Məhkəmə qərarları › İş №2(103)-65/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-65/2025

18.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-65/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər “əmlakda payların müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı “əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(007)-155/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti İdarəsindən verilmiş Çıxarışdan görünür ki Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi 1-ci dalan ev 3c saylı, 84.30 kv.m ümumi yaşayış sahəsi, 0.011570 kv.m torpaq sahəsi olan fərdi yaşayış evi İddiaçı1, Əfqanlı İddiaçı2 və X2 ümumi birgə mülkiyyətindədir.

2. Azərbaycan Respublikası DİN “Yaşayış yeri üzrə qeydiyyat haqqında ”536740 v saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mübahisəli mənzildə İddiaçı1 qeydiyyatdadır.

3. Doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndə1 atası X5, anası isə X3r Doğum haqqında şəhadətnamədən görünür ki X1 atası X6, anası isə İddiaçı1dır. Doğum haqqında şəhadətnamədən görünür ki, X1 atası X6,anası isə İddiaçı1dır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Xaşpolad qızına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi 1-ci dalan ev 3c saylı, 84.30 kv.m ümumi yaşayış sahəsi,0.011570 kv.m torpaq sahəsi olan ümumi birgə mülkiyyətdəki fərdi yaşayış ebinə ümumi birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsi, müəyyən edilmiş payların çıxarışlarının verilməsi, yeni giriş-çıxış hissələrinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi dalan 1, 3 c saylı fərdi ev hüquqlarını müdafiə etdiyi şəxsin valideynlərindən miras qalıb, DƏDRX-n Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli «Çıxarış»a əsasən hər mənzil hər iki iddiaçının və onların qardaşları X2 ümumi birgə mülkiyyətindədir. X7 vəfat edib və onun həyat yoldaşı fərdi evə daxil olmaq, mülkiyyətlərindən təyinatı üzrə istifadə etmələrinə maneçilik törədir. Bu səbəbdən məhkəməyə müraciət etmək və ümumi birgə mülkiyyətdə olan əmlakda pay bölgüsü aparmaq məcburiyyətində qalıblar. Digər iddiaçı onun doğma bacısıdır və onlar Cavabdeh Xaşpolad qızının qanunsuz əməllərindən ziyan çəkirlər, belə ki, qeyd etdiyi kimi mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edə bilmir, səbəb isə cavabdehin hüquqa zidd əməlləridir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(007)- 2593/2022 nömrəli qərardadı ilə iddia ərizəsi İddiaçı2 münasibətdə sonuncu tərəfindən imzalanmadığına görə geri qaytarılmışdır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(007)- 155/2023 nömrəli qətnaməsi ilə rədd edilmişdir. (hakim X8)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab emişdir ki, ekspert rəyindən görünür ki, payların bərabər olaraq hər birinə 1/3 hissədə bölünməsi texniki cəhətdən mümkün deyil.Ona görə də iddia təmin olunmamalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-cı maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə tək еkspеrt rəyi ilə kifаyətlənməməli, yеrli bахış kеçirilməli və iddiа tələbinin əsаsı оlаrаq оbyеktiv аrаşdırmа аpаrılmаlı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-ci maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır;

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı1 Cavabdeh qarşı “əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməlidir.

21. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi 1-ci dalan ev 3c saylı,84.30 kv.m ümumi yaşayış sahəsi,0.011570 kv.m torpaq sahəsi olan fərdi yaşayış evi İddiaçı1,Əfqanlı İddiaçı2 və X2 ümumi paylı mülkiyyətindədir. Lakin ekspert rəyindən görünür ki, payların bərabər olaraq hər birinə 1/3 hissədə bölünməsi texniki cəhətdən mümkün olmadığında, iddia təmin olunmamalıdır.

22. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli qaydası kimi istinad etdiyi qanunvericilik normalarını düzgün tətbiq etməmişdir.

23. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti İdarəsindən verilmiş Çıxarışdan görünür ki Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi 1-ci dalan ev 3c saylı, 84.30 kv.m ümumi yaşayış sahəsi, 0.011570 kv.m torpaq sahəsi olan fərdi yaşayış evi İddiaçı1, Əfqanlı İddiaçı2 və X2 ümumi birgə mülkiyyətindədir. Hazırda isə iddiaçı payların naturada bölünməsini tələb edir.

24. Halbuki Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir.

25. İş materiallarından isə göründüyü kimi Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi 1-ci dalan ev 3c saylı, 84.30 kv.m ümumi yaşayış sahəsi, 0.011570 kv.m torpaq sahəsi olan fərdi yaşayış evi mülkiyyətçilərin ümumi birgə mülkiyyətindədir. Yəni mübahisələndirilən əmlaklar üzərində mülkiyyətçilərin payları müəyyənləşdirilməmişdir. Həmin əmlaklar üzərində payların müəyyən edilməsi üçün ilkin olaraq əmlaklar ümumi birgə mülkiyyət statusundan paylı mülkiyyətə keçməlidir. Başqa sözlə, mübahisələndirilən əmlakın ümumi birgə mülkiyyətdə olması həmin əmlakın hazırkı halda naturada ayrılmasını mümkünsüz edir.

26. MPM-nin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Belə olan halda kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərində də göründüyü kimi, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması yalnız mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Əlavə olaraq kollegiya qeyd edir ki, hazırki iddia üzrə iddiaçı qismində ümumi birgə mülkiyyətçilərdən olan İddiaçı2 da iş üzrə cavabdeh qismində qoyulmamışdır.

27. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(007)-155/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi yuxarıda qeyd edilən əsasla rədd edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(007)-155/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh qarşı “əmlakda payların müəyyən edilməsi” tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar