Məhkəmə qərarları › İş №2(103)-6473/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6473/2024

17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6473/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2017-ci il tarixli sadə yazılı qəbz üzrə 24000 manat, 2022ci il tarixli sadə yazılı qəbz üzrə 20600 manat olmaqla, ümumilikdə 44600 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə uzun müddət hazırda yaşadığı ünvanda qonşuluqda yaşamışdır. Cavabdehlə ailəvi gediş-gəliş münasibətləri olmuşdur. O, vergi ödəyicisi olaraq fiziki şəxs kimi müxtəlif cehizlik və digər əşyaların satışı ilə məşğul olmuşdur. Həmin müddətdə cavabdeh ondan dəfələrlə müxtəlif adda əşyaları qonşuluq-yaxınlıq münasibətlərindən istifadə etməklə nisyə olaraq almış, sonradan pulunu ödəmiş, beləliklə onun cavabdehə etibarını möhkəmlətmişdir. Sonradan 2017-ci ildə cavabdeh ondan 10000 manat pulu nağd şəkildə, 14000 manatlıq əşyanı isə nisyə olaraq, satıb pul qazanması üçün borca almış, tezliklə bu borcu qaytaracağına dair vəd versə də, pulu qaytarmışdır. Bunu cavabdehin özünün sadə yazılı qəbzi də təsdiq edir. Cavabdeh ona borclu olsa da, onların münasibətləri yaxşı olduğundan, o, borcun qaytarılması üçün cavabdehə təzyiq göstərməmiş, borcuunun qaytarılacağına ümid etmişdir. Sonradan 2020-ci ildə cavabdeh yenidən ona müraciət edərək, qızını evləndirmək üçün cehiz əşyalarına, həmçinin biraz pula ehtiyacı olduğunu bildirmiş, onunla qonşuluqda yerləşən evi təmir edib satdıqdan sonra ona əvvəlki borcunu, yəni 24000 manatı, eləcə də indi götürəcəyi borcu cəm şəkildə qaytaracağına vəd vermişdir. O, cavabdehə inanıb həmin il ərzində hissə-hissə olmaqla cəmi 30600 manat pulu borc olaraq cavabdehə vermişdir. Cavabdeh həmin borcdan ona cəmi 10000 manatını qaytarmış, 20600 manat qaytarılmamışdır. O, borcun qaytarılması üçün məsuliyyəti yaransın deyə, 2022-ci ildə cavabdehdən borcunu yazı ilə təsdiq etməsini tələb etmiş və cavabdeh 15 yanvar 2022-ci il tarixdə sadə yazılı qəbzlə ona 20600 manat borcu olduğunu etiraf etmişdir. Bundan sonra cavabdeh niyəsə ondan Bakı şəhər Baş Polis İdarəsinə şikayətlə müraciət etmiş, şikayətinin araşdırması zamanı ifadəsində göstərmişdir ki, güya ona təxminən 140000 manat borcu olmuş, həmin borcdan 110000 manatı ödəmiş, 30000 manat borcu qalıq qalmış, hazırda o, cavabdehi borcu ödəsin deyə təhdid edir. Halbuki, araşdırma zamanı onun əməlində təhdidlə bağlı cinayət tərkibinin olması sübuta yetmədiyindən, araşdırma yekunlaşmışdır. Cavabdehin ona olan borcunu qaytarmaq əvəzinə onun barəsində əsassız şikayətlər verməsini gördükdə, o, borcunu məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Məlumat üçün bildirir ki, məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən, iddia ərizəsinə qoşma etdiyi əlyazma qəbzlərin məhz cavabdeh tərəfindən yazıldığı, imzalandığı öz təsdiqini tapmışdır.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Rəşad Qoşqarlı) ilə iddia təmin edilmiş, Cavabdeh 2017-ci il tarixli sadə yazılı qəbz üzrə 24000 manat, 2022-ci il tarixli sadə yazılı qəbz üzrə 20600 manat olmaqla, ümumilikdə 44600 (qırx dörd min altı yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 276 (iki yüz yetmiş altı) manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, iddiaçı ona və bir neçə başqa şəxsə qarşı dələduzluq etmiş, onların vəsaitini ələ keçirmişdir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə hazırkı iddiaçı 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddia ərizəsi və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə iddiaçının bildirdikləri arasında ziddiyyət var. Həmçinin onların arasında cəmi 2500 manatla bağlı əlyazma olub. Məhkəmənin iddia tələbini təmin edərkən əsaslandığı 24.000 və 20.600 manatla bağlı əlzyazmalar ona məxsus deyil, imza və xətti saxtalaşdırılmışdır. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikaytinə etiraz:

6. Elektron kabinet vasitəsi ilə, apellyasiya şikayətinə etiraz ünvanlayan iddiaçı tərəf bildirmişdir ki, apellyasiya şikayətinin ilk əsası İddiaçı barəsində məhkəmə hökmünün çıxarılmasıdır. Bəli, İddiaçı barəsində məhkəmənin hökmü ilə ittihamedici hökm çıxarılmışdır. Lakin hökmdə Cavabdeh nə zərərçəkmiş qismində, nə də şahid qismində göstərilməmişdir. Halbuki, İddiaçı barəsində ilk şikayəti verən şəxs də elə Cavabdeh olmuşdur. Lakin, ibtidai istintaq zamanı hazırkı mülki iş materiallarında olan ərizələr üzə çıxmış, əslində Cavabdeh İddiaçı borclu olduğu müəyyənləşmiş, hətta müstəntiq tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizası üzrə alınmış müvafiq rəylə bu sadə yazılı qəbzlərdəki imza və yazının Cavabdeh aid olması öz təsdiqini tapdığından, onun cinayət işində iştirakına xitam verilmişdir. Məhkəmənin hökmü çıxarıldıqdan sonra da Cavabdeh maraqlarına toxunan şəxs qismində həmin hökmdən apellyasiya və ya kassasiya şikayəti verməmişdir. Beləliklə, apellyasiya şikayətinin hökmlə bağlı hissəsi burada yekunlaşır. Apellyasiya şikayətinin ikinci dəlili isə İddiaçı tərəfindən Cavabdeh hədə-qorxu gəlinməsi, təhdid edilməsi ilə bağlıdır. Hörmətli məhkəmə, veriləsi çox sadə bir sual var - Hədə qorxu və ya təhdidlə bağlı heç bir dəfə olsun polisə və ya digər hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi? Əlbətdə ki, xeyr. Əsassız söz toplusu ilə əsaslandırılmağa çalışılan apellyasiya şikayəti. Apellyasiya şikayətinin 3-cü əsası yenə də cavabdehin qəbzlərdəki imzanın ona məxsus olmaması ilə bağlıdır. Mülki iş materiallarında olan ekspert rəyləri ilə mu məsələ artıqlaması ilə öz həllini tapmışdır. Yekun olaraq, bildirilir ki, MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni hökmdə kimin nə ifadə verməsi bu məhkəmə üçün əsaslanmalı hal deyil, apellyasiya şikayəti Cavabdeh əsassız iddiaları üzərində qurulmuşdur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğunu nəzərə alıb, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, qüvvədə saxlanmasını xahiş edirik. Tərəflərin izahatı:

7. Hazırkı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdehin vəkili iddiaçı hazırda ölkə xaricində olduğundan, məhkəmə iclasının xx.xx.2025-ci ildən sonrakı tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki iş üzrə rayon məhkəməsi tərəfindən aparılmış araşdırmalarla iddia tələbinin həll edilməsi üçün yetərincə sübutlar tədqiq olunmuş, cavabdeh apellyasiya şikayətində etiraz dəlillərini konkret göstərmiş, odur ki, tərəflərin şəxsən iştirakı üçün zərurət yoxdur. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin materiallarında olan dama-dama dəftər vərəqi üərində “Мəн Мамаjева Кулмира Низамедин....” sözləri ilə başlayıb, “....Мамаjева” sözləri ilə bitən, X1 adından olan 24.000 manata dair borc qəbzində olan yazılar, “Имза” sözünün qarşısındakı imzadan və “Мамаjева” sözünün aşağısındakı imza, materialda olan dama-dama dəftər vərəqi üzərində “Мəн Мамаева Гулмира....” sözləri ilə başlayıb, “....Мамаева Гулмира” sözləri ilə bitən X1 adından olan 20.600 manata dair borc qəbzində olan yazılar və Мамаjева Гулмира yazısının aşağısındakı imza – X2 tərəfindən icra olunmuşdur.

9. Cavabdeh tərəfindən imzalanmış 2017-ci il tarixli iltizamdan görünür ki, o, İddiaçı 24000 manat pul borcludur.

10. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, o, İddiaçı 20600 manat məbləğində pul verməlidir.

11. 04.01.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 582-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

12. 21.06.2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqində yerləşən dama-dama vərəq üzərində “Мəн Мамаjева Кулмира Низамеддин гызы Əзимова …” sözləri ilə başlayıb, “... jаздым 2017 чи ил Имза Мамаева” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...Мамаjева” əlyazmasının qarşısındakı və aşağı hissəsindəki imzalar; 32-ci vərəqində üzərində “Мен Мамаева Гуьлмира Музамуддин гызы Туьнзале …” sözləri ilə başlayıb, “...15 январ имза Мамаева Гуьлмира” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...имза..” əlyazmasının qarşısındakı və “...Мамаева Гуьлмира” əlyazmalarının aşağı hissəsindəki imzalar – Cavabdeh Muzamiddinovna tərəfindən icra olunmuşdur.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqində yerləşən dama-dama vərəq üzərində “Мəн Мамаjева Кулмира Низамедин гызы Əзимова …” sözləri ilə başlayıb, “... jаздым 2017 чи ил Имза Мамаjева” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...Мамаjева” əlyazmasının qarşısındakı və aşağı hissəsindəki imzalar; 32-ci vərəqində üzərində “Мен Мамаева Гуьлмира Музамудин гызы Туьнзале …” sözləri ilə başlayıb, “...15 январ имза Мамаева Гуьлмира” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...имза..” əlyazmasının qarşısındakı və “...Мамаева Гуьлмира” əlyazmalarının aşağı hissəsindəki imzalar – Cavabdeh Muzamiddinovna tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqində yerləşən dama-dama vərəq üzərində “Мəн Мамаjева Кулмира Низамедин гызы Əзимова …” sözləri ilə başlayıb, “... jаздым 2017 чи ил Имза Мамаjева” sözləri ilə bitən qəbzdəki əlyazmalarda və həmin qəbzdə “...Мамаjева” əlyazmasının qarşısındakı və aşağı hissəsindəki imzalarda; 32-ci vərəqində üzərində “Мен Мамаева Гуьлмира Музамудин гызы Туьнзале …” sözləri ilə başlayıb, “...15 январ имза Мамаева Гуьлмира” sözləri ilə bitən qəbzdəki əlyazmalarda və həmin qəbzdə “...имза..” əlyazmasının qarşısındakı və “...Мамаева Гуьлмира” əlyazmalarının aşağı hissəsindəki imzalarda – əlyazmanən və imzanın qeyri-adi psixofizioloji (təzyiq, həyacanlı və stres vəziyyətində) vəziyyətdə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

17. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

18. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

19. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

21. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

22. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

24. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

26. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

27. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

28. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

29. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

39. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

43. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

45. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Apellyasiya şikayətinin əsas dəlili odur ki, iddiaçı bir neçə başqa şəxslərə qarşı dələduzluq cinayəti törətmiş, bununla bağlı qüvvədə olan hökm var.

49. Məhkəmə kollegiyası cavabdehin şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, iddiaçının başqa şəxslərin zərərçəmiş olduqları cinayət işi üzrə dələduzluq əməlinə görə məhkum olunması, hazırkı iddia tələbinin həlli üçün əhəmiyyət kəsb etmir.

50. Cavabdehin apellyasiya şikayətinin digər dəlili iddiaçının təqdim etdiyi 24.000 və 20.600 manatla bağlı əlyazmaların cavabdehə məxsus olmaması, imza və xəttinin saxtalaşdırılması ilə bağlıdır.

51. Məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin dəlili üzrə qeyd edir ki, mülki iş materiallarından da məlum olduğu kimi, bununla bağlı rayon məhkəməsi tərəfindən dəfələrlə ekspertiza keçirilmiş və ekspert rəyləri ilə də həmin iltizamların cavabdeh tərəfindən icra olunması öz təsdiqini tapmışdır.

52. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).

53. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

54. Beləliklə də müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və mülahizə xarakterli olduğundan təmin edilməməlidir.

55. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin halları ilə bəlli olur ki, iddiaçının cavabdehdən hazırda tələb etdiyi pul məbləği, əslində tərəflər arasındakı nisyə alqı-satqı münasibətləri nəticəsində yaranmış borc olmuşdur, cavabdeh həmin borcunu vaxtında qaytarmamış, lakin həmin borcunun təsdiqinə dair iddiaçıya müvafiq yazılı qəbzlər təqdim etmişdir. İddiaçı hazırda cavabdehdən həmin borcun ödənilməsini tələb edir.

56. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

57. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar