Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6474/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: ərizənin baxılmamış saxlanılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il il tarixli, e-2(001)-5077/2024 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. 30 iyul 2024-cü il tarixdə iddia ərizəsi icraata qəbul olunaraq hazırlıq iclası 28 avqust 2024-cü il tarixə, saat 10:00-a təyin olunmuş, həmin tarixdə iclas keçirilərək 30 sentyabr 22024-cü il tarixə, saat 09:45-ə təxirə salınmışdır.
3. 30 sentyabr 22024-cü il tarixdə qərardad çıxarılaraq mülki iş üzrə məhkəmə baxışı iclası 21 oktyabr 2024-cü il tarixə, saat 09:45-ə təyin olunmuş və tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmışlar.
4. 11 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2(001)- 5077/2024 nömrəli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır.
6. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına maraqlı olmadığından (məhkəmə iclasında iştirak etmədiyinə görə) iddia ərizəsi baxılmamış saxlanmalıdır.
7. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verərək ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
8. Şikayətin dəlillərinə görə, iddiaçı Binəqədi rayon məhkəməsində 2(001)-5077/2024 saylı iş üzrə pul tələbi iddiası ilə cavabdeh kimi iştirakı təmin olunduğu halda, xx.xx.2024cü ildə razılığı olmadan və iddiaçının özünün də etirazına baxmadan iddia ərizəsi və materialların artıq tərəfə qaytarıldığı bildirildi. Əslində isə onlar vaxtından da əvvəl zalda hakimi gözləmişlər. Onlar işə baxılmasını təkid etsələr də, artıq sənədlərin verildiyi bildirilmişdir. Qərardad elan edilmədən, iclasa vaxtında gəlindiyi halda iclas başlamazdan əvvəl sənədlərin qaytarılması qanunsuzdur. Məhkəmə qərardadda qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına maraqlı olmadığından (məhkəmə iclasında iştirak etmədiyinə görə) iddia ərizəsi baxılmamış saxlanmalıdır. Halbuki onlar məhkəmə prosesində iştirak etmişlər və ərizənin baxılmamış saxlanılması barədə fikirlərini soruşmadan məhkəmə özbaşına qərardad qəbul etmiş və hətta qərardadın qəbul olunmasını “elektron məhkəmə portalı” na daxil olduqdan sonra bilmişlər. Yəni məhkəmədə olarkən hakim məhkəmə iclas zalına daxil olaraq bildirdi ki, iddiaçı sənədlərini geri götürmüşdür və məhkəmə iclası olmayacaqdır. Lakin məhkəmə ərizənin baxılmamış saxlanılması üçün onların etirazının olub-olmamasını soruşmamışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2(001)- 5077/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Maddə 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Maddə 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Maddə 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Maddə 188.1. İşə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir: 188.1.1. işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə; 188.1.2. iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə; 188.1.3. qarşılıqlı iddia verildikdə; 188.1.4. əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda; 188.1.5. işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə; 188.1.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Maddə 271.1. Protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Şikayətin mahiyyətini o təşkil edir ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasında maraqlı olmasına və iclas zalında olmasına baxmayaraq məhkəmə onun fikrini nəzərə almadan yalnız iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia ərizəsini baxılmamış saxlamışdır.
12. Lakin 21 oktyabr 2024-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. MPM-nin 271.1-ci maddəsinə əsasən protokol məhkəmə iclasının bütün mühüm anlarını əks etdirən prosessual sənəddir və həmin Məcəllənin 273-cü maddənin tələbinə əsasən işdə iştirak edən şəxslərin protokolla tanış olaraq qeydlər vermək hüququ vardır. Lakin cavabdeh və ya onun nümayəndəsi tərəfindən 21 oktyabr 2024-cü il tarixli məhkəmə iclasının protokoluna hər hansı bir qeyd verilməmişdir.
13. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi 11 oktyabr 2024-cü il tarixdə elektron kabinet vasitəsilə verilmişdir və bu barədə elektron kabineti olan, əvvəlki məhkəmə iclasları barədə də məhz elektron kabinet vasitəsilə məlumatlandırılan cavabdehin nümayəndəsi məlumatlı olmasına və işə mahiyyəti üzrə baxılmasını tələb etməsi ilə bağlı ərizəyə münasibət bildirmək imkanı olmasına baxmayaraq bu imkandan istifadə etməmişdir.
14. Birinci instansiya məhkəməsi cavabdeh iştirak etmədiyinə görə işə onun iştirakı olmadan baxaraq iddiaçının ərizəsinə hüquqi qiymət verməkdə haqlı olmuşdur. Belə ki, MPM-nin 188.1-ci maddəsinə əsasən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən müstəsna hallarda yol verildiyi qeyd olunmuşdur. Lakin məhkəmə iclasının təxirə salınması üçün həmin hallardan heç biri mövcud olmamışdır.
15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il il tarixli, e-2(001)-5077/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il il tarixli, e-2(001)- 5077/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.