Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6555/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb edilməklə) iş üzrə (Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Məmmədova-Ağazadə Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 240.1-ci maddəsi ilə 01 il (bir) 06 (altı) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı 08 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 iyun 2021-ci il tarixdən hesablanmışdır.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarının təqsirliliyin sübuta yetirilməməsi və mövcud sübutların qanunla müəyyən olunmuş qaydada əldə olunmaması əsası ilə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin olunması qərara alınmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-78/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmaqla, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 70.000 (yüz min) manat məbləğində maddi və 75.000 (yetmiş beş min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı əsassız olaraq 08 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq Sumqayıt şəhər Polis İdarəsinin MSY-ə təhvil verilmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə əsassız cinayət məsuliyyətinə cəlb edilməklə həmin tarixdə qeyd edilən maddələrlə ona əsassız ittiham elan olunmuş, yuxarıda göstərilən maddələrlə ona yeni məzmunda ittiham elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsində barəsində 4 ay müddətinə əsassız həbs qətimkan tədbiri seçilmişdir. İttiham tərəfi onu əsassız olaraq ağır cinayətdə ittiham etmiş, əsassız olaraq həbs olunaraq 3 il 4 ay 21 gün həbsdə saxlanılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-78/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmü ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 240.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 240.1-ci maddəsi ilə 1 il (bir) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxiledilməsi və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 iyun 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməyi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməyi hökm edilmişdir. Hökmdən müdafiəçi Ruslan Mustafazadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Müdafiəçi Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və İddiaçı barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarının təqsirliliyin sübuta yetirilməməsi və mövcud sübutların qanunla müəyyən olunmuş qaydada əldə olunmaması əsası ilə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin olunması qərara alınmışdır. İş yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-331/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə onun Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 78/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən ləğv edilməsi, iş üzrə yeni hökm çıxarılması, onun Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1- cimaddələri ilə təqsirim sübuta yetirilmədiyindən mənə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilməyi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 331/2024 saylı xx.xx.2024-cü il tarixli bəraət hökmündən qanunvericiliklə müəyyən olunmuş müddətdə Kassasiya şikayəti və protesti verilməmişdir. Hökm qanuni qüvvəsini almışdır. İbtidai istintaq orqanının elan edilmiş əssasız ittihamına əsasən o, 08 iyun 2021ci il tarixdən 29 oktyabr 2024-cü tarixədək, yəni 3 il 4 ay 21 gün İstintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanılmışdır. Barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında şərəf və ləyaqətim ləkələnmişdir. Yəni, ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəyimişdir. Xüsusilə qeyd etməlidir ki, o, qanunsuz olaraq həbs edildiyi günədək taksi fəaliyyəti ilə məğul olmuş, hər ay müəyyən məbləğdə pul qazanırdı. Bunu təsdiq edəcək VÖEN-im vardır. Buna görə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənə vurulmuş, 70.000 (yüz min) manat məbləğində maddi, 75.000 (yetmiş beş min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2962/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 40.700 (qırx min yeddi yüz manat) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində mənəvi zərərə məruz qaldığından həmin zərərin əvəzi ədalətli şəkildə ona ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1100, 1101.1-ci maddələri və digər maddi hüquq normaları ilə, eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10.Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3- cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımından tərəfimizdən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. İddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirik ki, mənəvi zərərə görə kompensasiya müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
15. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
16. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsindəgöstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
17.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
Apellyasiya baxışının hədləri
18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 19.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 21.Belə ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində, 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur. 22.Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu isə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 23.«Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır. 24.Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. 25.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. 26.«İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». 27.Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. 28.Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır». 29.Mülki işin metariallarından aydın olur ki, iddiaçının qanunsuz olaraq 3 il 4 ay 21 gün (xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək) müddət ərzində qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Bununla da o, mənəvi sarsıntı keçirmişdir. 30.Nəzərə alınmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 4-cü maddələrinin məzmunundan göründüyü kimi şəxsin haqqında bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə, şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. 32.Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. 33.Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 34.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
36. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. 37.Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız cinayət təqibinə məruz qalması nəticəsində mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir. 38.Maliyyə Nazirliyinin iş üzrə cavabdeh ola bilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
39. Apellyatorun növbəti dəlili olan büdcə vəsaitlərinin ayrılmaması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə isə kollegiya fərqli maddi və prosessual hüquqi əsaslar müəyyən etmir. 40.Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Kollegiya, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. 41.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 19 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.