Məhkəmə qərarları › İş №2(103)-6530/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6530/2020

16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6530/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, tərəfindən xx.xx.2012-ci ildə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin Gəncə filalının Yeni Gəncə şöbəsinə etibar edib, qoyduğu 8000 ABŞ dollarını, həmin pulun göstərilən tarixdən bu günə kimi olan faizini (aylar üzrə məzənnəsi ilə C.Əlizadənin ödədiyi faizlər çıxılmaqla), o cümlədən məhkəmə xərci olan 30 manatın, qanunla pulunu etibar etdiyi bank işçiləri tərəfindən onun imzası və iştirakı olmadan pulunun çıxarılması və uşağının müalicəsi ilə bağlı bankdan vaxtında pulunu götürə bilməməyi ilə bağlı keçirdiyi əsəb və sarsıntıya görə 50.000 manatın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, maddi zərərə görə 7900 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla), mənəvi zərərə görə 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 7 manatının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, rayon məhkəməsinin qətnaməsində istinad olunan yeganə sübut Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmüdür. Hökmdə İddiaçı əmlakına (********************5 nömrəli hesabında olan pul vəsaitinə) məhz Cəlil Əlizadə tərəfindən zərər vurulması qeyd edilmişdir. Məhkəmə icraatı zamanı iddiaçının bankdan tələb etdiyi əmanət məbləğini, maddi zərəri bank deyil, cinayət işi üzrə təqsirləndirilən şəxs Cəlil Əizadə ödəməli olduğu israrla məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı nəzərə almadan iddiaçının xeyrinə qətnamə qəbul etməklə, səhv nəticəyə gəlmişdir. İddiaçının özünün də qeyd etdiyi kimi, Bankla arasında bağlanmış hesab müqaviləsi üzrə əvvəllər tanış olduğu Bankın keçmiş əməkdaşı Cəlil Əlizadə onun etibarından istifadə edərək guya ki, ona daha yüksək faiz verəcəyinə, müəyyən güzəştlər və imtiyazlar yaradacağına və pulunu da tezliklə artıqlaması ilə qaytaracağına dair inandırmaqla onun vəsaitini müəyyən vaxtlarda hissə-hissə çıxarmaqla sonuncuya maddi zərər vurmuşdur. Yəni, hesabda olan məbləğlərinin mənimsənilməsi faktında Bankın hər hansı təqsirinin olmaması öz hüquqi təsdiqini tapmışdır. İttiham hökmündən də göründüyü kimi, 2012-ci il tarixdə iddiaçı tərəfindən cari hesabına qoyulmuş 7900 ABŞ dolları C.Əlizadə tərəfindən hissə-hissə müxtəlif vaxtlarda götürülmüş, İddiaçı da bundan xəbəri omuş və hər ay C.Əlizadədən 100 ABŞ dolları faiz almışdır. Həmin faiz məbləğləri ilə bağlı iddiaçı heç bir sənəd tələb etmədən 100 ABŞ dollarını aldığı zaman həmin vəsaitlərin artıq C.Əlizadə tərəfindən çıxarıldığını bilmiş və buna hər hansı bir şəkildə etiraz etməmişdir. İşin bu halı məhkəmə üçün mühüm əhəmiyyət kəsb etdiyindən buna xüsusi diqqət yetirilməli, keçirilmiş əməliyyatın İddiaçı tərəfindən əvvəlcədən razılıq verilməsi halı kimi nəzərə alınmalıdır (MM-nin 358-ci maddəsi). Hesab olunur ki, iddiaçı ona vurulan xeyli miqdarda maddi ziyanla bağlı məhz C.Əlizadəyə qarşı mülki iddia ilə müvafiq məhkəməyə müraciət etməlidir. Belə ki, Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Lakin hazırkı işdə məhkəmə iddianı təmin edərkən, məhkəmə hökmünə istinad etmişdir. Hökmdə isə təqsirləndirilən şəxs C.Əlizadədir. Yəni, həmin dövrdə bankın işçisi olmuşşəxs mülki hüquq pozuntusu (delikt) deyil, iddiaçıya qarşı cinayət əməli törətmiş, və bu əmələ görə artıq məhkum edilmişdir. Bundan əlavə, məhkəmə iddiaçının Banka qoymuş olduğu 7900 ABŞ dolları vəsaitin əmanət olduğu qənaətinə gəlməklə və bununla bağlı maddi normalarıa düzgün istinad etməyərək səhv nəticəyə gəlmiş, qanuni qüvvəyə minmiş ittiham hökmünə əsasən həmin vəsaitin heç də depozit deyil, cari hesabda yerləşdirildiyinə dair mötəbər sübutu nəzərə almamışdır. Qətnamənin 500 manat mənəvi zərərə görə təzminat ödənilməsi hissəsində də məhkəmə səhvə yol vermişdir. Belə ki, iddiaçının Bankın heç bir təqsiri olmadan talan edilmiş vəsaitinin ona geri qaytarılmaması ilə bağlı hansı mənəvi əzaba düçar olması ilə bağlı məhkməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı isə, şikayətə etiraz edərək, onun təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni cavbadehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə,İddiaçı adına tərtib olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dəki ******************** nömrəli hesabdan çıxarış sənədindən görünür ki, xx.xx.2012-ci il tarixdə onun hesabına 7900 ABŞ dolları vəsait mədaxil olunmuşdur. xx.xx.2012-ci il tarixli kassa məxaric orderinə əsasən 2900 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kassa məxaric orderinə əsasən 1000 ABŞ dolları, xx.xx.2012ci il tarixli kassa məxaric orderinə əsasən 1500 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kassa məxaric orderinə əsasən 1000 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kassa məxaric orderinə əsasən 1470 ABŞ dolları və xx.xx.2017-ci il tarixli kassa məxaric orderinə əsasən 500 ABŞ dolları həmin hesabdan məxaric olunmuşdur.Faktla bağlı İddiaçı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə, Cəlil Əlizadə, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 312.1 və 313-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 04 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdə qeyd olunmuşdur ki, ...Cəlil Əlizadə xx.xx.2006-cı il tarixdən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialının Yeni Gəncə şöbəsinin müdiri vəzifəsində işləyərkən Gəncə şəhər sakini İddiaçı ******************** nömrəli hesabında olan pulu vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə talama məqsədilə guya İddiaçı tərəfindən götürülməsi görüntüsü yaratmaq üçün rəsmi sənəd sayılan xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2017-ci il tarixli kassa məxaric orderlərini bankın Yeni Gəncə şöbəsinin inzibati binasında tərtib edib, həmin orderlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək, sənədlərdə “pulu aldı” qrafasında İddiaçı əvəzində imzalamaqla həmin saxta sənədlər əsasında Bankın kassasından xx.xx.2012-ci il tarixli kassa məxaric orderi ilə 2900 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kassa məxaric orderi ilə 1000 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kassa məxaric orderi ilə 1500 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kassa məxaric orderi ilə 1000 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kassa məxaric orderi ilə 1470 ABŞ dolları və xx.xx.2017-ci il tarixli kassa məxaric orderi ilə 500 ABŞ dolları olmaqla, ümumilikdə həmin dövrlərin məzənnəsi ilə 7036,15 manat pulu götürüb, şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus xeyli miqdarda əmlakı vahid qəsdlə mənimsəmə yolu ilə talamış, tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialının Yeni Gəncə şöbəsindəki 381101840********** nömrəli hesabına 7900 ABŞ dolları məbləğində pul qoyulması və həmin vəsiaitin şöbəsinin müdiri Cəlil Əlizadə tərəfindən mənimsənilməsi faktı qanuni qüvvəsini almış hökmlə müəyyən edilmişdir. Odur ki, həmin hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Hazırda iddiaçı, banka qoyduğu pulu və bank işçiləri tərəfindən onun imzası və iştirakı olmadan həmin pulun çıxarılması və uşağının müalicəsi ilə bağlı bankdan vaxtında pulunu götürə bilməməyi ilə bağlı keçirdiyi əsəb və sarsıntıya görə ona dəymiş mənzəvi zərərin əvəzinin cavabdehdən tutularaq, ona ödənilməsini tələb edir. Cavbadeh isə, iddiaçıya vurulmuş maddi zərərin Bankın təqsiri üzündən deyil, Cəlil Əlizadənin hüquqa zidd əməli nəticəsində yarandığını, mənəvi zərərin isə sübuta yetirilmədiyini bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, işəgötürən olaraq cavabdeh təşkilatın iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə, zərəri vuran şəxsin cavabdehin işçisi olması və zərərin əmək funksiyalarının icrası zamanı yetirilməsi. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Kollegiya xüsusilə vurğulayır ki, işəgötürənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır (qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM, maddə 1097.3.) Yəni, bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən şəxsin (qurumun) üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur. Göründüyü kimi, işçi çalışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələrə görə cavabdehlik əsasına söykənir (MM-in 1099.2-ci maddəsi). Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və işinə nəzarət edərək onu yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi halda işəgötürənin məsuliyyəti qaçılmazdır. Hazırkı işdə cavabdehin mülki hüquqi məsuliyyətini yaradan və yuxarıda sadalanan şərtlər mübahisəsiz şəkildə müəyyən edilmişdir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialının Yeni Gəncə şöbəsinin müdiri Cəlil Əlizadənin vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə saxtakarlığı edərək iddiaçının hesabında olan pul vəsaitini mənimsəməsi faktı qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC, İddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Kollegiya, cavabdehin apellyasiya şikayətinin mənəvi zərəri sübuta yetirilməməsi barədə dəlili ilə də razılaşmır, ona görə ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi də delikt normalarına söykənir və hazırkı işdə cavabdehin bu zərərə görə iddiaçıya təzminat ödəməsi üçün kifayət qədər əsas mövcuddur. Belə ki, cavabdehin nəzarəti altında olan işçisinin törətdiyi qanuna zidd əməl nəticəsində iddiaçının mülkiyyəti sayılan puldan məhrum olması nəticəsində ona maddi zərər vurulması və iddiaçının buna görə hüquq mühafizə orqanlarına müraciət etməli olması ona mənəvi zərər vurması qənaətinə gəlinməsi üçün kifayət edir və bu faktın başqa sübutlarla təsdiqinə ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Bu mövqe, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin məbləği ilə bağlı isə, Kollegiya vurğulayır ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan, Kollegiya, işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, birinci instnasiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul tutulmasını əsaslı hesab edir. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1492/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar