Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6531/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən götürülən əşyaların geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, e-2(094)-251/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən 63,96 kv.m ümumi, 37,04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil Cavabdeh tərəfindən İddiaçı satılmışdır. Hazırda iddiaçı mənzildən çıxarılan əşyaların geri qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildən Cavabdeh tərəfindən 1.Yataq otağında, dəhlizdə və mətbəxdə olan çilçıraqlar; 2.Qonaq otağında quraşdırılmış kondisioner; 3.Mətbəx mebellərinin stulları; 4.Hamamdakı işıq; 5.Pəncərələrdəki jalüzlərin geri qaytarılması və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixli, ********** qeydiyyatı №-li Çıxarışı əsasında müəyyən edilmiş Mənzil (mənzil reyestr kodu **********-015701 093029) və ünvan 1 ünvanında yerləşən, 63.96 kv.m. ümumi, 37.04 kv.m. yaşayış sahəsindən ibarət, 3 otaqlı mənzil 07 aprel 2025-ci il tarixində Cavabdeh notarial alqısatqı müqaviləsi və ipoteka müqaviləsi əsasında alqı-satqısı həyata keçirilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh qeyd edilən ünvanda yerləşən evini satış məqsədi ilə satışa çıxarmış və mənzilin alqı-satqısına vasitəçilik fəaliyyətini göstərən X2 ilə mənzilin satışını həyata keçirmək üçün əməkdaşlıq etmişdir. O, müvafiq mənzilin alışı məqsədi ilə vasitəçi X2 ilə əlaqə saxlamış və vasitəçinin də iştirakı ilə birlikdə mənzilə baxış keçirilmişdir. Mənzilə baxış keçirildikdən sonra, mənzilin alışı niyyəti ilə Cavabdeh ilə vasitəçinin yanında mənzildə saxlanılanacaq əşyalar, mənzilin dəyəri barəsində danışıqlar aparılmış və razılıq əldə edilmişdir. Vasitəçinin şahidliyi ilə əldə edilən razılaşmaya əsasən, elektronik əşyalar və qonaq otağı dəstinin götürülməsi və qalan əşyaların, yəni yataq otağında, dəhlizdə və mətbəxdə olan çilçıraqların, qonaq otağında quraşdırılmış kondisionerin və mətbəx mebellərinin stullarının, pəncərələrdəki jalüzlərin, hamamdakı işıqın mənzilin alış dəyərinə daxil edərək, adları qeyd edilən əşyaların mənzildə saxlanılacağı barədə razılaşma əldə edilmişdir. Hətta adları qeyd edilən əşyaların alqı-satqı prosesindən öncə mənzildə mövcudluğu və hansı əşyalardan bəhs edilməsi ilə əlaqəli sübutu əhəmiyyətə malik şəkillər hazırki iddia ərizəsinə qoşma olaraq əlavə edilir. İşin faktiki hallarına aid edilən digər əsas hal isə, alqı-satqı prosesindən sonra 06 may 2025-ci il tarixində ailə üzvləri ilə birlikdə yeni alınan mənzilin Cavabdeh təhvili üçün mənzilə daxil olarkən yuxarıda adları qeyd edilən əşyaların mənzildən götürüldüyü məlum olmuşdur və müvafiq halın aradan qaldırılması, əşyaların geri qaytarılması ilə bağlı dəfələrlə cavahdeh ilə əlaqə saxlamağa çalışılsa da, cavabdeh heç bir zənglərə cavab verməmişdir. Baş vermiş hadisə ilə bağlı 06 may 2025-ci il tarixdə Bakı Şəhəri Pirallahı Rayon Polisinə şikayət ünvanlanmış və ifadə verilməsi üçün dəvət edilən vasitəçi X2 şifahi razılaşmaya şahidlik etdiyini və həmin razılaşmaya əsasən, elektronik əşyalar, qonaq otağı dəstinin və qonaq otağının çılçırağının götürülməsi, qalan əşyaların isə mənzilin satış qiymətinin dəyərinə daxil edilərək mənzildən çıxarılmayacağı barədə razılaşmanın olduğunu öz izahatında qeyd etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Pirallahı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başladılmasından rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarda müvafiq məsələnin mülki mübahisə predmetli məsələ olduğu üçün aidiyyəti üzrə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Beləliklə, cavabdeh tərəfindən əşyaların ona məxsus mənzildən çıxarılması səbəbindən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildən Cavabdeh tərəfindən 1.Yataq otağında, dəhlizdə və mətbəxdə olan çilçıraqlar; 2.Qonaq otağında quraşdırılmış kondisioner; 3.Mətbəx mebellərinin stullar; 4.Hamamdakı işıq; 5.Pəncərələrdəki jalüzlərin geri qaytarılması və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, e-2(094)- 251/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən 63,96 kv.m ümumi, 37,04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil Cavabdeh tərəfindən İddiaçı satılmışdır. İddiaçı mənzilin ona əşyalı satıldığını bildirsə də, həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh mənzilin əşyasız satıldığını qeyd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən götürülən əşyaların geri qaytarılması” barədə iddia tələbi rədd edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən, maddi hüquq normalarından hər hansı bir normaya istinad etməmişdir. Bilindiyi kimi Mülki Məcəllənin 329-cu maddəsinə əsasən, tərəflər arasında əqdl həm yazılı, həm də şifahi qaydada bağlana bilər. Belə ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi yazılı əqd hesab olunduğu kimi, tərəflər arasında əşyalarla bağlı razılaşma şifahi əqd əsasında razılaşdırılmışdır. Tərəfindən, işin hallarına fotoşəkillər, eləcə də vasitəçi X3 şifahi razılaşmaya şahidlik etdiyini və həmin razılaşmaya əsasən, elektronik əşyalar, qonaq otağı dəstinin və qonaq otağının çılçırağının götürülməsi, qalan əşyaların isə mənzilin satış qiymətinin dəyərinə daxil edilərək mənzildən çıxarılmayacağı barədə razılaşmanın olduğunu öz izahatında qeyd etmişdir. İddiaçı həm şəkillər vasitəsi ilə, həm də birbaşa iki tərəfin arasında olan şifahi danışıqlara şahidlik etmiş və iddia ərizəsində qeyd etdiyi nüanslar öz doğruluğunu bir daha təsdiqini tapmışdır. Lakin məhkəmə tərəfindən öz qətnaməsində müvafiq halların heç birinə münasibət bildirilməmişdir. Sadəcə cavabdehin iclasda normal olaraq gəlib etirazına əsasən iddianın təmin edilməsindən rədd edilmişdir. Göründüyü kimi, məhkəmə təqdim edilmiş sübutlara hər hansı bir münasibət bildirməmişdir. Digər tərəfdən iddia tələbini mümkün olan bütün sübutlarla əsaslandırmış, lakin məhkəmə cavabdehin sadəcə etirazını əsas alaraq, hansı ki cavabdehin onsuz da formal olaraq etiraz edəcəyini nəzərə alınsa və heç bir sübut təqdim etmədən birbaşa cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə təcrübəsi də sübut edir ki, iki tərəf arasında xüsusən də daşınmaz əmlakın alqı-satqısı prosesində bu kimi kiçik məsələlərin razılaşmaları şifahi aparılır və tərəflər arasında yaranan güvən və etimada istinad edərək rəsmiləşdirilmir. Buna baxmayaraq, vasitəçilik xidmətləri göstərən və tamamilə obyektiv olan şahidin də öz ifadəsində qeyd etdiyi kimi, iddiaçı olaraq iddiada haqlı olmasını bir daha öz təsdiqini tapır. Lakin Məhkəmə öz qətnaməsində hər hansı maddi normaya əsaslanmadığı və sübutlara münasibət bildirməyi üçün qətnamənin nəticə hissəsi yoxdur ki, uyğun gəlməməsi halına da bir fikir bildirilsin. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, ev 20, 59 saylı mənzil Cavabdeh tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı mənzilin ona əşyalı satıldığını bildirərək, cavabdeh tərəfindən əşyaların ona məxsus mənzildən çıxarılması səbəbindən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmasını qeyd etmişdir, lakin bu barədə, yəni mənzilin ona əşyalı satılmasına dair iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiasının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olması və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətində isə iddiaçı təqdim etdiyi fotoşəkillərə və vasitəçilik etmiş şəxsin ifadəsinə istinad etsə də, həmin əşyaların verilməsi ilə bağlı cavabdehin ididaçının qarşısında öhdəçilik götürməsi sübut olunmur, hətta aralarında bağlanmış müqavilədə də bu qeyd edilməmişdir. Belə ki, vasitəçilik xidmətləri göstərən və tamamilə obyektiv olan şahidin də polisdə verdiyi izahatında ifadəsində qeyd edilənlər iddiaçının haqlı olmasında bir daha öz təsdiqini tapmasına dair dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, əvvəla vasitəçilik xidmətləri göstərən və iddiaçının təbirincə tamamilə obyektiv olan şahidin məhkəmədə deyil, polisdə izahat vermişdir ki, bu izahatda da göstərilənlər iddiaçının haqlı olmasını dəlalət etməməkdə işin digər halları ilə təsdiqini tapmadığı üçün əsaslı və mötəbər sübut sayıla bilməz. Kollegiya öz qətnaməsində hər hansı maddi normaya əsaslanmadığı və sübutlara münasibət bildirməyi üçün qətnamənin nəticə hissəsi olmamasına dair dəlillə bağlı məhkəmə qeyd edir ki, qətnamədə iddiaya verilən hüquqi qiymət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinin tələbləri baxımından verilmişdir ki, həmin normanın da qətnamədə konkret əks olunmaması mahiyyətcə düzgün, əsaslı olan qətnamənin ləğvinə əsas vermir və iddianın hüquqi taleyinə heç bir təsir etmir. Başqa sözlə,hüquqi əsasının olması sübuta yetrilməyə iddia tələbi hər bir halda təmin edilə bilməz. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Kollegiyanın iclasında iddiaçı tələb edilən əşyalarının ümumi dəyərinin 1.500 manatdan çox olmamasını bildirmişdir. Hazırki iş üzrə iddia əsassız olmaqla və qətnamə dəyişdirilmədən saxlanıldığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, e-2(094)- 251/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.