Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6498/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinin pozulması nəticəsində nəticəsində vurulmuş ziyanın ödənilməsi, mülki hüquq pozuntusu, əldən çıxmış fayda, preyudisiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin və əldə çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında işgüzar münasibətlərin qurulması ilə bağlı şifahi razılaşma olmuş, həmin münasibətlər əsasında İddiaçı Cavabdeh ümumilikdə 55 050 manat vermişdir.
2. Həmin pul vəsaiti hesabına Cavabdeh tərəfindən torpaq sahəsi alınaraq orada ev inşa olunmuş, sonradan Murad Allahverdiyev evi X1.
3. Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş, ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi vaxtdan, yəni 05 dekabr 2022-ci il tarixdən hesablanması müəyyən edilmiş, tərəfindən ödənilmiş, saxlanılması üçün Bakı şəhəri BPİ-nin X8 təhvil verilmiş 7500 manat pulun zərərçəkmiş şəxs İddiaçı ödənilməsi və zərərçəkmiş şəxs İddiaçı adına poçt vasitəsilə 17 500 (on yeddi min beş yüz) manat məbləğində pulun göndərilməsinin nəzərə alınması müəyyən edilmiş, zərərçəkmiş şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmiş, iş üzrə məhkəmə xərcləri ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut - 1 ədəd CD diskin hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılması, məhkəmədə Cavabdeh hüquqlarını müdafiə etmiş müdafiəçisi X3 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 90 manat miqdarında pul vəsaitinin Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməsi müəyyən edilmişdir.
4. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını tamah məqsədilə ələ keçirmək üçün tanışı İddiaçı etibarından sui-istifadə edib Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış massivi, “Elmar” marketin yerləşdiyi yerin arxasındakı torpaq sahəsində sonuncunun verəcəyi pulun müqabilində inşa edəcəkləri 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evini 63 000 manata sataraq əldə olunan gəlirin 70 faizini İddiaçı verəcəyi adı ilə yalan vəd verib aldadaraq İddiaçı xx.xx.2021-ci ildə 13 000 manat, xx.xx.2021-ci il tarixdə 11 500 manat, xx.xx.2021-ci il tarixdə 10 000 manat, xx.xx.2021-ci il tarixdə 3000 ABŞ dolları, yəni 5100 manat, xx.xx.2021-ci il tarixdə 3000 ABŞ dolları, yəni 5100 manat, xx.xx.2021-ci il tarixdə 2000 ABŞ dolları, yəni 3400 manat, xx.xx.2021-ci il tarixdə 1150 ABŞ dolları, yəni 1950 manat və sonuncu dəfə 2021-ci ildə tarixi istintaqa məlum olmayan vaxtda 5000 manat, yəni ümumilikdə 55 050 manat pulu aldıqdan sonra həmin pulun müqabilində tikilmiş fərdi yaşayış evini sonuncunun məlumatı olmadan 2021-ci ilin avqust ayının sonunadək hissəhissə ödəmək şərti ilə ümumilikdə 48 000 manata Şöhrət Axundova satmaqla İddiaçı 63 000 manat dəyərində olan əmlakını ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Cavabdeh müdafiəçisi X5 və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh CM-in 178.2.4-cü maddəsi ilə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, o cümlədən 05 dekabr 2022-ci il tarixdən 14 fevral 2023cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 09 (doqquz) gün, cəmi 02 (iki) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Cavabdeh yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi müəyyən edilmiş, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuş, hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmiş, Cavabdeh cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab etmişdir ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı 63 000 manat dəyərində əmlakını deyil, zərərçəkmiş şəxsin faktiki olaraq ona verdiyi 55 050 manat pulun 30 050 manat hissəsini (25 000 manat pulun X6 tərəfindən İddiaçı ödənilməsi nəzərə alınmaqla) dələduzluq edərək, yəni onun etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməklə zərərçəkmişə xeyli miqdarda ziyan vurmuşdur.
7. Məhkəmə həmçinin vurğulamışdır ki, iş materiallarında olan sübutlarla evin dəyərinin 63 000 manat olması müəyyən edilməmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə evin tikintisi ilə bağlı 55 050 manat pul vermiş, evin 63 000 manata satılması ilə bağlı razılaşma olsa da, 55 050 manatdan artıq məbləğ fayda (qazanc) olmuş, həmin faydanın (qazanc) 30% hissəsinin təqsirləndirilən şəxsə, 70% hissəsinin isə zərərçəkmiş şəxsə çatması ilə bağlı tərəflərin iradə ifadələri olmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, real zərərin əvəzi olaraq 5050 manatın, əldən çıxmış faydanın əvəzi olaraq 7950 manatın və 129 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2020-ci ilin əvvəlindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya layihəsində şirkətdə onunla birlikdə işləmiş Cavabdeh 2021-ci ilin əvvəllərində ona müraciət edərək çox sərfəli bir təklifinin olduğunu, torpaq alıb ev tikməklə qazanc əldə edə biləcəklərini, həmin işi reallaşdırmaq üçün özünün heç bir maliyyə vəsaitinin olmadığını, işi maliyyələşdirməyini, özünün isə bütün işlərin başında duracağını demişdir. Aralarında olan razılığa görə usta, material, torpaq alışı və bütün digər xərcləri o ödəməli, Murad isə işlərin başında dayanmalı, ustaları tapmalı, materialların alınmasını təşkil etməli, bir sözlə, boş torpaq sahəsinin alınmasından, evin tikilib hazır vəziyyətə gətirilərək satılmasına qədər bütün işlərə rəhbərlik etməli olmuşdur. Gəlirlə bağlı isə razılaşmışlar ki, evin satışından əldə olunan gəlirin 30%-i Muradın, 70%-i onun olacaqdır. Aralarında olan şifahi razılığa əsasən Murad tikinti müddəti ərzində ona vaxtaşırı yazılı formada hesabatları verməli idi. Murad ilk hesabatı bir aydan sonra vermiş, digər ayların hesabatını isə dəfələrlə istəməyinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək təqdim etməmişdir. Hər dəfə cavabdehə torpaq sahəsi və fərdi yaşayış evinin tikilməsi üçün usta, material və s. müxtəlif miqdarda məbləğlər verdikcə, onun özünün iştirakı ilə əksər hallarda bu üçün iş nəzərdə tutduğu kağızda qeyd aparmışdır. Beləliklə, cavabdehə cəmi 55 000 (əlli beş min) manat məbləğində pul vermişdir. Pulları Cavabdeh müxtəlif tarixlərdə və yerlərdə əksər hissəsini zavoddakı xidməti otağında, sonuncu dəfə 5000 (beş min) manat məbləği isə Nərimanov rayonu, Təbriz küçəsi yaxınlığında vermişdir. Bu məbləğlə 2021-ci ilin fevral ayında Binəqədi rayonu, DSK yolu, Yeni yaşayış massivi, “Elmar” marketin yerləşdiyi yerin arxasında 2 sot torpaq sahəsi alınmış və kürsülü formada 4 otaqlı, 104 kv.m sahəsi olan fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evinin tikintisinin başa çatdırılması və yaşayış üçün hazır vəziyyətə gətirilməsi 2021-ci ilin iyul ayında tamamlanmışdır. Bu zaman cavabdeh ona öz başqa bir tanışı Şöhrət adlı şəxsin həmin evi almaq istədiyini demiş, fərdi yaşayış evinin qiymətini 63 000 (altmış üç min) manat məbləğində müəyyənləşdirmişlər. Cavabdeh ona bildirmişdir ki, evin satılması qarşılığında Şöhrətdən 1000 (bir min) manat beh alıb və pulun qalan 62 000 (altmış iki min) manatını 2021-ci ilin avqust ayının sonuna qədər hissə-hissə olmaqla verəcəkdir. Bu danışıq zamanı o, cavabdehə, behin özündə qalmasını, lakin bundan sonra heç bir halda onsuz pul almamasını tapşırmışdır. Eyni zamanda, evi alacaq şəxs olan Şöhrətə səsli mesaj ataraq bildirmişdir ki, onun icazəsi olmadan Murada pul verməsin. O, Murada Notariat Ofisində torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair sənədi verdikdən sonra Şöhrətə xx.xx.2021 tarixində səsli mesaj göndərərək sənədi Murada verdiyini və ay sonuna qədər məbləğin ödənilməsini xahiş etmişdir. Həmin səsli mesajdan bir gün sonra Şöhrət özü ona bildirmişdir ki, artıq Murada 1000 manat beh, daha sonra 2000 manat və 35 000 manat olmaqla toplam 38 000 (otuz səkkiz min) manat məbləğində ödəniş edib. Yəni, səsi dinləyənədək artıq həmin məbləğləri vermiş olub. Səsi dinlədikdən sonra isə Şöhrət Cavabdeh bildirib ki, Azadın göndərdiyi səs o mənanı verir ki, verdiyi puldan Azadın xəbəri yoxdur. Yenə də Şöhrətin deməsinə görə bundan sonra Murad növbəti gün onunla danışacağını demiş və xx.xx.2021 tarixində iş yerinin yaxınlığında onunla görüşüb üzrxahlıq edərək 1000 manat beh aldıqdan sonra icazəsi olmadan pul almayacağına söz verməsinə baxmayaraq Şöhrətdən pul almışdır. O, həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini və guya ondan xəcalət çəkdiyi üçün görüşə gəlib bu sözləri deyərək utanc hissi keçirdiyini, avqust ayının sonunda pulu dəqiq qaytaracağını bildirmişdir. Yenə də ona inanaraq avqustun sonuna qədər məbləğin tam şəkildə ödənilməsi üçün onu gözləyəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Şöhrət ona zəng edərək qalan pulun bir hissəsinin hazır olduğunu və gəlib götürə biləcəyini demiş, axşam onunla görüşərək ondan 20 000 (iyirmi min), bir neçə gün sonra isə 5000 (beş min) manat məbləğində pulu təhvil almışdır. Qeyd olunanlarla bağlı tərəfindən istintaq orqanına müraciət olunmuş, Cavabdeh cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və iş üzrə müvafiq məhkəmə aktları qəbul olunmuşdur.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi (vəkili) iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər tamamilə ödənilmişdir.
11. Birinci instansiya məhkəməsinin 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh dəymiş zərərə görə 5050 (beş min əlli) manatın tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 129 manat dövlət rüsumunun 70,50 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında işgüzar münasibətin olması, həmin münasibət çərçivəsində iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda verilməsi nəzərə alınmaqla ümumilikdə 55 050 manat məbləğində pul vəsaiti verilməsi, sonradan cavabdehin iddiaçıya qarşı dələduzluq cinayəti törətməklə onun pul vəsaitini mənimsəməsi işin müəyyən edilən hallarıdır. Beləliklə müəyyən edilir ki, cavabdeh iddiaçının qanunla qorunan hüquq və mənafelərinə qarşı təqsirli, hüquqazidd əməl törətmişdir. Ona görə də, delikt hallarını tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından iddiaçı cavabdehdən pul tələb etməkdə haqlıdır. Tələb edilən pulun məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, yuxarı instansiya məhkəməsinin qərarından aydın olur ki, iddiaçının cavabdehə faktiki olaraq verdiyi 55 050 manat pulun 25 000 manat hissəsi evi satın alan şəxs X6 tərəfindən İddiaçı ödənilmişdir. Qalan 30 050 (otuz min əlli) manat pul vəsaitindən isə Cavabdeh tərəfindən ödənilmiş və saxlanılması üçün Bakı şəhəri BPİ-nin X8 təhvil verilmiş 7500 manat pul və İddiaçı adına poçt vasitəsilə göndərilən 17 500 (on yeddi min beş yüz) manat məbləğində pul ödənilmişdir və ödənilməmiş cəmi 5050 manat məbləğində pul vəsaiti qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan pul vəsaitinin cavabdehdə qalmasını şərtləndirən hallar mövcud deyildir və bu səbəbdən iddia qeyd olunan hissədə təmin edilməli və Cavabdeh 5050 (beş min əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əldə çıxmış fayda üzrə 7950 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, yuxarı instansiya məhkəməsinin qərarından göründüyü kimi, İddiaçı onun 63 000 manat məbləğində əmlakına ziyan vurulduğunu qeyd etsə də, təqdim edilmiş ekspert rəyindən göründüyü kimi evin tikinti və təmir işlərinin bazar dəyərinin 40 000 manat məbləğində müəyyən edilməsi və evin 63 000 manata satılmasının real olmaması göstərilmişdir. Eyni zamanda qərardan aydın olur ki, Cavabdeh zərərçəkmiş şəxs (iddiaçı) İddiaçı 63 000 manat dəyərində əmlakını deyil, zərərçəkmiş şəxsin faktiki olaraq ona verdiyi 55 050 manat pulun (25 000 manat pulun X6 tərəfindən İddiaçı ödənilməsi nəzərə alınmaqla) 30 050 manat hissəsini dələduzluq edərək, yəni onun etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməklə zərərçəkmişə xeyli miqdarda ziyan vurmuşdur. Deməli, cinayət mühakimə icraatı qaydasında müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya vurduğu ziyan 63 000 manat deyil, 30 050 manatdır. Bu xüsusda məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan hissədə təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
14. Məhkəmə həmçinin vurğulamışdır ki, iddia qismən təmin edildiyindən ödənilmiş 129 manat dövlət rüsumunun 70,50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 422-ci, 425-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14cü, 77.1-ci, 82.4-cü maddələrinə istinad etmişdir.
16. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmasını, 7950 manat məbləğində əldən çıxmış faydanın, iddia ərizəsi və apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin həmin hissədə iddia tələbini kifayət qədər araşdırmadığı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarını düzgün təhlil etmədiyi, həmin qərarla 7950 manatın əldən çıxmış fayda olmasının müəyyən edildiyini nəzərə almadığı, beləliklə də gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda izahat vermiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Tərəflər hər ikisi izahatlarında bildirmişlər ki, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Yeni yaşayış massivi, “Elmar” marketin yerləşdiyi yerin arxasındakı 2 sot torpaq sahəsi 18 000 manata alınmışdır.
20. İddiaçı həmçinin bildirmişdir ki, cinayət işinə baxılarkən yalnız ev qiymətləndirilmiş, evin tikildiyi torpaq sahəsinin qiyməti nəzərə alınmamışdır.
21. Kollegiya iş üzrə mübahisəli hala aydınlıq gətirmək üçün mütəxəssis rəyinin alınmasını zəruri hesab etmiş, mütəxəssis (qiymətləndirici) qarşısında Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Yeni yaşayış massivi, “Elmar” marketin yerləşdiyi yerin arxasında 2 sot torpaq sahəsində inşa olunmuş evin (torpaq sahəsi ilə birlikdə) 2021-ci ilin aprel-avqust aylarına olan bazar qiymətinin müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur.
22. "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Yeni yaşayış massivi, “Elmar” marketin yerləşdiyi yerin arxasında 2 sot torpaq sahəsində inşa olunmuş evin (torpaq sahəsi ilə birlikdə) 2021-ci ilin aprel-avqust aylarına olan bazar qiyməti 67 000 manat təşkil etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
34. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
35. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
39. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir; iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın qismən təmin edildiyi hissədə yoxlanılmır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, qanuni qüvvədə olan hökmün (qərarın) preyudisiallığı ilə bağlı prosessual qanunvericiliyin müəyyənləşdirdiyi (§ 42) prinsipi düzgün tətbiq etməmiş, cinayət işinə baxılarkən təqsirləndirilən şəxsin müdafiəçisinin irəli sürdüyü arqumenti “hökmlə müəyyən olunmuş hal kimi” qiymətləndirməklə düzgün olmayan nəticəyə gəlmişdir.
50. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
51. İşin bilavasitə tərəflərinin özlərinin izahatları, eləcə də cinayət işi üzrə çıxarılmış qərarlarla müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında ortaq iş görmə (şəriklik) fəaliyyəti (ev tikib satmaq yolu ilə qazanc əldə etmək) ilə bağlı razılaşma olmuş, iddiaçı müəyyən məbləğdə pul vəsaitini bu məqsədlə cavabdehə vermiş, lakin sonradan cavabdeh razılaşmanın şərtlərini pozduğu üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır.
52. Cavabdehin iddiaçıya qarşı dələduzluq cinayətini törətməkdə təqsirli bilinib məhkum olunması tərəflər arasında müqavilə münasibətinin mövcud olmuş olduğunu inkar etməyə əsas yarada bilməz; çünkü həmin cinayət icraatı, müvafiq müqavilə əsasında öhdəliklər qismən yerinə yetirildikdən, yəni iddiaçı tərəfindən verilmiş pul vəsaiti hesabına cavabdeh tərəfindən torpaq sahəsi alınıb orada ev tikildikdən sonra cavabdehin iddiaçını aldatması, razılaşmanın (müqavilənin) hüdudlarından kənara çıxmaqla iddiaçının pul vəsaitini ələ keçirməsi və həmin vəsaiti öz şəxsi ehtiyaclarına sərf etməsi faktına görə həyata keçirilmişdir.
53. Beləliklə, tərəflərin bildirdikləri, habelə cinayət işi üzrə çıxarılmış qərarlarla müəyyən olunur ki, tərəflərin arasında ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh iddiaçının verdiyi sərmayə əsasında ev tikib satmağı və əldə olunacaq qazancın 70% hissəsini iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
54. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi üçün cavabdehə 55 050 manat verdiyini, habelə həmin vəsait hesabına tikilmiş evi 63 000 manata satmaq barədə razılaşdıqlarını sübutetmə yükü iddiaçının, öhdəliyini icra etdiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
55. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
56. İddiaçının cavabdehə 55 050 manat vermiş olduğu qanuni qüvvədə məhkəmə qərarı ilə müəyyən edildiyindən, iddiaçı müvafiq hissədə sübutetmə yükündən azad olunmuş sayılır.
57. Həmin qərarla (hökmlə) həmçinin müəyyən olunmuşdur ki, tərəflər evi 63 000 manata qiymətləndirərək onu məhz həmin qiymətə satmaq barədə razılaşmış, lakin cavabdeh iddiaçını aldadaraq evi 48 000 manata satmışdır.
58. Apellyasiya baxışı zamanı əldə olunmuş qiymətləndirici rəyi evin həmin dövrdə 63 000 manata satılmasının mümkünlüyü qənaətinə gəlməyə imkan verdiyindən kollegiya hesab edir ki, cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində iddiaçı əldə edə biləcəyi 5565 manat (63 000 – 55 050 = 7950 manat x 70% = 5565) faydadan məhrum olmuşdur.
59. Buna görə də kollegiyanın qənaətinə görə, şikayət qismən təmin olunaraq qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, müvafiq iddia tələbinin qismən təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır.
60. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsi zamanı da səhvə yol vermişdir.
61. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Belə olan halda, iddiaçının ödədiyi dövlət rüsumunun bir hissəsinin onun özünə aid olunması qanunun mənasına uyğun deyildir.
63. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
64. Kollegiya həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də cavabdehdən alınıb iddiaçıya ödənilməli, apellyasiya baxışı zamanı aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat cavabdehdən alınıb müvafiq hesaba köçürülməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2276/2023 saylı iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “əldən çıxmış faydanın əvəzi olaraq 7950 manatın tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin. Həmin iddia tələbi qismən təmin olunsun. Cavabdeh əldən çıxmış faydanın əvəzi qismində 5565 (beş min beş yüz altmış beş) manat alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə “129 manat dövlət rüsumunun 70,50 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilsin. Dövlət rüsumuna görə 129 (yüz iyirmi doqquz) manat Cavabdeh alınıb İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Apellyasiya baxışı zamanı alınmış qiymətləndirmənin (qiymətləndirmə rəyinin) haqqı olan 300 (üç yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab №:AZ30GUNA********************, Bank: "xxxx"ASC,VÖEN:**********, Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə