Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6530/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2971/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna və qeyrilərinə qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2971/2021 saylı, 20 aprel 2021-ci il qərardadı ilə MPM-in 153.2.1-ci maddəsinə (ərizəyə məhkəmədə baxılmalı deyilsə) əsaslanmaqla, iddia ərizəsinin qəbul edilməsindən imtina edilərək ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, 19 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək göstərdi ki, daha öncə də məhkəməyə eyniməzmunlu iddia ərizəsi ilə müraciət etmişlər, lakin rayon məhkəməsi tərəfindən həmin ərizə də eyni əsasla geri qaytarılmış və həmin qərardad qüvvədədir, bununla belə nə həmin qərardada, nə də hazırda mübahisələndirdikləri qərardadda ərizəçiyə hansı orqana müraciət etməsi izah olunmamışdır, bu səbəbdən də şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Çünki ərizəçinin hazırda mübahisələndirdiyi məsələ məhkəməyə müraciət hüququ, başqa sözlə, məhkəmənin əlçatanlığı ilə əlaqədar olub, qətiyyən digər tərəfin iradəsindən deyil, yalnız və həm də müstəsna olaraq məhz məhkəmənin dəyərləndirməsindən asılı olan bir məsələdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin qəbulundan imtinanın əsaslarının yenidən yoxlanılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və qeyrisinə “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayəti məhkəmənin 21 may 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsləsinə baxılması üçün mülki iş Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə yenidən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçının qərardaddan verdiyi şikayət məhkəmənin 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna və qeyrisinə qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə yenidən rayon məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini qəbul etməkdən imtina etmiş və bu vaxt əsas kimi MPM-in 153.2.1-ci maddəsinə (ərizəyə məhkəmədə baxılmalı deyilsə) istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, rayon məhkəməsi hazırkı iddia ərizəsinin qəbul edilməsindən qeyd edilən əsasla imtina etməklə düzgün nəticəyə gəlməmiş, eyni zamanda MPM-nin 153.3-cü maddəsinin ikinci cümləsində təsbit olunmuş (iddiaçının hansı orqana müraciət etməli olmasının göstərilməsi ilə bağlı) göstərişə də əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsinin əsasları göstərilmişdir. Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda iddiaçının eyni predmet barəsində və eyni əsaslar üzrə işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 noyabr 2020-ci il tarixli qəradadı var. MPM-nin 153.5-ci maddəsinin tələbinə görə də ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddiaçının ərizəsinin icraata qəbulu etməkdən imtinanın əsaslarının yenidən yoxlanılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2971/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul etməkdən imtinanın əsaslarının yenidən yoxlanılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6530/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6530/2021
23.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver