Məhkəmə qərarları › İş №2(103)-6476/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6476/2021

09.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6476/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-343/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat məbləğində pul, 410 manat məbləğində hüquqi yardımın göstərilməsi üçün ödənilmiş xərc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.440 manat məbləğində pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında olan razılaşmaya əsasən Cavabdeh MMC mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilin təmiri ilə bağlı razılaşdırılmış işləri icra etməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən görüləcək təmir işlərinin dəyəri 11.000 manat məbləğində razılaşdırılmışdır. Aralarında olan razılaşmanın icrasını təmin etmək məqsədi ilə o, avans olaraq cavabdehə 5.000 manat məbləğində pul ödəmişdir. Lakin cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozaraq öz öhdəliklərini vaxtında icra etməmişdir. Bu səbəbdən, cavabdehlə aralarında olan razılaşma pozulmuşdur. Lakin razılaşmanın pozulmasına baxmayaraq cavabdeh bu günə qədər ondan aldığı 5.000 məbləğində pulu ona geri ödəməmişdir. Bununla bağlı dəfələrlə cavabdehlə apardığı danışıqlar heç bir nəticə verməmişdir. Belə ki, cavabdeh geri ödəməli olduğu pulu ödəyəcəyi ilə bağlı dəfələrlə vədlər versə də bu günə qədər geri ödəməli olduğu pulu ödəməmişdir. Bu isə onun hüquqları kobud şəkildə pozulmasından başqa bir şey deyildir. Bu səbəbdən də, o, pozulmuş hüquqlarını müdafiə və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, öhdəliyini icra etmədiyi halda ona məxsus olan pul vəsaitlərini özündə saxlayaraq əsassız olaraq varlandığı üçün 5.000 manat məbləğində pul, 410 manat məbləğində hüquqi yardımın göstərilməsi xərci və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 5.440 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-343/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, görülmüş təmir işlərinə görə müvafiq məbləğ çıxıldıqdan sonra qalıq qalan 3.000 manatın, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 410 manat məbləğində xərcin və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (sədrlik edən: Ceyhun Tağıyev).

4. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-343/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində tamamilə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə iddia tələbində göstərilən halları təkzib edən heç bir sübut təqdim edə və həmin halları sübut edə bilmədiyi halda məhkəmə iddia tələbini qismən təmin etmişdir. Belə ki, cavabdeh məhkəmənin istinad etdiyi dizayn işlərinin görülməsinin tərəfimdən sifariş verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Mən isə öz növbəmdə cavabdehin istinad etdiyi dizaynın məhz mənim tərəfimdən hazırlatdırılaraq ona təqdim etməyim haqqında məhkəməyə məlumat vermiş və zəruri sübut təqdim etmişəm. Lakin məhkəmə qətnaməsində cavabdehin dizayn işlərini görməsinə istinad etsə də gəldiyi nəticənin hansı sübutlarla təsdiq edilməsinə istinad etməmişdir. Bununla da məhkəmə prossesual hüquq normalarının tələblərini pozmuşdur. məhkəmənin prosessual hüquq normalarının tələblərini pozması əsasən sübutların qiymətləndirilməsi ilə bağlıdır ki, bu da məhkəmənin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 88 və 106.1-ci maddələrinin tələblərini pozulmasında öz əksini tapır. Sübutların qiymətləndirilməsi baxımından məhz qeyd edilən maddələrin tələblərinin məhkəmə tərəfindən təmin və icra edilməməsi prosessual hüquq normalarının tələblərini pozuması ilə nəticələnmişdir. Belə ki, məhkəmə iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan və iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan qətnamə çıxarmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmiş və iş materiallarında olan bütün sübütlara obyektiv, hərtərəfli və tam baxıb araşdırmadan qətnamə çıxarmışdır. İddianın tam rədd edilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmə həmin sübutları hərtərəfli və tam araşdırmadan onlara qiymət vermiş və buna görə də qismən qeyri-qanuni və əsassız qətnamə çıxarmışdır. Prosessual hüquq normalarının tələblərinin pozulmasının bir təzahürü də məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217 və 218-ci maddələrinin tələblərinə əməl edilməməsində öz əksini tapır. Belə ki, qətnamə tərtib edilərkən qeyd edilən maddələrin tələblərinə əməl edilməmişdir. İddianın təmin edilməmiş hissəsinə münasibətdə qətnamə ilə müəyyən edilmiş hallar işdə olan materiallar və sübutlarla öz təsdiqini tapmır. Həmçinin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində gəldiyi nəticəni heç bir sübutla əsaslandıra bilməmişdir. İddiaçı ilə cavabdeh arasında olan münasibətlər öz mahiyyəti etibarilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində nəzərdə tutulmuş podrat münasibətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi tərəfimdən sifariş verilməyən işlər ödənilə bilməz. Halbuki tərəfimdən dizayn işlərinin sifariş verilməsi haqqında cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyi halda məhkəmə cavabdeh tərəfindən dizayn işlərinin görülməsini də nəzərə alaraq iddianı həmin hissədə təmin etməmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.4-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.

6. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə apellyasiya məhkəməsində məhkəmə baxışı başlayana qədər cavabdeh Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində pulu könüllü şəkildə təmsil etdiyi şəxsin bank hesabına ödəmişdir. Buna görə də qeyd edilənləri nəzərə alaraq iddia tələbinin azaldılması qərarına gəlmişlər. Bununla əlaqədar olaraq 3500 (üç min beş yüz) manat məbləğində pul, 410 (dörd yüz on) manat məbləğində hüquqi yardım göstərilməsi xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 3940 (üç min doqquz yüz qırx) manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları:

7. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

8. İşə baxılasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

11. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin 21.02.2020-ci il tarixli 1 saylı arayışından görünür ki, Cavabdeh MMC çəkdiyi bütün xərclər – 2.000 manat çıxıldıqdan sonra qalıq məbləğ olan 3.000 manatı İddiaçı geri ödəməyi öhdəsinə götürmüşdür.

12. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 9 saylı Vəkil bürosuna 410 manat məbləğində pul keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat

13. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq onu bildirmişdir ki, cavabdeh tərəfindən demontaj işlərinə 770 manat, tikinti materialına isə 230 manat məbləğində pulun xərclənildiyini qəbul edir, lakin dizayn layihəsinə 1.000 manat məbləğində pulun xərclənildiyini qəbul etmir, belə ki, həmin ideyaların əksəriyyəti ona məxsusdur. Bununla da məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı 2020-ci ilin yanvar ayının ortalarında cavabdehə müraciət edərək, özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilin təmirə ehtiyacı olduğunu bildirmiş və mənzilin təmir olunmasını cavabdehə sifariş etmişdir. Buna əsasən iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən yerinə yetiriləcək işlərin ümumi dəyəri 11.000 manat təşkil etmiş və avans olaraq iddiaçı tərəfindən 5.000 manat ödəniş edilmişdir. Mənzilin təmirinin təhvili 3 ay ərzində müəyyən edilmişdir. İşin icrası başlanaraq, dəyəri 1.000 manat olmaqla mənzilin «Dizayn Layihəsi» tərtib edilmişdir, bundan sonra xərci 770 manat təşkil edən demontaj işləri görülmüşdür və 230 manat məbləğində tikinti materialı alınmışdır. Lakin iddiaçı yanvar ayının sonlarında heç bir əsas olmadan razılaşmanı pozaraq 5.000 manat avansı geri tələb etmişdir. Cavabdeh isə çəkilən xərclər, yəni 2.000 manat (1.000 manat – dizayn layihə, 770 manat – demontaj, 230 manat – tikinti materialı) çıxılmaqla, qalan məbləğ 3.000 manatı iddiaçıya qaytarmaq istəsə də, iddiaçı bununla razılaşmamışdır. Mülki Məcəllənin 752.1 və 759.1-ci maddələrinə istinadən hesab edirlər ki, iddiaçının cavabdehə qarşı iddiası əsassızdır və buna görə də, təmin edilməməlidir. Hüquqi dəyərləndirmə:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 756.1-cı maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.

17. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

18. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan hüquq normaları tətbiq olunduğu üçün qətnamə ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında olan hüquq münasibətləri əsassız varlanma ilə əlaqələndirilmiş və Mülki Məcəllənin müvafiq normaları tətbiq edilmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranan hüquq münasibətləri podrat müqaviləsindən irəli gələn öhdəliklər üzrə yaranmış münasibətlərdir. Belə ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı sifarişi ilə mənzilin təmir edilməsi öhdəliyini üzərinə götürmüş, İddiaçı isə mənzilin təmir edilməsinə görə Cavabdeh MMC-yə 11000 manat məbləğində pul verməyi öhdəsinə götürmüşdür. Kollegiya iddiaçının nümayəndəsi və vəkilinin cavabdehin Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində pulu könüllü şəkildə təmsil etdiyi şəxsin bank hesabına ödəməsini, iddiaçının apelyasiya məhkəməsinə təqdim etdiyi iddia tələbinin həcminin azaldılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilərək cavabdehdən 3500 manat məbləğində pul, 410 manat məbləğində hüquqi yardım göstərilməsi xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, İddiaçı tərəfindən mənzilin təmir işlərinin görülməsi üçün Cavabdeh MMC-yə 5000 manat məbləğində pulun avans olaraq verilməsi, cavabdeh tərəfindən demontaj işlərinə 770 manat, tikinti materialına isə 230 manat məbləğində pulun xərclənildiyi tərəflərin izahatları və iş materiallar ilə sübuta yetirilmişdir. Cavabdeh dəyəri 1.000 manat olmaqla mənzilin «Dizayn Layihəsi» tərtib edildiyini bildirmiş, iddiaçı isə dizayn layihəsinə 1.000 manat məbləğində pulun xərclənildiyini qəbul etməmiş, həmin ideyaların əksəriyyətinin iddiaçıya məxsus olduğunu bildirmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşdüyündən və cavabdeh tərəfindən dəyəri 1.000 manat olmaqla mənzilin «Dizayn Layihəsi» tərtib edilməsi sübuta yetirilməmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili hazırda kollegiya iclasıında tələblərini 500 manat azaldaraq cavabdehdən aralarındakı razılaşmanı pozduğuna görə 3500 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Beləliklə, kollegiya qeyd edir ki, cavabdeh (podratçı) tərəfindən yerinə yetirilmiş işin haqqı 1500 manat etdiyindən iddiaçı tərəfindən cavabdehə 5000 manat pul ödənildiyindən, yerinə yetirilməmiş işin haqqına görə qalan 3500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

22. Mülki Prosessual Məcəllənin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

25. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-343/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-343/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3500 (üç min beş yüz) manat məbləğində pul, 410 (dörd yüz on) manat məbləğində hüquqi yardım göstərilməsi xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar