Məhkəmə qərarları › İş №2(103)-656/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-656/2023

04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-656/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiası; iddiaçıCavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «müqavilə müddətinin uzadılması, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması, icarə sahəsindən məcburi çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1027/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli, 08/03 nömrəli qərarından çıxarışdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1090/2014 nömrəli, 21 yanvar 2014-cü il tarixli qərarının icrasını təmin etmək məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şossesinin sağ tərəfindən 5.000 kv.metr torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmişdir.

2. 01 iyul 2015-ci il tarixli, 2 saylı icarə müqaviləsindən görünür ki, İddiaçı MMC (icarəyə verən) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən ümumi sahəsi 545 kv.metr olan istehsalat sexini anbar olaraq istifadə üçün Cavabdeh (icarəyə verən) aylıq icarə haqqı 500 manat olmaqla icarəyə götürmüşdür. Müqavilənin 10.01-ci maddəsinə əsasən, icarə müqaviləsi 31 dekabr 2016-cı il tarixədək bağlanmış və imzalandığı gündən qüvvəyə minmişdir. Müqavilənin 11.02-ci maddəsinə əsasən, icarəyə verən və icarəyə götürən həmin müqavilənin növbəti illik müddətlərə uzadılmasına seçim hüquqları var. İcarə müddətinin bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfindən həmin müqavilənin pozulması haqda yazılı xəbərdarlıq olmadığı halda müqavilənin müddəti daha bir il uzadılmış hesab olunur.

3. 01 oktyabr 2019-cu il tarixli, 2 saylı icarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, tərəflər icarə müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi ilə bağlı razılığa gəlmiş, icarəyə götürülmüş sahə 545 kv.metr sahədən 1.400 kv.metr tikili sahəyə qədər artırılmış, aylıq icarə haqqı 500 manat məbləğdən 1.500 manat məbləğinə dəyişdirilmişdir.

4. 04 sentyabr 2021-ci il tarixli, LS 01/09-21 nömrəli məktubdan görünür ki, İddiaçı MMC-nin direktoru tərəfindən Cavabdeh müqavilə müddətinin 01 iyul 2022-ci il tarixinədək uzadılmasını xahiş etmişdir. Həmçinin həmin məktubda direktor tərəfindən icarəyə götürülmüş sahədə xərclənmiş 145.000 manatın onun təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirilmişdir.

5. 02 dekabr 2021-ci il tarixli “yazılı xəbərdarlıq”dan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 01 yanvar 2022-ci il tarixdən icarə müqaviləsinin müddətinin artırılmamasına qərar verdiyini bildirmiş, ona məxsus torpaq sahəsində 01 iyul 2015-ci il tarixli icarə müqaviləsi bağlanandan sonrakı müddət ərzində tikilmiş əlavə tikililər və quraşdırılmış konstruksiyalar sökülməklə, ümumi torpaq sahəsinin və həmin torpaq sahəsində icarəyə götürülmüş 1.400 kv.metr tikili sahənin 01 yanvar 2022-ci il tarixdən 10 təqvim günü müddətində təhvil verilməsi xahiş və tələb etmişdir. “Yazılı xəbərdarlıq” İddiaçı MMC tərəfindən 08 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı MMC Cavabdeh qarşı müqavilənin müddətinin uzadılması, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması barədə iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh ilə 01 iyul 2015-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılması və onun tərəfindən tikinti və abadlıq işlərinə xərclənmiş 145.000 manat (kanalizasiya sisteminin çəkilməsi, ümumi sahənin asfalt örtüklə bağlanması, metal-konstruksiyadan talvar sistemlərinin qurulması və ümümi sahənin video nəzarət qurğuları ilə təmin olunması) tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İlkin iddiada göstərilir ki, 03 avqust 2021-ci il tarixli 01 iyul 2015-ci il tarixli icarə müqaviləsi № 2-nin və 01 oktyabr 2019-cu il tarixli müqaviləyə 1 nömrəli Əlavəsinin xitam edilməsi barədə cavabdeh tərəfindən heç bir əsas olmadan məktub göndərilmişdir. Belə ki, icarə üzrə ödənişləri vaxtında, tam ödəməyinə, əraziyə və onun tikililərinə ziyan verməməyinə baxmayaraq, əksinə müqavilə bağlanan müddətdən bu günə qədər şəxsi vəsait hesabına anbarda mövcud olan şəraitsizliyi aradan qaldırmaq, abadlaşdırmaq naminə və istifadə standartlarına uyğunlaşdıraraq bir cox işlər görülmüş (4700 m2 yaxın asfalt örtüyünün vurulması və 3300m2 yaxın onun alt qatının hazırlanması, kanalizasiya sisteminin çəkilməsi, video nəzarət sisteminin yaradılması, 750 m2 yaxın dəmir konstruksiyadan əlavə talvar sisteminin yığılması və s.) və bu işlərə külli miqdarda şəxsi maliyyə vəsaiti xərclənmişdir (ümumilikdə 145.000 AZN-dən yuxarı pul vəsaiti xərclənmişdir, əgər göstərilmiş işlərin görülməsinə xərclənmiş vəsait şübhə doğruldarsa, həmin işlərin bu günə dəyərini təyin etmək üçün müstəqil audit şirkətinin ekspertiza rəyinin çıxarılmasına etiraz etmir). Bunları cavabdeh bilərək və nəzərə almayaraq şifahi olaraq kirayə qiymətini birdən-birə aylıq 1.500 manatdan 5.000 manata artırmaq istədiyini bazarda mövcud qiymətlərdən yüksək tutaraq bildirmişdir. O, isə cavab olaraq bazar araşdırması aparıb təhvil verdiyi şəraitdə olan anbarlar ücün real qiymətlər üzərindən cavabdehlə müqaviləni yeni qiymətə (kompromis əsasında və onun anbara etdiyi yatırımları nəzərə alaraq) uzadacağını şəxsən özünə şifahi qaydada və rəsmi məktubla bildirmişdir, ona görə ki, müqavilənin 12-ci maddəsinin “c)” yarımbəndi üzrə hüququ müqavilə imzalanarkən yəqin ki, müəyyən səbəblərə görə cavabdehi özünə yaxın bilib və hər zaman kompromis tapa bilməyi düşünərək və cavadehin şirkətə o zaman təqdim etdiyi şablona güzəştə gedilərək tərəfindən şirkət direktoru olaraq tanınmışdır. Lakin malların spesifikasını və saxlama şərtlərini nəzərə alaraq yeni anbar üçün ərazinin tapılması, onun sənədləşmə işləri üçün vaxt, həmçinin, anbarda mövcud olan 1.000 tona yaxın malın zədələnmədən və ətraf mühitə zərər vurmadan bir yerdən başqa yerə köçürülməsi, bundan başqa göstərdiyi və zamanında yazılı etirazı olmadan metalkonstruksiyadan qurulmuş tiklilərin sökülüb daşınması üçün, sonra cavabdehin məktubunda göstərməyi unutduğu digər və yuxarıda qeyd etdiyi ona aid asfalt örtüyün və s. qurulmuş avadanlıqların sökülüb daşınması az olmayan maliyyə vəsaiti və bu işlərin görülməsi ücün cavabdehin göstərdiyi müddətdən daha artıq vaxt tələb olunur. Onun cavabdehin göstərdiyi müddət ərzində tələb etdiyi işləri görüb bitirmək fiziki cəhətdən mümkün deyildir. Yuxarıda göstərilən səbəblərə görə müqavilə müddətinin və onun tam boşaldılıb təhvil verilməsini 01 iyul 2022-ci il tarixinədək uzadılmasını, bazar araşdırılması zamanı ona verilən digər təkliflərə istinadən 10 sentyabr 2021-ci il tarixdən başlayaraq müqaviləyə yeni əlavə imzalanaraq təklif edilən tarixədək kirayə haqqının birdən birə bu pandemiya şəraitində təklif etdiyi 3,5 qat deyil, maksimum iki qat artırılmasını (vergi və digər xərclərin onun tərəfindən qarşılandığını nəzərə alaraq), hal-hazırda qeyri-yaşayış sahəsinin boşaldılması cavabdehin tələbinə əsasən mümkünsüzdür.

8. Cavabdeh İddiaçı MMC-yə qarşı icarə sahəsindən məcburi çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən cavabdehə məxsus 5.000 kv.metr torpaq sahəsindən, o cümlədən ümumi sahəsi 1.400 kv.metr olan tikilidən və torpağın özbaşına zəbt olunmuş hissəsindən çıxarılması, torpaq sahəsinin və 1.400 kv.metr tikilinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Qarşılıqlı iddiada göstərilir ki, tərəflər arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1 saylı icarə müqaviləsinə əsasən o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən və ona məxsus ümumi sahəsi 545 kv.metr olan istehsalat sexini aylıq icarə haqqı 500 manat olmaqla iddiaçıya icarəyə vermiş və müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixədək müəyyən olunmuşdur. İcarə müqaviləsinə 01 oktyabr 2019-cu il tarixli 1 №-li Əlavəyə əsasən icarəyə götürülmüş sahə 545 kv.metrdən 1.400 kv.metr tikili sahəyə qədər artırılmış, icarə haqqı isə 500 manatdan 1.500 manata dəyişdirilmiş və müqavilənin digər şərtləri olduğu kimi qalmışdır. Həmin müqavilənin 11.02-ci bəndinə görə icarəyə verən və icarəyə götürən müqavilənin növbəti illik müddətlərə uzadılmasına seçim hüquqları var. İcarə müddətinini bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfınfən müqavilənin pozulması haqqında yazılı xəbərdarlıq olmadığı halda müqavilə müddəti daha 1 il uzadılmış hesab olunur. 01 iyul 2015-ci il tarixdə 31 dekabr 2016-cı il tarixədək qüvvədə olmaqla bağlanmış icarə müqaviləsinin 2017-ci ildən başlayaraq hər il onun 11.02 bəndində göstərilən qaydada növbəti 1 il müddətinə (sonuncu dəfə 31 dekabr 2021-ci il tarixədək) uzadılmışdır. O, poçtla iddiaçıya 02 dekabr 2021-ci il tarixli yazılı xəbərdarlıq göndərərək, 01 yanvar 2022-ci il tarixindən müqavilə müddətinin artırılmamasına qərar verdiyini bildirmiş, müqavilə bağlanandan sonra tikilmiş əlavə tikililər və quraşdırılmış kontruksiyalar sökülməklə icarəyə götürülmüş torpaq sahəsinin və həmin sahədəki 1.400 kv.metr tikilinin 01 dekabr 2022-ci il tarixdən 10 təqvim günü müddətində ona təhvil verilməsini tələb etmişdir. İddiaçı həmin xəbərdarlığı 08 dekabr 2021-ci il tarixdə almış və bundan sonra ona qarşı hazırkı iddianı qaldırmış, həmin xəbərdarlığı da iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, o, icarə müqaviləsinin 11.02 bəndinə uyğun olaraq onun müddətinin bitməsinə 15 gün qalanadək müqavilənin pozulması barədə digər tərəfi yazılı xəbərdar etdiyi üçün növbəti müddətə uzadılmış sayılmır və onun qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixdə başa çatmışdır. İcarə obyektinin təhvil verilməsi üçün verilmiş vaxt 10 yanvar 2022-ci il tarixdə başa çatsa da, lakin iddiaçı onu təhvil verməmiş və hüquqi əsas olmadan həmin obyektdən qanunsuz istifadəni davam etdirməkdədir. Bundan başqa, iddiaçı icarəyə verilən tikilinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olan və icarəyə verilən tikilidən kənarda olan hissəsini (torpağın ümumi sahəsi 5.000 kv.metr) özbaşına zəbt edərək, orda sahəsi 750 kv.m-ə yaxın dəmir kontruksiyadan ibarət talvar quraşdırmışdır. Halbuki həmin torpaq sahəsi şirkətə icarəyə verilməmişdir. İcarə müqaviləsi onun müddətinin 31 dekabr 2021-ci il tarixdə başa çatması ilə əlaqədar ləğv olunmuş sayılır. Bu tarixdən sonra iddiaçının icarə obyektini qaytarmaqla imtina etməsi və ona sahiblik etməsi qanunsuzdur. Odur ki, iddiaçı icarə obyekri olmuş 1.500 kv.metr tikilidən və onun yerləşdiyi torpaq sahəsindən məcburi qaydada çıxarılmalıdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1027/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi; qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat vəsait İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, “Lubristar LLC“ MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 03 iyun 2022-ci il tarixli hesabtdan görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “Lubristar LLC“ MMC-yə məxsus avadanlıqların bazar dəyəri və Bakı şəhəri, M.Ə.Rəsulzadə ŞTQ, Binəqədi şossesinin sağ tərəfi ünvanında görülmüş işlərin (2015-2020-ci illəri əhatə edən müşahidə kameralarının quraşdırılması, yanğın sensorlarının quraşdırılması, asfalt örtüyünün çəkilməsi, talvarın qurulması) xərclərinin bazar qiymətləri ilə müqayisədə ümumi dəyəri 145.270 manat təşkil edir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022-ci il tarixli 10/1384 nömrəli rəyindən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli qərarı ilə Cavabdeh adına rəsmiləşdirilmiş M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şossesinin sağ tərəfində yerləşən 5.000 kv.metr torpaq sahəsində İddiaçı tərəfindən kanalizasiya sisteminin çəkilməsi, ümumi sahənin asfalt örtüklə bağlanması, metal-konstruksiyadan talvar sisteminin qurulması və ümumi sahənin video nəzarət qurğuları ilə təmin olunması işləri (yaxşılaşdırmalar) görülmüşdür. Tədqiq olunan ünvanda görülmüş təmir-tikinti işlərindən cavabdehin əmlakı zərər vurmadan talvarın, quraşdırılmış elektrik avadanlıqların sökülüb götürülməsi texniki cəhətdən mümkündür. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2017-2018-ci illərdə orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 89.405 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, ümumi sahənin video nəzarət qurğuları ilə təmin olunması işlərinin dəyərini müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 01 iyul 2015-ci il tarixli, 2 saylı icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 545 kv.metr olan istehsalat sexini anbar olaraq aylıq icarə haqqı 500 manat olmaqla icarəyə vermişdir. Həmin müqavilə 31 dekabr 2016-cı il tarixədək bağlanmışdır. Müqaviləyə əsasən icarə müddətinin bitməsinə 15 gün qalanadək tərəflərin biri tərəfindən həmin müqavilənin pozulması haqda yazılı xəbərdarlıq olmadığı halda müqavilənin müddəti daha bir il uzadılmış hesab olunur. 01 oktyabr 2019-cu il tarixli, 2 saylı icarə müqaviləsinə 1 nömrəli əlavə imzalamaqla tərəflər icarə müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi ilə bağlı razılığa gəlmiş, icarəyə götürülmüş sahə 545 kv.metr sahədən 1.400 kv.metr tikili sahəyə qədər artırılmış, aylıq icarə haqqı 500 manat məbləğdən 1.500 manat məbləğinə dəyişdirilmişdir. Cavabdeh 02 dekabr 2021-ci il tarixli yazılı xəbərdarlıqla iddiaçıya müraciət edərək 01 yanvar 2022-ci il tarixdən icarə müqaviləsinin müddətinin artırılmamasına qərar verdiyini bildirmiş və icarə müqaviləsi bağlanandan sonrakı müddət ərzində tikilmiş əlavə tikililər və quraşdırılmış konstruksiyalar sökülməklə, ümumi torpaq sahəsinin və həmin torpaq sahəsində icarəyə götürülmüş 1.400 kv.metr tikili sahənin həmin tarixdən 10 gün müddətində təhvil verilməsini xahiş etmişdir. Həmin xəbərdarlıq 08 dekabr 2021-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, icarəyə götürülmüş sahədə və ondan kənarda cavabdehə məxsus torpaq sahəsində icarə müddəti dövründə yaxşılaşdırma işləri görmüşdür (kanalizasiya sistemi çəkilmiş, ümumi sahə asfalt örtüyü ilə bağlanmış, metalkonstruksiyadan talvar sistemi qurulmuş və ümumi sahə video nəzarət qurğuları ilə təmin olunmuşdur). Ekspert rəyinə əsasən cavabdehin əmlakına zərər vurmadan talvarların və quraşdırılmış elektrik avadanlıqlarının sökülüb götürülməsi texniki cəhətdən mümkündür. İddiaçı MMC-nin direktoru tərəfindən cavabdehə göndərilmiş 04 sentyabr 2021-ci il tarixli məktubda həmin yaxşılaşdırma işlərinin təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirilmiş, icarə müqaviləsinin müddətinin 01 iyul 2022-ci il tarixədək uzadılması xahiş edilmişdir. Məhkəmə ilk iddia tələbinin “müqavilənin müddətinin uzadılması” hissəsi ilə bağlı qeyd edir ki, 01 iyul 2015-ci il tarixli, 2 saylı icarə müqaviləsində icarə müqaviləsinin müddəti (31 dekabr 2016-cı il tarixədək) və həmin müddətin uzadılması qaydası müəyyənləşdirilmiş və həmin qaydaya əsasən (müqavilənin 11.02-ci bəndi) icarə müddətinin bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfindən həmin müqavilənin pozulması haqda yazılı xəbərdarlıq olmadığı halda müqavilənin müddəti daha bir il uzadılmış hesab olunur. Cavabdeh bu qaydaya riayət edərək icarə müddətinin bitməsinə 15 gün qalanadək iddiaçını müqavilə müddətinin uzadılmaması barədə yazılı qaydada xəbərdar etmişdir. Göründüyü kimi, tərəflər müqavilə müddətinin uzadılması qaydasını qarşılıqlı razılıq əsasında müəyyənləşdirmiş və bu qaydaya cavabdeh tərəfindən əməl edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddaçı iddia ərizəsində və cavabdehə göndərilmiş 04 sentyabr 2021-ci il tarixli məktubda icarə müqaviləsinin müddətinin 01 iyul 2022-ci il tarixədək uzadılması xahiş etmişdir ki, həmin müddət də hazırki qətnamə qəbul edilən zaman artıq bitmişdir. Məhkəmə qeyd edir ki, “tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması tələbi” hüquqi şəxs olaraq İddiaçı tərəfindən irəli sürülsə də, həmin hüquqi şəxsin rəhbəri tərəfindən cavabdehə göndərilmiş 04 sentyabr 2021-ci il tarixli məktubda həmin işlərin təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirilmişdir. Göründüyü kimi, həmin tələbi İddiaçı irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə onu da qeyd edib ki, ekspert rəyinə əsasən cavabdehin əmlakına zərər vurmadan talvarların və quraşdırılmış elektrik avadanlıqlarının sökülüb götürülməsi texniki cəhətdən mümkündür və cavabdeh də iddiaçıya ünvanladığı yazılı xəbərdarlığında əlavə tikililər və quraşdırılmış konstruksiyaların sökülməsini xahiş etmişdir. Məhkəmə hesab edib ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyinə görə cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli, 08/03 nömrəli qərarı ilə onun adına sənədləşdirilmiş 5.000 kv.metr torpaq sahəsindən və onun üzərində icarəyə verilmiş 1.400 kv. metr sahəsi olan tikilidən iddiaçının çıxarılmasını tələb etməkdə haqlıdır və buna görə də qarşılıqlı iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.metr torpaq sahəsindən və ümumi sahəsi 1.400 kv.metr olan tikilidən çıxarılmalı və həmin torpaq sahəsi tikili ilə birlikdə Cavabdeh təhvil verilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı MMC-nin iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilkin iddia tələbinin təmin olunmasını xahiş edilmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Maddə 9, 5-ci hissəsi. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Maddə 9, 7-ci hissəsi. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, ilk iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni, icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmaması hissəsində ləğv edilməsi və həmin hissədə ilk iddianın qismən təmin edilməsi üçün əsasdır.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin həm nəticə hissəsindən, həm də şikayətin məzmunundan görünür ki, ilkin iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. Mübahisələndirilən hissədə ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə, yəni, icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilməməsi hissəsində düzgün olmamışdır.

24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Lakin ilkin iddianın yəni, icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilmədiyi hissəsi ilə bağlı işin faktiki halları Mülki Məcəllənin və “İcarə haqqında” Qanunun icarə və kirayə münasibətlərini tənzimləyən müddəalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik ilk iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından haqlı sayılırdı. 25.Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür ilkin iddianı rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

26. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, birinci instansiya məhkəməsinin “tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması tələbi” hüquqi şəxs olaraq İddiaçı tərəfindən irəli sürülsə də, həmin hüquqi şəxsin rəhbəri tərəfindən cavabdehə göndərilmiş 04 sentyabr 2021-ci il tarixli məktubda həmin işlərin təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirməsinin qeyd olunması ilkin iddianın yalnız buna görə, yəni həmin tələbin İddiaçı irəli sürməyə subyektiv hüququ yoxdur qənaətinə gəlinməsi və rədd olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı da tərəflər, o cümlədən cavabdeh tərəf tikinti və abadlıq işlərinə çəkilmiş xərcin MMC tərəfindən deyil, onun təsisçisinin şəxsi vəsaiti hesabına çəkildiyini bildirmədilər. Demək ki, yalnız məktubda göstərilən sözləri əsas götürüb, subyektiv hüququn olmaması əsası ilə ilk iddianın tam rədd edilməsi açıq-aşkar düzgün nəticə olmamışdır.

27. Bununla əlaqədar, mülki iş apellyasiya icraatında olarkən iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə tərkibi hesab etdi ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.metr torpaq sahəsində və ümumi sahəsi 1.400 kv.metr olan tikilidə (obyektdə) ümumi sahənin video nəzarət qurğuları ilə təmin olunması işlərinin istismar dövrü və amortizasiya xərci nəzərə alınmaqla dəyərinin (kamera sisteminin ümumi yekun xərci) nə qədər təşkil etməsi və bu sistemin hər hansı bir formada zərər vurulmadan sökülüb götürülməsinin mümkün olub-olmaması, tam yaxud qismən mümkündürsə yaxud mümkün deyilsə, onda sökülüb götürülə bilən hissələrin real bazar dəyəri (konkret məbləği göstərməklə) nə qədər təşkil edə biləcəyinin aydınlaşdırılması üçün məhkəməəmtəəşünaslıq və əlavə tikinti-texniki ekspertizası təyin olunmalıdır. Çünki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza zamanı bu məsələnin tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir.

28. Bundan əlavə, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyində mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.metr torpaq sahəsində və ümumi sahəsi 1.400 kv.metr olan tikilidə (obyektdə) görülmüş təmir-tikinti işlərindən zərər vurmadan talvarın, quraşdırılmış elektrik avadanlıqlarının texniki cəhətdən mümkün olduğu göstərilsə də, talvarın və quraşdırılmış elektrik avadanlıqların istismar dövrü və amortizasiya xərci nəzərə alınmaqla sökülüb götürülməsi texniki cəhətdən (ekspert rəyinin əsaslandırıcı hissəsindəki Smeta cədvəlində göstərilən talvarların qurulması zamanı istifadə olunan bütün materialların ayrı-ayrılıqda sökülüb götürülməsinin mümkünlüyü və qaydası göstərilməklə) hansı qaydada mümkünlüyü, mümkündürsə talvar(lar)ın konkret hansı hissələrinin və konkret hansı hissəyə aid elektrik avadanlıqlarının sökülüb götürülməsinin mümkün olub-olmaması, sökülüb götürülə bilən hissələrin real bazar dəyəri (konkret məbləği göstərməklə) nə qədər təşkil etməsi ekspert tərəfindən aydınlaşdırılmamış və natamam qalmışdır.

29. Bu məqsədlə, apellyasiya baxışında keçirilmiş 10/546 saylı, 05 iyun 2023-cü il tarixli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.m torpaq sahəsində və ümumi sahəsi 1.400 kv.metr olan tikilidə (obyektdə) görülmüş təmir-tikinti işlərindən zərər vurmadan talvarın, quraşdırılmış elektirik avadanlıqların tikinti texnologiyasına riayət olunmaqla sökülüb götürülməsi texniki cəhətdən mümkündür və sökülüb götürülə bilən hissələrin real bazar dəyəri təqribən 25860,0 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda quraşdırılmış talvarın, elektrik avadanlıqlarının istismar dövrü və amortizasiya xərci nəzərə alınmaqla sökülüb götürülməsinin müəyyən olunmasına dair metodika olmadığı üçün, talvarın, quraşdırılmış elektrik avadanlıqlarının istismar dövrü və amortizasiya xərci nəzərə alınmaqla sökülüb götürülə bilən hissələrin real bazar dəyərini müəyyən etmək mümkün olmadı.

30. Məhkəmə əmtəəşünaslq ekspertizası qarşısında qoyulan sual üzrə rəy verilmədən geri qaytarıldığından mülki iş yenidən Məhkəmə Ekspertizası Mərkəzinə qaytarılmış və 3-16-16/2- 5/4952/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qeyd edilmişdir ki, iş materiallarında "xxxx" MMC-nin tərtib etdiyi rəydə göstərilən video müşahidə kamera sisteminin hazırki bazar dəyəri təxminən 1020,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.Bu sistemin hər hansı bir formada zərər vurulmadan sökülüb götürülməsi mümkündürmü, tam yaxud qismən mümkündürsə, yaxud mümkün deyilsə, onda sökülüb götürülə bilən hissələrin məhkəmə-əmtəəşünaslıq ekspertizalarının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparmaq mümkün olmadı.

31. Beləliklə, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti texniki ekspertizalarının rəyi ilə iddiaçı tərəfindən icarəyə götürülmüş əmlakda görülmüş təmir-tikinti işlərindən cavabdehin əmlakına zərər vurmadan talvarın, quraşdırılmış elektrik avadanlıqların sökülüb götürülməsi texniki cəhətdən mümkün olduğu və aparılmış tikintitəmir işlərinin 2017-2018-ci illərdə orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 89.405 manat məbləğində olması, eyni zamanda, görülmüş təmir-tikinti işlərindən zərər vurmadan talvarın, quraşdırılmış elektirik avadanlıqların tikinti texnologiyasına riayət olunmaqla sökülüb götürülməsi texniki cəhətdən mümkün olduğundan və sökülüb götürülə bilən hissələrin real bazar dəyəri 25860,0 manat məbləğində olması təsdiq olundu. Ona görə də görülmüş işlərin ümumi dəyərindən sökülüb götürülə bilən hissənin dəyəri çıxılmaqla (89405-25860=63545) 63545 manat ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməlidir. Bununla yanaşı, video müşahidə kamera sisteminin hazırki bazar dəyəri məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 1020,0 manat müəyyən edilsə də həmin sistemin də sökülüb götürülməsi mümkündür. Çünki, video müşahidə kamera sistemi də sökülüb götürülə bilən ərazidə yerləşdiyi ekspertiza rəyi ilə təsdiq olunur və ağlabatan mühakimə də bunun sökülüb götürülə bilməsini istisna etmir. 32.Apellyasiya baxışı zamanı tərəflərin izahatları və məlumatları ilə həmçinin təsdiq olundu ki, icarəyə götürülmüş əmlakda icarəyə verənin razılığı ilə yaxşılaşdırılmalar aparılmış, buna görə də müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Düzdü, sual oluna bilər ki, icarəyə verənin razılığı yazılı müqavilədə əks olunmayıb. Ancaq MMC-nin təsisçisinin arvadı ilə cavabdeh qardaş-bacı olduğundan, eləcə də icarəyə götürülmüş obyektdə təmir-tikinti işlərinin də uzun illər ərzində aparılmasından cavabdehin xəbəri və məlumatı olmaması da qətiyyən inandırıcı və ağlabatan ola bilməz. Demək ki, cavabdehin bu işlərin görülməsinə razılığı olmuşdur. Əgər cavabdeh tərəf bu yaxşılaşdırmaların onun razılığı olmadan aparılmasını bəyan edərsə, deməli açıq-aşkar hüquqdan başqalarına zərər vurmaq məqsədilə ilə sui-istifadə edir ki, bu da yolverilməzdir.

33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, ilk iddia üzrə cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın qismən olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

34. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1027/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.m torpaq sahəsində və ümumi sahəsi 1.400 kv.metr olan tikilidə (obyektdə) görülmüş təmir-tikinti işlərinin əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyəri olan 63.545 (altmış üç min beş yüz qırx beş manat) manat (89.405-25860= 63.545) Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli; qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1027/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.m torpaq sahəsində və ümumi sahəsi 1.400 kv.metr olan tikilidə (obyektdə) görülmüş təmir-tikinti işlərinin əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyəri olan 63.545(altmış üç min beş yüz qırx beş) manat (89.405- 25860=63.545) Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Mübahisələndirilən qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. İddia qismən təmin edildiyi üçün ekspertiza tədqiqatının dəyəri - 150 (yüz əlli) manatın yarısı, yəni 75 (yetmiş beş) manatı İddiaçı MMC-dən, 75 (yetmiş beş) manatı isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar