Məhkəmə qərarları › İş №2(103)-6486/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6486/2021

07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6486/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(006)-2374/2021 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sabirabad rayon Elektrik Şəbəkəsinə qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 27.07.2020-ci il tarixində təxminən səhər saat 04:00 radələrində iddiaçının yaşadığı Ağtaçı-Muğan kənd ərazisində su nasosuna gedən altı minlik elektrik xətti qırılaraq yerə düşmüşdür. Elektrik xəttinə nəzarət edən səlahiyyətli şəxslər xəttin qırılaraq yerə düşməsi ilə bağlı baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı təxirə salınmaz tədbirlər görməmişlər. Bu səbəbdən də altı minlik elektrik xətti həyat üçün ciddi təhlükə törətdiyi halda yerdə qırılmış vəziyyətdə qalmışdır. Elektrik xəttinin qırılaraq yerə düşməsi səbəbindən səhər saat 04:00 radələrindən başlayaraq Sabirabad rayonunun bir neçə kəndinə su ötürən nasoslarınm fəaliyyəti dayanmış və həmin kəndlərə suyun verilməsi kəsilmişdir. İddiaçı həmin gün tarixində özünə məxsus olan iri buynuzlu heyvanları təxminən səhər saat 08:00 radələrində, yəni elektrik xəttinin qırılaraq yerə düşdüyü vaxtdan 4 saat sonra otlaq sahəsinə apararkən iki baş iri buynuzlu cins heyvan qırılaraq yerə düşmüş altı minlik elektrik xəttinə toxunduğundan elektrik vurması səbəbindən yerindəcə ölmüşdür. İddiaçı altı minlik elektrik xəttinin qırılmasından xəbərsiz olmuş və həmin xətti də yerdə görmüşdür. İki baş heyvanın elektrik vurmasından öldükdən sonra iddiaçı dərhal Azərbaycan Respublikasmm DİN-in 102 xidmətinə, Yerli İcra Nümayəndəliyinə, kənd Bələdiyyəsinə, rayon Baytarlıq İdarəsinə və Sabirabad rayon İşıq İdarəsinə məlumat vermişdir. İddiaçının məlumatı əsasında müraciət etdiyi şəxslər hadisə yerinə gəlmişlər, hadisə və dəymiş ziyanla bağlı müvafiq akt tərtib olunmuşdur. Həmin aktda elektrik vurması səbəbindən iddiaçıya məxsus iki iri buynuzlu cins heyvanın ölməsi öz təsdiqini tapır. İddiaçı dəymiş ziyanın ödənilməsi ilə bağlı Sabirabad rayon Elektrik Şəbəkəsinə müraciət etmişdir. İdarənin əməkdaşları hadisə olan ünvanda hadisə yerinə gəlmiş digər səlahiyyətli şəxslərin yanında onunla söhbət apararaq bildirmişlər ki, narahatçılığa əsas yoxdur, dəymiş ziyanı tam olaraq ödəyəcəklər. Bunun üçün onlar iddiaçını Ərazi İcra Nümayəndəliyinə dəvət etmişlər. Həmin gün iddiaçı, Ərazi icra Nümayəndəliyinə getmiş, lakin Sabirabad rayon Elektrik Şəbəkəsinin əməkdasları oraya gəlməkdən imtina etmişlər. Bundan sonra iddiaçı Sabirabad rayon Elektrik Şəbəkəsinə getmiş, lakin idarənin səlahiyyətli şəxsləri ilə görüşə bilməmişdir. Onlarla telefon vasitəsi ilə əlaqə saxlamaq məcburiyyətində olmuş, ancaq ona bildirilmişdir ki,ziyanın ödənilməsindən söhbət gedə bilməz, istədiyi yerə şikayət etsə də, dəymiş ziyan ödənilməyəcəkdir. Şəbəkənin müdiri bildirmişdir ki, dəymiş ziyanı heç bir zaman verməyəcəkdir. Sabirabad rayon Elektrik Şəbəkəsinin təqsiri ucbatından iddiaçıya ziyan dəymişdir. Hadisə yerində elektrik vurmasından həmin vaxt insan ölümü də baş verə bilərdi. Bunun isə yeganə günahkarı məhz şəbəkənin əməkdaşlarıdır. Altı minlik elektrik xətti səhər saatlarında, saat 04.00 radələrində qırılaraq yerə düşmüş, bu səbəbdən Sabirabad rayonunun bir neçə kəndinə su ötürən nasoslarının fəaliyyəti dayanmış və həmin kəndlərə suyun verilməsi kəsilmişdır. Lakin buna baxmayaraq Şəbəkənin əməkdaşları və rəhbərliyi problemin həlli ilə bağlı heç bir konkret tədbirlər həyata keçirməmişdir. Səhhətində ciddi problemlər vardır, onurğa sümüyündə ciddi cərrahi əməliyyatlar aparılmışdır, onurğa sümüyünün 5 fəqərəsi dəmir materialı ilə yığılmışdır, ailəlidir, ailəsi 5 nəfərdən ibarətdir, ailədə heç kim işləmir, yalnız təssərrüfatla, iri buynuzlu mal-qaradan əldə etdiyi maddi vəsaitlə çətinliklə dolanır. İş materiallarından göründüyü kimi dəymiş ziyanın məbləği ilə bağlı heyvan alqı-satqı bazarından verilmiş arayışa görə elektrik vurması nəticəsində ölmüş iki baş inəyin hər birinin qiyməti 1500 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, heyvan alqı-satqı bazarı tərəfindən verilmiş arayışda göstərilən məbləğ həqiqəti əks etdirmir. Çünki ölən heyvanların bazar qiyməti hazırda göstərilmiş məbləğdə deyil, təxminən hər biri 2500 manat məbləğindədir. Elektrik nəticəsində ölən heyvanların hər ikisi cins və süd verən heyvanlardır. İddiaçı təssərrüfatla, iri buynuzlu mal-qaradan əldə etdiyi maddi vəsaitlə çətinliklə dolanır. Bu səbəbdən də iki baş iri buynuzlu cins süd verən heyvanın ölməsi iddiaçı üçün böyük itkidir. İddiaçı həmin heyvanların südü, qatığı, yağı və digər məhsulları satmaqla əldə etdiyi vəsaitlə ailəsini dolandırmışdır. Artıq göstərilən heyvanların ölməsi nəticəsində iddiaçı əldə etdiyi qazancdan məhrum olmuşdur. Bundan başqa, ölən hər iki heyvanın balaları hazırda 1 aylıq olduğu üçün südlə qidalandığından təssərrüfatında olan digər heyvanlardan əldə etdiyi südü də onlara vermək məcburiyyətində olur. Bu səbəbdən təssərrüfatında olan digər heyvandan da əldə etdiyi qazancdan məhrum olmuşdur. Cavabdehin təqsirindən iddiaçıya iki baş cins balalı iribuynuzlu heyvanının ölməsi nəticəsində heyvanların hər birinin qiyməti 2500 manat olmaqla, cəmi 5000 manat və əldən çıxmış fayda olaraq 2000 manat, cəmi 7000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh göstərilən məbləğdə dəymiş ziyanı ödəməlidir. Göstərilənlərə əsasən, cavabdehin təqsiri ucbatından iki baş cins balalı iribuynuzlu heyvanının ölməsi nəticəsində iddiaçıya heyvanların hər birinin qiyməti 2500 manat olmaqla, cəmi 5000 manat və əldən çıxmış fayda olaraq 2000 manat, cəmi 7000 manat məbləğində dəymiş ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il, tarixli 2(006)-2374/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş ziyanın əvəzi kimi 3500 manat və 30 manat dövlət rüsumu, cəmi 3530 ( üç min beş yüz otuz) manat pul alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2374/2021 saylı iş üzrə 01.04.2021-ci il tarixli qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nəsimi rayon 2(006)-2374/2021 saylı 01.04.2021-ci il tarixli qətnaməsini əsassız hesab edirlər. Belə ki, məhkəmənin cavabdehin təqsirinin sübutu kimi qiymətləndiridiyi 27.07.2020-ci il tarixli aktı hadisənin birbaşa şahidləri olmayan, onun necə və hansı şəraitdə baş verməsini görən şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən və iddiaçının verdiyi məlumata əsasən tərtib edilmişdir. Bununla yanaşı baş vermiş hadisənin səhər saat 04:00 radələrində yəni ətrafda insanların demək olar ki olmadığı vaxtda baş verdiyini nəzərə alsaq aktı imzalayan şəxslərin həmin hadisənin birbaşa şahidi olmaqlarına əsaslı şübhələr yaranmış olur. Lakin məhkəmə qeyd olunan halları aydınlaşdırmaq və müvafiq aktın həqiqiliyini müəyyən etmək məqsədilə həmin şəxslərin şahid qismində işə cəlb edilməsini təmin etməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin məhkəmənin nəzərinə onu da çatdırlar ki, heyvanın ölmə səbəbini müəyyən edən Rayon Baytarlıq İdarəsinin rəyi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamışdır. Hesab edirlər ki, iş materiallarında hadisənin həqiqətən də cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən mötəbər sübut olmadığı halda məhkəmə mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olmayan, yəni hadisənin bilavasitə şahidləri olmayan şəxslər tərəfindən tərtib olunmuş akta istinad edərək cavabdehin mülki hüquq pozuntusuna (deliktə) yol verdiyi qənaətinə gəlmiş, bununla da maddi və prossesual hüquq pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışına tədqiq edilən: İş materiallarındakı 06 avqust 2020-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" Qərarın surətindən müəyyən olunur ki, iddiaçıya məxsus hər birinin bazar qiyməti "Fərid" mal-qara alqı-satqı bazarının məktubuna əsasən, 1400-1500 manat civarında olan iki baş iribuynuzlu heyvanlarını Axtaçı-Muğan kənd ərazisində elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində cərəyan vurub tələf etmişdir. İşdə olan 27.07.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabirabad rayon Axtaçı- Muğan kəndində 27.07.2020-ci il tarixdə su nasosuna gedən altı minlik elektrik xətti qırılaraq düşmüş və nəticədə iddiaçıya məxsus iki baş iri buynuzlu heyvanı elektrik vurub öldürmüşdür. Heyvanların körpə balaları iddiaçının həyətindədir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, Sabirabad rayon Axtaçı-Muğan kəndində 27.07.2020-ci il tarixdə su nasosuna gedən altı minlik elektrik xəttinin yerə düşməsi nəticəsində iddiaçıya məxsus hər birinin bazar qiyməti "Fərid" mal-qara alqı-satqı bazarının məktubuna əsasən, 1400-1500 manat civarında olan iki baş iri buynuzlu heyvanı cərəyan vurub tələf etmiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus iki baş iri buynuzlu heyvanların məhz cavabdehin təqsiri üzündən (cərəyan vurması nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə olunan mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət göstərən, eləcə də cavabdeh bu fəaliyyəti nəticəsində iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydalarına görə mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Həmin Qaydaların 2-ci bəndinə görə bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinin b) yarımbəndinə əsasən mühafizə zonası gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular,habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələrdir. Göründüyü kimi elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir. İşdən isə görünür ki, iddiaçıya məxsus iki baş iri buynuzlu heyvanlar elektrik naqillərinin qırılıb yerə düşməsi nəticəsində elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur. Belə olan halda lazımi qaydada elektrik şəbəkəsinin mühafizəsini təmin etməyən cavabdeh, törətdiyi deliktə görə iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası dəymiş ziyanın məbləğini müəyyən edərkən iddiaçı tələf olmuş iri buynuzlu heyvanın bir ədədinin qiymətinin 2500 manat olmasını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara qiymət verərək, habelə 06 avqust 2020-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" Qərarı əsas götürərək, belə nəticəyə gəlir ki, cavabdehdən dəymiş maddi ziyanın əvəzi tutularkən 1 baş iri buynuzlu heyvan 1500 manat dəyərində qiymətləndirilməklə tutulması ağlabatan olmaqla ədalətlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tələf olmuş iri buynuzlu heyvanlara görə dəymiş maddi ziyanın əvəzi kimi 3000 manat, əldən çıxmış faydaya (heyvanların tələf olması nəticəsində itirilmiş süd və s. məhsullara görə) görə isə 500 manat olmaqla ümumilikdə 3500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, cavabdehdən dəymiş ziyanın əvəzi kimi 3500 manat və 30 manat dövlət rüsumu, cəmi 3530 manat pul alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş ziyanın əvəzi kimi 3500 manat və 30 manat dövlət rüsumu, cəmi 3530 ( üç min beş yüz otuz) manat pul alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(006)-2374/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar