Məhkəmə qərarları › İş №2(103)-6510/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6510/2023

30.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6510/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3676/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.Cavabdeh Binəqədi RPİ-nin təhqiqatçısı R.Məmmədova verdiyi izahatından müəyyən olunur ki, işi ilə əlaqədar həyat yoldaşı X2 atasından 17000 manat borc alaraq ona vermiş, o, həmin borcu atasına qaytaracağını həyat yoldaşına bildirmiş, bundan sonra həyat yoldaşı ilə arasında borcla bağlı mübahisə yaranmış, sonuncu mübahisələri xx.xx.2023-cü il tarixdə olmuş, o, çox əsəbi olduğundan həyat yoldaşının sağ ayağına vurmuş, sonuncu baş barmağından xəsarət almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı borc tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı 17000 manat məbləğində borc pul almış, bu günə qədər həmin puldan ümumilikdə 1000 manat qaytarmışdır. Bu faktın özü də borcun etirafı kimi qiymətləndirilməlidir. Cavabdeh hazırda borcun geri qalanını ödəməkdən imtina edir. Cavabdehin Binəqədi RPİ-də verdiyi izahatı və Binəqədi RPİ tərəfindən çıxarılmış yekun protokol da onun İddiaçı 17000 manat məbləğində borc pulu almasını təsdiq edir. Beləliklə, cavabdeh özü borc aldığını etiraf etmişdir. Binəqədi RPİ tərəfindən verilmiş 09.02.23-cü il tarixli yekun protokolda da həmin faktlar təsdiqlənir. Cavabdeh tərəfindən hazırki, borc məbləği ödənilmədiyindən və borcun ödənilməsindən imtina olunduğundan mübahisənin məhkəmə qaydasında həll olunması zərurəti vardır. Bundan başqa iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim etmək üçün çəkdiyi əlavə xərcləri də cavabdehdən tələb edir. Ona görə də borca görə 16000 manatın, dövlət rüsumuna görə 140 manatın, iddiaçıya görstərilən hüquqi xidmət üçün vəkilə ödənilmiş 120 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması xahiş olunur.

4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3676/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh borca görə 16000 manat, məhkəmə xərclərinə görə 258 manat olmaqla cəmi 16258 manat İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 2022-ci ilin mart ayında aldığı 17000 manat borcdan 1000 manat qytardıqdan sonra qalan 16000 manat borcu qaytarmamışdır. Ona görə də məhkəmə iddiaçının cavabdehə qarşı 16000 manat borc tələbini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə araşdırması zamanı iddiaçının 138 manat dövlət rüsumu və hüquqi xidmətə görə 120 manat ödəməsi müəyyən olunduğundan məhkəmə, məhkəmə xərclərinə görə iddiaçının tələbini qismən təmin edir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsi, Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1, 739.2, 740.1, 740.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3676/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxarkən işin faktiki hallarını, işdə olan dəlilləri düzgün araşdırmamış və nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı cavabdeh aldığı borcu öz şəxsi mənafeləri üçün xərclədiyini bildirməmişdir. Alınan borc məbləği ailənin ümumi maraqlarına xərclənmiş, ailədə daxili maddi problemlərin həllinə yönəlmişdir ki, bu da birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı xərcləri əhatə edir. Yaranmış bu borc, ərarvadın birgə təsərrüfat apardığı zamanı ailə mənafeyi üçün xərclənmiş birgə borcu olsa da, məhkəmə həmin borcun yalnız cavabdehdən tutulmasını təmin etmişdir. Məhkəmə iştirakının təmin edilməsi üçün bütün mümkün tədbirləri həyata keçirməmiş, bununla da, mümkün sübutları təqdim etməyə şərait yaratmamışdır. Eyni zamanda tərəflərindən digər şahidlərin və eyni zamanda cavabdehin özünün məhkəməyə dəvət edilərək dindirilməsi təmin edilməmişdir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun protokol üzrə cavabdeh tərəfindən verilmiş izahatı təhrif etmişdir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı cavabdeh aldığı borcu öz şəxsi mənafeləri üçün xərclədiyini bildirməmişdir. Alınan borc məbləği ailənin ümumi maraqlarına xərclənmiş, aildədaxili maddi problemlərin həllinə yönəlmişdir ki, bu da birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı xərcləri əhatə edir. Yaranmış bu borc, ər-arvadın birgə təsərrüfat apardığı zamanı ailə mənafei üçün xərclənmiş birgə borcu olsa da, məhkəmə həmin borcun yalnız cavabdehdən tutulmasını təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə etiraz edərək bildirir ki, apellyasiya şikayətində cavabdehin istinad etdiyi faktların heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd elmişdir ki, "iddiaçıdan alınan borc məbləği ailənin ümumi maraqlarına xərclənmişdir və bu da birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı xərcləri əhatə edir". Bu epizodla bağlı onu qeyd etmək istəyir ki, cavabdeh Binəqədi rayon Polis İdarəsində verdiyi izahatında göstərmişdir ki, onun işi ilə əlaqədar yoldaşı X2 alası İddiaçı 17000 manat məbləğində borc pul alıb cavabdehə vermişdir. Cavabdeh həmin borcu qaytaracağını da bildirmişdir. Cavabdehin öz izahatından aydındır ki, sözügedən borc pul Cavabdeh tərəfindən öz işləri ilə əlaqədar alınmış və qaytarılmamışdır. Belə olan halda həmin borcun ailənin ümumi maraqlarına xərcləndiyi ilə bağlı istinad tamamilə əsassızdır. b) Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində qeyd edilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

12. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd edilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

13. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (Maddə 1092.2)

14. Həmin Məcəllənin 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilmədiyi əsası ilə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

19. İddiaçı Cavabdeh 16000 manat məbləğində pul və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün vəkil xərcinin tutulmasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək borca görə 16000 manat və məhkəmə xərclərinə görə 258 manat məbləğində pulun tutulması qət edilmişdir.

21. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən cavabdeh şikayətin dəlili olaraq qeyd edir ki, pul vəsaitini həyat yoldaşının atası olan iddiaçıdan almış və ailənin ümumi maraqlarına xərcləsə də, borc pul əsassız olaraq yalnız ondan tutulmuşdur.

22. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır.

23. Belə ki, iddiaçının cavabdehə 17000 manat məbləğində pul verməsi cavabdehin polisə verdiyi izahatı ilə təsdiqini tapmışdır. O cümlədən apellyasiya şikayətindən müəyyən olunur ki, cavabdeh iddiaçının 16000 manat pul tələbinə etiraz etmir, sadəcə pulun yalnız ondan tutulmasına etiraz edir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, işə baxan məhkəmə iddiaçı tərəfindən cavabdehə pulun verilməsi ilə bağlı yazılı müqavilə bağlanmadığı halda borc müqaviləsinə dair maddi hüquq normasına istinad etmişdir.

25. Mülki Məcəllənin 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

26. Tərəflər arasında borc pul verilməsi ilə bağlı yazılı müqavilə bağlanmasına dair qanunvericiliyin tələbinə əməl edilməmişdir.

27. Lakin bununla da belə iddiaçı tərəfindən pulun verilməsi öz təsdiqini tapmışdır. Hazırkı halda cavabdeh iddiaçı tərəfindən ona verilmiş pul vəsaitini iddiaçıya geri qaytarmayaraq əsassız varlanmışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki, cavabdeh izahatında “işi ilə əlaqədar həyat yoldaşı X2 atasından 17000 manat borc alaraq ona vermiş, o, həmin borcu atasına qaytaracağını həyat yoldaşına bildirdiyini qeyd etmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 120 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 138 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.

30. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e- 2(001)-3676/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16000 manat, məhkəmə xərclərinə görə 258 manat olmaqla, cəmi 16258 manat İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3676/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16000 manat, məhkəmə xərclərinə görə 258 manat olmaqla, cəmi 16258 (on altı min iki yüz əlli səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar