Məhkəmə qərarları › İş №2(103)-6494/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6494/2023

30.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6494/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb olunmaqla) qarşı mülki iş (Açar sözlər: «pul tələbi, mənzilə görə götürülmüş kredit») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-67/2023 saylı, 24 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı (borc alan) ilə Azərbaycan Beynəlxalq Bankı (borc verən) ilə arasında bağlanmış 23 fevral 2016-cı il tarixli (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsinə əsasən, Bank 23 fevral 2016-cı il tarixil 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 168.885 (yüz altmış səkkiz min yüz səksən beş) manat məbləğində kredit verilməsini öhdəsinə götürüb və kredit 240 ay müddətinə verilmişdir.

2. 23 fevral 2016-cı il tarixli kassa məxaric orderinə əsasən, İddiaçı Azərbaycan Beynəlxaq Bankının Abşeron şöbəsindən 167.196 manat ipoteka krediti götürmüşdür.

3. Cavabdeh2 MTK-nın xx.xx.2019-cu il tarixli, 11 nömrəli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A saylı binada yerləşən mənzilə görə 23 fevral 2016 tarixli 000425 №-li payçı müqaviləsinə əsasən, xx.xx.2016-ci il tarixdə İddiaçı tərəfindən mənzilin qiyməti tam şəkildə ödənilmişdir. Belə ki, xx.xx.2016-ci il tarixində 18765 (on səkkiz min yeddi yüz altmış beş) manat məbləğində ilkin ödəniş və xx.xx.2016-cı il tarixində bankdan alınmış kredit hesabına 168885 (yüz altmış səkkiz min səkkiz yüz səksən beş) manat məbləğində ikinci ödəniş olmaqla qeyd edilən mənzil üçün ümumilikdə 187650 (yüz səksən yeddi min altı yüz əlli) manat ödənilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2344/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 MTK-nın Cavabdeh1 qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 01 N-li, 07 yanvar 2013-cü il tarixli Protokolu qismən, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92 A ünvanında yerləşən kooperativ binasının 1051 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilməsi, həmin mənzilin dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi və Cavabdeh2 MTK-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-613/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativliyi arasında bağlanmış 23 fevral 2016-cı il tarixli, 000425 saylı Payçı müqaviləsi və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 və X2 tərəfindən verilmiş müstəqil tələblər qismən təmin edilmiş, Cavabdeh1 və İddiaçı arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 10 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış mülkiyyət hüququna xitam verilmiş, bu hüquq barədə İddiaçı verilmiş Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-425/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən və qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, həmin qətnamə üzrə mübahisələndirilən İddiaçı Həsənağa oğlu ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildikdən sonra həmin müqavilənin predmeti olmuş Bakı şəhəri, H.Zərdabi prospekti, ev 92a, 1051 saylı mənzil Cavabdeh1, müqavilə üzrə ödənilmiş 100.000 manat məbləğin isə Cavabdeh2 MTK-ya qaytarılması, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilməməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-547/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-425/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı, eyni zamanda digər iddialar üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-425/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, kassatorun kassasiya şikayətində qeyd olunduğu kimi, onun ödəmiş olduğu külli miqdarda iddia etdiyi pul vəsaitindən kassatorun məhrum olmasına göz yumulmamış, əksinə kassatora həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərclərinin ayrıca iddia qaydasında məhkəməyə müraciət edib tələb etmək hüququnun olması izah edilmişdir.

8. "xxxx" MMC-nin 281 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 92 a saylı evin 1051 saylı mənzilinin təmir işləri üçün çəkilmiş xərcin qiymətini 40.000 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Mənzil Tikinti KooperatKivə Cavabdeh1 müştərək qaydada 287.650 (iki yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiada göstərilir ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativi, 2013-cü ildə başqa şəxsin, yəni hazırkı iş üzrə digər Cavabdeh1 adına rəsmiləşdirdiyi mübahisəli mənzili sonradan, 23 fevral 2016-cı il tarixdə, 000425 saylı payçı müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirmişdir. MTK tərəfindən bir mənzil iki şəxsin adına rəsmiləşdirilmişdir. MTK ilə 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsi bağlanılarkən İddiaçı Azərbaycan Beynəlxalq Bankı ilə 23 fevral 2016-cı il tarixli təminatlı kredit müqaviləsi bağlamış və kredit götürdüyü pul da daxil olmaqla ümumilikdə Cavabdeh2 Mənzil Tikinti Kooperativinə mənzilin alınması üçün 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pul ödəmişdir. Sonradan, mənzilin Cavabdeh2 Mənzil Tikinti Kooperativinə deyil, Cavabdeh1 adına olduğu iddiaçıya məlum olduqda, MTK vəziyyəti düzəltmək üçün öz təşəbbüsü ilə, MTK-nın öz adamı olan Cavabdeh1 iştirakı il 10 iyul 2019-cu il tarixdə notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılmasını təşkil etmiş və yenidən həmin mənzil, onun dəyərini tam ödəmiş İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı belə vəziyyətdə, 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsinin əhəmiyyətsizliyini nəzərə alaraq, əvvəl MTK-ya, daha sonra isə məhkəməyə müraciət edərək, qeyd edilən müqavilənin etibarsızlığını tələb etmişdir. Məhkəmə prosesində, Cavabdeh2 Mənzil Tikinti Kooperativ də öz növbəsində 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür. Məhkəmə proseslərinin nəticəsində hər iki müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası 2(102)- 547/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, “kassator və digər tərəflər də 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman mənzillə bağlı kassator tərəfindən pul vəsaitinin ödənilməməsini, MTK tərəfindən pulun depozitə qoyulmasını və nümayəndəsi tərəfindən də pulun depozitdən götürülməsini göstərmişlər. Alqı-satqı müqaviləsi üzrə qanunvericiliyin tələblərinə əməl edilmədiyinə görə 2019-cu il tarixli müqavilə etibarsız hesab edilsə də, kassatorun kassasiya şikayətində göstərmiş olduğu kimi, onun ödəmiş olduğu külli miqdarda olmasını iddia etdiyi pul vəsaitindən kassatorun məhrum olmasına göz yumulmamış, əksinə kassatora həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərclərinin ayrıca iddia qaydasında məhkəməyə müraciət edib tələb etmək hüququnun olması izah edilmişdir.” Beləliklə, yuxarıda göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, mənzilə görə ödədiyi 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat pul vəsaitinin, habelə mənzilin təmir xərclərinin, iddiaçı tərəfindən banka ödənilmiş faizlərin cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və Kooperativin faktiki əməkdaşı Cavabdeh1 tutulmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, QXM 281M nömrəli qiymətləndirmə hesabatından görünür ki, iddiaçı mənzilin təmirinə 40.000 (qırx min) manat məbləğində pul xərcləmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş bank qəbzlərindən müəyyən edilir ki, İddiaçı bu günə qədər banka faiz olaraq 60.000 (altmış min) manat məbləğində pul vəsaiti ödəmişdir. Nəticə etibarı ilə, iddiaçı hesab edir ki, hazırda cavabdehlərdən müştərək qaydada ümumilikdə 287.650 (iki yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-67/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh2 Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilə görə ödənilmiş 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat və vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 (altmış min) manat olmaqla, cəmi 247.650 (iki yüz qırx yeddi min altı yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilin tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 23.560 (iyirmi üç min beş yüz altmış) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; tikinti-texniki ekspertizası xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi; mühasibatlıq ekspertizası xərcinin əvəzi olan 150 (yüz əlli) manat məbləğində pulun Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı Cavabdeh2 Mənzil Tikinti Kooperativinə ödəniş etməklə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzili alsa da, qüvvəyə minmiş məhkəmə qərarları ilə həmin payın satılmasına dair müqavilə etibarsız hesab edilmişdir. İddiaçı (borc alan) ilə Azərbaycan Beynəlxalq Bankı (borc verən) ilə arasında bağlanmış 23 fevral 2016-cı il tarixli (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsindən də müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında imzalanmış 23 fevral 2016-cı il tarixil 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 168.885 (yüz altmış səkkiz min yüz səksən beş) manat məbləğində krediti istifadə etmişdir. Hazırda Cavabdeh2 MTK bu halı mübahisələndirmir, bu hissədə borcu etiraf edir və mənzilə görə ödənilmiş olan 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürür. Belə olan halda mənzilin dəyərinin Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməli, digər cavabdehə dair hissədə sübuta yetmədiyindən rədd edilməlidir. Məhkəmə iddia tələbini faiz borcunun tutulmasına münasibətdə qeyd edib ki, İddiaçı onunla Cavabdeh2 MTK arasında imzalanmış 23 fevral 2016-cı il tarixli 000425 saylı müqavilənin predmeti olan mübahisəli mənzilin alınması üçün Azərbaycan Beynəlxalq Bankından 168.885 manat məbləğində kredit götürmüşdür. Bu, işin mübahisəsiz halıdır. Belə ki, 23 fevral 2016-cı il tarixli təminatlı kredit müqaviləsinin 2.2-ci bəndində bu aydın şəkildə öz əksini tapmışdır. Eləcə də, Cavabdeh2 MTK tərəfindən verilmiş cavab məktubunda da mənzilin dəyərinin ikinci ödənişinin bankdan götürülmüş kredit hesabına ödənilməsini etiraf etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/940 saylı, 09 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış 23 fevral 2016-cı il tarixli daxili ipoteka krediti üçün təminatlı 91-xx-xx-2016-MR-AS nömrəli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənilmiş 111.506,00 manat məbləğində pul vəsaitindən 87.638,76 manat məbləğində olan hissəsinin faiz borcuna silinməsi müəyyən edilmişdir. Məhkəmə 87.638,76 manat məbləğində faiz borcunun Cavabdeh2 Mənzil Tikinti Kooperativinin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi qiymətləndirir. Belə ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativi iddiaçı ilə mübahisəli mənzilə dair hər hansı bir hüququ olmadan müqavilə bağlayaraq, eləcə də həmin müqavilənin predmeti olan mənzilin alınması üçün bankdan iddiaçı tərəfindən kreditin götürülməsinə səbəb olan təqsirli hərəkətlərə yol vermişdir. İddiaçıya maddi ziyan dəyməsi, həmin ziyanın MTK-nın təqsirli hərəkətləri nəticəsində baş verməsi və dəymiş ziyanla təqsirli hərəkət arasında səbəbli əlaqənin mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq faiz borcunu iddia tələbi həcmində, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 (altmış min) manat pulun Cavabdeh2 MTK-dan tutularaq İddiaçıl Ağaşirin oğluna ödənilməsi hissəsində əsaslı və ədalətli hesab edərək təmin edilməsi qənaətinə gəlmişdir. Digər cavabdehə dair bu hissədə iddia sübuta yetmədiyindən rədd edilməlidir. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzil İddiaçı tərəfindən təmir olunduqdan sonra məhkəmə qətnaməsi ilə digər Cavabdeh1ya təhvil verilməsi qət edilmişdir. Belə olan halda hazırda Cavabdeh1 əsassız varlanmışdır. Məhkəmə mənzilin təmiri ilə bağlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən təmir xərcinə görə 40.000 manat tələb etdiyindən mübahisənin düzgün həll edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5466 saylı, 19 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən təmirə çəkilmiş xərcin məbləği 23.560 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, rəyin məzmunu və tədqiqatın aparıldığı sənədlərdən də görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edib ki, ekspertiza mərkəzinin ekspert rəyi inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Digər cavabdeh ASP MTK iddia tələbini bu hissədə qismən, ekspert rəyi ilə müəyyən olunan məbləğdə qəbul etdiyini bildirmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 MTK (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 manat olmaqla, cəmi 247.650 manat məbləğində pulun tutulması hissəsində ləğv edilərək həmin hissədə də iddianın rədd olunmasını xahiş edərək şikayətində göstərib ki, məhkəmənin gəldiyi bu nəticəni yanlış hesab edir. Belə ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ilə bağladığı 23 fevral 2016-cı il tarixli kredit müqaviləsində Cavabdeh2 MTK-nın iddiaçının krediti üzrə öhdəliyinin olması və ya MTK-ya dair hər hansı şərt müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmənin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçının Azərbaycan Beynəlxalq Bankı qarşısındakı öhdəliklərini faktiki olaraq Cavabdeh2 MTK-ya aid etməsi qeyri-qanuni qətnamə qəbul etməsi ilə nəticələnib.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin olunduğu vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 manat pulun tutulması hissəsində ləğv edilərək həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və məhkəmədən şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını edilməsini xahiş etdi.

16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 (altmış min) manat təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Mübahisələndirilən, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 (altmış min) manat təmin edilməsi hissəsinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə, iddia mübahisələndirilən, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 (altmış min) manatın təmin edilməsi hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdeh MTK-nın etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı.

26. Belə ki, cavabdeh MTK-nın iddiaçıya zərər vurduğu işin mübahisəsiz halıdır. Çünki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Hətta, Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındada hazırki iş üzrə iddiaçıya həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərclərinin ayrıca iddia qaydasında məhkəməyə müraciət edib tələb etmək hüququnun olması izah edilmişdir. Ona görə də qeyd olunan halların əlavə olaraq yoxlanılmasına əsas və zərurət yoxdur. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmamışdır.

27. Birinci instansiya məhkəməsi də cavabdeh MTK-nın iddiaçıya maddi ziyan vurduğu qənaətinə gələrək həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərc kimi- vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 (altmış min) manatın iddiaçıya ödənilməsini qət etmişdir.

28. Cavabdeh MTK şikayətində məhkəmənin gəldiyi bu nəticəni yanlış hesab etdiyini, çünki, iddiaçının Azərbaycan Beynəlxalq Bankı ilə bağladığı 23 fevral 2016-cı il tarixli kredit müqaviləsində Cavabdeh2 MTK-nın iddiaçının krediti üzrə öhdəliyinin olması və ya MTK-ya dair hər hansı şərt müəyyən edilmədiyini göstərir. Ancaq məhkəmənin bu hissədə gəldiyi nəticə yanlış olmamışdır. Çünki, cavabdeh MTK bu hissədə mülki hüquqi məsuliyyətə kredit müqaviləsi üzrə öhdəliyinin olmasına görə cəlb edilməmişdir. Başqa sözlə, 60.000 (altmış min) manatın təmin edilməsi hissəsində MTK-nın öhdəliyinin yaranma əsası sırf müqavilə olmamışdır. Kredit müqaviləsində MTK-ya dair hər hansı bir şərtin olmaması da bu hissədə iddianın təmin edilməsinə maneə deyildi. MTK-nın öhdəliyi iddiaçı qarşısında ona görə yaranıb ki, müqavilə əsasında təhvil vermədiyi mənzilin əldə edilməsinə görə iddiaçı (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsinə əsasən, məhz 23 fevral 2016-cı il tarixil 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün bankdan 168.885 (yüz altmış səkkiz min yüz səksən beş) manat məbləğində kredit almış və bugünə qədər də həmin kredit üzrə faizlər ödəməyə məcburdur. Demək ki, iddiaçı cavabdeh MTK-nın ona təhvil verməli olduğu, lakin təqsiri üzündən verə bilmədiyi mənzilə görə bankdan aldığı kreditə görə əsas borcla yanaşı faiz ödəyir, ancaq nə mənzili əldə edib, nədə 8 ilə yaxındır ki, mənzilə görə ödədiyi pulu MTK qaytarmır, nəticədə isə iddiaçı kreditə görə faiz ödəməklə sair xərclərə məruz qalır.

29. Ona görə də məhkəmənin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçının "xxxx" qarşısındakı öhdəliklərini faktiki olaraq Cavabdeh2 MTK-ya aid etməsi və qeyri-qanuni qətnamə qəbul etməsi ilə nəticələnməsi barədə şikayətin digər dəililləri də əsassız sayılır. Çünki, birinci instansiya məhkəməsi iddiaçının bank qarşısında öhdəliklərini MTK-ya aid etməmişdir, əksinə iddiaçı MTK-nın təqsiri ucbatından əldə edə bilmədiyi mənzilə görə bu gün də daxili ipoteka krediti müqaviləsinə görə banka əsas borcdan əlavə faiz ödəməyə məcbur olub. Qeyd olunduğu kimi, MTK isə iddiaçıya nə mənzil verib, nədə mənzilə görə iddiaçının bankdan kredit kimi alıb MTK-ya ödədiyi pulu qaytarmır. Deməli, bugunədək iddiaçı MTK-nın öhdəliyini yerinə yetirməməsinə görə əlavə xərclərə məruz qalmaqda davam edir. Əlbətdə ki, MTK bu halları bilməmiş deyil, lakin hüquqdan sui-istifadə etməklə iddiaçıya zərər vurmaqda davam edir. Ən azından ona görə ki, 8 ilə yaxın müddətdə iddiaçıdan mənzilə görə aldığı vəsaiti də heç bir səbəb göstərmədən qaytarmır yaxud qaytarmaq istəmir.

30. Ona görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə mövqeyini və gəldiyi nəticəni əsaslı və düzgün hesab edir. Çünki, iddiaçı cavabdeh MTK-nın təqsirli hərəkətləri nəticəsində maddi ziyana düşmüş, yəni kredit götürmüş, faiz ödəmiş və ödəməyə də davam edir. Bu, iş materialları ilə təsdiqlənən haldır. Ona görə də cavabdeh təqsirli hərəkətlərinin nəticəsi olaraq iddiaçıya dəyən və dəyməkdə davam edən maddi ziyanı və sair xərcləri qarşılamalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh MTK üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

32. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-67/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh2 MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-67/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar