Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6558/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın geri qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1292/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələsglər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və etibarnamə əsasında aldadılaraq mənimsənilmiş və hazırda da adına qeydiyyatda olan ** SE *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı “Toyota Prius” avtomobilinin cavabdehlərdən alınaraq ona geri qaytarılması, həmin avtomobilin olmadığı halda dəyəri olan 13500 manat məbləğində pul vəsaitinin kompensasiya şəklində, mənəvi zərərə görə isə cavabdehlərdən müştərək qaydada 10000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu ildə Gürcüstan Respublikasından şəxsi istifadə üçün 2008-ci il buraxılışlı “Toyota Prius” markalı avtomobil gətirmiş, avtomobili bir neçə ay idarə etdikdən sonra onu satmaq qərarına gəlmiş və “Turbo.az” elan saytına avtomobil haqqında məlumatları yerləşdirmişdir. Bir müddət sonra həmin elan vasitəsi ilə ona Cavabdeh2 adlı bir şəxs zəng edərək avtomobili haqda maraqlanmış, həmin şəxs ona Babək prospektində avtosalonu olduğunu və maşınını həmin salona gətirib danışıq aparmalarını xahiş etmişdir. Avtomobilini salona apardıqdan sonra salonda ona zəng edən Cavabdeh2 və digər bir Elxan adlı şəxs avtomobilə baxış keçirtmişlər. Baxışdan sonra hər ikisi də ona bildirmişlər ki, onların bu maşına real alıcısı var və avtomobil iki-üç gün avtosalonda qalsın, satılandan sonra gəlib salondan avtomobilin pulunu apara bilər. Qiymətini 13500 manata razılaşmışlar. Razılaşmaya əsasən, o, iki-üç gün sonra gəlib avtomobili alan adamla alğı-satqıya getməli olmuş, lakin bir gün sonra Elxan ona zəng edərək, ona məxsus olan avtomobilini onun həyat yoldaşı Cavabdeh1 ad günü olması ilə əlaqədar öz həyat yoldaşına hədiyyə etmək istədiyini bildirmiş və onunla avtomobili xanımının hazırda idarə etdiyi “Hummer” markalı avtomobil ilə barter edə biləcəklərini də bildirmiş, o, razılaşmayaraq ona pul lazım olduğunu və başqa maşınla barter edə bilməyəcəyini bildirmişdir. Bir gün sonra Elxan ona zəng edərək yoldaşının ad günü olduğunu və ona məxsus olan avtomobilə görə yoldaşına sürmək üçün etibarnamə verməyi xahiş etmiş, o isə inanıb, razılığa gəlib və onlarla birlikdə Bakı şəhəri 6 saylı Notariat kontoruna getmişdir. Razılaşmaya əsasən o, Gülçöhrəyə 10 günlük sürmək üçün etibarnamə verməli idi, sonra ona ödəniləcək 13500 manat veriləndən sonra avtomobilə görə alğı-satqıya getməli idilər. O, verdiyi sözlərin hamısına əməl etmiş, etibarnamə veriləndən bir neçə gün sonra, yəni xx.xx.2019-cu il tarixində o, Elxana zəng edərək vaxtın bitdiyini və avtomobilin pulunun verilməsini istəmişdir. Lakin Elxan hazırda rayonda hüzür yerində olduğunu, Bakıya sabah gəlib onunla pul haqq-hesabını bitirəcəyini bildirmişdir. Səhəri gün, yəni iyun ayının 4-ü o, Babək prospektində yerləşən avto salona getmişdir. Avto salonda şikayətçi olduğu Elxan adlı şəxslərin heç biri olmamış, ona Nürəddin adlı bir şəxs yaxınlaşaraq nə istədiyini soruşmuşdur. O, həmin şəxsə bu salonu işlədən Elxan adlı adamı axtardığını və onun bu salona bir neçə gün bundan qabaq maşın qoyduğunu bildirdikdə, Nürəddin ona bildirmişdir ki, bu avtosalonun yiyəsi odur, Cavabdeh2 onun salonuna satış üçün bir neçə avtomobil qoymuşdur və o, bir neçə gün bundan qabaq cavabdehə avtomobillərini də götürüb onun avtosalonundan çıxıb getmələrini bildirmişdir, Elxanın onun salonu ilə bağlı heç bir şərikliyi yoxdur. Bütün bunlardan sonra o, dələduzlara rast gəldiyini anlayıb, həmin an DİN 102 xidmətinə zəng edərək bütün bu olanlar haqda polisə xəbər etmişdir. O, 6 saylı Notariusa gedib avtomobilinə görə verdiyi etibarnaməni ləğv etdirmişdir. Həmin etibarnamənin Notariusdan sürətini əldə edəndən sonra o, etibarnaməni 10 günlük yox, 1 illik verdiyinin şahidi olmuş, hətta həmin etbarnaməni sürmək üçün yox, verdiyi şəxs onun adından avtomobilə aid hər bir əməliyyatı etmək hüququna malik olduğunu görmüşdür. Avtomobilinin dələduzlar tərəfindən mənimsənilməsindən artıq 5 ay keçməsinə baxmayaraq, hələ də o, nə avtomobilini, nə də pulunu ala bilməmişdir. Həmin şikayətləri üzrə Bakı şəhəri Xətai rayon Pİ-nin 37-ci PŞ-də heç bir araşdırma aparılmadan, izahatlar alınmadan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1292/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə tam, obyektiv və hərtərəfli olmadığından ləğv edilməlidir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam vermək haqqında ƏN-Vİ 808693 nömrəli xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 “Toyota Prius” minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində 1 il müddətində sərəncam verilməsi üçün etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı Bakı şəhəri 6 saylı notariat ofisinə ünvanlanmış ərizəsinin suərtindən görünür ki, İddiaçı Cavabdeh1 verdiyi etibarnamənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 xx.xx.2020-ci il tarixli 016-22976/220 saylı məktubundan və ona əlavə edilmiş kompyuter çıxarışından görünür ki, “Toyota Prius” minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən İddiaçı adına qeydə alınmış və qeydiyyat üçün səbəb gömrük vəsiqəsi olmuş, Cavabdeh1 xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək qüvvədə olan etibarnamə verilmiş, X4 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olan etibarnamə verilmiş, xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsinə əsasən İddiaçı adından qeydiyyatdan çıxarılmış, daha sonra alğı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu ildə X2 adına şəhadətnamə verilmiş, daha bir şəxsə iki etibarnamə verilmiş, xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyata alınmış, sonuncu xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki, məhkəmə iddianı bütövlükdə rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi iddiaçı avtomobilini satmaq niyyətində olmuş, Cavabdeh2 ilə bu barədə razılığa gəlmişlər, bu məqsədlə mübahisə edilən “Toyota Prius” minik markalı **- SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 xx.xx.2019-cu il tarixdə etibarnamə vermiş, daha sonra cavabdehlərin onu aldatdığını anladıqda həmin etibarnaməni xx.xx.2019-cu il tarixdə ləğv etmişdir. Cavabdeh1 ona etibarnamə verilən tarixdən dərhal sonra xx.xx.2019-cu il tarixdə başqa şəxsə etibarnamə vermiş, həmin şəxs də növbəti gün xx.xx.2019-cu il tarixdə alqısatqı müqaviləsi əsasında avtomobili başqa şəxsə satmışdır. Bundan sonra avtomobilə dair qısa müddətlər daxilində bir neçə dəfə müxtəlif şəxslərə etibarnamə verilmiş, müxtəlif vaxtlarda alğı-satqı müqavilələri əsasında digər şəxslərə, sonuncu dəfə isə Cavabdeh3 satılmışdır. Kollegiya hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə əsaslı hesab edilməklə təmin edilməli və avtomobilin dəyəri olan 13500 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Əvvəla iddia tələbinin yönəldiyi digər Cavabdeh2 dair hissədə Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia tələbini yönəltdiyi həmin cavabdeh onun iddia ərizəsinə əlavə etdiyi qeydiyyat ünvanı barəsində DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışda göstərilən şəxs deyildir, belə ki, apellyasiya baxışı zamanı Elektron məhkəmə sistemindən çıxarılmış Şəxsiyyət vəsiqəsi məlumatlarında göstərilən şəxsin fotoşəklinə baxış keçirilmiş və iddiaçı həmin şəxsin avtomobilini satmaq barədə razılığa gəldiyi şəxs olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının əslində avtomobilini satmaq barədə razılığa gəldiyini qeyd etdiyi Cavabdeh2 barəsində verdiyi şəxsiyyət vəsiqəsi məlumatları başqa şəxsə aiddir, həmin şəxs isə hazırda müəyyən edilməmişdir, iddiaçının tələbi ona aid hissədə təmin edilməməlidir. Digər Cavabdeh1 birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, Cavabdeh2 və Elxan Babayev birlikdə avtosalon işlədirdilər, Cavabdeh2 ona şəxsiyyət vəsiqəsi özündə olmadığını və ona görə də avtomobili adına keçirə bilməyəcəyini demiş, bu səbəblə də onun şəxsiyyət vəsiqəsindən istifadə edərək avtomobilə dair ona etibarnamə verilmişdir. O, avtomobildən istifadə etməmiş, hətta avtomobilin kimdə olduğunu belə bilmir. Avtomobili yalnız etibarnamə verilərkən görmüş, iddiaçıya pul veriləcəyi söhbətindən də onun xəbəri olmamışdır. 2016-cı ilə qədər Cavabdeh2 ilə rəsmi nikaha girməsə də, birlikdə yaşamış, sonradan sonuncunun bu tip hərəkətlərini və pul mənimsədiyini görüb ondan ayrılmışdır. Notariusda verilən etibarnaməni oxumamış, Cavabdeh2 imzala demiş, o da imzalamışdır. Cavabdeh1 izahatından görünən odur ki, Cavabdeh2 adlı şəxs başqalarını aldadaraq pullarını mənimsəmişdir. Aydın olur ki, iddiaçı aldadılmış, Cavabdeh1 adına etibarnamə vermiş və sonradan avtomobilinə dair başqa şəxsə etibarnamə verilmiş, avtomobilin alqı-satqısı həyata keçirilmiş, dəyəri ödənilməmiş, bununla da iddiaçının avtomobili onun iradəsi ziddinə mülkiyyətindən çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə görə, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göründüyü kimi, təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıyır və bu hərəkətləri şəxsən özü etməlidir. Təmsilçi özünün maraqları daxilində deyil, təmçil edilənin maraqlarından hərəkət etmək səlahiyyətindədir. Bununla belə, etibarnamə ilə buna icazə verildikdə (hazırki işdə olduğu kimi) həmin hərəkətlərin icrasını təmsilçi başqa şəxsə də etibar edə bilər. Lakin o, bu barədə, eləcə də səlahiyyətləri verdiyi şəxs barəsində təmsil etdiyi şəxsə lazımi məlumat verməlidir. Təmsilçi bu vəzifəni icra etmədikdə, səlahiyyətləri ötürdüyü şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət daşıyır. Lakin işin hallarından müəyyən edilir ki, Cavabdeh1 ona etibarnamə vermiş iddiaçının maraqlarına zidd olaraq özünün, habelə onunla birgə hərəkət edən digər şəxsin (şəxslərin) maraqları daxilində hərəkət etmişdir. Belə ki, Cavabdeh1 iddiaçıya heç bir məlumat vermədən etibarnamə aldıqdan cəmi 3 gün sonra Elçin Məmmədov adlı şəxsə etibarnamə verməklə sonuncu tərəfindən avtomobilin dərhal özgəninkiləşdirilməsinə şərait yaratmışdır. G.X5 etibarnamə verərkən bu barədə, eləcə də sonuncunun şəxsiyyəti barəsində iddiaçını məlumatlandırmamışdır, buna görə də iddiaçıya vurulmuş zərərin ödənilməsi üçün məhz o, məsuliyət daşımalıdır. Etibarnamənin formal olaraq onun adına alınması barədə Cavabdeh1 izahatını isə Kollegiya inandırıcı hesab etmir. Kollegiya hesab edir ki, Cavabdeh1 həmin əməliyyatın aktiv iştirakçısı olmaqla hüquqi baxımdan iddiaçı ilə mülki-hüquq münasibətlərində olmuşdur. Belə olan halda Kollegiya qeyd edir ki, avtomobil hazırda vicdanlı alıcı olan Cavabdeh3 mülkiyyətindədir, iddiaçının tələbi avtomobilin geri qaytarılması hissəsində əsassızdır, iddia tələbi qismən təmin edilməklə Cavabdeh1 avtomobilin dəyəri olan 13500 manat tutularaq iddiaçıya ödənilməlidir. İddianın mənəvi zərər hissəsinə dair Kollegiya hesab edir ki, məhkəmə həmin iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1292/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 avtomobilin dəyəri olan 13500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6558/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6558/2020
31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver