Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6507/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-4838/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 (üç yüz min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli 1(101)-667/2022 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, İddiaçı yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 1(103)-393/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal həbsdən azad edilmişdir. İbtidai istintaq qanunsuz və əsassız olaraq İddiaçı barəsində CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərək onu həbs etmiş, heç bir əsas olmadan onun azadlığı əlindən alınmış və məhkəmə istintaqına çıxarılmışdır. Qanunsuz ittiham və həbs edilməsi azmış kimi, Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan sonra Apellyasiya məhkəməsi şəxsin təqsirliyi sübuta yetirilmədiyi üçün ona bəraət vermiş və məhkəmə zalından azadlığa buraxılmışdır. Dövlət orqanlarının etdiyi səhv nəticəsində qanunsuz və əsassız olaraq şəxs ailəsindən və cəmiyyətdən təcrid edilmiş, 36 ay, 22 gün müddətində törətmədiyi əmələ görə həbsdə saxlanılmışdır. İddiaçı bu müddət ərzində öz müalicəsini tam və yetərli şəkildə apara bilməmişdir. Ağır və əsassız ittihama görə məsuliyyətə cəlb edildiyindən onun ailəsi, xəstə və yaşlı valideyinləri iztirab və əzab çəkmişlər, ailənin nüfuzu, etibarı zədələnmiş, ailəsi məhz ağır ittihama görə ondan ayrılmışdır. Həbs edilənə kimi taksi fəaliyyəti ilə və avtomobil satışı ilə məşğul olurdu. Hər ay qazancı 3500-4000 manatdan çox olurdu. Onun həbs edilməyi işinin itirilməsinə və çox böyük maddi və mənəvi zərər çəkməyinə gətirib çıxarmışdır. Ailənin yeganə gəlir gətirən şəxsi əsassız və qanunsuz olaraq 3 ildən artıq həbsdə saxlanılmışdır. Yaxın qohumlarının hər dəfə onu həbsxanada ziyarət etmək məcburiyyətində olmaları, öz qohumlarının, ailə üzvləri və qonşuların gözü qabağında onu alçaldaraq məcburi polis avtomobilinə əyləşdirilərək polisə aparmaları, əli qandallı şəkildə onu kameraya çəkərək istintaq hərəkəti kimi qələmə vermək, hər dəfə öz ailəsinə və yaxınlarına törətmədiyi əmələ görə hesabat vermək, onların suallarını cavablandırmaq ona çox böyük mənəvi sarsıntı vermiş, şəxsiyyətinə və mənliyinə zərbə vurmuşdur. Bütün bu alçaldıcı və təhqiredici hərəkətlər ona maddi və mənəvi sarsıntı və əzab vermişdir. İddiaçı mənəvi sarsıntı keçirmiş və mənəvi zərərin əvəzi olaraq 300.000 (üç yüz min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)- 4838/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş mənəvi zərərə görə 37.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qanunsuz həbsə məruz qalması və sonradan bəraət alması faktı nəzərə alınmaqla, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Həmçinin, birinci instansiyası məhkəməsi iddianın təmin olunmuş məbləğini onunla əsaslandırmışdır ki, formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, azadlıqdan məhrumetmə ilə bağlı olmayan (“polisin nəzarəti altına vermə”) seçilmiş qətimkan tədbirinin 1 ayına görə şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 300 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı).
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Həmçinin, məhkəmə iddiaçı tərəfindən tələb olunan kompensasiya məbləğinin əsasını araşdırmadan və mötəbər sübutlara istinad etmədən yalnız iddiaçının mülahizələrinə əsaslanaraq onun hüquq mühafizə orqanları tərəfindən qanunsuz olaraq cinayət təqibinə məruz qalması ilə əlaqədar ona vurulmuş mənəvi zərərə görə 37.000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Bu baxımından mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Məhkəmə tərəfindən mənəvi zərərə görə təyin edilmiş məbləğ işin hallarına, habelə bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
10. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
11. Həmin Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
12. Həmin Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı işdə iddia qismən təmin edildiyindən, lakin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli 1(101)-667/2022 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, İddiaçı barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi, İddiaçı yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir.
17. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022ci il tarixli qərarı ilə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, hökmündən cinayətlərin residivinə dair müddəalar xaric edilərək məhkum İddiaçı təyin olunmuş 06 (altı) il azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 09 (doqquz) aya endirilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Daha sonra, Ali Məhkəmənin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 1(102)-2262/2023 nömrəli qərarı ilə məhkum İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının İddiaçı barəsində olan 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
19. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi 1(103)-393/2024 nömrəli xx.xx.2024cü il tarixli hökmlə məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli 1(101)-667/2022 nömrəli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalından dərhal həbsdən azad edilməsi hökm edilmişdir.
20. Beləliklə, iş materialları ilə sübut olunur ki, dövlət orqanları tərəfindən qanuna uyğun gəlməyən aktların qəbul edilməsi nəticəsində İddiaçı zərər vurulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir.
21. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin apellyasiya şikayətində göstərdiyi iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsasının olmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırkı halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, dövlətin adından dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır və Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması hüquq normalarının pozulmasına səbəb olmamışdır.
22. Bundan əlavə, cavabdehin apellyasiya şikayətində göstərdiyi - mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləğinin şişirdilmiş olması barədə dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
23. Bununla bağlı, məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, azadlıqdan məhrumetmə ilə bağlı olmayan (“polisin nəzarəti altına vermə”) seçilmiş qətimkan tədbirinin 1 ayına görə şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 300 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı). Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı dəymiş mənəvi zərərə görə 37.000 (otuz yeddi min) manat məbləğində vəsait ödənilməsi barədə gəldiyi nəticəni məhkəmə kollegiyası ədalətli hesab edir.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, e-2(006)- 4838/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov