Məhkəmə qərarları › İş №2(103)-6496/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6496/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6496/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Cavabdeh1, onun vəkili X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh9, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh10, Cavabdeh12, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qarşı “mülkiyyət hüququna cavabdehlərin müdaxiləsinin qarşısının alınması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X1, Cavabdeh11, Cavabdeh10 və Cavabdeh12 qarşı “mülkiyyət hüququna cavabdehlərin müdaxiləsinin qarşısının alınması, qonşuların qanunsuz hərəkətlərinə son qoyulması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1470 manat məbləğində iddiaçıya vurduğu maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi, cavabdehlər Cavabdeh11 və Cavabdeh12 mənzilə qanunsuz müdaxilə etdiklərinə görə belə hərəkətlərin onlara qadağan edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X3, Cavabdeh10 və Cavabdeh12 müştərək qaydada 10.000 manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 xx.xx.2019cu il tarixdə şikayət ərizəsi yazıb iddiaçı və onun qızı Sevanə Mirzəyevadan şikayət edərək guya onları təhqir etmələri və onları əsassız olaraq polisə sürüklədiyini qeyd etmişlər. Şikayət ərizəsi adları qeyd edilən şəxslər tərəfindən imzalanaraq Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Ombudsman aparatına göndərilmişdir. Həmin müraciət əsasında Suraxanı RPİ-nin 30-cu polis bölməsində və Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılmış və nəticədə şikayət əsassız olduğundan qeyd edilənlər öz təsdiqini tapmamışdır. Bu şikayət ərizəsinin araşdırılması zamanı iddiaçı dəfələrlə polis idarəsinə dəvət edilmiş və izahatı alınmışdır. İddiaçı özü dövlət idarəsində işləyir və bu əsassız şikayəti özünə qarşı edilmiş şər, böhtan kimi qiymətləndirir. Çünki, polis idarəsində araşdırma zamanı onun cavabdehləri təhqir etməsi, incitməsi, əsassız olaraq polisə sürükləməsi faktı sübut olunmamışdır. Əksinə, o, həmişə mehriban bir qonşu olmuş, küçənin, yolun çəkilməsində iştirak etmiş, o cümlədən yol kənarında evinin ətrafında gül-çiçək əkməklə yaşıllıq salmışdır. İddiaçı onun barəsində yuxarıda qeyd edilən şikayət ərizəsini imzalayan şəxslərdən onun barəsində yalan olduğunu bilə-bilə müvafiq dövlət orqanlarına əsassız məlumat verdiklərinə görə məsuliyyətə cəlb edilməsini istəyir. İddiaçını şikayətlə bağlı müvafiq orqanlardan çağırıb ondan izahatlar almışlar və o, narahatçılıq keçirmişdir. İddiaçı qeyd olunan şəxslərin əməlinə görə psixoloji sarsıntı, əsəb keçirmiş, onların bu hərəkətlərindən özünün və ailəsinin hüquqları pozulmuşdur. İddiaçı dövlət idarəsində işləyir, uzun illər dövlətə xidmət edən bir şəxsdir, cavabdehlərin bu hərəkətlərinin nəticəsində ona mənəvi zərər dəydiyini bildirir, çünki cavabdehlər iddiaçıya böhtan atmışlar. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə iddiaçının evinin yaxınlığında daş ovuntusu boşaltmış və bununla da təzə rənglənmiş evin fasadı və hasarını yararsız hala salmışdır. İddiaçı bunun nəticəsində məcbur olub həmin işləri yenidən gördürmüşdür. İddiaçının qonşusu Cavabdeh1 etdiyi bu əməllə iddiaçıya ümumilikdə 1470 manat məbləğində maddi ziyan dəymişdir. Bu halları həmin vaxt usta işlərini görmüş X8 məhkəmədə şahid kimi bunları təsdiq edə bilər. Bununla da, Cavabdeh1 iddiaçıya maddi, şikayət ərizəsini imzalamaqla ona böhtan atdığına görə həm də mənəvi zərər vurmuşdur. Cavabdeh11 hərəkətləri konkret olaraq iş materiallarına əlavə edilmiş video diskdə aydın şəkildə görünür. O, iddiaçının mənzilinə müdaxilə edərək qanunazidd hərəkətlər etmişdir. Cavabdeh11 heç bir əsas olmadan yerdən daş parçasını götürərək iddiaçının darvazasına çırpmışdır. Polisdə izahat verərkən o, daş parçasını küçədə olan itə atmasını bildirir. Lakin həmin vaxtı video görüntüdən də aydın olur ki, orada it olmamışdır, o, maşından düşərək orada olanlar ona nəsə dedikdən sonra yerdən daş götürüb qapıya doğru atmışdır. Bununla da, o, iddiaçının mənzilinə qanunsuz müdaxilə edərək konstitusion hüquqlarını cəmiyyətdə birgəyaşayış qaydalarını, o cümlədən qonşuluq münasibətlərinə zidd hərəkət etmişdir. Buna görə də o, iddiaçı qarşısında cavabdehlik daşıyır və məhkəmə tərəfindən ona qanunsuz hərəkətlərin təkrar edilməsi qadağan edilməlidir. Cavabdeh12 hərəkətləri konkret olaraq iş materiallarına əlavə edilmiş video diskdə aydın şəkildə görünür. O, iddiaçının mənzilinə müdaxilə edərək qanunazidd hərəkətlər etmişdir. Cavabdeh12 iddiaçının qapısını döyərək, gecə vaxtı iddiaçının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da, o, iddiaçının mənzilinə qanunsuz müdaxilə edərək konstitusion hüquqlarını pozmuşdur. Video görüntüdən aydın eşidilir ki, o, iddiaçını təhqir edib ünvanına nalayiq ifadələr işlədərək darvazanı döyür. Bununla da, o, iddiaçıya mənəvi zərər vurur. Ona görə də o, iddiaçı qarşısında mənəvi zərərə və mənzilə qanunsuz müdaxilə etməsinə görə məsuliyyət daşıyır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-892/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini iddia ərizəsində göstərdiyi dəlillərə istinad etməklə onunla əsaslandırmışdır ki, cavabdehlərin hərəkətləri nəticəsində onun hüquqları pozulmuş, mənzilinə və onun ailəsinə qarşı qanunsuz hərəkətlər, müdaxilələr olduğuna görə cavabdehlər mülki qaydada məsuliyyət daşımalıdırlar. Lakin məhkəmə bu halların olmasına baxmayaraq, tam araşdırma aparmadan, onun ziyanına qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1, onun vəkili X4 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı, cavabdehlər Cavabdeh9, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh10, Cavabdeh12, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mənəvi zərərin tutulması ilə bağlı iddia tələbi bütün cavabdehlərə qarşı irəli sürülsə də, cavabdeh Gülalıyev Şöhrət Rza oğluna maddi zərərin əvəzinin tutulması, cavabdehlər Cavabdeh11 və Cavabdeh12 qarşı mənzilə qanunsuz müdaxilə etdiklərinə görə belə hərəkətlərin qadağan edilməsindən ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu qeyd etsə də, bu halları sübut edə bilməmişdir. Kollegiya ilk olaraq iddiaçıya dəymiş maddi zərərin əvəzinin Cavabdeh1 tutularaq ona ödnəliməsini tələb etməsi ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, iddiaçı həmin hissədə öz iddia tələbinin əsaslılığını məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı özü də etiraf etdiyi kimi, Cavabdeh1 daş-çınqıl ovuntularını özünə məxsus olan həyətin qarşısında boşaltdırmışdır. Bununla bağlı cavabdeh tərəfin verdiyi izahatdan görünür ki, onlar həmin yükü iddiaçının evini təmir etdikdiyi vaxtdan təxminən 1 il əvvəl boşaltmışlar və o zaman iddiaçının evinin hasarı rənglənməmiş vəziyyətdə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə bu tələbin məhkəmədə sübut edilməməsi ilə yanaşı, həm də Mülki Məcəllənin 171.1-ci maddəsinə əsasən də əsassız olmuşdur. Belə ki, həmin maddəyə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Bundan başqa, Cavabdeh1 işin halları ilə müəyyən edilmiş hazırkı vəziyyətində, onun öz təsərrüfatında təmir işləri aparmaq üçün özünə məxsus həyətin qarşısına tikinti materialı gətirib boşaltması hüquqazidd hərəkət qiymətləndirilə bilməz. Kollegiya iddia tələbinin Cavabdeh11 və X5 mənzilə qanunsuz müdaxilə etmələri ilə bağlı hərəkətlərin onlara qadağan edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, İddiaçı öz iddia tələbində Cavabdeh11 onun evinin darvazasına daş atmasını, həmçinin X5 mənzilin qapısını döyərək nalayiq sözlər işlətməsini mənzilə müdaxilə kimi qiymətləndirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, mülki-hüquqi mənada müdaxilə anlayışı özlüyündə hər-hansı qanunsuz hərəkəti ehtiva etməklə, özgəsinə məxsus olan əmlaka və ya əmlak hüquqlarına hüquq sahibinin iradəsinə zidd daxil olmaq, yaxud bu hüququn həyata keçirilməsinə mane olmaq kimi halları əks etdirir. Göründüyü kimi, qanunsuz müdaxilə hüquq sahibinin, hazırkı işdə isə iddiaçının öz əmlakından sərbəst istifadə etməsinə hər hansı şəkildə mane olmağı ehtiva edir. Bu mənada kollegiya hesab edir ki, Cavabdeh11 iddiaçıya məxsus evin darvazasına daş atması, habelə digər cavabdeh X5 isə evin qapısını döyməsi İddiaçı öz mənzilindən sərbəst şəkildə istifadəsinə və həmin mənzillə bağlı hüquqlarını sərbəst həyata keçirməsinə hər hansı şəkildə manne olmadığından, mənzilə qanunsuz müdaxilə kimi qiymətləndirilməməlidir. Belə olan halda, iddia tələbinin mənzilə qanunsuz müdaxilə etmələri ilə bağlı hərəkətlərin göstərilən cavabdehlərə qadağan edilməsinə dair iddia tələbi əsaslı hesab edilə bilməz. Cavabdeh X5 hərəkəti mənzilə müdaxilə kimi qiymətləndirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, ona qarşı bu hərəkətinə görə mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassız olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq iddinı həmin hissədə də təmin etməmişdir. Bu zaman kollegiya işin o halını da nəzərə alır ki, iddiaçının özünün də etiraf etdiyi kimi, o, qeyd edilən hadisə zamanı evdə olmamış, cavabdehin hərəkətlərini yalnız sonradan küçəyə quraşdırılmış kamera görüntüsü vasitəsilə izləmişdir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X3, Cavabdeh10 və Cavabdeh12 müştərək qaydada 10.000 manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsinə dair hissəsdə təmin edilməməsini də əsaslı hesab edir. Belə ki, iddiaçı həmin hissədə öz iddia tələbini cavabdehlərin onun və qızının barəsində müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət etməsi, bununla bağlı polis tərəfindən araşdırılma aparılması, onun bir neçə dəfə polisə gedib-gəlməli olması, bu səbəbdən psixoloji sarsıntı və əsəb keçirməsi, onların bu hərəkətlərinin onun ailəsinin hüquqlarını pozması ilə əsaslandırmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektik yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Kollegiya qeyd edir ki, Konstitusiyanın bu prinsipindən çıxış edərək vətəndaşların onları narahat edən məsələlərlə bağlı dövlət orqanlarına müraciət etməsi və bununla bağlı araşdırma aparılması Mülki Məcəllənin 1096.1-ci maddəsinin müddəaları baxımından təqsirli və hüquqa zidd hərəkət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. X9 izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edliən qanunvericilik aktlarından və onların icrası məcburi xarakter daşıyan hüquqi şərhlərindən görünür ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normaları baxımından hüquqi qiymət verərək onları əsaslı hesab etmir. Belə ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv olunmasına səbəb ola bilməz. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya maddi ziyan vurulmasında təqsirinin sübuta yetirilməməsini nəzərə alaraq, iddianın mənəvi ziyanla bağlı hissəsinə prosessual qənaət prinsipinə uyğun olaraq əlavə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-892/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar