Məhkəmə qərarları › İş №2(103)-6481/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6481/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6481/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin tələbi və mənzildə zəruri olan əsaslı təmirinin cavabdehlərin öhdəsinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən mənzilində olan şəxsi əmlakını yararsız vəziyyətə salmaları üzündən vurduqları ziyana, mənzilinin təmiri ilə bağlı çəkilmiş xərclərə və səhhətinə vurduqları ziyana görə 15.000 manat, ona vurduqları mənəvi zərərə görə 5.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, habelə 34 ildir fəaliyyət göstərən 68-ci mənzildəki çoxdan vaxtı keçmiş, qalıqları ovulub şaxtasına tökülən, paslanmış bütün kanalizasiya sistemlərinin tam sökülərək yenilənməsi, mənzildə əsaslı təmirin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müvafiq Çıxarış əsasında Bakı şəhəri, 6cı mikrorayonda keçid 1410-da yerləşən, 4 saylı evin 66 saylı 2 otaqlı mənzili tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Onun üst mərtəbəsindəki 68-ci mənzildə yaşayan evin sahibi mənzilini satıb getmiş, 2006-cı ildə həmin mənzili Cavabdeh3 almış və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Cavabdehlərin yaşadıqları 68 saylı mənzilin kanalizasiya sistemləri tam yararsız vəziyyətə düşdüyündən həmin mənzildən axıdılan «çirkab suları» onun min bir əziyyətlə təmir etdirdiyi mənzilini tam yararsız hala salmışdır. Belə ki, çirkab sularının axıdılması üzündən mənzilin bahalı divar kağızları açılıb sallanmış, mətbəxin ağ-qara kafellərinin üzəri ilə axan kanalizasiya suları yeni yığılmış mətbəx mebelinin üzərində məskən salmış, mətbəx və dəhliz arasında çalalar yaradaraq gediş gəlişə mane olur. Bu səbəbdən də ayağı sürüşərək tez-tez yıxılır. xx.xx.2018-ci il tarixdə axıdılan çirkab sularının üstündən mətbəxə keçmək istədikdə ayağı sürüşərək yıxılmış, aldığı xəsarətdən diz oynağında 2-ci dərəcəli yırtıq əmələ gəldiyindən Bioloji Təbabət klinikasına müraciət etmək məcburiyyətində qalmış və uzun müddət, 4 ay davam edən müayinə və müalicələrə 1600 manat vəsait xərcləmişdir. Mənzilində olan qapıların üzərindən davamlı olaraq sabunlu çirkab suları axır. Nəmişlikdən mətbəxin çilçırağı partlamış, hamam, tualet və dəhlizin dekor alçipanlarının işıq naqilləri qısa qapanma nəticəsində sıradan çıxmışdır. Mətbəxi natəmizlik yuvasını xatırladır. Mətbəx, hamam əşyaları hər gün axıdılan çirkab sularına qərq olur. Ürək təzyiq xəstəsidir, 1996-cı ildən Binəqədi rayon 27 №-li poliklinikada dispanser qeydiyyatındadır. Şaxtadan baxanda 68-ci mənzilin çoxdan vaxtı keçmiş, çürümüş, ovulmuş kanalizasiya boruları görünür, onların ovxalanmış qalıqlarının onların şaxtasına tökülməsi açıq-aşkar görünür. Üstüörtülü hamam və tualet lambirinlərini qaldırıb baxarkən bataqlığa dönmüş, rəngbərəng, sarı, yaşıl, qara, hətta qırmızı iz salmış sularının iyrənc mənzərəsi, natəmizlik yuvasını xatırladır. Cavabdehlərin qeyri-etik davranmalarına görə 2016-cı ildə otağının 400 manat dəyəri olan farfor çilçırağı illərdir ki, aramsız hoppanmalara, tullanmalara, ağır əşyaların zərblə döşəməyə çırpılmasına dözməyərək, qopub düşərək çiling-çiling olmuşdur. 4 ildir ki, işıqsızdır, mənzili lampa ilə işıqlandırır. Dəhliz və otaqda dekor alçipanları da bu kimi dağıntılara məruz qalaraq sıradan çıxmışdır. Mənəvi cəhətdən onun bezib köçməsinə zəmin yaratmaq məqsəlilə gecə saatlarında ağır çəkili əşyaları dəfələrlə döşəməyə zərblə çırpmaqla, şiddətli təpiklərlə süni surətdə aramsız və ani olaraq yerə çırpmaqla onu hədsiz narahat edirlər. Cavabdehlərə narazılığını bildirəndə isə «istəmirsən, köç get» deyə şərt qoyurlar. Kanalizasiyanın iyindən və «dəm qazının» təsirindən boğulurlar. Hələ 2008-ci ildə həmin mənzilin şaxtasından gizli şəkildə yerləşdirilmiş «Samara» tipli kalonka Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilərək çıxardılmışdır. 79 saylı MKİŞ tərəfindən tərtib edilmiş sonuncu aktda cavabdehlərin təqsiri üzündən onun mənzilinə vurulmuş ziyan hərtərəfli təsvir edilmişdir. Göstərilənlərə əsasən, tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vurulmuş maddi zərərin əvəzi olaraq 1700 (bir min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 3.5 (üç manat əlli qəpik) manat, cəmi 1703,5 (bir min yeddi yüz üç manat əlli qəpik) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat pul vəsaitinin - 14,0 (on dörd) manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 106,0 (yüz altı) manat isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ ********************4 SWİFT Bik CTREAZ 22 ) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, o, mülki iş üzrə cavabdeh olaraq məhkəmənin xx xxxx 2020-ci il tarixə təyin edilmiş iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Ona görə də hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Eləcə də həmin qətnamədən narazı qalan Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ekspert rəyinə əsaslanaraq, onlardan müvafiq məbləğin tutulması qərarına gəlmişdir. Hansı ki, həmin ekspert rəyi 79 saylı MİS-in şübhəli aktına əsasən tərtib edilmişdir. Ona görə də hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, MH seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., keçid 1410, 3215-ci məhəllə, ev 4, 66 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4163 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 79 saylı MKİS-nin nümayəndələri F.Nabatova, Y.Əliyev və A.Məmiyev tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilmiş, məlum olmuşdur ki, mənzilin üst mərtəbəsindən, yəni 68-ci mənzildən həmin mənzilə çirkab su axıdılır, Bunun nəticəsində mənzilin təmiri yararsız vəziyyətə düşmüş, vətəndaşa maddi ziyan dəymişdir. İş materiallarında olan 79 saylı MKİS-nin nümayəndələri M.Tahirov, İ.Bağırov və A.Məmiyev tərəfindən tərtib edilmiş 2017-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilmiş, məlum olmuşdur ki, mənzilin üst mərtəbəsindən, yəni 68-ci mənzildən həmin mənzilə su axıdılmış, nəticədə tavanın 5 yerində hissə-hissə isladılmış yer var. İddia tələbinə mahiyyəti üzrə düzgün baxılması və obyektiv qərar qəbul edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, keçid 1410, ev 4, 66 saylı mənzilə su axıdılması hallarının olub-olmaması, su sızması nəticəsində mənzildə hansı zədələrin əmələ gəlməsi və onların aradan qaldırılması üçün hansı məbləğdə təmir-tikinti işlərinin aparılması, qeyd olunan mənzilə dəymiş ziyanın Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., keçid 1410, ev 4, 68 saylı mənzilindən su sızması nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək məqsədilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 28863/1311 saylı xx.xx.2020-ci il tarixli rəyində qeyd olunmuşdur ki, “1-ci, 2-ci və 3-cü suallar üzrə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, keçid 1410, 4 saylı evin 66 saylı mənzilin tavanında, divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, 79 saylı MKİS-in əməkdaşları tərəfindən 66 saylı mənzilə baxış keçirmiş və bu barədə 2017-ci il tarixli AKT tərtib olunmuşdur. Aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, keçid 1410, 4 saylı evin 66 saylı mənzilinə yuxarı mərtəbədəki 68 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, keçid 1410, 4 saylı evin 66 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1550,0 manat məbləğində olduğu müəyyən edilir. 4-cü sual üzrə xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş baxışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, keçid 1410 ünvanında yerləşən mənzilin 3 və 6 şamdanlı, dəmir qollu çilçırağına dəymiş zərər təxminən 150,0 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1111.2, 1115-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Belə ki, iş materiallarında olan ekspert rəyindən də göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, keçid 1410, 4 saylı evin 66 saylı mənzilinə yuxarı mərtəbədəki 68 saylı mənzildən suyun sızması müəyyən olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, keçid 1410, 4 saylı evin 66 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1550,0 manat məbləğində olduğu müəyyən edilmiş, eləcə də xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş baxışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, keçid 1410 ünvanında yerləşən mənzilin 3 və 6 şamdanlı, dəmir qollu çilçırağına dəymiş zərər təxminən 150,0 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh3 verdiyi apellyasiya şikayətində ekspert rəyində istinad edilmiş 79 saylı MİS-in 2017-ci il tarixli aktını qanunsuz hesab etsə də, həmin aktın onun tərəfindən mübahisələndirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Eləcə də məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş metariallarından da göründüyü kimi, o, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli iclasında iştirak edərək, izahat vermiş, xx xxxx 2020-ci il tarixli məhkəmə iclası barəsində isə Cavabdeh2 xx xxx 2020-ci il tarixdə həm məhkəmə bildirişi, həm də onun tərəfindən şəxsən qəbul edilmiş “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətlərinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar