Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6522/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2042/2022 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 2016-cı ilin noyabr ayından 2018-ci ilin avqust ayınadək olan müddət ərzində X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında işləyərkən satışdan əldə olunmuş 26498 manat məbləğində pul vəsaitini gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktına dair Nərimanov rayon prokuroru tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir.
2. 04.11.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmuş, lakin İddiaçı istintaqdan gizləndiyindən onun olduğu yerin müəyyən edilməsi, ittiham elan etmək üçün tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün müvafiq tədbirlər görülməsindən ötrü həmin gün barəsində axtarış elan edilmişdir.
3. Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin əməklaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs İddiaçı xx.xx.2020-ci il tarixli Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim edildiyindən, icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxdığı üçün həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir.
4. Təqsirləndirilən şəxs İddiaçı zərərçəkmiş şəxs X6 vurmuş olduğu 28115,63 manat məbləğində maddi ziyanın müqabilində xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin istintaq şöbəsində anası Şahid vasitəsilə Asya Əskərovaya 4800 manat və 10200 manat ekvivalentində 6000 ABŞ dolları olmaqla, cəmi 15000 manat ödəniş etmişdir. Bununla əlaqədar müstəntiq tərəfindən xx.xx.2020-ci il tarixdə Şahid və zərərçəkmiş şəxs X4 iştirakı ilə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarında əlavə olunmuşdur.
5. xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı barəsində ibtidai istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Nərimanov rayon Məhkəməsinə təqdim verilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır.
6. xx.xx.2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru tərəfindən vəsatət rədd edilmiş və təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair qərar qəbul olunmaqla həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsinə göstəriş verilmişdir. xx.xx.2020-ci il tarixdə tərəfindən təqsirləndirilən şəxs İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
7. 14.12.2020-ci il tarixdə ********* saylı cinayət işi ittiham aktı ilə birlikdə təsdiq edilməsi üçün Nərimanov rayon prokurorluğuna göndərilmiş və həmin ittiham aktı Nərimanov rayon prokurorluğunda təsdiq olunaraq baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir.
8. 200066037 saylı cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılmış və bir sıra qanun pozuntularına yol verildiyi üçün xx.xx.2021-ci il tarixdə cinayət işi Nərimanov rayon prokurorluğuna geri qaytarılmışdır.
9. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə təqsirləndirilən şəxs İddiaçı tərəfindən gizli talama yolu ilə zərərçəkmiş şəxs X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən tikinti materialları mağazasından ümumilikdə 28115,63 manat məbləğində pul vəsaitinin gizli olaraq talanıb oğurlanmasında hər hansı formada iştirakının olması müəyyən edilmədiyindən, İddiaçı barəsində cinayət təqibinin başlanması rədd olunaraq, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanmış 20006607 saylı cinayət işi üzrə icraata xitam verilmişdir.
10. Hazırda iddiaçı ona vurulmuş 15.000 manat maddi və 50.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rahib Əliyev iddiaçını qanunsuz olaraq AR CM-nin 177.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmişdir, guya ki, «zərərçəkmiş şəxs» Asiya Əsgərovaya məxsus tikinti materialları tikinti materialları mağazasında əmək müqaviləsi üzrə satıcı işləyən zaman ona etibar edilmiş əmlakı mənimsəməklə 26.498,13 manat məbləğində oğurluq etmişdir. Təqsiri olmadığı üçün iddiaçı ittihamı qəti surətdə rədd etmişdir. Belə ki, işin hallarından müəyyən olunur ki, Asiya Əsgərovanın şikayəti üzrə Nərimanov rayon Polis İdarəsində barəsində dəfələrlə araşdırmalar aparılmış, lakin əməlində oğurluq, mənimsəmə və dələduzluş faktları təsdiq edilmədiyi üçün hər dəfə cinayət işinin başlanması rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Nərimanov rayon Prokurorluğunun mstəntiqi Elfanə Bayramovanın xx.xx.2018-ci il tarixli qərarı ilə mənimsəmə faktı təsdiq edilmədiyi üçün Asiya Əsgərovanın şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nərimanov rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarı ilə həmin qərarı ləğv edilmiş, iş təkrar istintaqa qaytarılmışdır. Nərimanov RPİ-nin müstəntiqi Elnur Məmmədov xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Nərimanov rayon Prokurorunun xx.xx.2020-ci il tarixli qərarı ilə Elnur Məmmədovun xx.xx.2020-ci il tarixli qərarı əsassız olaraq ləğv edilmiş, oğurluq faktı AR CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Həmin işi icraatına qəbul etmiş müstəntiq Rahib Əliyev iddiaçını tam qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsi ilə cəlb etmiş və həbs edərək Nərimanov RPİ-nin MSY-nə yerləşdirmişdir. Həbsdə olduğu zaman müstəntiq anası X1 zəng edib, iddiaçını həbs etdiyini bildirmiş, yalnız 26498,13 manat pul ödənildiyi halda onu həbsdən azad edəcəyi ilə hədələmişdir. Anası onun həbs olunmasından vahiməyə düşərək qohumlardan borca 15.000 manat pul toplayıb, iddiaçıdan xəbərsiz olaraq müstəntiqə çatdırmışdır. Lakin işin hallarından müəyyən olunur ki, iddiaçının təqsirini təsdiq hər hansı sübut olmamışdır. Lakin, Nərimanov RPİ-nin müstəntiq Rahib Əliyev prosessual qanunların tələblərinə məhəl qoymadan iddiaçıya əsassız ittiham vermiş, qondarma sübutlar toplayıb işi Nərimanov rayon Məhkəməsinə göndərmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-107/2021 saylı qərarı ilə cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai istintaqa prosessual rəhbərlik edən rayon prokurora qaytarılmışdır. Bundan sonra cinayət işi Nərimanov RPİ-nin müstəntiqi Ceyhun Hüseynovun icraatına verilmişdir. Ceyhun Hüseynov həmin cinayət işi üzrə iddiaçıya yenidən 177.2-ci maddəsi üzrə ittiham vermişdir. Lakin rayon prokuroru ittiham aktını təsdiq etməkdən imtina etmişdir. Bundan sonra müstəntiq Ceyhun Hüseynovun xx.xx.2022-ci il tarixli qərarı ilə əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin icraatına bəraətverici əsaslar üzrə xitam verilmişdir. Nərimanov rayon Polis İdarəsinin istintaq orqanının edilən qanunsuz hərəkətləri nəticəsində iddiaçı fiziki və mənəvi işgəncələrə məruz qalmışdır, şərəf və ləyaqəti ləkələnmişdir. Həbsdə olduğu müddətdə və sonralar iddiaçı iş yerini itirmişdir, əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir, ailəsi maddi təminatsız qaldığı üçün bundan əsəb və psixi sarsıntılar keçirmişdir. Bundan əlavə istintaq orqanının qanunsuz əməlləri nəticəsində iddiaçıya 15.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, anası Gülbuta Nağıyeva müstəntiq Rahib Əliyevin qanunsuz əməlləri nəticəsində 15.000 manat toplayıb müstəntiqə çatdırmışdır. Həmin borcun yükü iddiaçının üzərindədir, çünki anasının hər hansı gəlir mənbəyi yoxdur və borcu qaytarmaq imkanında deyil. İddiaçıya vurulmuş maddi və mənəvi ziyan bilavasitə istintaq orqanının qanunsuz əməlləri nəticəsində vurulmuşdur və səbəbli əlaqə aşkardır. Barəsində illərlə əsassız araşdırmalar aparılmış, dörd dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilmiş, yekunda isə barəsində qondarma cinayət işi başlamış, tam qanunsuz olaraq həbs edilmişdir. İstintaq orqanının qanunsuz əməlləri nəticəsində iddiaçı uzun müddət ərzində illərlə təqib altında saxlanılmışdır, mənəvi iztirablara məruz qalmışdır, şərəf və ləyaqəti ləkələnmiş, nüfuzuna və təmiz adına ləkə vurulmuşdur, iş yerini itirmişdir və sair. Göstərilənlərə əsasən istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 15.000 manat və mənəvi zərərə görə 5000 manat, ümumi olaraq 20.000 manat məbləğində kompensasiyanın dövlət hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2042/2022 saylı qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə mənəvi zərərə görə 500 (beş yüz manat) manat pulun tutularaq ona verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
14. Məhkəmə iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə icraata xitam verildiyindən, bununla da onun 2 gün müddətində həbsdə saxlanılması əsassız olduğundan və bu hal qanuni qüvvəyə minmiş cinayət işinin icraatına xitam verilməsi haqqında qərarla öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edilərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmalıdır.
15. Məhkəmə iddia tələbinin maddi ziyanın tutulması hissəsində rədd edilməsi ilə bağlı mövqeyini əsaslandırarkən hesab etmişdir ki, qeyd olunan 15.000 manat məbləğində pul başlanılmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Asya Əskərovaya verilmiş, bu hal cinayət işinin materiallarında olan ərizələrdə öz əksini tapmiş, həmçinin zərərçəkmiş şəxsin özü də polisə ərizə verərək 15.000 manat məbləğində pulun polisin vasitəsilə ona çatdığını etiraf etmişdir. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdeh ilə (X7) əvəz edilməsi təklif olunsa da o, bununla razılaşmamışdır. Məhkəmə hesab etmişdir ki, maddi ziyanın ödənilməsinə dair hazırkı tələb, bu tələbə cavab verməli olmayan tərəfə qarşı yönəldiyindən, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz.
16. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 1100, 1101.1, 1101.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
18. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi Nərimanov RPİ-nin istintaq orqanının əməllərinin qanunsuz olmasına dair düzgün nəticəyə gəlməsinə baxmayaraq, istintaq orqanının qanunsuz əməlləri nəticəsində real vurulmuş maddi ziyanın (15.000 manat) ödənilməsindən imtina etmişdir. Məhkəmənin gəldiyi yanlış nəticəyə görə, anası Gülputa Kazımova 15.000 manat pulu istintaq orqanına deyil, “zərəçəkmiş” şəxs Asiya Əsgərovaya ödəmişdir, ona görə həmin pullar Asiya Əsgərovadan tələb edilməlidir. Hesab edir ki, bu tamamilə absurd mövqedir. Belə ki anası pulları Asiya Qasımovaya könüllü verməmiş, müstəntiqin qanunsuz psixi təzyiqləri altında vermişdir. Bu pullar barədə Asiya Əsgərova ilə onların arasında hər hansı münasibətlər yaranmamışdır və mülki-hüquq normaları ilə tənzimlənmir, aralarında müqavilə mövcud deyil, Asiya Əsgərova mülki hüquq pozuntusu törətməmişdir. Bu məsələ Mülki Məcəlləsinin 1101-ci maddəsi ilə təmzimləndiyi üçün, həmin maddi norma da tədbiq edilməlidir. Yəni, ona məxsus pullar iradəsinə zidd olaraq bilavasitə istintaq orqanının qanunsuz əməlləri nəticəsində əlindən çıxmışdır. Burada birbaşa səbəbli ələqə vardır. Lakin, məhkəmə yanlış olaraq belə nəticəyə gəlmişdir ki, bu tələb üzrə cavabdeh Azərbaycan dövləti deyil, fiziki şəxs Asiya Qasımovadır.
20. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. İş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 500 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22.Tərəflərin bir-birlərinin apellyasiya şikayətlərinə qarşı etirazları daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23.Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vərərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. 24.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 28.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin tam edilməsinə, yəni təmin edilməyən hissədə də iddianın təmin edilməsinə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə, yəni dolayısıyla təmin edilən hissədə də iddianın rədd edilməsinə yönəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
29.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 30.1101.1-ci madəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 31.1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
AR Cinayət Prosessual Məcəlləsinin:
32. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
33. 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
34. 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun:
35. 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
36. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
37. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
AR Mülki Prosessual Məcəlləsi
38.14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri əsasında hazırkı iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır.
42. Kollegiya ilk növbədə iddianın mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
43. Belə ki, işin mübahisəsiz hallarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə barəsində axtarış elan edilmiş, o, xx.xx.2020-ci il tarixdə tutularaq istintaq orqanına təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə qədər, yəni iki gün ərzində istintaq orqanı tərəfindən tutulmuş, həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və sərbəst buraxılmışdır. Sonradan isə, yəni xx.xx.2022-ci il tarixdə onun barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmaması) əsasən, yəni bəraətverici əsasla xitam verilmişdir.
44. Göründüyü kimi, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə iki gün ərzində tutulmaqla, habelə onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə onun azadlığının və sərbəst hərəkət etmək imkanının müəyyən müddətə məhdudlaşdırılması əsassız olmuşdur. 45.İddiaçı istintaq orqanının bu hərəkəti nəticəsində, habelə onun barəsində dörd dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsi ilə nəticələnmiş uzun illər ərzində davam edən araşdırmalar səbəbindən mənəvi iztirablara məruz qaldığını, şərəf və ləyaqətinin ləkələndiyini, nüfuzuna və təmiz adına ləkə vurulduğunu, iş yerini itirdiyini bildirmişdir. 46.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 47.Hazırkı işin hallarına (iddiaçının cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, iki gün tutulması, bununla da onun həmin müddətlərdə sərbəst hərəkət etmək imkanının və azadlığının müvəqqəti olaraq məhdudlaşdırılması, sonradan isə onun barəsində həmin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi) Konstitusiya Məhkəməsinin bu qərarında əks olunmuş hüquqi mövqedən yanaşdıqda belə nəticəyə gəlmək olur ki, istintaq orqanının qeyd edilən hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasına dair iddiası əsaslı olmuşdur. 48.Belə ki, iddiaçının uzun müddət ərzində hərəkət etmək imkanlarının məhdudlaşması, habelə onun iki gün ərzində tutulması onun adətən öyrəşdiyi həyat tərzinin kəskin dəyişməsi, müəyyən məhrumiyyətlərə uğraması, habelə öz vəziyyəti ilə bağlı inamsazlıq hissinin yaranması ilə nəticələnmiş olur ki, bu halların birlikdə mövcud olması şəxsi mənəvi iztirablara və sarsıntılara məruz qoyur. 49.Belə olan halda isə iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məruz qaldığı mənəvi zərərin əvəzinin ona ödənilməsini tələb etmək hüququ yaranmış olur. 50.Kollegiya mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 500 manat müəyyən edilməsini də əsaslı hesab edir. 51.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
52. Bu mənada kollegiya hesab edir ki, iddiaçının iki gün müddətində tutulması, habelə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qanunsuz olsa da, sonradan iddiaçının hüquqlarının pozulması faktı müəyyən edilmiş və onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş, bununla da onun pozulmuş hüquqları bərpa edilmişdir.
53. Kollegiya qeyd edir ki, pozuntu faktının tanınması da pozulmuş hüquqların bərpası baxımından səmərəli hesab oluna bilər. Belə ki, “Alyoxina və digərləri Rusiyaya qarşı” işdə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi belə olmuşdur ki, pozuntu faktının tanınması belə, mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər. 54.Göstərilənlərlə yanaşı, iddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsində birinci instansiya məhkəməsinin mövqeyini kollegiya düzgün hesab etmir. 55.Belə ki, məhkəmə iddiaçının maddi zərərin əvəzi kimi tələb etdiyi 15.000 manatın onun anası Şahid tərəfindən cinayət işi üzrə zərərçəkmiş şəxs olan Asya Əsgərovaya ödənilməsini, bu səbəbdən iddiaçının həmin vəsaiti Maliyyə Nazirliyindən deyil, pulun verildiyi zərərçəkmiş şəxsdən tələb etməli olmasını, Maliyyə Nazirliyinin hazırkı tələb üzrə cavab verməli şəxs olmamasını və iddiaçının ona qarşı hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun olmamasına istinad etmişdir. 56.Kollegiya birinci instansiya məhkəməsinin bu qənaətini ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iddia tələbində iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. 57.İddiaçının istintaq orqanının qanunsuz hərəkətlərinə məruz qalması və bunun nəticəsində zərər çəkməsi iş materialları ilə müəyyən edilmişdir. Hazırda iddiaçı məhz bu hərəkətlər nəticəsində həm maddi, həm də mənəvi zərərə uğradığını iddia edərək, bu zərərin pul qarşılığının ona ödənilməsini xahiş edir. 58.İddianın məzmunundan da göründüyü kimi, iddiaçı onun anası tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş 15.000 manatın ona geri qaytarılmasını deyil, bu pulun məhz istintaq orqanının qanunsuz hərəkəti nəticəsində müstəntiqin özünə ödənildiyinə, nəticədə ona qeyd edilən məbləğdə ziyan dəyməsinə istinad etməklə, həmin məbləğdə pulu bu qanunsuz hərəkət nəticəsində ona dəymiş maddi ziyan olaraq tələb edir. 59.Bu iddianın qanuni əsasını isə Mülki Məcəllənin 1101-ci maddəsi təşkil edir. Qeyd edilən maddənin dispozisiya şərtinə görə bu cür tələblər üzrə cavab verməli olan subyekt kimi hər hansı fiziki şəxs deyil, Azərbaycan Respublikası müəyyən edilmişdir. 60.Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. 61.Beləliklə müəyyən edilir ki, iddiaçı hazırkı iddianı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı irəli sürməkdə haqlı olmuşdur. 62.Bununla yanaşı, kollegiya hesab edir ki, iddiaçı ona 15.000 manat məbləğində ziyan dəyməsini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. 63.Belə ki, iddiaçı həmin məbləğdə maddi ziyanın ödənilməsi tələbinin yeganə əsası kimi onun anası tərəfindən bu məbləğdə pulun istintaq orqanına verildiyinə istinad etmişdir. 64.İş üzrə şahid qismində ifadə vermiş iddiaçının anası Şahid da qeyd edilən pul məbləğinin oğlunun həbs edilməməsi üçün onun tərəfindən verildiyini bildirmişdir.
65. Onlar həmin pul məbləğinin cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqə verildiyini, onun həmin pulu kimə verməsindən xəbərsiz olduqlarını bildirsələr də, iş materialları ilə müəyyən edilir ki, qeyd edilən pul məbləği zərəçəkmiş şəxs olan Asya Əsgərovaya cinayət nəticəsində dəymiş zərərin əvəzi olaraq verilmişdir. 66.İddiaçı həmin pul məbləğinin ona aidiyyatının olmadığını, bu pul məbləğini onun anasının ayrı-ayrı şəxslərdən borc olaraq toplayaraq istintaq orqanına verdiyini, anasının həmin borcları qaytarmaq öhdəliyi daşıdığını bildirmişdir. 67.Kollegiya hesab edir ki, işin yuxarıda sadalanan halları nəzərə alınmaqla, iddiaçının anası tərəfindən cinyayət işi üzrə ibtidai istintaqın gedişində zərəçəkmiş şəxsə 15.000 manat pul ödənilməsi iddiaçıya həmin məbləğdə zərər yetirilməsi kimi qiymətləndirilə bilməz. 68.Kollegiya hesab edir ki, hazırkı iddianın qanuni əsasını təşkil edən normanın tələbləri baxımından maddi ziyan dedikdə, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçının məhrum olduğu real gəlir, yaxud əldən çıxmış fayda başa düşülməlidir. 69.Bu mənada, iddiaçının anası tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş vəsait ona dəymiş maddi zərər kimi qiymətləndirilə bilməz. 70.Bu zaman kollegiya onu da nəzərə alır ki, həmin məbləğin onun ödənildiyi şəxsdən digər əsaslarla geri tələb edilməsi imkanları itirilməmişdir. 71.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və və hakimiyyətdən suiistifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyənnaməyə istinad etmişdir. Bəyənnamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, mili cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla, fərdi yaxud kollektiv şəkildə zərər yetirən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsininin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). 72.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona 15.000 manat maddi ziyan vurulduğunu bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. 73.Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 74.Bu normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüq uqunun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 75.Cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi sonuncuya qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsi) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. 76.Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddianın mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində düzgün nəticəyə gəlsə də, maddi zərərin əvəzinin ödənilməsinə dair hissədə işin qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. 77.Ona görə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı, cavabdehin apellyasiya şikayətini isə əsassız hesab etməklə bu qənaətə gəlir ki, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilməli, iş üzrə maddi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi hissəsində yuxarıda şərh edilmiş əsaslarla yeni qətnamə çıxarılmaqla iddia rədd edilməli, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 78.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 79.Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 80.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinin tələblərinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 81.Hazırkı qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən hissəsi 5000 manatdan artıq olduğudan, onun tərəfindən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. 82.Qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan, qətnamədən onun tərəfindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 83.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2042/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən – maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.