaya ödənilmiş 3.200 manat məbləğində pulun və 5.000 manat məbləğində dəymiş mənəvi ziyanın, ümumilikdə 8.200 manat məbləğində pulun, eləcə də 102 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə İstanbul NS Klinikasında, həmin klinikanın həkimi Sabahattin Kandal tərəfindən icra olunmaqla rinoplastika əməliyyatı olmuşdur. Həmin əməliyyatın icrası üçün həkimin köməkçisi Samirə adlı şəxsə 3.200 manat məbləğində pul ödənişi etmişdir. Əməliyyat olunmağına səbəb burnunun xarici görünüşünü bəyənməməyi olmuşdur. Əməliyyatdan əvvəl X8 tərəfindən burnunun əməliyyatdan sonra necə görünməsi barədə şəkil-maket hazırlanmış və həkim tərəfindən burnunun hər iki profildən, eləcə də ön hissədən düzgün görsənəcəyi və bu əməliyyatın burnundan nəfəs almasında heç bir çətinlik yaratmayacağı ona bildirilmişdir və o, bu qeyd olunanlarla razılaşıb əməliyyata razılıq vermişdir. Əməliyyat olunduqdan dərhal sonra burnunun sol hissəsində ağrılar hiss etməyə başlamış və həmin hissədən nəfəs ala bilməmişdir. Bunun səbəbini həkimdən soruşduqda, həkim ona burnunun gipsdə olması ilə əlaqəli olduğunu bildirmişdir. Əməliyyatdan 10 gün sonra burnunda olan gips açıldıqda burnundan nəfəs almaqda çətinlik çəkmiş, burnunun sol hissəsində iynə batırmış kimi ağrının davam etdiyini və əlavə olaraq burnunun sağ-sol nahiyyələri, deşikləri arasında fərq olduğunu müşahidə etmişdir. Gips açılan zaman həkim ölkə xaricində olduğu üçün o, öz narahatlığını həkimin köməkçisi Samirə adlı şəxsə demiş və Samirə adlı şəxs ona burnunu 3 ay masaj etməli olduğunu, həkimin 3 ay sonra gələcəyini və həmin vaxt müayinəyə gələ biləcəyini demişdir. O, 3 ay müddətində ona göstərilən masajları etmiş lakin, qeyd etdiyi problemlər aradan qalxmamışdır. 2022-ci ilin mart ayında yenidən həkimin müayinəsində olmuşdur. Həkim qeyd olunan problemlərin 1 il sonra, burnundakı şişkinlik aradan qalxdıqdan sonra düzələcəyini bildirmişdir. Bir illik müddət ərzində isə burnundakı problemlər daha da artmağa başlamışdır. Əvvəllər burnunda şişkinlik olduğu üçün burnunun sağ və sol nahiyyələrində olan fərqin nə olduğunu qavraya bilməmişdir. Bir illik müddətin sonlarına yaxın burnundakı şişkinlik azaldıqca əməliyyatdan sonra nəfəs almasında yaranmış problemin aradan qalxmadığını, burnunun orta hissəsinin sola, uc hissəsinin sağa əyildiyini, yuxarı hissədə isə şişkinlik yarandığını müşahidə etmişdir. Digər bir lor həkiminin müayinəsində olmuş və burun çəpərinin sol hissəsinin deşildiyini öyrənmişdir. Baş verənlər onda çox böyük psixoloji sarsıntı yaratmış və çox pis psixoloji vəziyyətdə bu ilin mart ayında, yəni həkimin dediyi kimi 1 il sonra müayinədə olmuşdur. Həkim qeydolunan problemlərlə razılaşaraq yenidən əməliyyat edilməli olduğunu və bunun üçün xidmət haqqı almayacağını lakin, xəstəxana xərclərini ödəməli olduğunu bildirmişdir. Həmin vaxt otaqda anası X2 və həkimin köməkçisi Samirə adlı şəxs də olmuşdur. O, həkim öz səhvini qəbul etdiyi halda həkimin səhvinə görə ikinci dəfə sağlamlığını təhlükə altında qoyaraq narkoz qəbul edəcəyini və bunun qarşılığında xəstəxana xərclərini ödəməməli olduğunu bildirmiş, lakin həkim razılaşmamışdır. X3rşı inamı olmadığından yenidən onun tərəfindən əməliyyat olmağı rədd etmişdir. Həmin vaxt həkim öz ödəniş cədvəlinə baxaraq ödəmiş olduğu 3.200 manat məbləğində puldan həkimə çatmış 1.240 manat pul məbləğini ona qaytara biləcəyini, qalan hissəsini isə məhkəmə yolu ilə ala biləcəyini bildirmişdir. Həmin vaxt həkimin köməkçisi Samirə adlı şəxs ona xəstəxananın hüquqşünası ilə görüşə biləcəyini demişdir. O isə bununla razılaşmış, 1 gün sonra həmin xəstəxananın hüquqşünası Nümayəndə1 ilə görüşmüşdür. Görüş zamanı orada X8 və həkimin köməkçisi Samirə adlı şəxs də olmuşdur. Nümayəndə1 həkimin burnunda yaratdığı nöqsanları qəbul etdiyini və ödənişi qaytara biləcəyini demişdir. Həmin vaxt Nümayəndə1 həkimə qarşı səsini qaldıraraq xəbəri olmadan pasiyent qarşısında ödənişi qaytara biləcəyini dediyinə görə irad bildirmişdir. Həkim isə “halallıq” olsun deyə pulu qaytarmaq istədiyini demişdir. Lakin hüquqşünas tərəfindən ona ödənişinin qaytarılmasına icazə verilməmişdir. Həmin vaxt Nümayəndə1 məhkəməyə müraciət etməsi ilə əlaqədar olaraq ödənişi təsdiq edən qəbzi və əməliyyatdan sonra dəfələrlə istəməyinə baxmayaraq ona təqdim olunmamış epikrizi istəmişdir. Lakin həmin şəxs sənədləri verməyəcəyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, o, burnunu əməliyyat etdirmək üçün aylarla həmin məbləği toplamış və böyük ümidlərlə əməliyyat olmuşdur. Təəssüflər olsun ki, burnu istədiyi formada alınmamış, bundan əlavə, əvvəllər burnunda olmayan qüsurlar meydana gəlmiş, nəfəs almasında çətinlik yaranmış, burnunun orta hissəsi sola, uc hissəsi sağa əyilmiş yuxarı hissəsində şişkinlik yaranmış, burun çəpəri deşilmişdir. Bu hal həm maddi həm də mənəvi baxımdan ona ziyan vurmuşdur. Burun əməliyyatından sonra burnunda yaranmış problemlərə görə psixoloji sarsıntılar keçirmişdir. Həkimin səhvinə görə burnunda yaranmış problemlərlə yanaşı xəstəxana tərəfindən ona qarşı olan hərəkətsizlik də bunu daha da artırmışdır. İddiaçı məhkəməyə müraciət etmək üçün qəbz və epikrizi əldə etməklə bağlı klinikaya, eləcə də Səhiyyə Nazirliyinə yazılı müraciət etsə də, həmin sənədlər ona təqdim olunmamaqla məhkəməyə müraciət etməyi bu vaxta qədər gecikdirilmişdir. Burnunda yaranmış qüsurların aradan qaldırması üçün təkrar əməliyyat olunmalıdır və konsultasiyasında olduğu həkimlər təkrar rinoplastika əməliyyatı olduğu üçün 6.000 manatdan yuxarı məbləğlər təklif etmişlər. Bundan əlavə, yenidən əməliyyat olunmaqla, sağlamlığını təkrarən təhlükə altında qoyaraq narkoz qəbul etməli və burnunda yaranmış qüsurun aradan qaldırılması üçün qabırğasından qığırdaq götürülməlidir.
6. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Sabahattin Kandalın da cavabdeh qismində işə cəlb edilməsini, cavabdehlər tərəfindən ona vurulmuş 3.200 manat məbləğində maddi ziyanın, 5.000 manat məbləğində mənəvi ziyanın, ümumilikdə 8.200 manat məblləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini və cavabdehlərin hərəkətləri nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün çəkiləcək xərclərin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia ərizəsinə qarşı etiraz (mülahizə) təqdim edərək qeyd etmişdir ki, iddiaçı 2021-ci ilin dekabr ayında klinikaya müraciət edərək, burnunun xarici görünüşündə əyrilik, yüksək burun beli, burnun ucunda sallanma, nəfəs darlığı şikayəti olduğunu bildirmişdir. Həkim plastik cərrah Sabahattin Kandal iddiaçını müayinə edərək, burnu ilə bağlı olaraq bildirmiş olduğu qüsurları nəzərdən keçirərək cərrahi əməliyyat vasitəsi ilə qüsurların aradan qaldırılmasının mümkünlüyünü bildirmişdir. İddiaçı burnundakı qüsurlarla bağlı cərrahi əməliyyat olunmasını X8dan xahiş etmişdir. Sözügedən cərrahi əməliyyat xx.xx.2121-ci il tarixə təyin edilmişdir. İddiaçının burnunda septorinoplastika cərrahi əməliyyatı aparılmış və uğurla nəticələnmişdir. Xəstə xx.xx.2021-ci il tarixdə evə göndərilmişdir. İddiaçıya 2022ci ilin yanvar ayının sonuna doğru müayinə üçün klinikaya gəlməsi bildirilmiş, lakin o, Bakı şəhərində olmadığı üçün gələ bilməyəcəyini demişdir. İddiaçı 2022-ci il mart ayında klinikaya gəlmiş və müayinə zamanı sağ nostril çəkintisi-burun, sol üst tərəfində şişkinlik xaricində burun içində qabıqlanma mövcud olduğunu və bu hallarda əyri burunların sağalmasında qığırdaq yaddaşı meyilli ola biləcəyi xəstə və xəstə yaxınına ətraflı izah edilmişdir. Bununla yanaşı iddiaçıya burun ucunun və burun belinin şiddətli və istiqamətli masaj edilməsi video vasitəsi ilə təsvir edilmişdir. Burun cərrahi əməliyyatları başa çatdıqdan sonra onun səthinin hamar, düz və istənilən şəkildə olması üçün gips vasitəsi ilə sabitlənir. Belə ki, burunda çəpər əyriliyi əməliyyatları zamanı qığırdaqlar kiçik parçalar şəklinə gətirilib əyri olan hissənin düz olması baxımından burun içindən onun daxili səthinə uyğun selikon borular, bayır səthinə isə gips yerləşdirilir. Sözügedən burun nayihəsi hər hansı bilərəkdən, ehtiyyatsızlıqdan və ya yuxuda olan zaman xəstənin özündən asılı olmayaraq hərəkəti zamanı gipsin konstruktiv olaraq yerdəyişməsi olur ki, bunun nəticəsində burunda əyilmələr baş verir. X8 xəstənin istəyinə uyğun müalicə və masaj protokolunu ətraflı izah etmiş və 2 ay sonraya müayinəyə gəlməsini bildirmişdir. Növbəti müayinədə xəstənin burnundakı şişkinliyin azaldığı və düzəldiyi müşahidə edilmişdir. İddiaçının burun nahiyəsində aparılan cərrahi əməliyyat onun öncəki vəziyyəti ilə müqayisədə kifayət qədər uğurlu olmuşdur. Məhz bu səbəbdən iddiaçının iddiasının əsası olmadığı qənaətindədir.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4635/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2023-cü il tarixli, KEŞ-663 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. “İstanbul NS” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarxdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra onu “Burnun estetik deformasiyası” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən həmin tarixdə xəstənin üzərində “rinoplastika” cərrahi əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2021-ci ik tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. 2-6. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onun burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Perforasiya travmatik, infeksion mənşəli və cərrahiyə əməliyyatının texniki icrası zamanı yarana bilər. Bununla əlaqədar təkrar cərrahiyə əməliyyatı edilə bilər. 7. Cərrahiyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 299/2024 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2024-cü il tarixli, KEŞ-109 nömrəliekspert rəyininin nəticə hissəsində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı mütəxəssis müayinəsi zamanı onda burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Qeyd olunan patalogiya müxtəlif səbəblərdən, o cümlədən travma, infeksion mənşəli və cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı yarana bilər.
12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 299/2024 nömrəli qərardadı ilə iş üzrə X4 həkimi t.e.n., otolarinqoloq Nizami Mehdizadə mütəxəssis qismində cəlb edilməklə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2024-cü il tarixli, KEŞ-635 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı mütəxəssis müayinəsi zamanı onda burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Qeyd olunan patalogiya müxtəlif səbəblərdən (travma, infeksion mənşəli və cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı və s.) inkişaf edə bilər. Lakin, hazırki işdə septumda perforasiyanın məhz hansı səbəbdən baş verməsi barədə konkret fikir söylənilməsi mümkün olmadı. Bununla əlaqədar təkrar cərrahiyyə əməliyyatının aparılmasına mütləq tibbi göstəriş yoxdur. Lakin, İddiaçı istəyi ilə belə bir əməliyyat aparıla bilər. 3. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
14. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 299/2024 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın qismən təmin edilməsi, maddi ziyana görə 3.200 manat və mənəvi ziyana görə 1.000 manat və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4.250 manat pulun cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə keçirilmiş tibbi ekspertizaların rəyləri ilə iddiaçının burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Həmçinin həmin rəylərdə göstərilmişdir ki, perforasiya travmatik, infeksion mənşəli və cərrahiyə əməliyyatının texniki icrası zamanı yarana bilər. İş materiallarında olan epikrizdən görünür ki, xəstə əməliyyata qəbul edilmədən öncə ona burunun estetik deformasiyası klinik diaqnozu təyin edilmişdir. Yəni, cərrahiyyə əməliyyatı icra edilənədək iddiaçının burun nahiyəsində septumda perforasiya olmamışdır. Bu halların mövcudluğunda cavabdeh "xxxx" MMC iddiaçının burun nahiyəsində icra edilən cərrahiyyə əməliyyatının texniki icrasının qüsursuz həyata keçirilməsini və iddiaçının hazırda burun nahiyəsində olan septumda perforasiyanın keçirilmiş cərrahiyyə əməliyatının texniki icrası nəticəsində yaranmamasını sübuta yetirmə öhdəliyini daşısa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qanunvericilik tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı iddialarda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoymuşdur.
16. Məhkəmə qeyd etmişdir ki, digər tərəfdən, iş materiallarına əlavə edilmiş iddiaçı ilə X8 arasında olan danışıqların qeydə alınmasına dair audio yazıdan görünür ki, o, İddiaçı tərəfindən əməliyyat üçün klinikaya ödənilmiş 3.200 manat məbləğində pulun 1240 manatının ona çatdığını, qalan hissəsinin isə xəstəxana xərcləri üçün istifadə olunduğunu və özünə çatan 1.240 manat məbləği İddiaçı qaytara biləcəyini bildirir. Bu halın mövcudluğu, yəni həkim tərəfindən əməliyyata görə ödənilmiş vəsaitin ona çatan hissəsini geri qaytarmasını iddiaçıya təklif etməsi də tibb müəssisəsi tərəfindən əməliyyatın icrasının qüsurlu həyata keçirildiyi qənaətinə gəlməyə əsas verir. Çünki uğurla həyata keçirilən əməliyyata görə ödənilən vəsaitin geri qaytarılmasını məhkəmə ağlabatan hesab etmir.
17. Qeyd olunanlara əsasən, məhkəmə cavabdeh tərəfindən ona zərər vurulması barədə iddiaçının dəlillərini əsaslı sayaraq hesab etmişdir ki, 3.200 manat məbləğində maddi ziyanın cavabdehlərdən tutulması barədə tələb də əsaslıdır. Belə ki, iddiaçı tərəfindən burun nahiyəsində cərrahiyyə əməliyyatı üçün klinikaya 3200 manat ödənilməsi cavabdeh "xxxx" MMC tərəfindən inkar edilsə də, bu, iş materiallarında olan "xxxx" MMCnin qəbul bölməsinin əməkdaşının “whatsapp” mobil tətbiqi vasitəsi ilə iddiaçıya göndərdiyi audio yazı və X8 ilə iddiaçı arasındakı danışıqların qeydə alınmasına dair audio yazı ilə təsdiq olunur.
18. Həmçinin, məhkəmə qeyd etmişdir ki, dəfələrlə məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsindən bu cərrahiyyə əməliyyatı ilə bağlı mühasibatlıq sənədlərinin məhkəməyə təqdim edilməsini tələb etsə də, cavabdeh iddiaçı tərəfin bildirdiyi məlumatların, habelə audio yazılardakı məlumatların həqiqiliyini təkzib edən sübut təqdim etməyib. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi mühasibatlıq sənədinin saxlanılmadığını qeyd etsə də, məhkəmə qanunvericiliyə əsasın mühasibat uçotu sənədlərinin ən azı 5 il müddətinə saxlanılması barədə qanunvericiliyin tələbini, eləcə də cavabdeh "xxxx" MMC-nin mülki dövriyyənin mütəşəkkil subyekti olmaqla icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə xüsusi diqqət yetirən hüquqşünasa, vergimühasibatlıq sahəsinə məsul mühasiblərə malik olmasını nəzərə alaraq cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi məlumatı inandırıcı hesab etmir. Cavabdehin mühasibatlıq sənədini məhkəməyə təqdim etməməsi onu təsdiq edir ki, o, həmin sənədi verməkdən (sübut təqdim etməkdən) imtina edir. Ona görə də həm iddiaçı tərəfin bildirdiyi məlumatlara, həm də audio yazıdakı məlumatlara əsasən iddiaçının cərrahiyyə əməliyyatı üçün "xxxx" MMC-yə 3.200 manat ödəməsi müəyyən olunmuş sayılmalıdır. Qeyd olunanlarlara əsasən, məhkəmə hesab etmişdir ki, 3200 manat maddi ziyan cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə sağlamlığına dəymiş zərərlə bağlı iddiaçının sarsıntı və məyusluq hissi keçirməsini və onun faktiki sağlamlıq vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır və ona görə mənəvi ziyana görə 1.000 manat cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
20. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddia tələbinin “cavabdehlərin hərəkətləri nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün çəkiləcək xərclərin cavabdehlərin üzərinə qoyulması barədə” hissəsi qeyri-müəyyən olduğundan və bununla bağlı sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir.
21. Həmçinin, məhkəmə maddi və mənəvi ziyanın digər cavabdeh Sabahattin Kandalın üzərinə qoyulması barədə tələb də təmin edilə bilməz. Belə ki, işin müəyyən olunan hallarından görünür ki, burun cərrahiyyə əməliyyatını icra edən X8 "xxxx" MMC-nin işçisidir və cərrahiyyə əməliyyatı ilə bağlı razılaşma məhz Klinika ilə olmuş və ödəniş də Klinikaya edilmişdir. Başqa sözlə, mübahisəli hüquq münasibətinin tərəfləri iddiaçı ilə "xxxx" MMC-dir. Ona görə məhkəmə bu hissədə də iddia tələbini əsaslı hesab etməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1112-ci maddələrinə, Vergi Məcəlləsinin 71.4-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 106.2, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni çıxararkən maddi və prosessual normaları düzgün tətbiq etməmiş, iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, iddiaçı tərəfindən heç bir əsaslı sübutun təqdim olunmamasına baxmayaraq məhkəmə baxışının çəkişmə və digər prinsiplərini pozaraq qətnamə çıxarmışdır. Bu səbəbdən hesab edir ki, qətnamə ləğv edilməlidir və işə tam, hərtərəfli və obyektiv baxılaraq, bütün hallar araşdırılaraq iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə tibbi ekspertizası tərəfindən verilmiş rəylərdə də iddiaçının septumda Perforasiya olmasının cavabdeh klinika və klinikanın həkimi tərəfindən icra olunan həkimin cərrahi əməliyyat qüsuru səbəbindən yaranmasına dair heç bir hal və sübut göstərilməmişdir. İddiaçının hər hansı kənar müdaxilə və ya ehtiyatsızlıq səbəbilə burnunda yaranan qüsurun əvəzini cavabdeh ödəyə və ya qarşılaya bilməz. Belə ki, iddiaçının müraciəti tənəffüsün çətinləşməsi, burunda estetik deformasiya və ümumi zəifliklə bağlı olmuş və həmin şikayətlərə dair cərrahi əməliyyat olunmaqla əməliyyat uğurla başa çatdırılmışdır. Bundan başqa, apellyasiya şikayətinə əlavə olunan arayışdan da açıq aydın görünür ki, iddiaçı qeyd olunan Rinoplastika əməliyyatının icra edilməsi üçün 2.100 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq iddiaçı əsassız yerə onlardan əlavə də ödəniş tələb etməklə əsassız varlanmağa çalışır. Hazırki iş üzrə məhkəmə iddiaçının hansı məbləğdə ödəniş etdiyinə dair heç bir əsaslı araşdırma etməməsinə baxmayaraq iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Göründüyü kimi, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. İddiaçının vəkili tərəfindən verilmiş sorğuya cavabda cərrahi əməliyyata görə 2.100 manat pul ödənildiyi əks etdirən cavabı məhkəməyə təqdim etməmiş və məhkəmədə yanlış rəy formalaşdırmışdır. Belə ki, iddiaçının vəkili Vəkil ödəniş məbləğini dəqiqləşdirmək məqsədi ilə klinikaya xx.xx.2024-cü il tarixdə sorğu vermiş və iddaçının burun nahiyəsində aparılan cərrahi əməliyyat ilə bağlı 2.100 manat ödənilməsinə dair cavab xx.xx.2024-cü il tarixdə imza atıb qəbul etmişdir. İddiaçının vəkilinə iddiaçının cərrahi əməliyyata görə ödədiyi məbləğlə bağlı cavabı qəbul etdiyi gündən 9 gün keçməsinə baxmayaraq onu məhkəməyə təqdim etməmişdir və bununla da məhkəmədə yanlış fikir formalaşdırmağa çalışmışdır. İddia əsassız olduğu qədər də, iddiaçının hansı məbləğ ödəməsinin əhəmiyyət təşkil etmədiyi aydındır. Belə ki, iddiaçı üzərində aparılan cərrahi əməliyyat protokola uyğun aparılmış və uğurla başa çatdığından həkim səhvindən olmadığı və bunula da delikt olmadığı ekspertiza rəylərindən görünür. Göründüyü kimi, iddiaçının hazırkı tələbi tam qanunsuz olmaqla bərabər həm də prosessual və maddi normalar pozulmaqla irəli sürülmüşdür. İş üzrə əldə edilmiş rəylərin heç birində xəstənin septumda Perforasiya olmasının İddiaçı burun nahiyəsində “Rinoplastika” cərrahi əməliyyat aparılması zamanı həkim plastik cərrah Səbahəddin Kandalın qüsuru səbəbindən yaranmasına dair heç bir hal göstərilməmişdir. Bu isə öz növbəsində iddiaçının burun nahiyəsində yaranmış septumda perforasiyanın başqa bir səbəbdən yaranmasının sübutudur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətində konkret olaraq hansı maddi hüquq normalarının pozulması öz əksini tapmamış, maddi hüquq normalarının pozuntusu kimi prosessual hüquq normalarına istinad edilmişdir. Birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, işə baxan zaman çəkişmə prinsipinə əməl etmək üçün tərəflərə məhkəməyə sübutlarını təqdim etmə hüquqlarını izah etmiş, dəfələrlə cavabdeh "İstanbul NS Klinikası*’ MMC-nin nümayəndəsindən cərrahiyyə əməliyyatı ilə bağlı mühasibatlıq sənədlərinin məhkəməyə təqdim edilməsini tələb etsə də, cavabdeh onun bildirdiyi məlumatların, habelə audio yazılardakı məlumatların həqiqiliyini təkzib edən sübut məhkəməyə təqdim etməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsi ilə bu cavabdehin vəzifəsi olduğu halda bu çəkişmə pinsipinin verdiyi imkanlardan özü istifadə etməmiş və məhkəməni çəkişmə prinsipini pozmaqla ittiham etmişdir. İş materialına əlavə edilmiş epikriz iddiaçının xəstəxanaya müraciət edənə qədər burnunda perforasiya olmamasını sübut etmiş, məhkəmə tibb ekspertizasının rəyləri burnunda yaranmış qüsuru və bu qüsurun yaranma ehtimalı olan 3 halı müəyyən etmiş, məhkəməyə təqdim etdiyi heç vaxt travma almamağı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ''Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X10 xx.xx.2024-cü il tarixli, 248 saylı məktubu və heç vaxt infeksiyaya yoluxmamağı barədə Bakı şəhəri 20 saylı şəhər xəstəxanasının arayışı həmin 3 ehtimaldan infeksiya və travma hallarını təkzib etməklə kənarlaşdırmış və burnunda yaranmış qüsurun "xxxx" MMC-də keçirdiyi cərrahiyyə əməliyyatının nəticəsi olmasını təsdiqləmişdir. Məhkəməyə təqdim etdiyi X8ın öz təqsirini etiraf etməsi və ödənişin ona düşən hissəsini geri ödəməyə razılaşması barədə audio yazı isə sağlamlığına ziyan vurulması faktını bir daha təsdiqləmişdir. Apellyasiya şikayətinin maddi hüquq normasının pozulmasını əsaslandırmağa çalışdığı hissəsində guya apellyasiya şikayətinə əlavə olunan arayışın iddiaçının 2.100 manat ödəniş etməsini göstərdiyini, iddiaçının əsassız varlanmağa çalışdığı göstərilmişdir. Bununla əlaqədar ödənişin nə səbəbdən qəbzlə yox, arayışla müəyyən edilməsi sualı meydana gəlir. Maddi hüquq normasının pozuntusu olması ilə əlaqəsi olmasa belə bildirir ki, tərəfindən ‘'İstanbul NS Klinikası" MMC-ə 3.200 manat məbləğində ödəniş edilmişdir və bunu ödəniş etdiyi xəstəxananın Samirə adlı əməkdaşı ilə danışığına dair audio yazılar sübut edir. Azərbaycan Respublikası Konstitusiyası ilə vergiləri ödəmək vəzifəsi olduğu halda, ödənişləri əlbəəl qəbul edib dövriyyəsini gizlətməklə vergidən yayınan "İstanbul NS Klinikası” MMC şikayətində nümayəndənin sorğu ilə əldə etdiyi cavabı bu onun hüququ olduğu halda məhkəməyə təqdim etməməsini məhkəmədə yanlış rəy formalaşdırmaq adlandırır ki, bu absurddur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, tərəfindən qəbzlərin təqdim olunması ilə bağlı sorğu verilmişdir. Lakin cavabdeh tərəfindən əsası olmayan arayış tərtib olunaraq, məhkəməyə təqdim olunmuşdur. Həmin arayış cavabdeh tərəfin öz fikrini əhatə edir. Birinci instansiya məhkəməsi icraatı zamanı cavabdeh tərəf qətnamə ilə razı olduqlarını və apellyasiya şikayəti verməyəcəklərini bildirmişdilər, bu səbəblə onlar da apellyasiya şikayəti verməmişlər. Hazırda iddiaçının burnunda olan qüsur perforasiya adlanan xəstəlikdir. Perforasiya burun çəpərində olan deşikdir. Məhkəmənin sualına cavab olaraq cavabdeh tərəf rinoplastika əməliyyatının icrası zamanı xəstənin burnunun kəsilib aralandığını, burun çəpərinin müxtəlif hissələrə doğranıldığını, sonradan əvvəl şəkil verilmiş formadan tikilib, yığıldığını bildirdi. Diqqətə çatdırmaq istəyir ki, bu əməliyyat sırf burun çəpəri üzərində həyata keçirilir. İddiaçı da onda olan ağrıların əməliyyatdan sonra yarandığını bildirir. Əgər iddiaçı klinikaya müraciət edən zaman onda perforasiya diaqnozu var idisə, illkin həkim müayinəsində ona belə bir problemin olduğunu bildirərdi. Cavabdeh klinikanın təqdim etdiyi sənədlərdən də müəyyən olunur ki, iddiaçı müraciət edən zaman onda belə bir xəstəlik aşkar olunmamışdır. İş materiallarına mütəxəssis və ekspert rəyləri mövcuddur. Hər iki rəylərdə perforasiyanın travmadan və ya infeksiya mənşəli ola biləcəyi qeyd olunub. Mütəxəssisin özü ilə söhbət etdikdə, bildirdi ki, ağır idman növləri ilə məşğul olan və ya narkotik istifadəçisi olan şəxslərdə bu cür xəstəliklər yarana bilər. İş üzrə iddiaçı prokurorluq orqanının əməkdaşıdır. İddiaçı hər hansı bir idmanla məşğul deyil və narkotik vasitə istifadəçisi olsa prokurorluq orqanlarında işləyə bilməzdi. Ekspert rəyində qüsurun cərrahiyyə əməliyyatı zamanı yarana biləcəyi öz əksini tapmışdır.
27. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
30. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırki işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa görə qətnamə cavabdeh "xxxx" MMC tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. İşdən görünür ki, İddiaçı tənəffüsün çətinləşməsi, burunun estetik deformasiyası şikayətləri ilə "xxxx" MMC-yə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə ümumi anesteziyanın tətbiqi ilə “Rinoplastika” əməliyyatı icra olunmuşdur. xx.xx.2021-ci il tarixdə xəstə klinikadan ayrılmışdır.
36. Hazırda iddiaçı cavabdeh tibb müəssisəsində əməliyyatın düzgün icra olunmamasına istinad edərək ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb edir.
37. Birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizası nəticəsində əldə olunmuş rəydə qeyd olunmuşdur ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onun burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Perforasiya travmatik, infeksion mənşəli və cərrahiyə əməliyyatının texniki icrası zamanı yarana bilər. Bununla əlaqədar təkrar cərrahiyə əməliyyatı edilə bilər.
38. Bundan başqa, keçirilmiş əlavə məhkəmə-tibbi ekspertizası nəticəsində əldə olunmuş rəydə qeyd olunmuşdur ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Qeyd olunan patalogiya müxtəlif səbəblərdən (travma, infeksion mənşəli və cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı və s.) inkişaf edə bilər. Lakin, hazırki işdə septumda perforasiyanın məhz hansı səbəbdən baş verməsi barədə konkret fikir söylənilməsi mümkün olmadı. Bununla əlaqədar təkrar cərrahiyyə əməliyyatının aparılmasına mütləq tibbi göstəriş yoxdur. Lakin İddiaçı istəyi ilə belə bir əməliyyat aparıla bilər.
39. Kollegiya qeyd edir ki, iş materiallarında iddiaçının burun nahiyəsində septumda perforasiyanın travma və ya infeksiya nəticəsində əmələ gəlməsi barədə sübutlar mövcud deyil. Əksinə, "xxxx" MMC-nin həkimi Sabahattin Kandalın əməliyyata görə ödənilmiş vəsaitin ona çatan hissəsini iddiaçıya geri qaytarmağı təklif etməsi onu deməyə əsas verir ki, cərrahi əməliyyat qüsurlu icra edilmişdir.
40. Cavabdeh apellyasiya şikayətində iddiaçının cərrahi əməliyyata görə 2.100 manat pul ödədiyini bildirsə də, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən təklif edilməsinə baxmayaraq hər hansı maliyyə-mühasibat uçotu sənədləri təqdim etməmiş, apellyasiya şikayətinə isə klinika tərəfindən tərtib edilmiş arayış əlavə edilmişdir ki, həmin arayış maliyyə-mühasibat uçotu sənədi hesab edilə bilməz.
41. Bundan başqa, işdə olan "xxxx" MMC-nin qəbul bölməsinin əməkdaşı tərəfindən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə iddiaçıya göndərilən audio yazı ilə də müəyyən edilir ki, iddiaçı tərəfindən əməliyyatı üçün 3.200 manat məbləğində ödəniş həyata keçirilmişdir.
42. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 3.200 manat məbləğində maddi ziyanın tutulması barədə düzgün nəticəyə gəlmişdir.
43. O da qeyd olunmalıdır ki, iddiaçı sağlamlığının pozulması nəticəsində mənəvi sarsıntı keçirdiyinə görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının çəkmiş olduğu mənəvi ziyanın əvəzi olaraq pul şəklində ona 1.000 manat kompensasiya ödənilməsini ədalətli hesab edir.
44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
45. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
46. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 299/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdeh "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: