Məhkəmə qərarları › İş №2(103)-6562/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6562/2021

13.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6562/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli qətnamədən cavabdeh MTK-nın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, 4.078,14 manat məbləğində pulun cavabdeh MTK-dan tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat pulun cavabdeh MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Cavabdeh MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə 2 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Sonuncu dəfə iş ekspertizadan qayıtdıqdan sonra Rayon Məhkəməsi iş üzrə məhkəmə baxışı iclasları təyin etsə də, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə MTK-ya məlumat verməmiş, işə MTK-nın nümayəndəsinin iştirakı olmadan baxmış və iş üzrə qətnamə qəbul edərək iddianı təmin etmişdir. Bununla da, Rayon Məhkəməsi cavabdeh MTK-nın prosessual hüquqlarını pozmuşdur. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Çünki iş materiallarından müəyyən edilir ki, hazırki işə Rayon Məhkəməsi tərəfindən baxılarkən Rayon Məhkəməsi iş üzrə 2 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, sonuncu dəfə ekspert rəyi Rayon Məhkəməsinə 30.11.2020-ci il tarixdə daxil edilmiş və Rayon Məhkəməsi iş üzrə icraatı təzələyərək işin baxılmasını 24.12.2020-ci il tarixə, daha sonra isə 15.02.2021-ci il və 22.02.2021-ci tarixə təyin etmişdir. Qeyd edilən məhkəmə iclasları barədə cavabdeh MTK-ya məhkəmə bildirişi göndərilsə də, həmin bildirişlərin MTK-ya çatdırılması iş materialları təsdiq edilmir. Buna baxmayaraq Rayon Məhkəməsi işə MTK-nın iştirakı olmadan işə baxmış və iş üzrə qətnamə qəbul etmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. MPM-nin 387-ci maddəsinin mənasına görə isə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir (maddə 387.2.2.). Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə bir mənalı olaraq ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxaraq qeyd edir ki, iddiaçının cavabdeh MTK-ya qarşı irəli sürdüyü iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MTK-ya 20.06.2012-ci il tarixdə 45.500 manat pul ödəyərək MTK-nin ünvan 1 ünvanında yerləşən kooperativ binasının A girişi, 3-cü mərtəbəsində ümumi sahəsi 92,38 kv.metr, yaşayış sahəsi isə 43,11 kv.metr olan 2 otaqlı 11 saylı mənzil almışdır. 12.04.2017-ci il tarixdə həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Şəhər Ərazi İdarəsindən (bundan sonra - DƏDRX Əİ) “Texniki pasport” alan zaman iddiaçıya məlum olmuşdur ki, qeyd olunan mənzilin ümumi sahəsi 84,1 kv.metrdir. İddiaçı həmin mənzili alarkən hər kv.m üçün 492,53 manat hesablanmaqla, ümumilikdə 45.500 manat pulu tam həcmdə ödəmişdir. Hazırda həmin mənzilin sahəsində (92,38 – 84,1=) 8,28 kv.metr və ya (8,28 x 492,53=) 4.078,14 manat fərq var. İddiaçı qeyd edilən fərqi təşkil edən məbləğin ödənilməsi ilə bağlı cavabdeh MTK-ya rəsmi ərizə ilə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK-nın apellyasiya şikayətində iddia tələbinə qarşı ifadə olunmuş etirazı ondan ibarətdir ki, MTK ilə iddiaçı arasında mənzilə dair razılaşma 20.06.2012-ci il tarixdə baş tutmuşdur. Həmin vaxt tərəflər razılığa gəlmişlər ki, iddiaçıya təhvil verilməli olan mənzilin ümumi sahəsi 92,38 kv.metrdir. İddiaçı mənzilə dair “Texniki pasportu” 12.04.2017-ci il tarixdə almış, lakin hazırki iddia ilə Rayon Məhkəməsinə 2 ildən sonra, yəni 05.04.2019-cu il tarixdə müraciət etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə görə, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, göstərilənlərə əsasən iddia rədd edilməlidir (“iddia müddətinin tətbiqi barədə” ərizə apellyasiya şikayətinə əlavə edilmişdir). Cavabdeh MTK-nın apellyasiya şikayətində daha sonra qeyd edilir ki, hazırki iş üzrə ekspertiza tərəfindən verilmiş rəylər sübut kimi qəbul edilə bilməz. Belə ki, rəylərdən görünür ki, iş üzrə tədqiqat aparmış ekspertlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2021-ci il tarixli, 07 sayı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının” tələblərini nəzərə almışlar. Amma MTK ilə iddiaçı arasında mənzilə dair razılaşma 20.06.2012-ci il tarixdə baş tutmuşdur. Həmin vaxt göstərilən "xxxx" mövcud olmamışdır. Belə olan halda həmin "xxxx" bu mülki mübahisəyə tətbiq edilə bilməz. Odur ki, ekspertlərin rəyləri nəzərə alınmamalı və iddia rədd edilməlidir. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) X2 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək apellyasiya şikayətinin və “iddia müddətinin tətbiqi barədə” ərizənin dəlillərini müdafiə etdi və onların məzmununa uyğun izahat verdi. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlardan və işdə olan sənədlərdən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı ilə cavabdeh MTK arasında əldə olunmuş razılığa əsasən iddiaçı cavabdeh MTK-ya 20.06.2012-ci il tarixdə 45.500 manat pul ödəyərək MTK-nin ünvan 1 ünvanında yerləşən kooperativ binasının A girişi, 3-cü mərtəbəsində ümumi sahəsi 92,38 kv.metr, yaşayış sahəsi isə 43,11 kv.metr olan 2 otaqlı 11 saylı mənzil almışdır (iş v. 9). İddiaçı həmin mənzili alarkən mənzilin qiyməti, hər 1 kv.metr üçün 492,53 manat olmaqla hesablanmşdır. MTK-nın üzvlərinin ümumi yığıncağının 20.06.2012-ci il tarixli qərarı ilə iddiaçı həmin MTK-ya üzv qəbul edilmiş və onun həmin mənzil üzərinə pay hüququ təsdiq edilmişdir (iş v. 6). İddiaçı 12.04.2017-ci il tarixdə həmin mənzilə dair DƏDRX Əİ-dən “Texniki pasport” və “Reyestrdən çıxarış” almışdır (iş v. 4, 7). Həmin sənədlərdə qeyd edilir ki, mənzilin ümumi sahəsi 84,1 kv.metrdir. Göründüyü kimi, iddiaçıya təhvil verilməli olan sahənin ölçüsü ilə mövcud olan sahənin ölçüsündə (92,38 – 84,1=) 8,28 kv.metr fərq var. Pul ekvivalentində bu fərq (8,28 x 492,53=) 4.078,14 manat təşkil edir. Hazırda iddiaçı pul ekvivalentində ifadə edilmiş həmin fərqin MTK-dən onun xeyrinə tutulmasını xahiş edir. İşə baxmış Rayon Məhkəməsi iddia tələbinin əsaslı olub-olmamasını araşdırmaq üçün iş üzrə 2 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəylərini almışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30.12.2019-cu il tarixli, 16255 nömrəli rəydə qeyd edilir ki, cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilmiş (mübahisəli) 11 saylı mənzilin ümumi sahəsi 92,38 kv.metr deyil, 84,1 kv.metrdir. Həmin Mərkəz tərəfindən verilmiş 19.11.2020-ci il tarixli, 10/883 nömrəli rəydə qeyd edilir ki, 11 saylı mənzilin ümumi sahəsi 84,1 kv.metrdir. MTK tərəfindən iddiaçıya verilmiş sənədlərə göstərilmiş 92,38 kv.metr ölçülü sahə mənzildə mövcud deyil. Bu rəyin “Tədqiqatın prosesinin təsviri” hissəsindən görünür ki, ekspert mənzilin ümumi sahəsini hesablayarkən mənzilin yaşayış otaqlarının sahəsini, mətbəxin sahəsini, sanitar qovşağın sahəsini, girişin sahəsini və balkonun sahəsini nəzərə almışdır. Cavabdeh MTK-nın apellyasiya şikayətində göstərir ki, ekspertiza tərəfindən verilmiş rəylər sübut kimi qəbul edilə bilməz. Belə ki, rəylərdən görünür ki, iş üzrə tədqiqat aparmış ekspertlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2021-ci il tarixli, 07 sayı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının” tələblərini nəzərə almışlar. Amma MTK ilə iddiaçı arasında mənzilə dair razılaşma 20.06.2012-ci il tarixdə baş tutmuşdur. Həmin vaxt göstərilən "xxxx" mövcud olmamışdır. Belə olan halda həmin "xxxx" bu mülki mübahisəyə tətbiq edilə bilməz. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, həqiqətən də rəylərdən görünür ki, ekspertlər yuxarıda qeyd edilən “Qaydaların” tələblərinə əsaslanmışlar. Bu "xxxx" MTK-nın bildirdiyi kimi, müzakirə edilən mülki mübahisəyə tədbiqinin qeyri-mümkün olması qəbul edilmiş olsa belə, Məhkəmə hesab edir ki, rəylər sübut kimi qəbul edilməlidir. Belə ki, birincisi: rəydə göstərilən sahələrin ekspertlər tərəfindən ölçülməsinin səhv aparılması müəyyən edilmir və bunu təsdiq edə biləcək sübutlar MTK tərəfindən Məhkəməyə təqdim edilməmişdir, ikincisi: 01.01.1990-cı il tarixdə qüvvəyə minmiş və iddiaçı ilə cavabdeh MTK arasında mənzilə dair razılıq əldə olunun zaman da qüvvədə olmuş “Tikinti norma və qaydaların” (СНиП 2.08.01-89) və həmin Qaydalara olan 2 saylı (mütləq) Əlavənin tələbləri ekspertlərin istinad etdikləri “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının” tələbləri ilə eynidir. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh MTK 92,38 kv.metr ölçülü mənzilin iddiaçıya təhvil verilməsi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçıya vurduğu zərərin əvəzini ödəməlidir. İddia əsaslıdır. İddia tələbinə qarşı cavabdeh MTK-nın apellyasiya şikayətində ifadə edilmiş dəlili əsassızdır. Cavabdeh MTK-nın apellyasiya şikayətində iddia tələbinə qarşı ifadə etdiyi digər dəlili (bu dəlil “iddia müddətinin tətbiqi barədə” ərizədə də öz əksini tapmışdır) iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədədir. Bu dəlil onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilə dair “Texniki pasportu” 12.04.2017-ci il tarixdə almış, lakin hazırki iddia ilə Rayon Məhkəməsinə 2 ildən sonra, yəni 05.04.2019-cu il tarixdə müraciət etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə görə, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Mülki Məcəllənin 375-ci maddəsinin mənasına görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə bildirir ki, 05.04.2019-cu il tarixdə hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, yuxarıda qeyd edilən müddətlərin heç birini ötürməmişdir. Apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan, MPM-nin 384 və 3852-ci maddələrinin tələbindən çıxış edən Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “pul tələbi barədə” iddiası təmin edilsin. 4.078 (dörd min yetmiş səkkiz) manat 14 (on dörd) qəpik manat məbləğində pul cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi – 30 (otuz) manat məbləğində pul cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərci cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə aid edilsin və bu məqsədlə "xxxx" Mənzil Tikinti Kooperativindən 200 (iki yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar