Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6525/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: qətnaməyə izah verilməsi üçün ərizəyə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı, 23 avqust 2023-cü il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan “Q” tikilisi texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması (bölünməsi), Cavabdeh dəymiş zərərin əvəzi olaraq 6745 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçının nümayəndəsi-vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsini icra etməli olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qərardadın icra edilməsindən imtina etmiş və imtina üçün səbəb olaraq həmin idarənin cavabdeh qismində müvafiq mülki işə cəlb edilmədiyini və sözügedən əmlakın mövcud olmamasını göstərilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı xx.xx.2023-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsə həvalə edilməsi qeyd edilmişdir.
5. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməsi və aparılması qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxs) hüququ deyil, vəzifəsi olaraq göstərilmişdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 32/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra olunması müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxs) vəzifəsidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı, 23 avqust 2023-cü il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(001)-32/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Ələkbərova (Hümbətova) Elnarə Nazim qızına məxsus olan sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin tərkib hissəsidir. Fərdi yaşayış evinin tərkib hissələrinə naturada ayrılaraq çıxarışın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti ilə razılaşdırılmaqla müvafiq sərəncam əsasında həyata keçirilir. Sözügedən “Q” tikilisi texniki pasportda 1 otaqdanibarət olub, yaşayış sahəsi 17,9 kv.m, ümumi sahəsi 29,7 kv.m-dən ibarətdir. Mənzil Məcəlləsinin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Sözügedən daşınmaz əmlaka dair müvafiq icra hakimiyyəti ilə razılaşdırılmaqla müvafiq sərəncam təqdim edilmədiyindən yenidən qurulması və (və ya) yenidən planlaşdırılma ilə bağlı görülən işlər özbaşına aparılmış hesab edilir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Mülki Prosessual Məcəlləsi
Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Maddə 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 32/2022 saylı, 23 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməklə mülki iş İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
13. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan “Q” tikilisi texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması (bölünməsi) qət edilmişdir.
14. İddiaçı nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinə izah verilməsi ilə bağlı ərizə ilə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, birinci instansiyasının qətnaməsi iş üzrə tərəf olmadığı üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilməmişdir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilməməsinə baxmayaraq lakin qərardadın nəticə hissəsində qeyd olaraq - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsə həvalə edilməsi qeyd edilmişdir.
16. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə qətnamənin onun məzmunun dəyişdirilmədən izah olunmasının mümkünlüyü nəzərdə tutulur, ərizədə göstərilən dəlillər qətnamənin dəyişdirilməsi ilə nəticələnə biləcəyindən həmin məsələ ilə əlaqədar qətnamənin izah edilməsi MPM-nin 230-cu maddəsinin tələblərinə ziddir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qəbul etdiyi qərarda izahla bağlı ərizənin təmin edilməməsinə baxmayaraq nəticə hissəsində ərizənin məzmununa uyğun qeyd verilməsi ziddiyyət təşkil edir.
18. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iş üzrə qəbul edilmiş qərardadın qeyd hissəsində - qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsə həvalə edilməsi qeyd edildiyi halda ərizənin təmin edilməməsi qanunvericiliyin tələbinə uyğun deyil. Belə olan halda birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş məhkəməyə göndərilməlidir.
19. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı, 23 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş qətnaməyə izah verilməsi barədə ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev