Məhkəmə qərarları › İş №2(103)-649/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-649/2022

01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-649/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2435/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 2.000.000 (iki milyon) manat məbləğində nağd pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlə bir çox illər ərzində "xxxx" MMC-nin (hazırda "xxxx" MMC) iştirakçıları olaraq birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirmişlər. MMC-nin nizamnamə kapitalı 3.200.000 manat təşkil edir. MMC əvvəllər olduğu kimi, hazırda da uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğuldur, iri vergi ödəyicisidir. Aralarında bağlanmış 14.09.2017-ci il tarixli "xxxx" müqaviləsi əsasında cavabdeh MMC-də sahib olduğu 25 % payını 800.000 manat müqabilində ona satmış, bununla da cavabdehin MMC-də iştirakına xitam verilmişdir. 27 dekabr 2017-ci il tarixdə cavabdeh ona müraciət edərək sahibkarlıq fəaliyyətini genişləndirmək üçün əlavə maddi vəsaitə ehtiyacı olduğunu bildirmiş və bu məqsədlə ondan 2.000.000 manat borc istəmişdir. Cavabdehlə bir müddət birgə sahibkarlıq fəaliyyətini həyata keçirdiklərini, bu sahədə aralarında da olmuş əməkdaşlığı, habelə cavabdehin buna qədər banklardan götürdüyü olduqca iri məbləğlərdə kreditləri vaxtlı-vaxtında qaytardığını, həmçinin bir neçə ay əvvəl MMC-dəki özünə məxsus payını ona satmasının qarşılığında 800.000 manat vəsait əldə etməsini, buna görə də onun həmin vəsaiti qaytarmaq iqtidarında olduğunu düşünüb həmin vəsaiti ona borc vermişdir. Bu faktı cavabdehlə aralarında imzaladıqları 29 dekabr 2017-ci il tarixli “Nağd pul vəsaitinin qəbul edilməsinə dair” Təhvil-təslim aktı ilə təsdiq etmişlər. Cavabdeh həmin vəsaiti ona işlərini qaydasına saldıqdan sonra, yəni bir neçə il müddətində qaytarmalı idi. Lakin göstərilən məbləğin cavabdehə verilməsindən üç il keçməsinə baxmayaraq, həmin vəsait cavabdeh tərəfindən ona hələ də qaytarılmamışdır. Digər tərəfdən, son vaxtlar cavabdehin etdiyi bir sıra hərəkətlər, onun borcu qaytarmaq fikrində olmadığı ilə bağlı şübhələr yaratmışdır. Belə ki, cavabdeh MMCdə sahib olduğu 25 % payını 800.000 manat müqabilində ona satmasına, əvəzində də 800.000 manat məbləğini ondan almasına baxmayaraq, hazırda ona qarşı aralarında bağlanmış 14.09.2017-ci il tarixli "xxxx" müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış və həmin iddia ərizəsində göstərmişdir ki, guya ona MMC-dəki 25 % payının əvəzində 800.000 manat ödənilməmişdir. Digər tərəfdən iddia ərizəsində iddia etmişdir ki, guya 800.000 manat onun 25 %-lik təsis payının real bazar dəyərindən qat-qat aşağıdır. Cavabdehin bu hərəkətləri onu göstərir ki, cavabdeh borcu qaytarmaq istəmir və həmin hərəkətləri gələcəkdə borcu qaytarmaqdan imtina etmək üçün bəhanəlar olaraq edir. Digər tərəfdən MMC-dəki 25 % payını 800.000 manata ona satdıqdan və ondan əlavə olaraq 2.000.000 manat borc aldıqdan sonra cavabdehin hansısa gəlirli bir sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da görsənmir. Bu isə ona cavabdehin əmlak vəziyyətinin ya əhəmiyyətli dərəcədə pisləşdiyinə, ya da onun borcu ödəməkdən qərəzli olaraq yayınmaq niyyətində olduğuna şübhələr yaratmışdır. Bu səbəbdən cavabdehə 28.12.2020-ci il tarixli pretenziya göndərərək borcu ödəməsini ondan tələb etmişdir. Lakin cavabdeh pretenziyaya 12.01.2021-ci il tarixli cavab məktubunda onun qarşısında hər hansı borc öhdəliyinin olmadığını, ondan heç vaxt borc almadığını, bu və ya digər formada ona borclu olmadığını bildirərək, ondan aldığı 2.000.000 manat məbləğində borcu ona qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən, hesab edir ki, cavabdehə borc olaraq verdiyi nağd pul vəsaiti sonuncudan məhkəmə qaydasında alınıb ona qaytarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2435/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 2.000.000 (iki milyon) manat məbləğində nağd pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2435/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar sübut edilmədiyindən həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə təhvil- təslim aktına əsaslanaraq 2.000.000 (iki milyon) pul vəsaitinin Cavabdeh tərəfindən borc olaraq alındığı və tərəflərin arasında borc münasibətlərinin mövcud olması qənaətinə gəlmişdir. Məhkəmə bu hissədə sırf ehtimallara əsaslanmış və məhkəmə qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində bu faktın təsdiqi ilə bağlı heç bir mötəbər sübuta istinad etməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında olan münasibətlərin xarakterindən görünür ki, onlar beynəlxalq təcrübədə tez-tez rast gəlinən işgüzar adətlərdən, yazışmalardan və s. özünəməxsus biznes təmas vasitələrindən istifadə etmişlər. Məhz tərəflərin arasında öncələr işgüzar əlaqələrin olması, bir-birilərinə etibar etmələri səbəbindən aralarında olan borc münasibətlərini təhvil-təslim aktı əsasında həyata keçirmişlər. Lakin, Mülki Məcəllənin 10.2-ci maddəsinə əsasən, qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Müqavilə Cavabdeh tərəfindən alınan məbləğ üç min manatdan çox olduğu üçün tərəflər arasında borc münasibətləri olsa idi belə həmin münasibətlər yazılı formada bağlanan borc müqaviləsi ilə rəsmiləşdirilməli idi. Göründüyü kimi tərəflər qanunvericiliyin tələbinə zidd olan işgüzar adətlərdən istifadə etməklə borc münasibətlərini təhvil-təslim aktı əsasında həyata keçirə bilməzdilər. Məhkəmə nə zahiri ifadəyə görə, nə də başqa hallara görə tərəflər arasında borc münasibətlərinin yaranması ilə bağlı iradə ifadəsini və əgər tərəflər arasında borc münasibətləri var idisə belə Cavabdeh öz öhdəliyini hansı tarixdə, hansı şərtlərlə icra etməli olduğunu müyyənləşdirə bilmir. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Belə ki, tərəflər arasında borc münasibətlərinin olması üçün öhdəliyin icrası müddəti ilə bağlı razılıq əldə olunmalı və bu razılıq yazılı formada bağlanmış borc müqaviləsində ifadə olunmalı idi. Tərəflər arasında borc müqaviləsinin olması ağlabatan mühakiməyə sığmır. Cavabdeh idddiaçıya ünvanladığı 28 dekabr 2017ci il tarixli minnətdarlıq məktubundan da görünür ki, Cavabdeh sözü gedən pul vəsaitini borc kimi deyil, maliyyə yardımı kimi almışdır. Bundan başqa Cavabdeh iddiaçının 28 dekabr 2020-ci il tarixli pretenziya məktubuna cavab olaraq yazdığı 12.01.2021-ci il tarixli məktubunda onun iddiaçı qarşısında heç bir borc öhdəliyi olmadığını, ondan heç vaxt borc almadığını, bu və ya digər formada ona borclu olmadığını qeyd edir. Əlavə olaraq xatırladır ki,"xxxx" MMC-də (hazırda "xxxx" MMC) olan və o həbsdə olarkən qanunsuz yolla adlarına sənədləşdirilmiş təsis paylarının dəyəri kimi ona təqribən 12 milyon manatdan çox borcları vardır. Hazırda həmin payın alqı-satqısı ilə bağlı mübahisə məhkəmə icraatındadır. Müqavilənin etibarsız hesab ediləcəyi halda, payının dəyəri ona ödənilməlidir.Ona görə də iddiaçı tərəfindən yönəldilən pretenziyanı onun qarşısında daşıdıqları əmlak məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir. Əgər tərəflər arasında 2 milyonla bağlı borc münasibəti olsaydı, iddiaçı bu vaxta qədər həmin borc məbləğini tələb etmiş olardı. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almamış, yekun nəticəyə gəlmək üçün yalnız tərəflər arasında olan təhvil-təslim aktı ilə kifayətlənmiş, iş üzrə sübutları düzgün qiymətləndirməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2435/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdehn və onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2435/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ətizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2435/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, 29 dekabr 2017-ci il tarixli təhvil-təslim aktının notariat qaydada təsdiq edilmiş surətindən (nağd pul vəsaitinin qəbul edilməsi) görünür ki, Cavabdeh 27 dekabr 2017-ci il tarixli müraciətinə əsasən 2.000.000 manat məbləğində nağd pul İddiaçı tərəfindən Cavabdeh təhvil verildi, sonuncu isə həmin məbləğdə pulu İddiaçı təhvil almışdır. Akt iki nüsxədə imzalanaraq tərəflər aktı öz imzaları ilə təsdiq etmişlər.(İ.vər. 58) İş materiallarında olan, Cavabdeh İddiaçı ünvanladığı 28 dekabr 2017-ci il tarixli minnətdarlıq məktubunun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, onun və habelə "xxxx" MMC-nin onun qarşısında heç bir maddi və digər öhdəliyi olmadığı halda ona və ailəsinə göstərdiyi böyük qayğıya, maddi sıxıntılarına və borclarına görə etdiyi xahişi nəzərə alaraq verdiyi 2.000.000 manat məbləğində maliyyə yardımına görə ona ailəsi və öz adından dərin minnətdarlığını bildirir.(İ.vər. 55) İş materiallarında olan, İddiaçı Cavabdeh ünvanladığı 28 dekabr 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, onun 27 dekabr 2017-ci il tarixli müraciət məktubuna əsasən tərəfindən ona 29 dekabr 2017-ci il tarixdə 2.000.000 manat məbləğində nağd pul vəsaiti verilmişdir. Lakin aradan üç ilə yaxın müddətin keçməsinə baxmayaraq, tərəfindən ona müraciəti əsasında borc olaraq verilmiş həmin vəsait tərəfinizdən bu günədək ona geri qaytarılmamışdır. Xahiş edir ki, qeyd edilənləri nəzərə alıb həmin vəsaitin ona ən geci 10 gün müddətində geri qaytarılmasını təmin etsin.(İ.vər. 4) İş materiallarında olan, Cavabdeh İddiaçı pretenziya məktubuna cavab olaraq yazdığı 12.01.2021-ci il tarixli məktubdan görünür ki, onun iddiaçının qarşısında heç bir borc öhdəliyi yoxdur və ondan heç vaxt borc almamış, bu və ya digər formada ona borclu deyildir. Xatırladır ki, "xxxx" MMC-də (hazırda "xxxx" MMC) olan və o həbsdə olarkən qanunsuz yolla adlarına sənədləşdirilmiş təsis paylarının dəyəri kimi ona 12.000.000 manat borcları vardır. Hazırda həmin payın alğı-satqı ilə bağlı mübahisə məhkəmə icraatındadır. Müqavilənin etibarsız hesab edilməyəcəyi halda, payının dəyəri ona ödənilməlidir. Ona qarşı yönəldilən hazırki pretenziyanı isə qarşısında daşıdıqları əmlak məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir.(İ.vər. 56) İş materiallarında olan, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14 sentyabr 2017-ci il tarixli “Müəssisədəki payın alqı-satqısı” barədə müqavilənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Satıcı (birinci tərəf) aşağıda göstərilən paylarını satır. Alıcı (ikinci tərəf) həmin payları nizamnamə kapitalındakı dəyərinə 800.000 (səkkiz yüz min) manata alır. Payın məxsus olduğu müəssisə 19 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış (VÖEN**********) ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-dir. Alqı-satqı zamanı etibarnaməyə əsasən Cavabdeh adından X3 iştirak etmişdir.(İ.vər. 49 - 50) İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-339/2021 saylı, 17.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X2 və Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı etibarnamənin, müəssisədəki payın alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.(İ.vər. 51 - 54) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, istər minnətdarlıq məktubunda, istərsə də, təhvil-təslim aktında İddiaçı tərəfindən Cavabdeh pulun verilməsi faktı mübahisəsiz qaydada öz təsdiqini tapsa da, bu pulun borc olaraq verilməməsinin birbaşa olaraq qeyd edilməməsi tərəflər arasında borc münasibətlərinin yaranmaması barədə qəti fikir söyləməsinə hüquqi əsas yaratmır. Belə ki, əvvəla tərəflər birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirmələrinə, cavabdehin də öz təsis payını iddiaçıya nümayəndəsi vasitəsilə satmasından sonra iddiaçının məhz mübahisə predmeti olan məbləği cavabdehə təmənnasız, əvəzsiz və ya digər hümanist prinsiplər əsasında verməsi faktı inandırıcı deyil, ikincisi də, həqiqətən də iddiaçı tərəfindən göstərilən məbləği heç bir öhdəlik olmadan cavabdehə vermək niyyəti olmuş olsa idi, belə olan halda tərəflər arasında “nağı pul vəsaitinin qəbul edilməsinə dair” yuxarıda məzmunu qeyd edilmiş aktın tərtib edilməsinin zəruriliyi anlaşılan deyil. Odur ki, cavabdehin vaxtilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirdikləri həmtəsisçisinə maddi sıxıntılarına və borclarına görə müraciəti məhz ona borc pul verilməsi ilə bağlı olmuşdur ki, iddiaçı da tələb edilən məbləği məhz təhvil-təslim aktı əsasında rəsmiləşdirməklə cavabdehə borc vermə faktını bu qaydada sənədləşdirmişdir və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 739.1, 740.1, 740.2, 386.1, 442, 445 və 448-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi belə qənaət gəlmişdir ki, tərəflər arasında olan münasibətlərin xarakterindən görünür ki, onlar beynəlxalq təcrübədə tez-tez rast gəlinən işgüzar adətlərdən, yazışmalardan və s. özünəməxsus biznes təmas vasitələrindən istifadə etmişlər. Məhz tərəflərin arasında öncələr işgüzar əlaqələrin olmaları, bir-birilərinə etibar etmələri səbəbindən aralarında olan borc münasibətlərini təhvil-təslim aktı əsasında həyata keçirmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində məhkəmənin təhvil-təslim aktına əsaslanaraq 2.000.000 (iki milyon) pul vəsaitinin Cavabdeh tərəfindən borc olaraq alındığını və tərəflər arasında borc münasibətlərinin mövcud olmasının ehtimallara əsaslanmasını və məhkəmə qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində bu faktın təsdiqi ilə bağlı heç bir mötəbər sübuta istinad etməməsini bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin müqavilədə Cavabdeh tərəfindən alınan məbləğin üç min manatdan çox olduğu üçün, tərəflər arasında borc münasibətləri olsa idi belə, həmin münasibətlərin yazılı formada bağlanan borc müqaviləsi ilə rəsmiləşdirilməli olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz dəlillərinidi. Bundan başqa, məhkəmə kollegiyası apelyasiya şikayətinin tərəflər arasında borc münasibətlərinin olması üçün öhdəliyin icrası müddəti ilə bağlı razılıq əldə olunmaması və bu razılıq yazılı formada bağlanmış borc müqaviləsində ifadə olunmalı olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, borcun alınması faktını təsdiq edən sənədlərdə akt əsasında verilən pulun qaytarılma müddətinin göstərilməməsi cavabdehin iddiaçı qarşısında borcla bağlı öhdəliyinin olmaması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2435/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2435/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar