Məhkəmə qərarları › İş №2(103)-6516/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6516/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6516/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-124/2022 saylı, 20 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 3248-ci məhəllə, S.Məmmədov küçəsi 4A saylı evin 15 saylı mənzili barəsində sərəncam vermək hüququ olmadığı halda "xxxx" MTK ilə İddiaçı arasında həmin mənzilə dair 16 dekabr 2011-cü il tarixdə müqavilə bağlanmışdır.

2. Həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5662/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir.

3. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5662/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən həmçinin İddiaçı ailə üzvləri ilə mübahisəli mənzildən çıxarılması qət edildiyi üçün o, uzun zaman ərzində yaşadığı mənzildən çıxarılmışdır.

4. Hazırda iddiaçı məhkəməyə müraciət edərək mənzilə sahiblik və ondan istifadə etmək hüququnu həyata keçirən zaman sərf etdiyi vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 3 otaqlı, 119.0 kv.m sahədən ibarət mənzilin tamamilə tərəfindən təmir edilməsi ilə bağlı çəkilmiş xərclə bağlı 40.000 manat, mənəvi zərərə görə 2000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən və 3 otaqdan ibarət, sahəsi 119.0 kv.m olan mənzili 16 dekabr 2011-ci il tarixli müqavilə əsasında "xxxx" MTK-dan almışdır və mənzilin dəyəri olan 60.000 manat tərəfindən tam ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzil kooperativlə Cavabdeh arasında bağlanmış 15 iyul 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh məxsus olmuşdur və o, 2011-ci ilin ortalarında N.Haşumova Kooperativin rəhbərliyinə müraciət edərək mənzilin satışında kömək göstərilməsini xahiş etmiş və qeyd edilən müqavilə əsasında ona verilmişdir. Mənzili aldıqdan sonra tam şəkildə təmir etmiş, belə ki, mənzil alınarkən tam şəkildə boş olmuşdur və yaşayış üçün yararlı olmamışdır. Mənzilin təmirinə tərəflərindən 40.000 manat məbləğində vəsait xərclənmişdir və təmir bitdikdən sonra köçüb yaşamağa başlamışlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh "xxxx" MTK və ona qarşı “mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış, Binəqədi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə icra edilmişdir və o, ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmışdır. Ona təmirlə bağlı dəymiş maddi ziyan ödənilməmişdir və dəfələrlə müraciət etsə də həllini tapmamışdır. Cavabdeh mənzili satmaq istəyir və təbbi ki, mənzil təmirli olduğundan xeyli yüksək məbləğə satılacaqdır. Ona görə də onun təmirə xərclədiyi vəsait cavabdehdən tutularaq ona ödənilməlidir, cavabdehin təqsiri ucbatından o xeyli məbləğdə maddi ziyana məruz qalmışdır. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmişdir, əsəb gərginliyinə məruz qalmağı səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Mənzildən məhrum edilməyi və xeyli miqdarda maddi zərərə düşməyi onun şüuruna mənfi psixoloji təsir etmişdir, sağlamlığı pozulmuşdur. Cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərəri 2000 (iki min) manat məbləğində dəyərləndirir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-124/2022 saylı, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ədənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanmış şəxs hesab olunur və o, məhrum olanın tələbi ilə əldə etdiklərini və ya onların dəyərini ödəməlidir. Mülki Məcəllənin 157.7-ci maddəsinin tətbiq olunması üçün aşağıdakı dispozisiya şərtləri müəyən edilməlidir: iddiaçı vicdanlı sahib (və ya keçmiş sahib) olmalı, əşyanı yaxşılaşdırmaq üçün xərc çəkmiş olmalı, əşya cavabdehin sahibliyində və ya mülkiyyətində olmalıdır. Qeyd olunan şərtlərdən hər hansı biri aşkar edilmədikdə həmin normaya əsaslanan iddia təmin oluna bilməz.

9. Eyni qayda üzrə, əsassız varlanmış şəxsə (hazırki halda cavabdeh) qarşı göstərilən tələb o zaman verilə bilər ki, əsassız varlanma obyekti onun sərancamında olsun. Baxılan işdən mübahisəli mənzilin İddiaçı tərəfindən əldə edilərkən tam təmirsiz və istifadəyə yararsız vəziyyətdə olduğu, onun həmin mənzili təmir etdirməklə orada uzun müddət yaşadığı müəyyən edilmişdir. Təmir xərclərinin sərf olunduğu mənzilin qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən mülkiyyət hüququ ilə Cavabdeh təhvil verildiyi də işin mübahisələndirilməyən halıdır.

10. Mülki işin mübahisələndirilməyən hallarından həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6347/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK-dan 16 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 60.000 manat və maddi zərər kimi 90.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı iddia ərizəsindən göründüyü kimi, mənzil onun tərəfindən təmir edildiyinə görə, o, "xxxx" MTK-nın əməli nəticəsində 30.000 manat məbləğində maddi zərərə məruz qalmışdır. O, həmçinin MTK-nın təqsiri üzündən yaşayış sahəsindən məhrum olmuş, bununla bağlı ona dəymiş maddi zərəri 60.000 manat məbləğində qiymətləndirmiş, mənzili eyni ərazidə yenidən əldə etmək üçün bazar qiymətlərinin qalxması nəzərə alınmaqla ona əlavə 60.000 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. Həmçinin İddiaçı ona dəymiş mənəvi zərəri də 3.000 manat məbləğində olmasını müəyyən etmişdir.

11. Həmin qətnamədən eyni zamanda görünür ki, "xxxx" MTK-nın sədri iddianı qismən etiraf etmiş, İddiaçı 150.000 (60.000+60.000+30.000) manat geri qaytarılmasına etirazı olmadığını bildirmişdir. Nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə İddiaçı "xxxx" MTK tərəfindən 16 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 60.000 manat və dəymiş maddi zərər olaraq 90.000 manat, cəmi 150.000 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Qeyd olunmalıdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5662/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı etibarsız hesab edilmiş müqavilə üzrə 60.000 manat məbləğində pulun "xxxx" MTK tərəfindən qaytarılması qət edilmişdir.

12. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)130/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış İddiaçı təqsirləndirilən şəxslərin cinayət əməlləri nəticəsində dəymiş 60.000 manat maddi zərərin, 5.000 manat - mənəvi zərərin, 30 manat dövlət rüsumunun, cəmi 65.030 manat məbləğində pulun ödənilməsi hökm edilmişdir. Göstərilən hər üç məhkəmə aktı qanuni qüvvəyə minmişdir.

13. Göründüyü kimi iddiaçı cavabdehdən vicdanlı əldə edən kimi mübahisəli mənzilin yaxşılaşdırılması üçün çəkdiyi xərci dəymiş maddi zərər qismində tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Lakin qeyd edilən məhkəmə aktlarına əsasən müəyyən edilir ki, iddiaçı təmir xərci kimi istinad etdiyi maddi zərərin ödənilməsi üzrə yaranmış öhdəliyin üçüncü şəxs tərəfindən (MTK) icra edilməsinə etiraz etməmiş, hətta məhkəməyə müraciət etməklə həmin zərərin üçüncü şəxsin təklif etdiyi formada qəbul etməyə hazır olduğunu faktiki olaraq bildirmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 16.1, 157.7, 386, 431.1, 431.2, 1091, 1092.1, 1094-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

16. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

17. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, ona təmirlə bağlı dəymiş maddi ziyan ödənilməmişdir və dəfələrlə müraciət etsə də həllini tapmamışdır . Cavabdeh mənzili satmaq istəyir və təbbi ki, mənzil təmirli olduğundan xeyli yüksək məbləğə satılacaqdır. Ona görə də onun təmirə xərclədiyi vəsait cavabdehdən tutularaq ona ödənilməlidir, cavabdehin təqsiri ucbatından xeyli maddi ziyana məruz qalmışdır. Lakin məhkəmə tərəfindən obyektiv araşdırma aparılmamış, məhkəmə yalnız qəbul edilmiş məhkəmə qərarlarına istinad etməklə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, "xxxx" MTK fəaliyyət göstərmir, rəhbəri vəfat etmiş, MTK-nın heç bir əmlakı yoxdur, həmin qətnamənin icrası mümkünsüzdür. Belə olan halda əsassız varlanmış şəxs tərəfindən çəkdiyi məsrəflər ona geri qaytarılmalıdır. Cavabdehin əsassız varlanması, MTK-nın fəaliyyətinin olmaması, əmlakının olmaması və onun MTK-dan maddi zərərin geri alınması mümkünsüzlüyü iş üçün əhəmiyyət kəsb etməyinə baxmayaraq məhkəmə tərəfindən sübut edilməmişdir Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması şəraitində qətnamə çıxarılmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

19. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi X5 verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir.

25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

26. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

29. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

33. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi Firqət Məmmədovun çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı cavabdehdən vicdanlı əldə edən kimi mübahisəli mənzilin yaxşılaşdırılması üçün çəkdiyi xərci dəymiş maddi zərər qismində tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Lakin iş materiallarında olan, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən müəyyən edilir ki, iddiaçı təmir xərci kimi istinad etdiyi maddi zərərin ödənilməsi üzrə yaranmış öhdəliyin üçüncü şəxs "xxxx" MTK-nın sədri tərəfindən icra edilməsinə etiraz etməmiş, hətta məhkəməyə müraciət etməklə həmin zərərin üçüncü şəxsin təklif etdiyi formada qəbul etməyə hazır olduğunu faktiki olaraq bildirmişdir.

47. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia “maddi zərərin ödənilməsi” hissəsində rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti həm də onunla əsaslandırmışdır ki, bu məsələyə fərqli yanaşma iddiaçının hüquqlarından suiistifadə etməsinə zəmin yaradar. Məhkəmə eyni zamanda hesab etmişdir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

49. İddiaçı apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, "xxxx" MTK fəaliyyət göstərmir, rəhbəri vəfat etmiş, MTK-nın heç bir əmlakı yoxdur, "xxxx" MTK-dan 16 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 60.000 manat və maddi zərər kimi 90.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6347/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası mümkünsüzdür. Belə olan halda əsassız varlanmış şəxs hazırki iş üzrə cavabdeh olan şəxs tərəfindən çəkdiyi məsrəflər ona geri qaytarılmalıdır. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması şəraitində qətnamə çıxarılmışdır.

50. Məhkəmə kollegiyası cavabdehin apelyasiya yuxarıda qeyd olunan dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, "xxxx" MTK-dan 16 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 60.000 manat və maddi zərər kimi 90.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6347/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasının mümkün olmaması, hazırki mülki iş üzrə cavabdeh kimi qoyulmuş Cavabdeh 40.000 manat maddi zərərin tutulması üçün əsas hesab edilə bilməz.

51. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

52. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

53. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-124/2022 saylı, 20 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar