Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6475/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı1 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz. Belə ki, qərardad qəbul olunarkən 2 hala istinad oluunub. 1-ci hal odur ki, iddia ərizəsi imzalanmayıb. Müəyyən olunur ki, həqiqətən də iddia ərizəsi imzalanmayıb. Mülki-Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda geri qaytarılır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərzəsinin qaytarılmasını qərar alıb. 2-ci hal odur ki, iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla verilib, yəni cavabdehin hüquqi ünvanı Abşeron rayonina aid olsa da, iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinə verilib. İddiaçı hesab edir ki, mübahisənin aid olduğu daşınmaz əşya Binəqədi rayonunda yerləşdiyinə görə müstəsna aidiyyət qaydasına əsasən iddia ərizəsinə həmin rayonun məhkəməsi baxmalıdır. Lakin iddiaçının mövqeyi düzgün deyil. Belə ki, MPM-in 39.1-ci maddəsindən görünür ki, 3 növ iddiaya müstəsna aidiyyət təqbiq edilir. Hazırkı iddia 1-ci və 2-ci növ iddialara aid deyil, çünki iddia ərizəsində daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması və ya daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələb olunmayb. 3-cü növ iddia 39.1-ci maddədə belə göstərilib: “mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia”. Bu ifadədə “hüquqlarının” deyiləndə daşınmaz əşyaya aid hüquqların pozulmasının aradan qaldırılması haqqında iddia nəzərdə tutulur. İddia – hüququn müdafiə vasitəsidir. İddianın daşınmaz əşya ilə bağlı olması müstəsna aidiyyətin tətbiqi üçün əsas deyil, iddia vasitəsilə müdafiəsi tələb edilən hüququn obyekti daşınmaz əşyaya olduqda müstəsna aidiyyət tətbiq edilir. Hazırkı iddia daşınmaz əşya ilə bağlıdır, lakin iddia vasitəsilə müdafiəsi tələb edilən hüququn obyekti daşınmaz əşya deyil. Belə ki, iddia ərizəsində tələb olunub ki, mənzilə dair müqavilə əsasında ödənilmiş pul geri qaytarılsın və mənzilin təmirinə çəkilmiş xərcin əvəzi ödənilsin. Odur ki, hazırkı iddianın aidiyyəti MPM-in 35.2-ci maddəsinə əsasən müəyyən edilməldir. Həmin maddəyə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdehin hüquqi ünvanı Abşeron rayonuna aiddir. MPM-in 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə geri qaytarılır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərzəsinin qaytarılmasını qərar alıb. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6475/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6475/2023
20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver