Məhkəmə qərarları › İş №2(103)-6539/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6539/2021

23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6539/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-847/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətinə birbaşa qəsdlə bağlı cinayət prosesini həyata keçirməli olan orqanların hərəkət və hərəkətsizliyi nəticəsində qanuni mənafeyinə vurulmuş 700.000 (yeddi yüz min) manat məbləğində maddi ziyanın və 800.000 (səkkiz yüz min) manat məbləğində mənəvi ziyanın müştərək qaydada Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə onun hesabına ödənilməsi, ona qarşı münasibətdə hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək özbaşnalığa yol vermiş və bununla da Azərbaycan dövlətinin nüfuzuna xələl gətirən təqsirkar vəzifəli şəxslər barəsində məhkəmənin xüsusi qərardadının çıxarılması və bu şəxslərin reqress iddia qaydasında məsuliyyətə cəlb olunmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-847/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-847/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-847/2021 saylı 19 may 2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-847/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsassən, müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündə gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və təkliflərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. Cinayət barədə ərizə, şikayət və məlumatlara təxirəsalınmadan baxılır. Bu hallarda müvafiq prokuror qanunla nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində ərizə, şikayət və məlumatlarda göstərilən faktların yoxlanılması məqsədilə, dövlət orqanlarından və ya audit təşkilatlarından mütəxəssisin ayrılmasını təmin edir və araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edir. ... Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə uyğun olaraq baxılır. Azərbaycan Respublikası CPM-nin 442.1-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara; cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ərizəyə məhkəmə qaydasında – mülki mühakimə (iddia) icraatı qaydasında baxılmalı olmadığından, yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətin dəlillərindən də göründüyü kimi iddiaçı hazırki şikayətində də istintaq – prokurorluq və digər orqanların hərəkət və hərəkətsizliyindən şikayət edərək müvafiq qətnamənin qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən haqlı olaraq iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi nəticəsinə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlillər yuxarıda göstərilənlərlə təkzib olunur və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-847/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-847/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar