Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-653/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən vurduqları maddi zərərə görə 290.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcmini dəyişdirərək cavabdehlərdən qanunsuz olaraq həmin dövrdə dəyəri 100 000 ABŞ dolları olan 100 qutu İsveçrə istehsalı olan boz qablaşdırmada olan “KENT” siqaretinin və ya onların dəyərinin, həmçinin hədə-qorxu yolu ilə alınmış 120 000 manat pul məbləğinin alınıb ona qaytarılması və dəymiş mənəvi zərərə görə 50 000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş №2(010)-3743/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTN-nin Binəqədi rayon əməkdaşlarından bir qrup şəxslə birgə öz səlahiyyətlərindən istifadə edərək İddiaçı qarşı qanunsuz hərəkətlər həyata keçirmişlər. Belə ki, iddiaçı 2014-cü ildən Amil adlı şəxslə birlikdə siqaret satışı ilə məşğul olmuş, mütəmadi olaraq siqaretlərin satışı ilə əlaqədar ona kömək etmişdir. 2015-ci ilin fevral ayında Amil ona zəng edərək “Qazel” markalı avtomobillə 100 qutu siqaretin “Elit” ticarət mərkəzinin yaxınlığında Ramin adlı şəxsə satılacağını, Raminin siqaretlərin dəyəri olaraq 100 000 ABŞ dolları məbləğində pulu verəcəyini, X2 restoranında görüşəcəyini demişdir. Yolda olarkən “Qazel” markalı avtomobilin sürücüsü MTN əməkdaşları tərəfindən yaxalandığını demiş, Şır Şır restoranından çıxan zaman bir zamanlar işçisi olmuş Zaur Şərifovla rastlaşmış, öz avtomobilinin açarlarını Zaura verərək evə aparmasını xahiş etmiş, özü isə Zaurun avtomobilinə minərək oradan aralanmışdır. Zaur Şərifov onun avtomobilini idarə edən zaman MTN əməkdaşları tərəfindən saxlanılmış və Binəqədi rayon idarəsinə gətirilmiş, lakin İddiaçı olmadığı müəyyənləşdirildikdən sonra sərbəst buraxılmışdır. Daha sonra, Heydər Hacıyev adlı şəxs işə bilavasitə Cavabdeh2 nəzarət etdiyini, Amillə onun işinin 120 manat pula həll ediləcəyini, əks təqdirdə qanunsuz ticarətlə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb ediləcəyini, barəsində rüsvayedici məlumatların yayılacağı ilə hədələmiş və nəticədə 120 000 manatı Amilin vasitəsi ilə MTN-nin əməkdaşlarına vermişdir. Ümumilikdə ondan 100 000 dollar məbləğində siqaret məhsulları və 120 000 manat məbləğində pul vəsaiti alınmışdır. Bu işlərlə əlaqədar İddiaçı barəsində dələduzluq və etibardan sui-istifadə etmə yolu ilə bir sıra şəxslərin əmlaklarını əldə etmə şübhəsi ilə cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 1(101)- 86/19 saylı hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarına rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli 1(093)-84/2017 saylı hökmü ilə Cavabdeh1 Cinayət Məcəlləsinin 125, 145, 179, 182, 302, 311 və 341-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bütün edilən qanunsuz hərəkətlər və mənəvi təzyiqlər iddiaçının daimi olaraq əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də, hazırkı iddianı qaldırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması, işin faktiki hallarının tam aydınlaşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. ilə əsaslandırmışdır. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. O, əlavə olaraq göstərdi ki, əvvəllər keçmiş MTN-nin Binəqədi rayon şöbəsinin rəisi vəzifəsində işləmiş, iddiaçıdan 120 000 manat pul almamış və ona ziyan vurmamışdır. İddiaçının vəkili X1 teleqram göndərərək başqa məhkəmədə işə baxılmasında iştirak etdiyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir (göndərməmişdir). Məhkəmə kollegiyası onu da qeyd edir ki, bundan əvvəlki 19 yanvar 2022-ci il tarixli məhkəmə iclası məhz vəkil G.Kərimovanın vəsatəti əsasında, ona işlə tanış olması üçün şərait yaratmaq məqsədilə 02.02.2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, vəkil G.Kərimovanın məhkəmə iclasının təxirə salınması barədə hazırkı vəsatəti əsassız olmaqla yanaşı, işi yubatmaq məqsədi daşıyır və ona görə də təmin oluna bilməz. Cavabdeh1 isə məhkəməyə göndərdiyi apellyasiya şikayəti üzrə izahatda işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və eyni zamanda göstərmişdir ki, o, iddiaçını tanımır, ona ziyan vurmamışdır, iddiaçı özü nə iddia ərizəsində, nə də apellyasiya şikayətində 120 000 manat pulu ona verməsini göstərməmişdir. İddiaçı göstərmişdir ki, onu tutanlar keçmiş MTN-nin Binəqədi rayon şöbəsinin əməkdaşları olmuş və o, 120 000 manat pulu guya Amil adlı şəxsin vasitəsilə vermişdir. Yəni, işin heç bir mərhələsində onun adı çəkilmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, Cavabdeh2 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 qarşı vurulmuş maddi ziyana görə 120 000 manat pul tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalı, qətnamənin qalan hissəsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından görünür ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdehlərdən Cavabdeh1 isə Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci və s. maddələri ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda İddiaçı və Cavabdeh1 cəzaçəkmə müəssisəsində saxlanılmaqla hökmlə müəyyən olunmuş cəzalarını çəkirlər. Digər Cavabdeh2 isə azadlıqdadır. Onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. İddiaçının tələbi cavabdehlərdən 100 000 ABŞ dolları dəyərində 100 qutu İsveçrə istehsalı olan “KENT” siqaretinin və ya onların dəyərinin, hədə-qorxu yolu ilə alınmış 120 000 manat pul məbləğinin və dəymiş mənəvi zərərə görə 50 000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulması barədədir. İddiaçı tələbinin əsası kimi siqaret satışı ilə məşğul olarkən cavabdehlər tərəfindən hədə-qorxuya məruz qalması və cavabdehlərin vəzifə səlahiyyətlərindən istifadə etməklə onun 100 qutu İsveçrə istehsalı olan “KENT” siqaretini və 120 000 manat pulunu mənimsəmələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və bu zaman iddia tələbinin əsası kimi istinad olunan halların sübuta yetirilməməsinə, eləcə də iddiaçının özünün fəaliyyətinin qanunsuz olmasına istinad etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 120 000 manat pul tələbi istisna olmaqla qalan hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissələrdə məhkəmə işin hallarını düzgün müəyyən etmiş və işin hallarına uyğun gələn maddi və prosessual hüquq normalarını tətbiq edib iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddianın Cavabdeh1 120 000 manat pul tələbinə dair hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun deyil və bu baxımdan həmin hissədə maddi və prosessual hüquq normaları həmin hissədə düzgün tətbiq olunmamışdır. Belə ki, işin müəyyən edilmiş hallarından, o cümlədən Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmündən göründüyü kimi, Cavabdeh1 məhkum olunmasının əsaslarından biri də onun 2015-ci ilin fevral ayında, Bakı şəhərində mütəşəkkil dəstə tərkibində barələrində cinayət təqibi davam etdirilən digərləri ilə birlikdə vəzifə səlahiyyətlərindən özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş siqaret məhsullarının satışı ilə məşğul olan İddiaçı və Qurbanov Sahib kamal oğlunun külli miqdarda pul vəsaitlərini ələ keçirmək məqsədilə hakimiyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə tamah məqsədi ilə sui istifadə edib rəsmi surətdə qeydə alınmış hər hansı araşdırma materialı, əməliyyat məlumatı ərizə və ya siqnal işi olmadığı halda, İddiaçı və Ramin Muxtarovun MTN-nin Binəqədi rayon idarəsinə gətirilməsinə nail olmuş, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş siqaret məhsullarının qanunsuz ticarəti ilə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb ediləcəkləri, barələrində həbs qətimkan tədbiri seçiləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyərək İddiaçı 120.000 manat pul vəsaitini, Sahib Qurbanovdan isə 55.000 manat dəyərində 55 qutu “Kent” markalı siqaretləri hədəqorxu ilə tələb edib mütəşəkkil təstə tərkibində təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirməklə, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Həmin hökmdən verilən apellyasiya şikayəti və apellyasiya instansiyası məhkəməsinin qərarından verilən kassasiya şikayəti təmin edilməmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, İddiaçı 120.000 manat pul vəsaitinin Cavabdeh1 və digərləri tərəfindən hədə-qorxu ilə tələb olunub ələ keçirilməsi və bununla da ona zərər vurulması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapır və bu faktın (hadisənin) yenidən araşdırılmasına və sübut olunmasına ehtiyac yoxdur. İddiaçı da qeyd olunan hissədə tələbini əsaslandırarkən məhz bu hala, yəni 120.000 manat pul vəsaitinin Cavabdeh1 və digərləri tərəfindən hədə-qorxu ilə tələb olunub ələ keçirilməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı hazırkı işdə cavabdehlərdən tələb etdiyi 120.000 manat pul vəsaitinin cinayət yolu ilə, yaxud digər qanunsuz fəaliyyət nəticəsində əldə olunmasına dair hər hansı sübut yoxdur. Ona görə də, iddiaçının fəaliyyətinin qanunsuz olmasına istinad edib iddianı göstərilən hissədə rədd etməklə birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 120 000 manat ziyan vurulması adı çəkilən hökmlə tam təsdiq olunur və bu ziyan Cavabdeh1 tutulub iddiaçıya verilməlidir. İddiaçı Cavabdeh1 barəsindəki cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və hökmlə ona mülki mühakimə icaatında qaydasında vurulmuş zərərin ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququ olduğu izah edilmişdir. Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmündə digərləri barəsində cinayət təqibinin davam etdirilməsi qeyd olunsa da, iş üzrə digər cavabdeh olan Cavabdeh2 haqqında cinayət təqibi orqanının müvafiq qərarı, yaxud qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığından, eləcə də iddiaçı tərəfindən ona aid hissədə mötəbər sübutlar təqdim olunmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 120.000 manat pul tələbini Cavabdeh2 aid hissədə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, gələcəkdə cinayət mühakimə icraatı qaydasında Cavabdeh2, yaxud digərlərinin iddiaçıya məxsus 120 000 manat pulun hədə-qorxu ilə ələ keçirilməsində iştirakının sübut olunacağı təqdirdə, Cavabdeh1 həmin şəxslərə qarşı müvafiq iddia qaldırmaq hüququ da yaranacaqdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən göstərilən hissədə ona vurulan zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də qətnamə qeyd olunan hissədə ləğv olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız Cavabdeh1 vurulmuş ziyana görə 120 000 manat pul tələbinə aid hissədə sübuta yetirə bilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin göstərilən hissədə gəldiyi nəticəni işin müəyyən edilən hallarına uyğun saymır və hesab edir ki, həmin hissədə maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə həmin hissədə ləğv olunmalı və iddia təmin edilməlidir (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 qarşı vurulmuş ziyana görə 120 000 manat pul tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Cavabdeh1 vurulmuş maddi ziyana görə 120 000 manat pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-653/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-653/2022
02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver