Məhkəmə qərarları › İş №2(103)-6528/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6528/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6528/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasına qarşı “ekspert rəyinini ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(001)-6752/2024 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın cavabdeh Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-ci il tarixli, 3-16-16/2-10/1393 saylı ekspert rəyinin ləğv edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(001)- 6752/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı məhkəməyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan məsələ ilə bağlı iddia ərizəsi vermişdir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özüözlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər. İddiaçının mübahisələndirdiyi ekspert rəyi müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla iddiaçının irəli sürdüyü tələb üzrə etibarlı hüquq münasibətlərinin yaranıb-yaranmadığını təsdiq edən sübutlar qismində çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Göründüyü kimi verilmiş iddia ərizəsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi mübahisələndirilmişdir. Ona görə məhkəmə əsaslı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi ekspert rəyi müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla iddiaçının irəli sürdüyü tələb üzrə etibarlı hüquq münasibətlərinin yaranıb-yaranmadığını təsdiq edən sübutlar qismində çıxış edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olduğundan şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(001)- 6752/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar