Məhkəmə qərarları › İş №2(103)-6548/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6548/2024

09.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6548/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiası; İddiaçı Cavabdeh İddiaçı qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «ödənilmiş ipoteka vəsaitinin bərabər bölünməsi və ipoteka ödənişlərinin yarısının ödənilməsi öhdəliyinin həvalə edilməsi, mənzildəki payın müəyyən edilməsi və mənzilə köçürülmə ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-335/2024 saylı, 30 avqust 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədə İddiaçı ilə Cavabdeh arasında olan nikahın xx.xx.2011-ci il tarixdə ləğv edildiyi qeyd olunmuşdur.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5340/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan görünür ki, İddiaçı iddiası Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi olmuşdur. Kollegiya hesab etmişdir ki, mülkiyyətçi olan cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə əsaslar olmadığından iddia tələbi rədd edilməlidir. Kassasiya icraatı zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş, nikah 2010-cu ildə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, daha sonra tərəflər barışmış və barışdıqdan sonra rəsmi nikaha daxil olmadan 5-6 il birlikdə yaşamışlar.

3. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir.

4. Kreditor "xxxx" ASC ilə birgə borcalanlar İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalanlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 48.000 manat məbləğində kredit verir. Müqavilənin müddəti 244 ay, illik faiz dərəcəsi 8%, kreditin təminatı isə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi olmuşdur.

5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 059/7009 nömrəli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-də xx.xx.2009-cu il tarixdə 104İPKK160790026 nömrəli kredit müqaviləsi üzrə 48.000 manat ipoteka krediti rəsmiləşdirilmişdir. Bu müqavilə üzrə aylıq ödəniş 550.43 manatdır. Müqavilənin bitmə tarixi xx.xx.2030-cu ildir və cari günə 34.119,34 manat borcu mövcuddur.

6. X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil İddiaçı tərəfindən X1 yaşamaq üçün kirayə verilmiş, aylıq kirayə haqqı 500 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdeh qarşı mübahisəli mənzilə olan mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə dair ödənilmiş ilkin məbləğin və nikahın pozulmasına qədər 17.800 manat məbləğində pul vəsaitinin 50%-i, yəni 8900 manat məbləğinin Cavabdeh ödənilməklə onun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə olan mülkiyyət və istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlk iddiada göstərilir ki, Cavabdeh ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olub, ailə həyatı qurmuşdur. Nikahları 2010-cu ildə Nərimanov Rayon Məhkəməsində pozulmuş və onlara xx.xx.2011-ci il tarixli AZ-İ 124639 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilini almışdır və bunun üçün xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-dən 48.000 manat məbləğində kredit ğötürərək və həmin gün Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlamışdır. Hər iki müqavilələrdə birgə borcalanlar kimi hər ikisi qeyd olunmuşdur. Kredit müqaviləsi üzrə ödəmə qrafiki tərtib olunmuşdur və ödəmə cədvəlinə əsasən hər ay 400 manat məbləğində kredit ödəməli idilər. Həmçinin kredit müqaviləsi bağlayarkən iddiaçı 12.200 manat məbləğində ilkin ödəniş etmişdir. Qeyd olunan mənzil xx.xx.2010-cu il tarixdə onun adına xüsusi mülkiyyət kimi hüquq qeydiyyata alınmışdır. Mənzili aldıqdan sonra onların cavabdehlə münasibətləri pisləşmiş və cavabdeh uşaqlarla birlikdə mənzildən çıxaraq nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Nikahın pozulması ilə bərabər cavabdeh əmlak bölgüsü tələbi ilə məhkəməyə müraciət etmiş və digər əmlaklarla yanaşı, hazırda mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonunda, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilin alınması üçün kredit müəssisəsinə birgə nikah dövründə ödənilmiş vəsaitin 2/3 hissəsinin özünə, 1/3 hissəsinin iddiaçıya verilməsini xahiş etmişdir. Halbuki həmin dövrə qədər iddiaçı 5.600 manat kredit ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi həmin hissədə rədd edilmişdir, daha sonra cavabdeh apellyasiya icraatı zamanı ona könüllü olaraq onun istədiyindən artıq əmlakların adına keçirdikdən sonra iddia tələbindən imtina etmişdir. Pandemiya dövründə iddiaçı işləmədiyinə ğörə ipoteka kreditini ödəyə bilmirdi, bu səbəbdən də ipoteka krediti bank tərəfindən restukritizasiya olunmuşdur. Hal-hazırda iddiaçı hər ay 550 manat məbləğində kredit ödəyir. Cavbadeh heç bir halda kreditin ödənişində iştirak etmir. Bu səbəbdən də, ilkin ödənişin 50%-i və nikahın pozulmasına qədər ödədiyi məbləğin 50%-i cavabdehə ödəməklə, mübahisəli mənzili birgə nikah dövründə alınmış əmlakın siyahısından çıxarılsın ki, həmin əmlaka onun istifadə və sərəncam hüququ tam şəkildə müyyən edilsin.

9. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 sonradan ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə dair nikahın pozulmasından sonra iddiaçı tərəfindən ödənilmiş 51.754 manat məbləğində pul vəsaitinin 50%-i, yəni 25.577 manat məbləğində bir hissəsini İddiaçı xeyrinə və 2023-cü ilin noyabr ayından 2028-ci ilin iyun ayına qədər hər ay ödənilməli olan 550 manatın 50%-i, yəni 275 manat məbləğində hissəsinin isə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulmasına dair onun üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı Cavabdeh İddiaçı qarşı mənzildəki payın müəyyən edilməsi və mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Mayakovski küçəsi, ev 15, mənzil 13-də 2/3 hissədə payının müəyyən edilməsi, mənzilə köçürülməsi və mənzildən istifadəsinin məhdudlaşdırılması nəticəsində ona dəyən zərərin əvəzi olaraq 32.000 manatın İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddiada göstərilib ki, mübahisəli mənzil ipoteka yolu ilə nikah dövründə almışlar. Bu mənzildə 2016-cı ilə kimi yaşamış, mənzildən çıxdıqdan sonra mənzildə daima kirayəçilər yaşamışdır, mənzil həmişə kirayədə olmuşdur. Razılıqlarına əsasən Rizvan kirayə pulu ilə ipoteka xərclərini ödəmişdir. Onların münasibətləri pozulduqdan sonra aralarında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Həmin çəkişmələr hələ də davam etməkdədir. Rizvan əvvəlcə onun istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rizvanın həmin tələbi əsassız olduğundan məhkəmələr tərəfindən təmin edilməmişdir. Bundan sonra mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda isə iddia tələbini dəyişdirərək mənzilə görə edilmiş ipoteka ödənişlərinin yarısının ondan tutulmasını xahiş edir. Rizvan uzun müddətdir ki, onu mənzilinə buraxmır, mənzilin hansı qiymətə kirayəyə verildiyi barədə ona heç bir məlumat vermir. Hesab edib ki, mənzilin kirayə pulunu ipoteka xərclərinə ödədiyindən aralarında elə bir narazılıqlar olmayacaqdır. İndi ona aydın olur ki, Rizvanın onu ümumiyyətlə mənzilə buraxmaq niyyəti yoxdur. Mənzil 2016-cı ildən bu günə qədər kirayədə olmuşdur. Mənzil 3 otaqlı və yaşayışa tam yararlıdır. Mənzilin kirayə haqqı hazırda 700 manatdan yuxarıdır. İnternetdən götürdüyü məlumatlara görə həmin ərazidə 3 otaqlı mənzillərin fərqli qiymətləri vardır. Ən aşağı kirayə haqqı 600-700 manat civarındadır. Belə olduğu halda, 2016-cı ildən bu günə kimi mənzilin kirayə pulunun yarısı Rizvandan onun xeyrinə tutulmalıdır. Mənzilin aylıq kirayə haqqının orta hesabla 500 manat hesabladıqda illik kirayə haqqı 6.000 manat təşkil edir. Məhkəmə çəkişməsi hələ də davam etdiyindən mənzil üçün əldən çıxmış fayda 2024-cü il də daxil olmaqla 8 il üçün hesablanmalıdır. Keçmiş 8 il üçün mənzilin kirayə haqqı 48.000 manat təşkil etdiyindən həmin məğləğin 2/3 hissəsini təşkil edən 32.000 manatı əldən çıxmış fayda kimi ona ödənilməlidir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-335/2024 saylı, 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) ilkin iddia qismən təmin edilərək Cavabdeh 25847,09 (iyirmi beş min səkkiz yüz qırx yeddi manat, doqquz qəpik) manatın İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzili üzərində Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə köçürülməsi, cavabdeh İddiaçı 2000(iki min)manat Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş, nikahlarının 2010-cu il tarixdə məhkəmə qətnaməsi ilə pozulduğunu bildirsələr də, lakin təqdim edilən dəlillərlə aralarındakı nikah xx.xx.2011-ci ildə ləğv edilmişdir. Tərəflərin birgə nikahı dövründə alqısatqı və ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil İddiaçı adına əldə edilmişdir. Mənzilin əldə edilməsi üçün pul vəsaitinin 48.000 manat hissəsi "xxxx" ASC-dən kredit olaraq birgə borclular kimi tərəflərin hər iksinin adına əldə edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, tərəflər nikahları pozulduqdan sonra 5-6 il birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilində yaşamış, daha sonra münasibətləri yenidən piləşdiyindən, Cavabdeh mənzili tərk etmiş, İddiaçı isə ona qarşı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Cavabdeh mülkiyyətçi olması əsası ilə iddia tələb rədd edilmişdir. Həmçinin həmin qərarla iddiaçının mənzildən istifadə hüququnun olması öz təsdiqini tapmışdır. Məhkəmə ilk növbədə qarşılıqlı iddianın “mübahisəli mənzilin 2/3 hissəsinə iddiaçı Cavabdeh payının müəyyən edilməsi və onun mənzilə köçürülməsi” barədə hissələrinə qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə qismən əsaslıdır, bu səbəbdən də qismən təmin edilməlidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.7-ci bəndində qeyd edilir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Həmin qərarın 6.18-ci bəndində qeyd edilir ki, məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri) Belə ki, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil tərəflərin birgə nikahda olduqları dövrdə, yəni 2009-cu ildə əldə edilmiş və Cavabdeh həmin mənzilin İddiaçı ilə birlikdə mülkiyyətçisi olması faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında da öz təsdiqini tapmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilmiş faktlar yenidən digər məhkəmə araşdırılmsı sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sadalanan işin xüsusatlarına və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olduğundan, tərəflər arasında isə birgə nikah dövründə əldə edilmiş əmlakın rejiminə dair hər hansı saziş olmadığından, qarşılıqlı iddiaçı Cavabdeh mənzildə payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Mübahisəli əmlakda qarşılıqlı iddiaçının payı 2/3 hissə deyil, 1/2 hissə müəyyən edilməli, qalan 1/2 hissəsi isə qarşılıqlı cavabdehin payı hesab edilməlidir. Ona görə ki, iddiaçı mübahisəli əmlakın 2/3 hissəsinə özünün, qalan hissəsinə isə cavabdehin payının müəyyən edilməsinin hansı zərurətdən yaranmasını əsaslandırmamışdır. Digər tərəfdən, ailə qanunvericiliyinin tələbinə görə özlüyündə uşaqların valideynlərdən hər hansı biri ilə qalması birgə mülkiyyətin bölünməsi zamanı ona çatası payın daha artıq müəyyən edilməsinə əsas vermir. Bunun üçün həmin valideynin yanında qalmış yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafelərinin (uşağın ciddi xəstəlikdən əziyyət çəkməsi və s.) bölgünün bərabər aparılmamasına dəlalət etdiyi, o cümlədən ərarvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar mötəbər sübutlarla təsdiq olunmalıdır. Məhkəmə qarşılıqlı iddiaçının mənzilə köçürülməsi tələbi ilə bağlı hesab edir ki, mənzilin birgə mülkiyyətçisi olan iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri baxımından mübahisəli mənzilə maneəsiz köçürülməsi təmin edilməlidir. Məhkəmə ilk iddiaçının “nikah pozulduqdan sonra ödənilmiş 51.754 manat pul vəsaitinin yarı hissəsi olan 25.577 manat hissəsinin cavabdehdən xeyrinə tutulması” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edib ki, ilk iddia göstərilən hissədə qismən əsaslıdır. İlk iddiaçı 51.754 manat pul vəsaitinin yarı hissəsi kimi 25.577 manat pulun tutulması xahiş olunsa da, məhkəmə hesab edib ki, həmin hal açıq hesab səhvidir və belə halın mövcudluğu iddia tələbindən kənara çıxma hesab edilə bilməz. Çünki tələbdən də göründüyü kimi, ilk iddiaçı məhz 51.754 manat pul vəsaitinin yarı hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını mübahisələndirir. (51754/2=25877) Tərəflər paylı mülkiyyətlərində olan mübahisəli mənzilə dair eyni hüquqlara və öhdəliklərə malikdirlər. Belə ki, ilk iddia üzrə cavabdeh iddiaya etiraz etsə də, lakin nikah pozulduqdan sonra mənzilin alınması üçün götürülmüş kredit pul vəsaitinin ödənilməsində onun da iştirak etməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Odur ki, Ailə Məcəlləsinin də 37.3-cü maddəsinin tələbləri baxımından, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edildiyindən və ilk iddia üzrə Cavabdeh mənzildə payı ½ hissədə müəyyən edildiyindən, ilk iddiaçı nikah pozulduqdan sonra kredit vəsaitinin qaytarılması üzrə ödədiyi pul vəsaitinin yarı hissəsinin ilk cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İlk İddiaçı nikah pozulduqdan sonra ödənilmiş 51.754 manat pul vəsaitinin yarı hissəsi olan 25.877 manat hissəsinin cavabdehdən xeyrinə tutulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və tərəflər arasındakı nikah xx.xx.2011-ci il tarixdə ləğv edildiyindən, məhkəmə hesab edir ki, 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək edilmiş ödənişlərin yarı hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən ilk İddiaçı tərəfindən "xxxx" ASC-nə 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək edilən kredit ödənişlərinin ümumilikdə nə qədər təşkil etməsinin öyrənilməsi üçün təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, həmin məbləğ 51.694,19 manat təşkil edir. Məhkəmə verilmiş ekspert rəyini qiymətləndirir və mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilən qanunvericilik normalarına, işin hallarına və iş üzrə verilmiş ekspert rəyinə əsasən, ilk iddia göstərilən hissədə qismən təmin edilərək, ilk Cavabdeh İddiaçı xeyrinə sonuncu tərəfindən "xxxx" ASC-yə 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək ödənilmiş kredit pul vəsaitinin ½ hissəsi, yəni 25.847,09 manat hissəsi tutulmalıdır. (51.694,19/2=25.847,09) Məhkəmə ilk iddiaçının “2023-cü ilin noyabr ayından 2028-ci ilin iyun ayına qədər hər ay ödənilməli olan 550 manatın 50%-i, yəni 275 manat məbləğində hissəsinin isə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulması” barədə tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə əsassızdır. Belə ki, ilk cavabdeh həmin kredit müqaviləsi üzrə birgə borcalandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Yuxarıda göstərilənlərdən görünür ki, tərəflər müqavilə üzrə birgə borcalanlardır. Hazırda məhkəmə mübahisəli əmlaka dair tərəflərin payını bərabər müəyyən etdiyindən, əlavə olaraq, aylıq ödənişlərin yarısının üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulması öhdəliyinin qoyulması zərurəti mövcud deyil. Bundan başqa, subyektiv hüquq baxımından belə bir tələblə ilk İddiaçı deyil, məhz üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edə bilər. Əlavə olaraq məhkəmə bildirib ki, ilk İddiaçı hazırki 2023-cü ilin noyabr ayından sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə, ödənilmiş məbləğin ümumi əşyada müəyyən edilmiş paya uyğun hissəsinin Cavabdeh tutularaq ilk iddiaçıya ödənilməsini qət edə bilər. Məhkəmə həmçinin qarşılıqlı iddianın “mənzildən istifadəsinin məhdudlaşdırılması nəticəsində ona dəyən zərərin əvəzi olaraq 32.000 manat pulun İddiaçı tutularaq ona ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırır ki, o, 2016-cı ilədək mübahisəli mənzildə yaşamış, sonradan qarşılıqlı cavabdeh onun mənzildən istifadəsini məhdudlaşdırmış və mənzili kirayə verməklə qazanc əldə etmişdir. Odur ki, 2016-cı ildən hazırkı vaxtadək keçən 8 il müddətində mənzilin kirayə verilməsi nəticəsində əldə edilmiş 48.000 manat vəsaitin 2/3 hissəsinin, yəni 32.000 manat hissəsinin onun xeyrinə cavabdehdən tutulmasını xahiş edir. Qarşılıqlı iddiaçı tələbini əsaslandırdığı halları məhkəmə araşdırılması zamanı qismən sübuta yetirmişdir. Məhkəmə iclasında dinlənilən şahid Elxan Əzizov mübahisəli mənzildə həqiqətən 2018-ci ilin sentyabr ayının 23-dən 2019-cu ilin iyun ayının əvvəlinə qədər kirayə yaşadığını bildirmiş və həmin halı təsdiq edən İddiaçıla bağlanmış kirayə müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Şahid ifadəsində ilk üç ay 500 manat kirayə haqqı ödədiyini, sonradan məbləğin 600 manat olmasını bildirsə də, təqdim edilmiş kirayə müqavilsində kirayə haqqı 500 manat müəyyən olunmuşdur. Odur ki, qarşılıqlı iddia tələbi sübut edilən hissədə qismən təmin edilməli, məhkəmənin yuxarıda qeyd edilən (ailə qanunvericiliyinin tələbinə görə özlüyündə uşaqların valideynlərdən hər hansı biri ilə qalması birgə mülkiyyətin bölünməsi zamanı ona çatası payın daha artıq müəyyən edilməsinə əsas vermir. Bunun üçün həmin valideynin yanında qalmış yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafelərinin (uşağın ciddi xəstəlikdən əziyyət çəkməsi və s.) bölgünün bərabər aparılmamasına dəlalət etdiyi, o cümlədən ər-arvaddan birinin üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar mötəbər sübutlarla təsdiq olunmalıdır) mövqeyi əsas götürülməklə, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin may ayı daxil olmaqla, 8 ay müddətinə ödənilmiş kirayə haqqının ½ hissəsi olan 2.000 manat (500 manat x 8 ay = 4.000 manat) məbləğində pul cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməlidir. Məhkəmə hesab edib ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edildiklərindən, iddia ərizələrinin verilməsi ilə bağlı məhkəməyə ödənilmiş dövlət rüsumların onların hər birinə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat tərəflər arasında bərabər bölünərək, hər birindən 50 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilməli, “X2 Mərkəzi” MMC tərəfindən aparılmış qiymətləndirmə işi üzrə çəkilmiş xərcə daxil olan 480 manat Cavabdeh tərəfindən ödənildiyindən, həmin məbləğin yarı hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

14. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək ilkin iddianın təmin edildiyi hissədə rədd, qarşılıqlı iddianın isə tam təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, İddiaçı ümumi birgə mülkiyyətə daxil olan əmlak üçün tərəfindən ödənilmiş 51.754 manat məbləğindəki pul vəsaitinin ½ hissəsinin cavabdehdən onun xeyrinə tutulması barədə ilkin iddia tələbinin təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə aşağıdakılara əsasən razılaşmır və ləğvinin zəruri olduğunu düşünür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı qeyd olunan hüquqi mövqedən də göründüyü kimi mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, iş üçün əhəmiyyət kəsb edən faktiki halları tam araşdırmalıdırlar. İş üzrə mövcud sübutlar iddiaçı ilə cavabdeh arasındakı nikah münasibətlərinə rəsmi olaraq 19 aprel 2011-ci il tarixindən etibarən xitam verilsə də, faktiki nikah münasibətlərinin 2016-cı ilədək davam etdiyini göstərir. Belə ki, həm daha əvvəl tərəflər arasındakı hüquq mübahisəsi üzrə AR Ali Məhkəməsi tərəfindən qəbul edilmiş Qərardan, həm tərəflərin birgə münasibətlərini təsdiq edən fotoşəkillərdən və məhkəmə izahatlarından bu hal öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5340/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı iddiası Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi olmuşdur. Kollegiya hesab etmişdir ki, mülkiyyətçi olan cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə əsaslar olmadığından iddia tələbi rədd edilməlidir. Kassasiya icraatı zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş, nikahları 2010-cu ildə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, daha sonra tərəflər barışmış və barışdıqdan sonra rəsmi nikaha daxil olmadan 5-6 il birlikdə yaşamışdırlar. AR Mülki Prosesual Məcəlləsinin 82.3-cü maddəsinin məzmunun əsasən predyudisial əhəmiyyət daşıyan və məhkəmə izahatları ilə də təsdiqini tapan bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, nikaha rəsmi olaraq xitam verildiyi tarixdən etibarən iddiaçı tərəfindən həyata keçirilmiş ipoteka ödənişlərinin ½ hissəsinin cavabdehdən tutulması qət edilmişdir. Halbuki, tərəflərin 2016-cı ilədək faktiki nikah münasibətlərində olması faktı, onların birgə təsərrüfata malik olduğundan həmin dövr üzrə ödənilmiş ipoteka ödənişlərinə görə iddiaçıdan pul vəsaitinin tutulmasını istisna etməkdədir. AR Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1 nömrəli Qərarının 6.39-cu hissəsinə əsasən Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Plenum Qərarında da göründüyü kimi, kredit müqaviləsi üzrə tərəf olan iddiaçı nikaha faktiki xitam verildikdən sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsait hesabında tam və ya qismən ödədiyi müəyyən edilsə idi, yalnız bu halda onun bu barədə iddia tələbi təmin edilməli idi. Plenum Qərarda da nikah münasibətlərin yalnız hüquqi olaraq deyil, faktiki olaraq davam edib-etmədiyinin müəyyənləşdirilməsinin əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur ki, bu da onun arqumentini dəstəkləməkdədir. Odur ki, yuxarıda qeyd olunanlar 2011-ci ildən 2016-cı ilədək dövr ərzində mübahisə tərəflərinin faktiki nikah münasibətlərində olduğunu və birgə təsərrüfatın həyata keçirildiyini, 2016-cı ildən sonra isə iddiaçı tərəfindən evin kirayəyə verilərək kirayə haqlarından ipoteka ödənişlərinin həyata keçirildiyini, nəticə etibarilə ödənilmiş ipoteka haqlarına görə cavabdehdən hər hansı pul vəsaitinin tutulması barədə məhkəmə qətnaməsinin həmin hissədə qanunsuz və əsassız olduğunu təsdiq etməkdədir. Hazırda ünvan 1 ünvanında yerləşən mənzilin tərəflərin birgə nikah dövründə əldə olunduğu işin mübahisəsiz halıdır. Bu da cavabdehin də iddiaçı kimi həmin əmlak üzərində mülkiyyət hüquqlarına malik olduğunu, 2016-cı ildən sonra iddiaçı tərəfindən kirayəyə verilən mənzildən əldə olunmuş kirayə haqqı gəlirlərinə hüququ olduğunu təsdiq etməkdədir. Tərəflərin faktiki nikah münasibətlərinin mövcud olmadığı 2016-cı ildən sonrakı dövrlə bağlı bildirir ki, həmin dövrdə ev iddiaçı tərəfindən üçüncü şəxslərə kirayə verilmiş və əldə edilmiş kirayə haqlarından ipoteka ödənişləri həyata keçirilmişdir. Qeyd edir ki, iddiaçı cavabdehin də mülkiyyətində olan əmlakın kirayəsindən əldə etdiyi gəlirlərin yarısını cavabdehə verməmiş, əsas hissəsi ilə ipoteka ödənişlərini həyata keçirərək yerdə qalan hissəsini də öz xərclərinə sərf etmişdir. İş materiallarında öz əksini tapan oxşar əmlakların kirayəsinin orta aylıq qiymətinə (500 manat) uyğun olaraq 8 il üçün ona ödənilməmiş kirayə haqqının cəmi məbləğindən onun xeyrinə tutulmalı olan pul vəsaiti 32000 manat təşkil edir ki, bu da həmin hissədə iddia tələbin təmin edilməsinin zəruri olduğunu göstərir. Birinci instansiya məhkəməsi icraatı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün əsaslandırılmış vəsatət təqdim edilsə də, o təmin edilməmiş, bununla da işin hallarının tam və hərtərəfli araşdırılması barədə məhkəmə baxışının prinsipləri pozulmuşdur. Belə ki, vəsatəti iş materiallarında olan ekspert rəyinin qeyri-mötəbər olmasına dəlalət edən əsasların olduğuna əsaslanmış, işin hallarının tam və hərtərəfli araşdırılması baxımından yenidən ekspertiza təyin edilməsinin zəruriliyi qeyd edilmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmiş və nəticədə MPM 14.1-ci maddəsində adı keçən prinsiplərin pozuntusuna yol verilmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

15. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddiasının isə tam təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda cavabdehin apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2 və 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Maddə 37.3 Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə tam təmin edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edildikləri üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. İlkin və qarşılıqlı iddiaların faktiki əsasları (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə ilkin iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, qarşılıqlı iddiada isə uzlaşmadığından, üstəlik ilkin iddiaya münasibətdə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından, qarşılıqlı iddiaya münasibətdə isə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından təmin edildiyi hissədə ilkin haqlı sayılır, qarşılıqlı iddia isə təmin edilmədiyi hissədə haqlı sayılmır.

27. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

29. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1).

30. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yəni, tərəflərin işləməməsi onları ümumi əmlak üzərində mülkiyyət hüququndan məhrum etmir. Əksinə qanunverici bu cür hallarda ərin yaxud arvadın ümumi əmlak üzərində hüquqlarının olduğunu xüsusiləşdirərək müəyyən etmişdir.

31. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

32. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

33. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə tam təmin olunması üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsi hər iki iddia tələbi üzrə kifayət qədər ətraflı hüquqi dəyərləndirmə apararaq yekunda düzgün nəticəyə gəlmişdir.

34. Bununla yanaşı, məhkəmə tərkibi də şikayətin dəlilləri üzrə aşağıdakıların qeyd edilməsini zərur hesab edir. Belə ki, tərəflərin 2011-ci ilin aprel ayından rəsmi nikah münasibətlərinə xitam verilsə də onların 2016-cı ilə kimi birlikdə yaşaması ilkin iddianın təmin edilən hissədə əsassız olduğuna dəlalət etmir. Çünki bu halın həqiqiliyinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilməsi belə onların rəsmi nikah münasibətləri olmadan birgə təsərrüfat aparmalarını yaxud ipoteka ödənişlərini birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq həyata keçirilməsini ehtiva etmir. Əks halda rəsmi nikahdan yaranan qanuni(hüquqi) prezumpsiyanın əhəmiyyəti heçə enərdi. Ona görə də qeyd olunan hallar ipoteka ödənişlərinin yarısının Cavabdeh alınıb İddiaçı verilməsi istisna edilə bilməz.

35. Cavabdeh Ali Məhkəmənin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1 nömrəli Qərarının 6.39-cu bəndinin 2-ci cümləsini də özünə məxsus şəkildə təfsir etməyə cəhd edir. Belə ki, həmin cümlədə göstərilib ki,... Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Göründüyü kimi, qeyd olunan cümlədə nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsinin tərəfinin kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyinin müəyyən edilməsindən bəhs edilir. Başqa sözlə, burada söhbət qanunvericiliklə tanınmayan faktiki nikah münasibətlərinin xitamından deyil, rəsmi nikah münasibətlərinin faktiki xitamından və ya nikahın rəsmi pozulmasından gedir. Yəni, rəsmi nikahda olan şəxs nikah münasibətlərinə faktiki xitam verdikdən və ya nikahı rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərinin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədikdə məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun qarşı tərəfdən tutaraq ona ödənilməsini təmin edə bilər ki, hazırkı işin faktiki halları da belə olduğu üçün məhkəmə də haqlı olaraq bu hissədə iddianı təmin etmişdir. Çünki tərəflərin 2011-ci ilin aprel ayına qədər həm rəsmi nikah münasibətlərinə faktiki xitam verilmiş, həm də nikahın rəsmi pozulması qeydə alınmışdır. Demək ki, bu vaxtdan sonra onların rəsmi nikah olmadan bir neçə il birlikdə yaşamaları belə, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə edilmiş ödənişləri, onların birgə vəsaiti yaxud birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq toplanmış vəsait sayıla bilməz. Ona görə də tərəflərin 2011-ci ilin aprel ayından 2016-cı ilə kimi faktiki olaraq birlikdə yaşamaları belə hazırkı ilkin iddianın əsassız olması baxımından heç bir əhəmiyyət kəsb etmir.

36. Mübahisə predmeti olan mənzilin 2016-cı ildən sonra isə İddiaçı tərəfindən kirayəyə verilərək kirayə haqlarından ipoteka ödənişlərinin həyata keçirilməsi dəlili ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu hissədə qarşılıqlı iddia qismən təmin edilmişdir. Ancaq Cavabdeh qarşılıqlı iddianın həmin hissəsinin təmin edilməyən hissəsini mübahisələndirir və hesab edir ki, qətnamə təmin edilməyən hissədə qanunsuz və əsassızdır. Ancaq birinci instansiya məhkəməsi həmin hissədə də düzgün nəticəyə gəlmişdir. Çünki bu hissədə də iddianın tam təmin edilməsi sübut etmə yükü ilə bağlıdır. Sübut etmə yükü isə onun üzərinə düşür. Demək ki, Cavabdeh mənzilin 8 ay ərzində deyil, 8 il ərzində kirayədə olması və qarşı tərəfin bundan 48000 manat vəsait əldə etməsini sübuta yetirilməlidir. Ancaq təmin edilməyən bu hissəyə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də bu hissə üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə əsas və zərurət yaranmamışdır. Çünki qarşılıqlı iddianın bu hissəsi əsaslı olduğu təqdirdə ekspertizanın keçirilməsi barədə vəsatət əsaslı ola bilərdi. Ancaq nə qədərki, iddianın bu hissəsinin əsaslı olmasına dair mötəbər sübutlar təqdim edilməyib, demək ekspertiza keçirilməsinə də lüzum olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmişdir.

37. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 335/2024 saylı, 30 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-335/2024 saylı, 30 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar