Məhkəmə qərarları › İş №2(103)-6496/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6496/2024

09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6496/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2024 saylı, 28 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının 6 nömrəli Protokolundan çıxarışda göstərilib ki, xx.xx.2023-cü ildən qeyri-yaşayış sahələri olan sahə mülkiyyətçiləri ilə mülkiyyət sənədlərində göstərilən ərazinin hər kv.metri üçün 60 qəpik ödəməklə İddiaçı MMMC ilə müqavilə bağlanılması, əhali üçün isə hər kv/m ərazi üçün 30 qəpik təyin edilməsi barədə qərar qəbul edilmişdir.

2. İddiaçı MMMC-nin məlumatına əsasən ünvan 1 ünvanında yerləşən 274.8 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2 xx.xx.2024- cü il tarixə çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə İddiaçınə borcu 1650 manat təşkil edir.

3. İddiaçı MMMC-nin məlumatına əsasən ünvan 1 ünvanında yerləşən 311 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 xx.xx.2024-cü il tarixə çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə borcu 2612 manat təşkil edir.

4. ünvan 1 ünvanında yerləşən 274.8 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2, ünvan 1 ünvanında yerləşən 772 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsinin ilkin mülkiyyətçisi Cavabdeh1 olmuşdur.

5. Cavabdeh1 mülkiyyətində olan olan ünvan 1 ünvanında yerləşən 772 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 461 kv.m hissəsini xx.xx.2020-ci ildə “İnterenerqo” müəssisəsinə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı MMMC iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək Cavabdeh1 2612 manat saxlanma və təmirə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 100 manat xidmət haqqı və 67 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 2779 manat məbləğində; Cavabdeh2 1650 manat saxlanma və təmirə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 100 manat xidmət haqqı və 36 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1786 manat tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Tələbdə göstərilib ki, “Sahil-D Kompani“ MMC tərəfindən inşa olunmuş ünvan 2 ünvanında yerləşən 4 ədəd 24 mərtəbəli yaşayış binası AR Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmişdir. Bundan əlavə, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının mənzil mülkiyyətçiləri (sakinləri) cavabdeh "xxxx" MMCnin qanunsuz idarəetmə fəaliyyətinə xitam verilməsi məqsədilə 2022-ci ilin yanvar ayında İddiaçı təsis etmiş və AR Ədliyyə Nazirliyinin Qeydiyyat Notariat Baş İdarəsində cəmiyyət 28 yanvar 2022-ci il tarixli, 1122-MM9-0230 qeydiyyat nömrəsi ilə rəsmi olaraq qeyrikommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmaqla hüquqi şəxs statusu əldə etmiş, ona 1122-MM9-0230 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Binalarda yaşayan bəzi sakinlər çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqı İddiaçınə ödəmirlər və bunun üçün müqavilə imzalamaqdan yayınırlar. Məhkəmə prosesinin baxış mərhələsi zamanı məlum olmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir qismini “İnterenerqo” müəssisəsinə satmışdır. 311 kv.m qeyri-yaşayış sahəsi sə hələ də onun mülkiyyətindədir. Ona görə də yalnız 311 kv.m-ə münasibətdə yeni məbləğ hesablanmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 311 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 xx.xx.2023-cü il tarixdən etibarən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqı İddiaçınə ödəmir və xx.xx.2024-cü il tarixə Cavabdeh1 İddiaçınə sözügedən əsasla bağlı 2612 manat məbləğində borcu vardır. ünvan 2 ünvanında yerləşən 274.8 kv.m qeyriyaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 274.8 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2 xx.xx.2023-cü il tarixdən etibarən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqı İddiaçınə ödəmir və xx.xx.2024-cü il tarixə Cavabdeh2 İddiaçınə sözügedən əsasla bağlı 1650 manat məbləğində borcu vardır. İddiaçı xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının 6 nömrəli Protokolundan çıxarışa əsasən, aylıq qeyri-yaşayış sahələri mülkiyyətçiləri üçün hər kv.m-ə görə 60 qəpik, əhali üçün isə hər kv.m-ə görə 30 qəpik saxlanma və təmirə görə haqq müəyyən edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2024 saylı, 28 avqust 2024cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin təmin edilərək Cavabdeh1 qeyri-yaşayış sahəsinə xidmətə görə 2612 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67 manat olmaqla, ümumilikdə 2779 (iki min yeddi yüz yetmiş doqquz) manat pul məbləğinin alınaraq İddiaçınə ödənilməsi; Cavabdeh2 qeyri-yaşayış sahəsinə xidmətə görə 1650 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 manat olmaqla, ümumilikdə 1786 (min yeddi yüz səksən altı) manat pul məbləğinin alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMMC ünvan 1 ünvanında, daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarının, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədilə fəaliyyət göstərir, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (müvafiq olaraq 274.8 kv.m və 311 kv.m sahələrin) mülkiyyətçiləridir, İddiaçı MMMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə xidmətlər göstərilsə də, cavabdehlər öhdəliklərindən yayınaraq, nəzərdə tutulmuş ödənişləri yerinə yetirməmiş və nəticədə kommunal xidmətlərə görə Cavabdeh2 1650 manat, Cavabdeh1 isə 2612 manat borcu yaranmışdır. Bununla belə, cavabdehlər tərəfindən həmin pul məbləğinin iddiaçıya ödənilməsi, onların bu öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edib ki, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisi çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə, kommunal xidmətlərə görə haqq ödəməlidir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Belə olan halda, cavabdehlər onların əmlaklarının yerləşdiyi ərazidə fəaliyyət göstərən İddiaçı MMMC-nin üzvü olubolmamasından asılı olmayaraq ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətləri ödəməlidir. Məhkəmə, Cavabdeh2 etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, bu, cavabdehin sübutetmə yükü ilə bağlıdır, belə ki, Cavabdeh2, etirazında göstərdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edib ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş məbləğin əvəzinin, hazırkı iddia tələbinə mütənasib olaraq 200 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə, çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 sentyabr 2020-ci il Qərarı)

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

10. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

11. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin qismən - Cavabdeh1 münasibətdə ləğv edilib həmin hissədə iddia tələbinin tam rədd edilməsini xahiş edib şikayətdə göstərir ki, xidmət haqqı tələb edilən ünvan 2 ünvanında yerləşən 772 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 olmamışdır. Həmin əmlakın hazırkı mübahisləndirilən 311 kv.m hissəsi Cavabdeh1 tərəfindən 2021-ci ildə satılmış və qeyd edilən sahəyə xx.xx.2021-ci il tarixdə X3 mülkiyyət hüququ əldə edərək xx.xx.2021-ci il tarixdə qeydiyyat nömrəsi ********** nömrə ilə çıxarış verilmişdir. Belə olan halda hazırkı iş üzrə iddia cavab verilməli olan şəxsə qarşı yox, başqa şəxsə qaldırılmış, məhkəmə isə həmin əmlakın mülkiyyətçisinin kim olması barədə müvafiq araşdırma aparmadan, Daşınmaz Əmlakın Dövlət reyesterindən mülkiyyətçinin kim olduğunu aydınlaşdırmadan hazırkı qətnaməni qəbul etməklə Cavabdeh1 hüquqlarını pozmuşdir.Mənzil Məcəlləsinin tələbləri baxımından yaşayış və komunal xidmətlərin ödənilməsi öhdəliyi həmin xidmətlərdən istifadə edən və əmlakın mülkiyyətçilərinə aiddir.

12. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil) isə apellyasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin tam rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə MMMC-nin İdarə heyəti tərəfindən qəbul edilmiş "xxxx" MMMC-nin Ümumi yığıncağının qərarı kimi qiymətləndirmiş və qətnaməsində guya Ümumi yığıncağının qəbul etdiyini göstərmişdir. Eyni zamanda, məhkəmə bu qərarda xx.xx.2023-cü ildə ümumi xərclərin, təmirə, kommunal xidmətlərə, binaların saxlanmasına və s. görə nə qədər pul xərclənməsi, həmin tarixdə (hazırda) nə qədər vəsaitin tələb edilməsi, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səhəsinin nə qədər olması, sahə mülkiyyətçilərinin mövcud xərclərdə hər birinin payının konkret olaraq nə qədər olması, qeyd edilənlərin hansı qəbzlər, müqavilələr ilə təsdiq edilməsi, son nəticədə saxlanma və təmirə görə haqqın əhali üçün hər kv/m ərazi üçün hansı obyektiv səbəblərdən 30 qəpik təyin edilməsi, qeyriyaşayış sahələri olan sahə mülkiyyətçiləriilə üçün isə bundan iki dəfə çox hər kv/m-i üçün 60 qəpik müəyyən edilməsi barədə mötəbər məlumatların olmamasına qiymət verməmişdir. Qərarın ümumi sözlərdən formalaşdırıldığına əhəmiyyət belə yetirməmişdir. Maliyyə arayışı da ümumi sözlərdən istifadə edilməklə tərtib edilmiş, bu borcun konkret olaraq hansı xidmətlərin, işlərin göstərilməsinə, hansı xərclərin çəkilməsinə, hansı ödənilən məbləğlərə görə yarandığı və cavabdehin həmin xidmətlərə, işlərə görə çəkilmiş xərclərdə, ödənilən haqqlarda payının konkret olaraq nə qədər olması göstərilməmişdir. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən ümumiyyətlə İddiaçı MMMC-nin 2024cü il üçün maliyyə planının təsdiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3 nömrəli iclasın qərarına istinad etməməli və həmin qərarı sübut kimi qəbul etməməli idi. Belə ki, həmin “sənəd” iddia tələbinin (məzmunun) əsasını təşkil etmir. Çünki iş üzrə iddia ərizəsində iddiaçı cavabdehlərdən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan dövr üzrə pul tələb edir. Həmin iddiyaya qiymət verilərkən xx.xx.2024-cü il tarixli 3 nömrəli iclasın “qərarının” sübut kimi qiymətləndirilməsi prosessual qanunvericiliyin kobud formada pozulması anlamına gəlir. Rayon məhkəməsi qətnaməsində Cavabdeh2 etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, bu, cavabdehin sübutetmə yükü ilə bağlıdır. Cavabdeh etirazında göstərdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə kolegiyasının nəzərinə çatdırılır ki, cavabdehin etirazının mahiyyəti və göstərdiyi hallar məhz iddianın əsassız olması ilə bağlıdır. Məhkəmə işə birtərəfli yanaşmış, cavabdeh tərəfindən təqdim edilmiş etiraza düzgün qiymət verməmişdir. Çünki çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakına saxlanması, təmiri, kommunal xərcələri, göstərilmiş xidmətləri barədə mötəbər sübutları, həmçinin cavabdehin borcunun məbləğinin düzgün, obyektiv olması, hesablanması və borcunun olması barədə mötəbər sübutları məhkəməyə iddiaçı təqdim etməli idi. İddianın əsaslı olmasını sübutetmə yükü iddiaçının vəzifəsidir.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz.

13. İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda hər iki apellyasiya şikayətinin təmin edilməməsini xahiş edib etirazı bununla əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsinin dəqiq yeri çıxarışda qeyd edilmədiyindən həmin çıxarışda qeyd edilən qeyriyaşayış sahəsinin Cavabdeh1 tərəfindən satılıb-satılmadığı müəyyən olunmur. Xətai Rayon Məhkəməsində həyata keçirilən icraat zamanı xx.xx.2024-cü il tarixində Cavabdeh1 tərəfindən məhkəməyə alğı-satqı müqaviləsi göndərilmişdir. Həmin alğı-satqı müqaviləsindən aydın olmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir qismini xx.xx.2020-ci il tarixində “İnterenerqo” müəssisəsinə satmışdır. 311 kv.m qeyriyaşayış sahəsi isə hələ də onun mülkiyyətində qalmışdır. Ona görə də xx.xx.2024-cü il tarixində yalnız 311 kv.m-ə münasibətdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında İddiaçı MMMC-nin nümayəndəsi X2 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda hər iki apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamalarını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2, 135.2.3 və 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi: mənzil-tikinti kooperativi üzvləri üçün -mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Maddə 136.2, 136.2.1 və 136.2.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsasdır, lakin digər Cavabdeh2 apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın ona aid hissədə rədd edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Cavabdeh1 apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia ona aid hissədə də təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ona aid hissədə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Cavabdeh2 isə apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, əslində onun şikayətinin obyektini də qətnamənin bir hissəsi, yəni ona aid hissədə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. Əvvəla, Cavabdeh1 aid hissədə idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin ona aid hissədə gəldiyi nəticə düzgün olmamışdır.

26. Lakin digər Cavabdeh2 aid hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin cavabdehə münasibətdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

27. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları Cavabdeh2 aid hissədə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa da, Cavabdeh1 münasibətdə uzlaşmır, üstəlik onun etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından ona aid hissədə haqlı sayılırmır.

28. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Çünki işdən və şikayətə əlavə edilmiş çıxarışdan bəlli olur ki, kommunal xərc tələb edilən 311 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən 2021-ci ildə satılmış və qeyd edilən sahəyə xx.xx.2021-ci il tarixdə X3 mülkiyyət hüququ əldə etmişdir. Bu cür vəziyyətdə qeyd olunan qeyri-yaşayış sahəsinə görə kommunal xərc tələbinə dair iddia, iddiaya cavab verilməli olan şəxsə qarşı yox, başqa şəxsə qarşı qaldırılmış, birinci instansiya məhkəməsi isə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin hansı şəxs olduğunun müəyyən edilməsi üçün araşdırmaya lazımı şərait yaratmamışdır. Bu cür vəziyyətdə Cavabdeh1 iddiaya cavab verməli olan şəxs olmadığından qətnamə ona aid hissədə ləğv edilərək iddia ona münasibətdə rədd edilməlidir.

29. Cavabdeh2 münasibətdə isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur və apellyasiya instansiyası məhkəməsi ona aid hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas görmür. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

30. Belə ki, Cavabdeh2 münasibətdə iddia tələbinin qanuni əsası kimi Mənzil Məcəlləsinin 122.3, 135.1, 137.6, 137.10, 138.5 və 140.1- maddələri nəzərdən keçirilə bilər. Ancaq faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Hazırki işdə faktiki hallar qeyd olunan maddi hüquq normalarının şərtləri ilə tam uzlaşır, eyni zamanda cavabdehin etiraz və müdafiə hüquqlarına görə iddianın əsaslılığı da aradan qalxmır.

31. Əvvəla, tələb olunan pulun tutulması üçün əsasların olması Mənzil Məcəlləsinin qeyd olunan və digər normalarında dəqiq və konkret göstərilmişdir. Belə ki, istər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti(MM.m.122.3), istərsə də idarəedici təşkilatı kimi(MM.m.137.6) iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur.

32. Tərəflər arasında müqavilənin bağlanmaması da hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki cavabdeh özü də müqavilə bağlamaqdan imtina etməməlidir. Ancaq cavabdeh hansı səbəbdən iddiaçı ilə müqavilə bağlamaq istəmədiyini də kifayət qədər aydın şəkildə məhkəmənin diqqətinə çatdırmaq istəməyib. Buna görə də kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi cavabdeh tərəfindən yaranmışdır. 33.Cavabdeh2 iddiaçı ilə arasında bağlanmış müqaviləyə görə deyil, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən tələblərini yerinə yetirməməsinə görə məsuiyyəti yarana bilər. Bu öhdəlik cavabdeh üçün İddiaçı MMMC-nin üzvü olaraq bağlamalı olduğu yaxud bağlayacağı əqdlər üzrə deyil, Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranır. Buna görə də ona aid hissədə iddianın rədd edilməsi üçün hər hansı bir əsas mövcud deyildir.

34. Göstərilənlərə baxmayaraq, Cavabdeh2 sahə mülkiyyətçisi kimi kommunal xidmətlərə görə müəyyən edilən haqqın miqdarı və digər halların onun hüquq və mənafeyinə uyğun olmadığını düşünürsə bununla əlaqədar ayrıca icraatda məhkəmə müdafiəsi hüquqndan istifadə etmək hüququna malikdir.

35. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Cavabdeh2 apellyasiya şikayəti isə təmin edilməməli, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2024 saylı, 28 avqust 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 aid təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli; Cavabdeh2 mübahisələndirdiyi hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin, Cavabdeh2 apellyasiya şikayəti isə təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2024 saylı, 28 avqust 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 aid təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar